Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-87/2023 07.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə günorta radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsinin ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlakı üçün 01 ədəd kağız bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, 12 iyul 2023-cü il tarixdə saat 23 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhəri, F.Musayev küçəsinin ərazisində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,549 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 12 iyul 2023-cü il tarixdə Xaçmaz rayonu Nabran qəsəbəsinə ad günü mərasiminə getmiş, orada spirtli içki qəbul etmişdir. Axşam saatlarında Nabrandan qayıdarkən oradakı bulağa getmişdir ki, ayağını yusun və bu zaman bulağın yanında sabun qoyulan yerdə kvadrat şəkilli kağız tapmışdır. Kağızın içində narkotik vasitə olan heroin olduğunu görüb cibinə qoymuşdur. Bundan sonra o, Qusar şəhərinə gəlmiş, F.Musayev küçəsində avtomobildən düşüb yaşadığı evə gedərkən polis əməkdaşları onu saxlamışlar. Bundan sonra isə polis əməkdaşları tərəfindən həmin narkotik vasitə onun üzərindən aşkar olunaraq götürülmüşdür. Hazırda əməlindən səmimi peşmandır, cəza təyin edilərkən atasının yataq xəstəsi olduğunun nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Qusar rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili işləyir. 12 iyul 2023-cü il tarixdə Qusar RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar həmin şəxs həmin gün saat təxminən 23 radələrində Qusar şəhəri F.Musayev küçəsində saxlanılmış, ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar və Təqsirləndirilən şəxs arxa sağ cibindən toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın arxa sağ cibindən 01 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə qəhvəyi rəngli toz halında heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i/v:25-27). İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3802 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə........” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 0,549 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i/v:34-35). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 iyul 2023-cü il tarixli 4599 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v:92-93). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsinə əsasən 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 mart 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 8 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur (i/v: 65-66). İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 78). Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 mart 2019-cu il tarixdə həmin cəzasının sonu ilə azad olunmuş, həmin vaxtdan 6 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və ona görə də, həmin şəxsə cəza təyin olunarkən CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq residivə görə cəza təyin edilməsinin qaydaları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən əməlindən peşman olmasını cəzasını yüngülləşdirən, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayətə görə məhkum olunduqdan sonra həmin məhkumluğu ödənilmədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmə həmin şəxsin azadlıqdan məhrum etmə cəzası təyin olunmadan islah olunmasını və cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab etmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 00:05-də şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2023-cü il tarixdə saat 12:50-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək tutulmadan azad edilmişdir. Beləliklə də, müəyyən olunur ki, həmin müddət ərzində, yəni 2 (iki) gün onun azadlığı faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Məhkum bu müddət ərzində yaxın qohumları ilə bir qısamüddətli görüş hüququna malikdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndinin d) yarımbəndində qeyd olunmuşdur ki, qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, o, istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə göndərilməmiş və bununla da, faktiki olaraq azadlıqdan məhrum etmə cəzasını çəkməmişdir. Belə olan halda, həmin şəxsin əməlində cinayətlərin residivi mövcud olsa da, o, azadlıqdan məhrum etmə cəzasını çəkmiş şəxs hesab olunmadığından hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən oluna bilməz. Azərbaycan Respublikası CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalmış 0,499 qram qalığı maddi sübut kimi tanınmaqla Qusar Rayon Polis Şöbəsində saxlanılır. Məhkəmə hesab edir ki, həmin maddi sübut hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə inzibati qaydada və şübhəli şəxs qismində tutularaq 13 iyul 2023-cü il tarixdən 14 iyul 2023-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış, Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılan 0,499 qram narkotik vasitə olan heroin məhv edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №1(029)-87/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-87/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver