Məhkəmə qərarları › İş №1(029)-88/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-88/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-88/2023 20.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qusar rayon məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, 16 noyabr 2023-cü il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 08 dekabr 2020-ci il tarixdən hesablanmaqla 10 dekabr 2008-ci il təvəllüdlü X3, 17 yanvar 2012-ci il təvəllüdlü X4 və 28 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Səlimova (Əhmədova) Venera Əli qızına verilməsinə dair Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 yanvar 2021-ci il tarixli, 2(029)-226/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qusar Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 3(029)-494/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 06 mart 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 29 mart 2023-cü il tarixinə kimi 5650,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Səlimova (Əhmədova) Venera Əli qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərdi ki, hərbi qulluqçu olmuş, sonradan könüllü olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Hazırda işləmir, fərdi əməklə də məşğul olmur və bu səbəbdən aliment borcunu ödəyə bilmir. Əvvəllər "xxxx"da işləmiş, işləyən zaman aliment borcundan 340-350 manat məbləğində ödənişlər etmiş, barəsində cinayət işi başlandıqdan sonra isə ödənişlər edə bilməmişdir. O, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 manat pul təklif etmiş, lakin həmin şəxs bununla razılaşmayaraq aliment borcunun hamısının bir dəfəyə ödənilməsini tələb etmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Naxçıvanda işləyən zaman 4 nəfər şəxsi aldatmış, həmin şəxslər pulu tələb etmişlər və buna görə də İlqar oradan qaçıb gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər uşaqlara görə 5-6 dəfə aliment ödəmiş, lakin sonradan, o cümlədən cinayət işi başlandıqdan sonra heç bir ödəniş etməmişdir. Bir dəfə İlqar ona 1000 manat məbləğində pul təklif etmiş, lakin o, bundan imtina etmişdir. Çünki, İlqar onu təhqir etmiş, söymüşdür. İlqarı əmisi işləmək üçün Şuşaya aparmış, lakin orada işləməmiş və geri qayıtmışdır. Hazırda o, uşaqları saxlaya bilmir, uşaqlar evdə ac qalıblar. Odur ki, Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs barəsində təqdimat verərkən həmin şəxsin 5650 manat aliment borcu olmuşdur. Bundan 50 manatı həmin şəxs icra məmurunu telefonda təhqir etdiyinə görə barəsində tətbiq olunmuş cərimə puludur. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində 2 icra işi var, həmin şəxsin banka 4700 manat, "xxxx" MMC-yə 1425 manat borcu var. Təqsirləndirilən şəxs aliment borcu ilə bağlı bir neçə dəfə icra şöbəsinə dəvət olunmuş, lakin bundan imtina etmişdir. Buna görə həmin şəxs şöbəyə məcburi qaydada gətirilmiş, Təqsirləndirilən şəxs iş yeri və maddi imkanı olmadığına görə alimenti ödəməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Qarabağda "xxxx" MMC-yə işə düzəlmiş, aliment borcu onun əmək haqqının 70 faiz hissəsinə yönəldilmiş, İlqar ona az pul qaldığına görə həmin işdən çıxmışdır. İlqara Məşğulluq İdarəsi tərəfindən iş təklif olunmuş, lakin o, həmin işdən imtina etmişdir. Ola bilər ki, əmək haqqı az olduğuna görə imtina etmişdir. Hazırda İlqarın 9 aya görə əlavə aliment borcu da yığılmış, həmin borc 2700 manat təşkil edir. Tələbkar həmin pulun ödənilməsini də tələb edir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-346/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 29 yanvar 2021-ci il tarixli 2(029)-226/2021 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir (i/v: 20). Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 20 oktyabr 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Qusar rayon məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(029)-226/2021 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmişdir (i/v: 21). Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(029)-42/2021 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmşdır (i/v: 28-29). Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)-494/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 29 yanvar 2021-ci il tarixli 2(029)-226/2021 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir (i/v: 41). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i/v: 62). İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur (i/v: 43). Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun islah olunması sonuncuya azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmamış, ödəməli olduğu aliment borcunu hal-hazıradək ödəməyərək dəymiş zərəri aradan qaldırmamış və bunlara heç bir cəhd göstərməmiş, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində xeyrinə aliment tutulan uşaqların maraqlarını da əhəmiyyətli dərəcədə pozmaqla yanaşı zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, ona digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 10:00-da axtarışda olan şəxs qismində tutulmuş, 25 avqust 2023-cü il tarixdə saat 15:55-dən 17:00-dək təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək tutulmadan azad edilmişdir. Beləliklə də, müəyyən olunur ki, həmin müddət ərzində, yəni 2 (iki) gün onun azadlığı faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qusar rayon məhkəməsinin hazırkı iş üzrə 14 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin şəxs 16 noyabr 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 noyabr 2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə axtarışda şəxs qismində tutularaq 24 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar