Məhkəmə qərarları › İş №1(029)-89/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-89/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-89/2021 10.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Şəki rayonu Orconikidze qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, sürücü işləyən, Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, hüquq verən vəsiqənin saxta olmasını bilə-bilə ondan istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan yük avtomobillərini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən “BCED” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək məqsədilə 2017-ci ilin sonlarında Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda, Rusiya Federasiyası Volqaqrad şəhərində özünün adına olan qanuni əsaslarla aldığı “B kateqoriyalı AC 900098 nömrəli sürücülük vəsiqəsinin kateqoriyasını göstərən “B” hərfinin üzərindən həmin ölçülü “B”, ”C”, “D” və “E” hərflərini əlavə edərək qanunsuz hazırlamaqla qismən saxtalaşdırmış, 28 noyabr 2019-cu il tarixdən həmin AC 900098 nömrəli sürücülük vəsiqəsindən onun saxta olmasını bilə-bilə qəsdən istifadə etməklə “DAF FTXF 105-460 Yük” markalı **-VE-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək Rusiya Federasiyasına getmiş və geri qayıtmış, həmçinin 21 avqust 2020-ci il tarixdə idarə etdiyi “DAF FTXF 105-460 Yük” markalı **-VE-*** qeydiyyat nişanlı avtomobillə Rusiya Federasiyasına gedən zaman üzərində olan saxta AC 900098 nömrəli sürücülük vəsiqəsini Qusar rayonu Samur qəsəbəsi ərazisində yerləşən “Samur” Sərhəd-buraxılış məntəqəsində sərhəd nəzarətçisinə təqdim edib hüquq verən vəsiqənin saxta olmasını bilə-bilə ondan istifadə edib sərhəd buraxılış məntəqəsindən keçdikdən sonra Rusiya Federasiyasının sərhəd məntəqəsində vəsiqənin saxta olmasına əsaslı şübhələr müəyyən edilmiş və onun adına olan saxta AC 900098 nömrəli sürücülük vəsiqəsi götürülərək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Rusiya Federasiyasında müxtəlif yerlərdə fəhlə işləmişdir. Onun “B” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 2017-ci ilin sonlarında Rusiya Federasiyası Volqaqrad şəhərində olarkən ona təklif etmişlər ki, Kamaz markalı yük avtomobili var və əgər sürücülük hüququ varsa həmin avtomobili idarə etsin. Onun işə və pula ehtiyacı olduğundan, banka borcu olduğundan özünün “B” kateqoriyalı sürücülük vəsiqəsini saxtalaşdırmaq qərarına gəlmiş, internet resurslarından istifadə edərək sürücülük vəsiqəsinin necə saxtalaşdırıldığını öyrənmiş, fenlə qızdıraraq sürücülük vəsiqəsinin üzlüyünü çıxarmış, oradakı “B” hərfini “BCED” hərfləri ilə əvəz edərək üzlüyünü yerinə yapışdırmışdır. Bundan sonra o, saxtalaşdırdığı həmin sürücülük vəsiqəsini Rusiya Federasiyasında bir neçə dəfə istifadə etmişdir. Bir müddət sonra o, Azərbaycan Respublikasına gəlmiş, həmin sürücülük vəsiqəsi əsasında “DAF FTXF 105-460 Yük” markalı **-VE-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 28 noyabr 2019-cu il tarixdə o, həmin sürücülük vəsiqəsindən istifadə edərək Rusiya Federasiyasına gedib qayıtmış, növbəti dəfə 21 avqust 2020-ci il tarixdə idarə etdiyi həmin avtomobillə Rusiya Federasiyasına getmək üçün “Samur” sərhəd keçid məntəqəsinə getmiş, Azərbaycan sərhədini keçmiş, lakin Rusiya sərhədçiləri sərhəddə onu saxlayaraq sürücülük vəsiqəsinin saxta olduğunu bildirmişlər, onu sənədləri ilə birlikdə geri qaytarmışlar. Bundan sonra isə o, saxta sürücülük vəsiqəsindən istifadə etdiyinə görə istintaqa cəlb olunmuş, barəsində hazırkı cinayət işi başlanılmışdır. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 16 mart 2021-ci il tarixli 5/220 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan AC 900098 nömrəli “BCDE” kateqoriyalı və X1 adına olan AC 559378 nömrəli “BCE” kateqoriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqələrinin blankları ofset çap üsulu ilə hazırlanmışdırlar və bu növ sənədlər üçün qəbul edilmiş standartlara uyğundur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan AC 900098 nömrəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin “BCDE” kateqoriyasının alt hissəsində “B” hərfi olmuş, sonradan onun üzərindən təkrarən “B” hərfini və qarşısına “CDE” hərfləri əlavə edərək dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16.06.2021-ci il tarixli 714 19-1221 saylı məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 23.09.2020-ci il tarixdə (23.09.2030-cu il tarixədək müddətə etibarlı olan) AE 064200 nömrəli “BCED” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində sərhəd keçmə hesabatından görünür ki, həmin şəxs dəfələrlə “DAF” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif vaxtlarda Rusiya Federasiyasına gedib-gəlmişdir. Həmçinin, o, 21 avqust 2020-ci il tarixdə saat 00:33-də idarə etdiyi “DAF” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rusiya Federasiyası istiqamətində ölkə ərazisini tərk etmiş, həmin tarixdə saat 11:21-də isə sərhəddən geri qayıtmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 15 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsindən həmin Məcəllənin 320.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından X2 və qeyrilərinin barəsində Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrıca icraata ayrıldığından maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs adına olan AC900098 nömrəli saxta sürücülük vəsiqəsi də ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli uzanan cinayət hesab edilmiş və cinayətin 21 avqust 2020-ci il tarixdə başa çatması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs adına tərtib edilmiş AC 900098 nömrəli sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının ərazisindən kənarda hazırlanması müəyyən edildiyindən həmin sənədin saxtalaşdırılması faktı əsasında Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına olan AC 900098 nömrəli saxta sürücülük vəsiqəsindən görünür ki, həmin şəxsin “BCDE” kateqoriyaları üzrə sürücülük hüququnun olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AA2736022 və Seriya AZE 12137330saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 13.12.2004-cü il təvəllüdlü Gülzar və 10.06.2007-ci il təvəllüdlü Ayxan adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan Şəki şəhər İHB-nın Turan qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, hüquq verən vəsiqənin saxta olmasını bilə-bilə ondan istifadə etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, onun himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş Sərvan Soiltanovun adına olan AC 900098 nömrəli saxta sürücülük vəsiqəsi iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs adına olan AC N 900098 nömrəli saxta sürücülük vəsiqəsi iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar