Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-94/2021 21.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sərxoş vəziyyətdə 23 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı kənddə həmkəndlisi Şahid2 idarə etdiyi “BMW” markalı, **-XO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin qismində kənddaxili yolda hərəkətdə olduqları zaman, avtomobilin şüşəsindən başını çıxardıb, eyni istiqamətdə idarə etdiyi “PRİORA” markalı, 833-TA-64 rus qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan həmkəndlisi Zərərçəkmiş şəxs heç bir səbəb olmadan şəxslərin gözü qarşısında nalayiq ifadələrlə təhqir etmiş, daha sonra isə avtomobili saxlayaraq özünü təhqir etməsinin səbəbini öyrənmək istəyən Zərərçəkmiş şəxs yenidən nalayiq ifadələrlə təhqir etmiş, nəticədə aralarında mübahisə yaranmış, mübahisə zamanı cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs yumruq-təpiklərlə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona “sol əlinin ovuc səthinin, sol dizin ön səthinin və sol ayağın bayır topuq nahiyəsinin sıyrıqları və sağ dizin iç səthinin qançırı” ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 10-15 dəqiqə müddət ərzində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Həqiqətən də, o, sərxoş vəziyyətdə 23 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı kənddə həmkəndlisi Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı şikayəti yoxdur, dəymiş ziyanı aradan qaldırmışdır. Hazırda onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 23.08.2021-ci il tarixdə təxminən saat 20 radələrində evə ərzaq almaq məqsədi ilə idarə etdiyi “833 TA 64 rus” dövlət qeydiyyat nişanlı, “Priora” markalı avtomobillə yaşadığı kəndin mərkəzində yerləşən mağazaya getdiyi zaman yolda eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Fail adlı şəxs tərəfindən idarə edilən “BMW” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan həmkəndlisi Elçin avtomobilin şüşəsindən başını çölə çıxarıb, səbəbsiz yerə onun ünvanına nalayiq ifadələr işlətməklə söyüb-təhqir etməyə başlamışdır. Bu zaman o, avtomobilini yolun kənarında saxlayıb avtomobildən düşmüş, eyni zamanda Fail tərəfindən idarə edilən avtomobil də orada dayanmış və avtomobildə sərnişin qismində olan Elçin, Hakim və Namik avtomobildən düşmüşlər. Daha sonra Elçindən niyə onu təhqir etməsini soruşmuş, lakin sonuncu müxtəlif bəhanələr gətirməklə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Elçin onun üzərinə gəlmiş və onlar bir-birinin yaxasından tutaraq dartışmış, hər ikisi yerə yıxılmışlar. Bu zaman Elçin yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrini vurmuş, orada olan Elçinin qohumları Hakim və Namik isə Elçini sakitləşdirməyə çalışmışlar. Daha sonra o, öz avtomobilinə əyləşərək evinə qayıtmış və bu barədə arvadı X3 demişdir. Bir az sonra sülh yolu ilə bu məsələyə aydınlıq gətirməkdən ötrü öz avtomobili ilə Elçinin yanına məsələni aydınlaşdırmaq üçün qayıtmış, lakin Elçin yenə də aqressiv şəkildə üzərinə gələrək, idarə etdiyi “833 TA 64 rus” dövlət qeydiyyat nişanlı, “Piriora” markalı avtomobilə təpik zərbələri vurmuş, lakin avtomobilə ziyan dəyməmişdir. Bu zaman o, Elçinə baş qoşmayaraq evinə geri qayıtmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 21.08.2021-ci il tarixdə rayonun Gedəzeyxur kəndində yaşayan qaynı Təqsirləndirilən şəxs evinə qonaq gəlmişdir. 23.08.2021-ci il tarixdə saat 18 radələrində Elçinə məxsus bağ sahəsində sonuncu və qohumu Şahid3 ilə birlikdə yemək yedikləri zaman spirtli içki qəbul etmişlər. Daha sonra hər üçü sərxoş vəziyyətdə həmin tarixdə saat 20 radələrində gəzmək məqsədi ilə adı ona sonradan məlum olan Şahid2 məxsus olan “BMW” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Yolda eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs tərəfindən idarə edilən “PRİORA” markalı, 833 TA 64 rus dövlət qeydiyyat nişanlı avtomobillə rastlaşmışlar. Bu zaman Elçin avtomobilin şüşəsindən başını çıxarıb Raqifə ləzgi dilində nəsə demiş və sonuncu avtomobili saxlamışdır. Daha sonra Elçin və Namiklə birlikdə avtomobildən düşmüş, yaranan mübahisə zamanı Elçin ləzgi dilində işlətdiyi ifadələrlə Raqifi təhqir edərək yumruq və təpik zərbələri ilə vurmuşdur. Bu zaman o, onların arasına girib ayırmış, bundan sonra Raqif öz avtomobilinə əyləşərək harasa çıxıb getmişdir. Həmin vaxt o, Elçin və Namik birgə Failə məxsus avtomobilə əyləşmək istəmiş, lakin sonuncu onlara avtomobilə əyləşməyə icazə verməmişdir. Bundan sonra o, Namik və Elçinlə birlikdə piyada sonuncunun evinə qayıtdıqları zaman Raqif yenidən ora gəlmiş, bu zaman Elçin Raqifi bir daha təhqir etmiş və sonuncu oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 23.08.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Qusar rayonu Gedəzeyxur kəndində özünə məxsus olan “BMW” markalı, **-XO- *** dövlət qeydiyyat nişanlı avtomobillə atasıgilin evinə qonaq gedərkən yolda həmkəndlisi Təqsirləndirilən şəxs avtomobilini saxlamış və özü ilə birlikdə olan adları ona sonradan məlum olan qohumları, Şahid1 və Şahid3 onun razılığı ilə avtomobilinə əyləşmişlər. Həmin vaxt qeyd etdiyi şəxslər sərxoş vəziyyətdə olmuş, Elçin özlərini yolun kənarında yerləşən mağazaya düşürtməsini xahiş etmişdir. Yolda eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən idarə edilən “833 TA 64 rus” dövlət qeydiyyat nişanlı, “Priora” markalı avtomobillə rastlaşmış, bu zaman onun avtomobilində olan Elçin avtomobilin qabaq şüşəsindən başını çölə çıxarıb heç bir səbəb olmadığı halda Raqifi təhqir etməyə başlamış, Raqif də avtomobili saxlamışdır. Daha sonra Elçin, Hakim və Namik avtomobildən düşmüş, həmin vaxt Raqiflə Elçin arasında mübahisə yaranmış, mübahisə zamanı Elçin, yenidən nalayiq ifadələrlə Raqifi təhqir edərək yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vurmuş, bundan sonra Raqif öz avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Elçin, Hakim və Namik yenidən avtomobilinə əyləşib qaçmaq istədiklərini ona demiş, lakin o, avtomobilinə əyləşmələrinə icazə verməmişdir. Bundan sonra Elçin, Hakim və Namik harasa qaçıb getmiş, o da avtomobillə öz evinə qayıtmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, 23.08.2021-ci il tarixdə rayonun Gedəzeyxur kəndində yaşayan yeznəsi Elçinin evinə qonaq gəlmiş, həmin tarixdə saat 18 radələrində Elçinə məxsus bağ sahəsində sonuncu və qohumu Hakimlə birlikdə yemək yedikləri zaman spirtli içki qəbul etmişlər. Daha sonra hər üçü sərxoş vəziyyətdə saat 20 radələrində gəzmək üçün Failə məxsus olan “BMW” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Yolda eyni istiqamətdə hərəkətdə olan Raqif tərəfindən idarə edilən 833 TA 64 rus dövlət qeydiyyat nişanlı, Priora markalı avtomobillə rastlaşmışlar. Bu zaman Elçin avtomobilin şüşəsindən başını çıxarıb Raqifi təhqir etmiş, sonuncu avtomobili saxlamışdır. Daha sonra Elçin yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs vurmuş, bundan sonra Raqif öz avtomobilinə əyləşərək harasa çıxıb getmişdir. Həmin vaxt o, Elçin və Hakimlə birgə Failə məxsus avtomobilə əyləşmək istəmiş, lakin sonuncu onlara avtomobilə əyləşməyə icazə verməmişdir. Bundan sonra Raqif yenidən ora qayıtmış və Elçin bir daha Raqifi nalayiq ifadələrlə təhqir etdiyi üçün sonuncu oradan getmişdir. Daha sonra o, Hakim və Elçinlə birlikdə sonuncunun evinə qayıtmışlar. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 314 saylı 24 avqust 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəydən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol əlinin ovuc səthinin, sol dizin ön səthinin və sol ayağın bayır topuq nahiyəsinin sıyrıqları və sağ dizin iç səthinin qançırı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.08.2021-ci il tarixdə yumruq və təpik zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan protokollaşdırma nömrəsi 00138 olan 23.08.2021-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 22:24-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0.160 promilli olmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 04 oktyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 1827/09-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 16 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli 592 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2 və 22.03.2020-ci il təvəllüdlü oğlu Sabir Velimetovdan ibarətdir. İş materiallarında olan AZ-İV 433572 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 22.03.2020-ci il təvəllüdlü Sabir adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 08.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 22.12.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 30.11.2021-ci il tarixli ərizələrdən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, əlavəsi yoxdur, məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də, məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq işə yekun vurulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321.2.1, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-94/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-94/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver