Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-89/2022 23.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 30 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istifadə məqsədi ilə əldə etmiş, saxlamış və daşımış, 30 avqust 2022-ci il tarixdə saat 12:25 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhəri B.Ağaverdiyev küçəsində saxlanılmış, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan şalvarının arxa cibində saxladığı 01 ədəd selofan paketin içərisində siqaret kağızı bükümündə təmiz çəkisi 0,844 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, əvvəllər 2-3 ay “kakos” adlı narkotik vasitədən falqada çəkməklə istifadə etmiş, sonradan isə tərgitmişdir. 30 avqust 2022-ci il tarixdə Qusar şəhərində yerləşən “Elit” mağazasının qarşısında, “555” adlı mağazanın arxasında olarkən yolun qırağından bir bükümdə olan maddə tapmış, onun nə olduğunu bilməmiş və cibinə qoymuş və bundan sonra polis əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirmiş, həmin maddə üzərindən aşkar olunaraq götürülmüşdür. Həmin vaxt bilmişdir ki, tapdığı maddə patı-metamfetamindir. Bundan sonra onu Qusar RPŞ-yə aparmışlar və ondan izahat alınmışdır. Müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları vardır. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2 ildir ki, narkotik maddələrdən və psixotrop vasitələrdən istifadə etmişdir. Sonuncu dəfə 30 avqust 2022-ci il tarixdə, saat 09:30 radələrində Qusar şəhəri ərazisində yerləşən “555” adlı marketin arxasında avtomobil dayanacağı ərazisindən piyada bazar istiqamətində hərəkətdə olmuşdur. Bu vaxt o, yerdən 01 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə bükülü görmüş və həmin bükülünü yerdən götürmüş, içərisinə baxan zaman el içində “patı” adlandırılan psixortop maddə olan metamfetamin olduğunu müşahidə etmişdir. Həmin vaxt yerdən tapdığı psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədilə siqaret selofanına bükərək əynində olan şalvarın arxa sağ cibinə qoymuşdur. Bundan sonra Qusar şəhər bazarında şəxsi işlərini görmüş, alış-veriş etmiş, aldığı ərzaq mallarını taksi ilə kəndə göndərmişdir. İşlərini bitirdikdən sonra saat 12 radələrində Qusar şəhərində yerləşən H.Əliyev mərkəzinin yaxınlığında olan çayxanaların birinə getmək üçün yola düşmüşdür. Piyada Qusar şəhəri B.Ağaverdiyev küçəsi ilə hərəkətdə olan zaman Qusar RPŞ-nin əməkdaşları yaxınlaşmış, narkotik vasitələrin istifadəsində şübhəli olduğundan saxlanılmışdır. Həmin vaxt saxlanıldıqdan sonra həmin yerə Qusar RPŞ-nin müstəntiqi, Qusar rayon Vəkil Bürosunun vəkili gəlmiş, daha sonra isə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şalvarın cibində qanunusuz olaraq saxladığı 01 ədəd psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı Qusar RPŞ-yə məlumat daxil olmuş, bununla bağlı əməliyyat tədbiri keçirilmiş və 30 avqust 2022-ci il tarixdə saat təxminən 12 radələrində həmin şəxs Qusar şəhərində saxlanılmışdır. Bundan sonra oraya müstəntiq gəlmiş, vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı həmin şəxsin şalvarının arxa sağ cibindən siqaret bükümündə təqribi çəkisi 0.840 qram olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs etiraf edərək həmin metamfetamini Qusar şəhərində yerləşən “555” adlı mağazanın arxa tərəfindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası DİO-da 2012-ci ildən, 2021-ci ildən isə Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. xx.xx.2022-ci il tarixdə Qusar rayonunun Gedəzeyxur kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi, yəni qəbulu, saxlaması və daşıması barədə Qusar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məlumat almışdır. Həmin məlumat əməliyyat yoxlanılması ilə əlaqədar raportla RPŞ-nin rəisinə məruzə edilmiş, alınmış məlumatla bağlı şöbə rəisinin göstərişi əsasında həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində “Beybala” adlı şəxs Qusar şəhəri, Bəhruz Ağaverdiyev küçəsində saxlanılmış, şəxsiyyəti sonradan məlumat olan Təqsirləndirilən şəxs üzərinə müstəntiq, müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və onun əynində olan şalvarının arxa sağ cibindən qanunsuz olaraq saxladığı 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,844 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etdiyini etiraf etmiş, üzərindən aşkar edilmiş qanunsuz olaraq saxladığı 01 ədəd kağız bükülüdə olan metamfetamini isə Qusar şəhərində yerləşən “555” adlı mağazanın arxa hissəsində yerdən tapdığını bildirmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 13:06-dan saat 13:45-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Qusar RPŞ-nin əməkdaşları Şahid3, Şahid2, Şahid1 və KTQ-nin baş inspektoru Şahid4 iştirakları ilə Qusar şəhəri B.Ağaverdiyev küçəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşyaları könüllü təqdim etməsi təklif edilmiş, həmin şəxs bildirmişdir ki, üzərində belə bir əşya yoxdur. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ arxa cibindən 01 ədəd sellofan və kağız bükümdə içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq 106 saylı möhürlə möhürlənmişdir. Şəxsi axtarış aparılarkən “Panasonic” markalı video cihazdan istifadə olunmuşdur. Protokol oxunmuş, iştirakçılar tərəfindən şikayət və vəsatət daxil olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 31 avqust 2022-ci il tarixli 6/4660 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №106” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,844 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi– 0.844 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0.794 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli 6/4660 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 01 sentyabr 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0.794 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli 221 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə 01 sentyabr 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla maddi sübut kimi tanınmış 0.794 qram metamfetamin Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 01 sentyabr 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 10:00-da tutulmadan azad olunmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri daha ciddi qətimkan tədbiri-yəni «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli 5831 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 12 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizadan sonra qalıq qalmış 0.794 qram metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etmə mənbəsinin müəyyən edilməsi məqsədilə material ayrılaraq Qusar RPŞ-nin CAB-na göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüşdür. Həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli PHŞ/6.54-2-2022-124 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin filialdan sosial müavinət, təqaüd və əmək pensiyası almır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 753 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X1, 2010-cu il təvəllüdlü oğlu Eldəniz Muradxanovdan və 2012-ci il təvəllüdlü oğlu Edqar Muradxanovdan ibarətdir. İş materiallarında olan məhkəmənin elektron portalından əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Eldəniz, xx.xx.2012-ci il təvəllüdlü Edqar adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istifadə məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin tarixdə saat 12:25 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun Qusar şəhəri B.Ağaverdiyev küçəsində saxlanılması, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan şalvarının arxa cibində saxladığı 01 ədəd selofan paketin içərisində siqaret kağızı bükümündə təmiz çəkisi 0,844 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 30 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün, Qusar rayon məhkəməsinin hazırlıq iclasının qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilərək 30 noyabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək 23 (iyirmi üç) gün, cəmi 25 (iyirmi beş) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 50 (əlli) gün (1 ay 20 gün) müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Gedəzeyxur kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşaqları vardır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,794 qram çəkidə metamfetamin məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 110 (yüz on) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 30 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün, Qusar rayon məhkəməsinin hazırlıq iclasının qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilərək 30 noyabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək 23 (iyirmi üç) gün, cəmi 25 (iyirmi beş) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 50 (əlli) gün (1 ay 20 gün) müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Gedəzeyxur kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertizadan sonra qalıq qalmış 0,794 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 110 (yüz on) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-89/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-89/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver