Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-99/2023 26.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərər çəkmiş şəxsin nümayəndəsi: X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qusar şəhəri, Əmiraslanov küçəsi, ev 25-də qeydiyyatda olan və yaşayan, 05 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2023-cü il tarixdə barəsində Qusar rayonu Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından may ayı da daxil olmaqla Qusar şəhər sakini Zərərçəkmiş şəxs3 ilə Rusiya Federasiyasının Dağıstan Respublikasından “Belorus” kərə yağları və ərzaq məhsulları ticarəti ilə birgə məşğul olaraq gəlir əldə edəcəkləri adı ilə aldadaraq sonuncunun etibarından sui-istifadə edərək ondan 2022-ci ilin fevral ayının ortalarında 1500 manat, daha sonra isə aprel ayının sonlarında 3900 manat cəmi 5400 manat, xx.xx.2022-ci il tarixdə isə 8.000 manat olmaqla cəmi vahid niyyətlə 13.400(on üç min dörd yüz)manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar şəhər sakini Zərərçəkmiş şəxs2 ilə Rusiya Federasiyasının Dağıstan Respublikasından “Belorus” kərə yağları və ərzaq məhsulları ticarəti ilə birgə məşğul olaraq gəlir əldə edəcəkləri adı ilə aldadaraq sonuncunun etibarından sui-istifadə edərək ondan 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində 10.000 manat, bundan iki gün sonra isə Qusar şəhərində yaşadığı ünvanın qarşısında 10.000 manat olmaqla cəmi 20000(iyirmi min)manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin aprel ayından avqust aymadək Qusar şəhər sakini Zərərçəkmiş şəxs1 ilə Rusiya Federasiyasının Dağıstan Respublikasından “Belorus” kərə yağları və ərzaq məhsulları ticarəti ilə birgə məşğul məşğul olaraq gəlir əldə edəcəkləri adı ilə aldadaraq sonuncunun etibarından sui-istifadə edərək ondan 2022-ci ilin aprel ayında 900 ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 1530 manat, xx.xx.2022-ci il tarixdə Qusar şəhərində yaşadığı 200.000 rus rublu, həmin dövrün məzənnəsi ilə 5400 manat, yenidən xx.xx.2022-ci il tarixdə 200.000 rus rublu, həmin dövrün məzənnəsi ilə 5400 manat və 2022-ci ilin avqust ayında 11000 manat olmaqla cəmi 23.330 (iyirmi üç min üç yüz otuz) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Qusar rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləmiş, daha sonra bankdan kreditə pul götürüb iki ədəd “TİR” yük avtomobilləri alaraq ticarətlə məşğul olmağa başlamışdır. O, həmin avtomobillərlə Rusiya Federasiyasına meyvə-tərəvəz məhsulları göndərmiş, Rusiya Federasiyasından isə yağ məhsulları gətirib satmışdır. Sonradan onun işi alınmamış, yağlar əriyib xarab olmuş, ziyana düşmüşdür. Bu səbəbdən də, bütün əmlaklarını, o cümlədən “Tır” avtomobillərini satıb borclarını qaytarmışdır. O, zərər çəkmiş şəxslərdən ittiham aktında göstərilən pulları almış, həmin pulları birgə alver edib pul qazanmaq məqsədi ilə almışdır. O, Raufdan cəmi 13400 manat məbləğində pul almış, pulu aldığı ilk ayda həmin şəxsə 1200 manat pul vermiş, daha sonra 1200 manat vermiş, həmin pulları ticarətdən gəlir kimi vermişdir. Həmçinin, o, Raufa 500 manat və 3000 manat məbləğində pul da vermişdir. Bundan başqa, o, Turaldan 20000 manat məbləğində pul almış, həmin puldan 5500 manat qaytarmış, 14500 manat isə qalmışdır. Bundan başqa, o, Sərvərdən 23330 manat məbləğində pul almış, həmin pulun bir qismini Sərvərə qaytarmış, onun hesabladığına görə Sərvərə 17800 manat borcu qalmışdır. O, zərər çəkmiş şəxslərdən pulları aldıqdan sonra həftədə bir dəfə 1-2 qutu kərə yağları gətirib satmışdır. Ziyana düşdüyünə görə zərər çəkmiş şəxslərə vəd etdiyi yağları gətirə bilməmişdir. Hazırda o, əməlindən çox peşmandır, zərər çəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırmış, həmin şəxslərlə barışmış, həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin ayrı-ayrı aylarında ondan Rusiya Federasiyası Dağıstan Respublikasından kərə yağları gətirib sataraq xeyiri iki yerə bölmək adı ilə ondan cəmi 23330 manat məbləğində pul almışdır. İlk dəfə o, 2022ci ilin aprel ayında Radikə 900 ABŞ dolları məbləğində pul vermiş, həmin pulun məzənnəsi həmin vaxt 1530 manat olmuşdur. Bundan sonra Radik ona 700 manat pul vermiş, həmin pulu əldə olunmuş gəlir kimi ona vermişdir. Bundan sonra, Radik ondan yenə pul istəmiş, o, 2022-ci ilin iyun ayının 6-da həmin şəxsə 200000 rus rublu vermiş, həmin pulun manatla məzənnəsi 5400 manat olmuşdur. Həmin ilin iyul ayında o, Radikə yenə 200000 rus rublu vermiş, Radikdən işlərin necə getdiyini soruşmuş, Radik isə hər şeyin olduğunu, gəlir əldə edəcəklərini demişdir. Hətta, Radik Qusar şəhərində yerləşən “Pioner” mağazasının qarşısında dayanmış vəziyyətdə olan, yağları gətirəcəyi iki ədəd “TİR” avtomobillərini də ona göstərmişdir. 2022-ci ilin avqust ayında Radik ona çoxlu miqdarda yağ gətirmək istədiyini bildirərək ondan 15000 manat məbləğində pul istəmiş, o, isə 11000 manat düzəltdiyini deyərək həmin məbləğdə pulu Radikə vermişdir. Bundan təxminən bir ay keçdikdən sonra sentyabr ayında o, Radiklə görüşərək işlərin hansı vəziyyətdə olduğunu soruşmuş, Radik isə hər şeyin yaxşı olduğunu, narahat olmamasını demişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra o, Radiklə əlaqə saxlamaq istəmiş, lakin onun gah telefonuna zəng çatmamış, gah Bakı şəhərində olmuş və nəticədə onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, Radikin atası Fizuli Uspatovla görüşərək Radiklə aralarında olan məsələni ona bildirmiş, Radikə pul verdiyini, lakin geri ala bilmədiyini demiş, Fizuli Uspatov isə narahat olmamasını, Radik bütün pulları qaytaracağını demişdir. Bundan bir neçə ay keçdikdən sonra o, yenidən Fizuli Uspatovla görüşmüş, bu dəfə həmin şəxs onun qaytaracaq pulunun olmadığını, pulu Radikdən tələb etməsini demişdir. Həmin vaxtdan xeyli müddət keçdikdən sonra o, Radikin qardaşı Edqarla görüşmüş, Radiki tapıb onunla görüşdürməsini, Radikə verdiyi pulları borc aldığını, borclu olduğu şəxslərin pulu tələb etdiyini demiş, Edqar isə nəsə fikirləşib edəcəyini demişdir. Bundan sonra, Edqargil ona bankdan kredit pul götürüb borclarını qaytarmasını, kredit borcunu isə hər ay onların ödəyəcəklərini demiş, o, isə razılaşıb bankdan 15000 manat məbləğində kredit pul götürmüşdür. Həmin kreditin fazilərini bir ay vermişlər, sonra isə onu da verməmişlər. Radik ona bir dəfə 700 manat, bir dəfə 500 manat pul vermiş, atası isə kredit faizləri kimi iki dəfə 450 manat pul vermişdir. Kredit faizlərini çıxdıqda Radikin ona qaytarmalı olduğu pul 22600 manat təşkil edir. Hazırda isə təqsirləndirilən şəxs Radik Usparov ona dəymiş bütün zərəri tam ödəmiş, o, həmin şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar şəhər sakini kimi tanımış, həmin şəxs Qusar rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə ona bildirmişdir ki, o, mühafizə işləməklə 300 manat maaş alır, həmin pulla dolana bilmir, ona görə də bizneslə məşğul olur, Rusiyadan yağ gətirib satır, həmin işdən yaxşı pul qazanmaq olur. Bundan sonra, həmin şəxs iki ədəd “TİR” avtomobili almış, həmin avtomobilləri bankdan kredit götürüb almış, daha sonra “Mercedes Benz S class” markalı avtomobil almış, bununla da, o, yağ alverindən yaxşı pullar qazandığını inandırmışdır. Təqsirləndirilən şəxs ona birgə alver edib pul qazanmağı təklif etmiş, bu məqsədlə ona pul verməsini təklif etmiş və o, Radikə inandığından həmin şəxsə müxtəlif vaxtlarda ümumilikdə 13400 manat məbləğində pul vermişdir. Sonradan o, Radikdən yağı gətirib-gətirməməsini soruşmuş, Radik gah “TİR” avtomobilinin qəzaya düşdüyünü, gah yağların əridiyini, gah onu Dağıstanda aldatdıqlarını demişdir. Sonradan məlum olmuşdur ki, o, başqa şəxslərdən də pullar almışdır. Ondan pulları hara xərclədiyini soruşduqda cavab vermir. Təqsirləndirilən şəxs nə biznesi yoxdur, nədə ki həmin şəxsin gətirdiyi yağlar yoxdur. Hazırda təqsirləndirilən şəxs ona dəymiş bütün zərəri ödəmiş, o, həmin şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi X2 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yağ gətirmək adı ilə 20000 manat məbləğində pul almış, lakin vədinə əməl etməmiş, pulu da qaytarmamışdır. Hazırda isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş zərər tam aradan qaldırılmış, həmin şəxs Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, həmin halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Fizuli oğlu ifadəsində göstərmişdir ki, onun qardaşı Təqsirləndirilən şəxs TİR avtomobilləri olmuş, onlarla yağ gətirib satmışdır. Radik əvvəllər xəstəxanada mühafizəçi işləmişdir. Sonradan qardaşı Radik ziyana düşmüş, borcları yaranmışdır. Hazırda həmin borcları qaytarmaq istəyirlər. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışdıqlarını, həmin şəxsin onlara dəymiş zərəri tam ödədiyini, həmin şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 118). İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 125). İş materiallarında olan AZ-İİ 378694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Anar adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 130). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edir. O, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərəri tam ödəyərək həmin şəxslərlə barışıq əldə etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, həmin şəxs zərər çəkmiş şəxslərlə barışaraq onlara dəymiş zərəri tam şəkildə aradan qaldırmış, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlindən səmimi peşman olmuşdur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2023-cü il tarixdə Qusar rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmiş, hazıradək o, həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs həbsdə olduğu 04 ay 21 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 05 avqust 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixədək 04 (dörd) ay 21 (iyirmi bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 09 (doqquz) ay 12 (on iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin, cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-99/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-99/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver