Məhkəmə qərarları › İş №1(029)-97/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-97/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-97/2022 23.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə Qusar şəhərində yerləşən N.Nərimanov parkında istintaqa məlum olmayan mənbədən şəxsi istehlakı üçün ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, 22 oktyabr 2022-ci il tarixdə, saat 12:45 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhəri, H.Əliyev prospektində yerləşən “Old Qusar” restoranın qarşısında saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd selofan bükümdə təmiz çəkisi 0,650 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir neçə il əvvəl Bakı şəhərində yerləşən mağazalardan birindən əldə etdiyi 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, ümumi təyinatlı soyuq siyah hesab edilən ov bıçağı, həmçinin onun idarə etdiyi “BMW” markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobilə də baxış keçirilmiş, oradan 2015-ci ildə mərhum dostu X1 əldə etdiyi 01 ədəd kustar üsulla vurucu-əzici xassəyə malik soyuq silah kastet (beşbarmaq) və 01 ədəd selofan bükümdə 1,007 qram olmaqla cəmi 1,657 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il müddətində narkotik vasitələrdən, bir müddət əvvəl isə psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 21 oktyabr 2022-ci il tarixdə günorta radələrində Qusar şəhərində yerləşən N.Nərimanov adına parkda gəzişən zaman yerdən 02 ədəd selofan bükümləri tapıb, yerdən götürüb, bükümlərin içərisini yoxlayarkən orada 02 ədəd selofan bükümdə ağ rəngli kristal şəkildə psixotrop maddə olan metafetaminin olduğunu görüb bükümlərin birini özündə, digərini isə idarə etdiyi “BMW” markalı, 10-RR- 530 dövlət nömrə nişanlı avtomobilinin salonunda saxlamışdır. Həmin narkotiki özü istifadə etməyəcədi, sadəcə ona maraqlı gəldiyi üçün üzərində saxlamışdır.22 oktyabr saat 12:45 radələrində o, Qusar şəhəri, H.Əliyev prospektində yerləşən “OLD QUSAR” restoranın qarşısında idarə etdiyi“BMW” markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmək istəyən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında, istifadəsində, eləcə də daşınmasında şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd selofan bükümdə təmiz çəkisi - 0,650 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir neçə il əvvəl Bakı şəhərində yerləşən mağazalardan birindən əldə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən ov bıçağı aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Bundan başqa müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə video, çəkilişlə onun razılığı ilə idarə etdiyi “BMW” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin sürücü əyləşən tərəfdən ön qapısının içəri tərəfindəki cibindən 01 ədəd selofan bükümdə təmiz çəkisi - 1,007 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və avtomobilin saxlanc yerindən (bardaçokdan) 2015-ci ildə mərhum dostu Bəhruz Nurullayevdən əldə etdiyi 01 ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən kastet (beşbarmaq) aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Kasteti ona bir neçə il əvvəl dostu vermişdir. Aşkar olunmuş narkotik vasitə, bıçaq və kastet ona məxsus olmuşdur. Bıçaq və kasteti saxlamaqda başqa heç bir məqsədi olmamış, onun kimisə vurmaq və xəsarət yetirmək fikri də olmamışdır. Narkotik vasitəni də kiməsə vermək fikri olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 oktyabr 2022-ci il tarixdə səhər radələrində Qusar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin əməkdaşları Emin Əsgərov, Şahid4, Şahid5 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 oktyabr saat 12:45 radələrində Təqsirləndirilən şəxs Qusar şəhəri, H.Əliyev prospektində yerləşən “OLD QUSAR” restoranın qarşısında idarə etdiyi “BMW” markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmək istəyən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında, istifadəsində, eləcə də daşınmasında şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd selofan bükümdə təmiz çəkisi - 0,650 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir neçə il əvvəl Bakı şəhərində yerləşən mağazalardan birindən əldə etdiyi 01 ədəd soyuq silah hesab edilən ov bıçağı aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Bundan başqa müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun razılığı ilə baxış keçirilmiş, avtomobilin sürücü əyləşən tərəfdən ön qapısının içəri tərəfindəki cibindən 01 ədəd selofan bükümdə təmiz çəkisi - 1,007 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və avtomobilin saxlanc yerindən (bardaçokdan) 2015-ci ildə mərhum dostu X1 əldə etdiyi 01 ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən kastet (beşbarmaq) aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür.Təqsirləndirilən şəxsin əvvəl narkotik vasitələrdən istifadə etməsi barədə məlumat olmuşdur. Soyuq silah gəzdirməsi barədə məlumat olmamış, soyuq silah əməliyyat tədbiri zamanı aşkar olunmuşdur. Məhkəmə istintaqında ifadə vermiş Şahid5, Şahid3, Şahid2 verdikləri ifadədən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, o Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2022-ci il tarixli 6/6141 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....”, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....” yazılar və imzalar olan iki ədəd kağız zərflərdəki 02 ədəd bükümlərdəki təmiz çəkiləri - 0,650 qram, - 1,007 qram, ümumi təmiz çəkisi - 1,657 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin və onların prekursorlarm siyahısı”-nın İ-ci siyahılarına daxildir. Qeyd: metenfetaminlərin ümumi təmiz çəkisi-1,657 qram, tədqiqata cəmi sərf edildi- 0,1 qram (hər birindən 0,05 qram), qalıq 1,557 qram. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 7112 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomanıya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məhkəməpsixiatrik ekspertizasının 05 noyabr 2022-ci il tarixli 2938 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “emosional davamsız tip şəxsiyyət pozuntusu” müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, cinayət əməlinin törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli 3/1498 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd predmetkustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, kəsicilik xassəsinə malik olmayan, yalnız vurucu-əzici xassəyə malik soyuq silahdır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqat təqdim edilmiş 01 ədəd predmet-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 22 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlə, eləcədə sağ cibindən 01 ədədə açılıb-bağlanan bıçaq aşkar olunaraq ekspertizaya təqdim olunması məqsədilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 22 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Old Qusar” restoranın qarşısında Qusar şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “BMVV” markalı ** RR *** dövlət nömrə nişanlı avtomobilə müdafiəçinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürücü əyləşən tərəfdən ön qapısının içəri tərəfdəki cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər, ağ rəngli kristal şəkilli maddə aşkar olunmuş, həmin 01 ədəd büküm ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırılaraq imzala təsdiq olunmaqla götürülmüşdür. Eləcə də baxış zamanı avtomobilin saxlanc yerindən 01 ədəd kustar üsulla hazıranmış beşbarmaq aşkar olunmuşdur. Həmin beşbarmaq da ekspertizaya təqdim olunması məqsədi ilə zərfdə qablaşdırılmaqla imzalar təsdiq olunaraq götürülmüşdür. Avtomobilə bir daha baxış keçirilmiş, başqa narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Baxış video çəkilişlə lentə alınmış əldə olunan görüntülər DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Həkim narkoloqun qeydiyyatındadır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd selofan bükümdə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd zavod üsulu ilə hazırlanmış, soyuq siyah hesab edilən ov bıçağı, həmçinin onun idarə etdiyi “BMW” markalı, 10- RR-530 dövlət nömrə nişanlı avtomobilə də baxış keçirilmiş, oradan 01 ədəd kustar üsulla hazırlanmış soyuq silah kastet (beşbarmaq) və 01 ədəd selofan bükümdə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd ov bıçağı və 01 ədəd kastet (beşbarmaq) iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması barədə qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı və idarə etdiyi avtomobilə baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 02 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənbəyi müəyyən olunmadığından mənbənin müəyyən edilib məsuliyyətə cəlb edilməsi məqsədi ilə hazırkı cinayət işindən material ayrılmış və Qusar RPŞ-nin CAB-nə göndərilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında olan 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X2 22 oktyabr 2022-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən xəsarət alması faktı təsdiqini tapmadığından, toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsi istehlakı üçün ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd selofan bükümdə təmiz çəkisi 0,650 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı soyuq siyah hesab edilən ov bıçağı, həmçinin onun idarə etdiyi “BMW” markalı, 10- RR-530 dövlət nömrə nişanlı avtomobilə də baxış keçirilmiş, 01 ədəd kustar üsulla hazırlanmış soyuq silah kastet (beşbarmaq) və 01 ədəd selofan bükümdə 1,007 qram olmaqla cəmi 1,657 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, cinayətin ağırlığını nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər və ya islah işləri cəzasını təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 oktyabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixinə kimi həbsdə qaldığı 02 (iki) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq seçilmiş seçilmiş “ həbs” qətimkan tədbiri dəyişdirilirək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,557 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd ov bıçağı və 01 ədəd kastet hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışını və idarəetdiyi avtomobilə baxış keçirilməsini əks etdirən video görüntülər olan 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 156 (yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 oktyabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə kimi həbsdə qaldığı 02 (iki) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilirək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 156 (yüz əlli altı) manat X3 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,557 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd ov bıçağı və 01 ədəd kastet hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışını və idarəetdiyi avtomobilə baxış keçirilməsini əks etdirən video görüntülər olan 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar