Məhkəmə qərarları › İş №1(029)-91/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-91/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-91/2022 21.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu Yasab oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Yasab oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, təxminən 2 il əvvəl Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi çətənə toxumlarını 2022-ci ilin may ayında yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etmiş, yəni əkmiş və aqrotexniki qulluq etmiş, həmin çətənə toxumlarından yetişmiş 14(on dörd) ədəd çətənə bitkilərindən 10(on) ədədini cari ilin avqust ayında çıxardıb satış məqsədi olmadan evin zirzəmisində qurutmaqla saxlamış, həmin çətənə bitkilərindən dərib qurutmaqla hazırlayıb narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə etmiş, 12 sentyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı kənd ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şortikin sağ yan cibində qanunsuz olaraq saxladığı və daşıdığı 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi- 1,63 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etdiyi 04(dörd) ədəd yaş halda narkotik təbiətli çətənə bitkiləri, evin zirzəmisində qurutmaq məqsədi ilə qanunsuz olaraq saxladığı 10(on) ədəd çətənə bitkiləri, evin qonaq otağında ona məxsus gödəkcədən 01 ədəd kağız bükülüdə təmiz çəkisi 1,65 qram qurudulmuş marixuana, eviıı mətbəxində arvadı X2 məxsus istifadə etmədiyi pul qabında qanunsuz olaraq saxladığı 01 ədəd bükülüdə təmiz çəkisi- 0,09 qram qurudulmuş marixuana və sonuncuya məxsus əl çantasında qanunsuz olaraq saxladığı təmiz çəkisi 9,08 qram olmaqla, cəmi 12,45 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və cəmi 14 ədəd tərkibində narkotik təbiətli maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür, Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il əvvəl Bakı şəhərində əvvəllər tanımadığı şəxsdən çətənə bitkisinin toxumlarını gələcəkdə özü üçün çətənə toxumları əkib-bəcərməklə narkotik vasitə əldə edib özü üçün istifadə etmək məqsədi ilə əldə etmişdir. O, 2021 -ci ildə yaşadığı evin həyətindəki bağ sahəsində çətənə toxumları əkib-bəcərməklə iki ədəd çətənə bitkiləri əldə etmiş, onları yaşadığı ünvanda ailə üzvlərindən gizlin şəkildə qurudub, narkotik vasitə qurudulmuş marixuana əldə edib özü üçün istifadə etmişdir. 2022-ci ilin may ayında o, qalıq qalan çətənə toxumlarını evinin həyətindəki bağ sahəsində əkib becərmiş, su verib qulluq göstərmiş, həmin toxumlardan 14 ədəd çətənə bitkiləri əmələ gəlmişdir. Cari ilin yay mövsümündə hava şəraiti isti olduğu üçün həmin çətənə bitkilərindən 10 ədədi qurumuş, onları kağız paketə qoyub evin zirzəmisində saxlamış, digər 04 ədəd çətənə bitkiləri isə yaş halda bağ sahəsində qalmış, onlardan biri dibçəkdə olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində o, yaşadığı kəndin ərazisində olan zaman Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında, həmçinin çətənə bitkilərinin əkib-becərilməsi ilə məşğul olduğu üçün əsaslı şübhələr olduğunu bildirərək saxlamışlar. Sonra o, müdafiəçi ilə təmin olunmuş, saxlanıldığı yerdə üzərinə müdafiəçinin və digər polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış, həmin vaxt onun əynində olan şortikin sağ yan cibindən 01 ədəd kağız bükümdə qurudulmuş marixuana kütləsi aşkar edilmiş, bundan başqa üzərində 01 qutu siqaretlər və 01 ədəd alışqan aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülmüş, zərfdə qablaşdırılmış, zərfin üzərinə imza etmişlər. Bundan sonra onun razılığı ilə Qusar rayonu Yasab-oba kəndində yerləşən fərdi yaşayış evinə və evin həyətinə müdafiəçi, aqronom və digər polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı evin həyətindəki bağ sahəsindən 04 ədəd yaş halda hündürlükləri 10-80 sm olan çətənə bitkiləri və onlara qulluq göstərilmiş boş qab aşkar edilmiş, daha sonra isə evin zirzəmisindən 10 ədəd quru halda olan çətənə bitkiləri aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra isə evin qonaq otağında olan ona məxsus gödəkçədən 01 ədəd kağız bükümdə narkotik vasitə qurdulumuş marixuana, həmçinin evin mətbəx otağında arvadı X3 məxsus istifadə etmədiyi pul qabından və əl çatnasında saxladığı ayrı-ayrı 02 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Toxumları öz istifadəsi üçün əkmişdir. 2 ildir ki narkotik vasitələrdən istifadə edir. Toxumları bir dəfə əkmişdir. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Qusar rayonu Yasab-oba kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlanılması və daşınması, həmçinin çətənə bitkilərinin əkib- becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Samur PBnin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, sahənin polis nəfərləri polis baş serjantı Şahid3 Əbülfəz oğlu və polis serjantı X5 ilə birlikdə həmin kəndə yollanmış, kənd ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində və çətənə bitkilərinin kultivasiyasında əsaslı şübhələr olduğunu bildirib saxlamışlar. Sonra müstəntiq həmin yerə dəvət olunmuş, müdafiəçi və ekspert-kriminalistlə birlikdə ora gəlmiş, Əziz müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah olunmuş, saxlanıldığı yerdə onun üzərinə müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan şortikin sağ yan cibindən 01 ədəd kağız bükümdə qurudulmuş marixuana kütləsi aşkar edilmiş, bundan başqa Əzizin üzərində 01 qutu siqaret və 01 ədəd alışqan aşkar edilmiş, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, zərfdə iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Əzizin razılığı ilə Qusar rayonu Yasab-oba kəndində yerləşən fərdi yaşayış evinə və evin həyətinə müdafiəçi, aqronom və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evin həyətindəki bağ sahəsindən 04 ədəd yaş halda hündürlükləri 10-80 sm olan çətənə bitkiləri, onlara su verdiyi boş qab aşkar edilmiş, daha sonra isə evin zirzəmisindən 10 ədəd quru halda olan çətənə bitkiləri aşkar edilmişdir. Bundan sonra evin qonaq otağında olan Əzizə məxsus gödəkçədən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana, həmçinin evin mətbəx otağında sonuncunun arvadı Natəvana məxsus köhnə pul qabından və əl çantasında Əzizin saxladığı ayrı-ayrı 02 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək qablaşdırılmaqla imzalarla təsdiq olunaraq götürülmüşdür. Məhkəmə istintaqında ifadə vermiş X1 verdiyi ifadədən görünür ki, o Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evdə olduğu zaman Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları Əzizlə, müdafiəçi və aqronomla birlikdə video çəkilişlə evə gəlmiş, evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətindəki bağ sahəsindən 04 ədəd yaş halda hündürlükləri 10-80 sm olan çətənə bitkiləri və Əzizin həmin çətənə bitkilərinə su verdiyi boş qab aşkar edilmiş, daha sonra isə evin zirzəmisindən 10 ədəd quru halda olan çətənə bitkiləri aşkar edilmişdir. Bundan sonra isə evin qonaq otağında olan Əzizə məxsus gödəkçənin sağ cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana, həmçinin evin mətbəx otağında ona məxsus, lakin köhnə istifadə etmədiyi pul qabından və əl çatnasından Əzizin saxladığı ayrı-avrı 02 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilmişdir. Aşkar edilmiş qurudulmuş marixuana kütlələri 02 ədəd zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq etmişlər. Bundan başqa aşkar edilmiş çətənə bitkiləri 01 ədəd sellofan paketdə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq olunduqdan sonra götürülmüşdür. Yaşadığı ünvanda narkotik vasitə və çətənə bitkilərinin Əziz tərəfindən saxlanmasından heç bir məlumatı olmamış, həmin bitkilərini tənbəki olduğunu düşünmüşdür. Polis əməkdaşları gələndə axtarış apardıqdan sonra evdən narkotik vasitə çıxmışdır. Ərinin narkotik vasitələrdən istifadə etməsindən onun xəbəri olmamışdır. Ərinin sahədə tənbəki əkdiyini bilmişdir.Pul qabı köhnə olduğundan ondan istifadə etməmiş, onun içinə narkotiki vasitəni o qoymamışdır.Narkotik bitkini görsə tanımaz. Ərinin hər hansı bir dibçəkdə narkotik vasitənin əkdiyini görməmiş. Polis əməkdaşları onlara gələndə ərinə qarşı heç bir fiziki və ya psixi təsir olunmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 və Şahid3 Əbülfəz oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli 7/1013 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkiləri 1,65 qram, 9,08 qram və tütün ilə qarışıqda olan təmiz çəkisi 0,09 qram maddələr tərkiblərinə görə eyni olub narkotik tərkibli çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 4(dörd) ədəd yaş və 10 (on) ədəd qurumuş vəziyyətdə, ümumi sayı 14(on dörd) ədəd ümumi çəkisi 249,5 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Təqdim edilmiş marixuanalar və çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi 12,45 qr, tədqiqata 0,08 qram istifadə edildi (hər obyektdən 0.02 qram), qalıq 12,37 qram; bitkilərin ümumi çəkisi 249,5 qram, tədqiqata istifadə edildi ümumi 0,7 qram (hər obyektdən 0,5 qram), qalıq 248.8 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 08 oktyabr 2022-ci il tarixli, 5904 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olumuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri könüllü surətdə təqdim olunmasını təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2-3 ildir ki, narkotik vasitədən istifadə edir və üstündə hal-hazırda vardır. Təqsirləndirilən şəxs əynində olan şortikin sağ yan cibindən 01 ədəd kağız bükümdə yaşımtıl rəngli spesefik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot bitkisi aşkar edilərək zərfə qablaşdırılıb möhürlənmişdir. DİN-nin 106 saylı möhürü ilə və şahidlər tərəfindən imzalar ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Qusar rayonu Yasab oba kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Baxış zamanı evin 1 mərtəbəli olması müəyyən edilmişdir. Baxış açıq və aydın hava şəraitində keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində olan bağ sahəsində 04 ədəd yaş halda kök üstü, aqrotexnik qaydada qulluq göstərilmiş narkotik vasitə olan çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir, həmin bitkilərin yanında sulamaq üçün bir ədəd boş qab, bundan əlavə çətənə bitkisinə oxşar bitkilərdən biri dibçəkdə qablaşdırılmışdır. Baxış zamanı Qusar DAİM-nin aparıcı məsləhətçisi Ş.Nurmətov aşkar edilmiş 04 ədəd bitkilərə narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyi bildirmişdir. Baxış zaman Təqsirləndirilən şəxs mütəxəssisin sözlərini təsdiqləyərək aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu təsdiqləmiş, onları 2022-ci ilin may ayında əkib becərdiyini bildirmişdir. Baxış zamanı evin zirzəmisində 10 ədəd quru halda olan çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Baxış zamanı Qusar DAİM-in aparıcı məsləhətçisi Ş.Nurmətov aşkar edilmiş 10 ədəd bitkilərin qurudulmuş çətənə bitkisi olduğunu təsdiqləmişdir. Baxış zamanı evin qonaq otağında Təqsirləndirilən şəxs məxsus gödəkçədən 01 ədəd kağız bükümdə spesifik iyə malik yaşımtıl rəngli ot kütləsi aşkar edilmişdir. Bundan sonra evin yataq otağına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən narkotik vasitə aşkar edilməmişdir. Daha sonra evin mətbəx otağına baxış keçirilmiş orada olan 01 ədəd pul kisəsində və 01 ədəd əl çandasında 02 ədəd kağız bükümlərdə spesifik iyə malik yaşımtıl rəngli narkotik vasitəyə oxşar ot kütlələri aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 2-3 ildir narkotik vasitələrdən istifadə etdiyini evdə aşkar edilmiş çətənə bitkilərinin və narkotik vasitələrinin ona məxsus olduğunu etiraf etmiş, onları şəxsi istifadə üçün saxladığını bildirmişdir. Baxış zamanı evdən aşkar edilmiş narkotik vasitələri 02 ədəd zərfə, evin bağından və evin zirzəmisindən aşkar edilmiş 14 ədəd çətənə bitkiləri isə 01 ədəd qara rəngli sellofan paketə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar X11 Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, Qusar rayonu Yasab oba kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilmiş və yaşadığı evin həyətində aşkar edilmiş cəmi 14 ədəd bitkilərdir. Keçirmiş, həmin bitkilərdən 10 ədəd quru vəziyyətdə, 04 ədəd isə hündürlükləri 10-80 sm yaş vəziyyətdə kök üstü olan aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən 3-cü qrup əlilliyə görə ömürlük 120 (yüz iyirmi) manat sosial müavinət alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı kənd ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şortikin sağ yan cibində qanunsuz olaraq saxladığı və daşıdığı 01 (bir) ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuana, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etdiyi 04 (dörd) ədəd yaş halda narkotik təbiətli çətənə bitkiləri, Təqsirləndirilən şəxs evin zirzəmisində qurutmaq məqsədi ilə qanunsuz olaraq saxladığı 10 (on) ədəd çətənə bitkiləri, Təqsirləndirilən şəxs evin qonaq otağında ona məxsus gödəkcədən 01 ədəd kağız bükülüdə qurudulmuş marixuana, evin mətbəxində arvadı X2 məxsus istifadə etmədiyi pul qabında qanunsuz olaraq saxladığı 01 ədəd bükülüdə qurudulmuş marixuana və sonuncuya məxsus əl çantasında qanunsuz olaraq saxladığı bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və cəmi 14 ədəd tərkibində narkotik təbiətli maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs çətənə toxumlarını yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etmiş, yəni əkmiş və aqrotexniki qulluq etmiş, həmin çətənə toxumlarından yetişmiş 14(on dörd) ədəd çətənə bitkilərindən 10(on) ədədini cari ilin avqust ayında çıxardıb satış məqsədi olmadan evin zirzəmisində qurutmaqla saxlamış, həmin çətənə bitkilərindən dərib qurutmaqla hazırlayıb narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə etmiş, Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı kənd ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şortikin sağ yan cibində qanunsuz olaraq saxladığı və daşıdığı 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi- 1,63 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etdiyi 04(dörd) ədəd yaş halda narkotik təbiətli çətənə bitkiləri, evin zirzəmisində qurutmaq məqsədi ilə qanunsuz olaraq saxladığı 10(on) ədəd çətənə bitkiləri, evin qonaq otağında ona məxsus gödəkcədən 01 ədəd kağız bükülüdə təmiz çəkisi 1,65 qram qurudulmuş marixuana, evin mətbəxində arvadı X2 məxsus istifadə etmədiyi pul qabında qanunsuz olaraq saxladığı 01 ədəd bükülüdə təmiz çəkisi- 0,09 qram qurudulmuş marixuana və sonuncuya məxsus əl çantasında qanunsuz olaraq saxladığı təmiz çəkisi 9,08 qram olmaqla, cəmi 12,45 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və cəmi 14 ədəd tərkibində narkotik təbiətli maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, 3-cü qrup əlil olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də İİİ qrup əlil olmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, cinayətin ağırlığını və Təqsirləndirilən şəxs əmlak vəziyyəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs12 sentyabr 2022-ci il tarixdə saat 14:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 sentyabr 2022-ci il tarixdə saat 12:05-də “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən azad dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 sentyabr 2022-ci il tarixdən saat 14:35-dən 14 sentyabr 2022-ci il tarixə saat 12:05-dək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilib götürülmüş -12,37 qram qurudulmuş marixuana, 14 ədəd qalıq çəkisi 248,8 qram olan çətənə bitkiləri, eləcə də 01 ədəd dəmir qab hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışını və yaşadığı evə baxış keçirilməsini əks etdirən video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 sentyabr 2022-ci il tarixdən saat 14:35-dən 14 sentyabr 2022-ci il tarixə saat 12:05-dək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilib götürülmüş -12,37 qram qurudulmuş marixuana, 14 ədəd qalıq çəkisi 248,8 qram olan çətənə bitkiləri, eləcə də 01 ədəd dəmir qab hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışını və yaşadığı evə baxış keçirilməsini əks etdirən video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar