Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-96/2023 06.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1989-cu ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Avaran kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq üzərində saxlamış və qanunsuz olaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 15:50-də Qusar şəhəri, Z.Əliyeva küçəsində Qusar RPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında saxlanılmış, üzərinə “şəxsi axtarış” istintaq hərəkəti keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən qanunsuz olaraq saxladığı və daşıdığı 01 ədəd selofan bükümün içərisində təmiz çəkisi 0,747 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Qusar rayonu Avaran kəndində yerləşən evindən avtobusla Qusar şəhərinə gəlmiş, bundan sonra təxminən 2 saat ərzində Qusar şəhər avtovağzal ərazisində gəzişmişdir. Daha sonra isə şəxsi işi ilə bağlı Xaçmaz rayonu, Xudat şəhərinə getmişdir. Xaçmaz rayonu Xudat şəhər avtovağzalı ərazisində olan zaman yerdən 01 ədəd sellofan büküm tapmış, həmin bükümü yerdən götürüb yoxlayan zaman içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin bükümü özündə saxlamış, daha sonra isə oradan uzaqlaşıb, özü üçün 01 ədəd şpris, limon duzu və 01 ədəd 5 ml-lik novakain ampulası alıb bulağın yanında ətrafda heç kəsin olmadığını görüb, tapdığı 01 ədəd sellofan bükümdəki heroinin cüzi bir hissəsini limon duzu qatıb, novokain ampulasıda qaynatmış və şprisə doldurub sol qolunun damarına vurmuşdur. Son 3 ay ərzində heroini şprisə doldurub damara vurmaqla istifadə etməyə başlamışdır. O, heroini damara vurduqdan sonra təkrar avtovaqzal dairəsi ərazisinə qayıtmış və orada təxminən 1 saat olmuş, daha sonra isə tanımadığı taksi ilə Qusar şəhər avtovağzalına qayıtmış və oradan piyada öz evinə getmişdir. Həmin gün saat 15:50 radələrində piyada Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən “Şahmat” klubun yanından tək başına keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etməklə, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilindiyi bildirilərək saxlanmış, bundan sonra oraya dövlət hesabına təyin edilmiş müdafiəçi və müstəntiq gəlmişlər. Həmin vaxt orada müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun üzərindən 01 ədəd cib dəsmalı, 10 qəpik pul və təmbəki istifadə etmək üçün kağız bükümlər, həmçinin əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə isə qəhvəyi rəngli toz şəkilində maddə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin vaxt üzərindən aşkar edilən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin 01 ədəd zərfdə qablaşdırılmışdır. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qusar rayonu Avaran kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3lə birlikdə Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən “Şahmat Klub”un yaxınlığında Faridə yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmiş, ona hüquq və vəzifələri izah olunmuş və saxlanmışdır. Bir azdan həmin yerə Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitan Ümüd Xankişiyev, Qusar rayon vəkil bürosunun vəkili X1 ilə birlikdə gəlmiş, video çəkilişlə Faridin üzərində şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən 01 ədəd cib dəsmalı, 10 qəpik pul və təmbəki istifadə etmək üçün kağız bükümlər, həmçinin əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə isə qəhvəyi rəngli toz şəkilində maddə narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılmış, Qusar RPŞ-nin 106 saylı möhürü ilə zərflər möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərflərin üzərinə imzalar çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Farid həmin narkotik vasitəni Xudat şəhərində avtovağzal ərazisində həmin gün tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” olan protokoldan görünür ki, ona üzərində olan narkotik vasitəni könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ildir ki narkotik vasitə “kokosdan” istifadə edir və hal hazırda da üzərində vardır. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən 01 ədəd cib dəsmalı, təmbəki çəkmək üçün kağız bükümləri, 10 qəpik pul, həmçinin əynində olan şalvarın sağ yan cibindən, 01 ədəd sellofan bükümdə, toz şəklində, qəhvəyi rəngli narkotik vasitəyə oxşar heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə, heroin olduğunu və ona məxsus olduğunu etiraf etmişdir. Şəxsi axtarış aparılarkən video çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/4020 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi N 106” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə qəhvəyi rəngli toz şəkildə narkotik vasitə “imza”, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,747 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısma(Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2023-cü il tarixli, 4931 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatından yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 3 azyaşlı uşaqları var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq üzərində saxlaması və qanunsuz olaraq daşıması, xx.xx.2023-cü il tarixdə, saat 15:50-də Qusar şəhəri, Z.Əliyeva küçəsində Qusar RPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında saxlanılmış, üzərinə “şəxsi axtarış” istintaq hərəkəti keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən qanunsuz olaraq saxladığı və daşıdığı 01 ədəd selofan bükümün içərisində təmiz çəkisi -0,747 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin əldə olunma mənbəyini, kimdən aldığını bildirməmişdir. Həmçinin əvvəllərdə narkotik vasitədən istifadə etdiyini, yenə də kimdən aldığını bildirməmişdir. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs səmimi ifadə verməyini inandırıcı hesab etmir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlğın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixioloji problemlər yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırki cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur ki, heroin kimyəvi üsulla hazırlanmaqla tərkiblərinə görə ən güclü təsirə və asılılıq yaratma qüvvəsinə malikdir. Təqsirləndirilən şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin- himayəsində olan uşaqların dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Təqsirləndirilən şəxsin üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin şəxsi istehlak miqdarından dəfələrlə çoxdur. Narkotik vasitənin miqdarını, onun növünü və bununla da əməlin ictimai təhlükəliliyini nəzərə alınır. Həmçinin, narkomaniya xəstəliyi aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyul 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X3 dərhal azad olunmuşdur Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 89 (səksən doqquz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,697 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs qismində tutularaq 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 06 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,697 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-96/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-96/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver