Məhkəmə qərarları › İş №1(030)-1/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-1/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-1/2023 08.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə ünvan 1ində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddələri ilə təqsirli bilinərək 500 manat (beş yüz) cərimə cəzasına məhkum edildiyi, lakin qanunla müəyyən edilmiş qaydada hökm üzrə cərimə cəzasını ödəmədiyindən məhkumluğu götürülmədiyi halda, özgənin əmlakını gizli yolla talamaq niyyətinə gəldikdən sonra 21 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində əvvəllər işlədiyi Daşkəsən rayonu Çovdar kəndi ərazisində yerləşən, "xxxx" QSC-nin nəzdində fəaliyyət göstərən “X9 X5 Danışmanlık İnşaat Limited”in Azərbaycan Respublikasındakı filialının istehsalat sahəsinə sərbəst giriş edərək həmin sahədə yerləşən əvvəllər özünün qaldığı kampa daxil olub Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü döngə, ev 12-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan 1 ədəd 200 manat dəyərində “XİAOMİ Red Mi 7” markalı mobil telefonu və Tovuz rayonu, Xəqani küçəsi, ev 5-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan 1 ədəd 300 manat dəyərində “XİAOMİ Red Mi 9-T” markalı mobil telefonu, ümumilikdə 2 ədəd mobil telefonları həmin kampdan talamaqla Zərərçəkmiş şəxs3 200 manat və Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, Daşkəsən rayonu Çovdar kəndi ərazisində yerləşən "xxxx" QSC-nin nəzdində xidmət aparan “X9 X5 Danışmanlık İnşaat Limited”in Azərbaycan Respublikasındakı filialının istehsalat sahəsində yerləşən kampdan Zərərçəkmiş şəxs3 məxsus olan 1 ədəd 200 manat dəyərində “XİAOMİ Red Mi 7” markalı mobil telefonu və Tovuz rayonu, Xəqani küçəsi, ev 5-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan 1 ədəd 300 manat dəyərində “XİAOMİ Red Mi 9-T” markalı mobil telefonları oğurladıqdan sonra təkrar özgənin əmlakını gizli yolla talamaq niyyətinə gələrək 21 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində "xxxx" QSC-nin çıxışında olan Daşkəsən şəhəri, Nizami küçəsi, ev 3-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus istehsal ili 2011-ci il olan, 6700 manat dəyərində olan VAZ 2107 markalı minik avtomobili, eləcə də, həmin avtomobilin kabinasında olan 270 manat məbləğində vəsaiti talamaqla Zərərçəkmiş şəxs1 6970 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, traktor sürücüsüdür. Müxtəlif vaxtlarda ayrıayrı yerlərdə sürücülük etmiş, təxminən 8 ay bundan əvvəl işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Kəlbəcər rayonunda aylıq məvacib haqqı 800 manata traktor idarə edərək sürücülük etmiş, həmin yerdə təxminən 1 ay müddətinə işləmişdir. Lakin anidən iş dayandığı üçün işsiz qalmış, bundan sonra babası ilə birlikdə Gədəbəy rayonu ərazisində fəhləliklə məşğul olaraq çörək pulunu qazanmışdır. 2022-ci ilin avqust ayında Məhərrəm adlı tanışı ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək hazırda Daşkəsən rayonu Çovdar kəndi ərazisində yerləşən "xxxx" QSC-nin nəzdində fəaliyyət göstərən “X9 X5 Danışmanlık İnşaat Limited” Azərbaycan Respublikasındakı filialının şirkətində yol tikintisi ilə bağlı yolbasan(traktor) olduğunu, həmin yolbasana(traktor) sürücü axtardığını deyib, ondan həmin texnikanı idarə etmək bacarağının olub-plmamasını soruşmuşdur. Həmin vaxtı işə ehtiyacı olduğu üçün Məhərrəmlə razılaşmışdır. Aralarında olan şifahi razılığa əsasən Məhərrəm ona yolbasanı (traktoru) idarə etməyi müqabilində hər ay 800 manat məvacib haqqı verəcəyini söyləmişdir. 27 avqust 2022-ci il tarixdən o, yolbasanı (traktoru) idarə etməyə başlamış, təxminən 18 gün ərzində "xxxx" QSC-nin nəzdində fəaliyyət göstərən “X9 X5 Danışmanlık İnşaat Limited” Azərbaycan Respublikasındakı filialında Məhərrəmə məxsus qeydiyyat nömrəsini xatırlamadığı “Bomag” markalı yolbasanı (traktoru) idarə etmişdir. Həmin vaxt 7 aylıq oğlu Raulun səhhətində olan problem ilə əlaqədar əməliyyata ehtiyacı olmuş, lakin müalicə olunmaq üçün pulu olmamışdır. Məhz bu səbəbdən Məhərrəm ilə əlaqə saxlayaraq müalicə üçün aylıq məvacibindən 100 manat verməsini xahiş etmişdir. Məhərrəm ona bəhanə gətirərək yas yerinin olduğunu, hazırda başının yas yerinə qarışdığını, birazdan onunla əlaqə saxlayacağını demişdir. Lakin, Məhərrəm onunla əlaqə saxlamamışdır. 19 sentyabr 2022-ci il tarixdə Məhərrəmlə yenidən əlaqə saxladıqda Məhərrəm onunla mübahisə etməyə başlamışdır. Mübahisənin sonunda biri-birilərinə söyüşlər etdiyi üçün Məhərrəm onun zəngini qara siyahiya atmış və o, Məhhərrəmə daha zəng edə bilməmişdir. Məhərrəm isə ona yenidən yığaraq etdiyi söyüşlərə görə xidmət haqqını verməyəcəyini, üzbəüz üzr istədikdən sonra xidmət haqqını verəcəyini söyləmişdir. Məhərrəmin hərəkətləri onu çox əsəbləşdirmiş, hərəkətinə görə sonuncudan qisas almaq istəmişdir. Eyni zamanda Məhərrəm onun xidmət haqqını vermədən onu işdən çıxarmış və onun yerinə Ramin adlı operatoru işə götürmüşdür. 20 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə 700 qramlıq spirtli içki olan çaxır içdiyi üçün sərxoş hala düşmüş, həmin vaxtı Məhərrəmin ona qarşı etdiyi hərəkətlər yadına düşmüş, eyni zamanda sərxoş olduğu üçün həmin gün ondan qisas almaq qərarına gəlmişdir. Qisas almaq üçün isə Məhərrəmə məxsus olan “Bomag” markalı yolbasana (traktoru) zərər vurmağı planlaşdırmışdır. Saat təxminən 03 radələrində yaşadığı evdən çıxaraq piyada Gədəbəy şəhərində yerləşən “saatın yanı” adlanan yerə gəlmiş, orada sürücüsünü tanımadığı “priora” markalı taksi ilə Daşkəsən rayonu Çovdar kəndinə yollanmışdır. Şirkətdə işlədiyi üçün heç bir problem olmadan istehsalat sahəsinə daxil olmuş, bundan sonra Məhərrəmə məxsus “Bomag” markalı yolbasanın (traktoru) yanına gəlmiş, həmin yerdə dayanaraq yerdən əli ilə qumu götürüb “Bomag” markalı yolbasanın (traktoru) mühərrikxanasına tökməyə çalışmışdır. Lakin ətrafdan səs gəldiyi üçün bir anlıq hərəkətlərini dayandırmış və oradan uzaqlaşmışdır. Kənarda dayanaraq bir qədər düşündükdə “Bomag” markalı yolbasanın (traktoru) mühərrikxanasının qiymətinin baha olduğunu, həmin mühərrikxanaya qum tökərsə yararsız vəziyyətə salacağını düşünüb niyyətindən daşınmışdır. Daha sonra paltarlarını götürmək üçün şirkətin ərazisində olan əvvəllər qaldığı otağına tərəf yollanmış, qeyd olunan otağa daxil olaraq paltarlarını götürmək istəyən zaman Məhərrəmin yerinə işə götürdüyü Raminin çarpayıda yatdığını, başı yanında isə iki ədəd “XİAOMİ Red Mi” markalı mobil telefonların olduğunu görmüşdür. O, sərxoş olduğu üçün mobil telefonları oğurlamaq qərarına gəlmiş, bu məqsədlə Raminin başı yanında olan mobil telefonları səssizcə, gizli olaraq götürüb cibinə qoyduqdan sonra otaqdan çıxaraq həmin yerdən uzaqlaşmışdır. Mobil telefonları oğurladıqdan sonra istehsalat sahəsini tərk edərkən sahənin mühafizəçisi Şahid üst başını yoxlamış və həmin vaxtı oğurluq yolu ilə əldə etdiyi mobil telefonları aşkar etmişdir. Lakin o Şahid aldadaraq həmin telefonların özünə məxsus olduğunu demişdir. Elçin, ondan həmin telefonların ekranın kilidini açmasını söyləmiş, o da Rövşənin ekranın kilidini bildiyi üçün həmin mobil telefonun kilidini açmışdır. Bundan sonra Elçin ona inanmış və sahədən çıxmasına icazə vermişdir. Həmin gün saat 04 radələrində piyada şirkətin çıxışına gəlmiş. Orada 2 ədəd biri markasını xatırlamadığı xarici avtomobil, digəri isə VAZ 2107 markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşsür. İçkili olduğu üçün həmin avtomobillərdən birini oğurlamaq qərarına gəlmişdir. Birinci markasını xatırlamadığı avtomobilə yaxınlaşaraq qapılarının açıq olub-olmadığını yoxlamağa başlamış, yoxlayan zaman avtomobilin qapılarının bağlı olduğunu görmüşdür. Sonra digər avtomobilə, yəni VAZ 2107 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını yoxlamış, sözügedən avtomobilin arxa sol qapısını açıq olduğunu görmüşdür. Bundan sonra qapını açaraq avtomobilə daxil olmuş, həmin vaxtı avtomobilin mühərrikini işə salan açarı üzərində olduğundan, açarla avtomobilin mühərrikini işə salaraq dərhal həmin yerdən uzaqlaşmış və Gədəbəy rayonu Söyüdlü kəndi istiqamətində hərəkət etmişdir. Həmin gün saat 08 radələrində yaşadığı kəndə çatmış, kənddə olan zaman oğurlayaraq əldə etdiyi mobil telefonlardan birinə zəng gəlmiş, o, həmin zəngə cavab verdikdə xətdə olan şəxs zəngə cavab verdiyi telefonun özünə məxsus olduğunu və ondan hazırda harada olduğumu soruşmuşdur. O qorxduğu üçün Bakı şəhərində olduğunu, gün ərzində mobil telefonu qaytaracağını demişdir. Həmin vaxt spirtli içkinin təsiri keçdiyi üçün artıq ayıq vəziyyətdə olmuş, törətdiyi əməldən peşmançılıq çəkmişdir. O, Gədəbəy rayonu Söyüdlü kəndinə gedərkən VAZ 2107 markalı, **-BZ-*** markalı avtomobilin qabaq hərəkət hissəsi xəsarət almış və həmin hissəsni düzəltdirmək üçün usta çağırmağa getmişdr. Gədəbəy rayonu Söyüdlü kəndində olan zaman polis əməkdaşları həmin kəndə gələrək onun olduğu yeri aşkar etmişlər. Polis əməkdaşları yaşadığı evdə olan zaman oğurluq yolu ilə əldə etdiyi iki ədəd “Red Mi” markalı mobil telefonları və VAZ 2107 markalı, **-BZ-*** markalı avtomobili onlara təqdim etmişdir. Sərxoş olduğu üçün Zərərçəkmiş şəxs1 avtomobilin oğurlayarkən avtomobilin kabinasındakı pul qabının içərisində olan 270 manat məbləğində pul vəsaitini oğurlayıb-oğurlamadığını xatırlamamışdır. Avtomobil həyətdə olarkən ailə üzvləri onun avtomobili satmasının qarçısını almaq üçün avtomobilin içərisində olan sənədləri götürmüşlər. Buna görə Zərərçəkmiş şəxs1 avtomobilinin kabinasındakı pul qabının içərisində olan 270 manat məbləğində pulun olub-olmamsından məlumatı olmamışdır. Törətdiyi əməldən son dərəcə səmimi peşmançılıq hissi keçirir. Butün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının təxminən sonlarından Daşkəsən rayonu, Çovdar kəndi ərazisində yerləşən "xxxx" MMC-də yük avtomobilinin sürücüsü vəzifəsində işləyir. İşə atası X4 məxsus etibarnamə əsasında idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gedir. Həmin minik avtomobilinin mühərrikinin işə salınması üçün nəzərdə tutulmuş mexanizim xarab olduğu üçün daima açarı üstündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində işə getmək üçün idarə etdiyi minik avtomobili ilə yaşadığı evdən Daşkəsən rayonu, Çovdar kəndi istiqamətində hərəkətə başlamış və həmin gün saat 19:20 radələrində Çovdar kəndində yerləşən işlədiyi "xxxx" MMC-nin duracağında minik avtomobilini saxlamışdır. O, minik avtomobilindən düşüb qapısını bağladıqdan sonra işə getmiş, həmin vaxtı minik avtomobilinin mühərrikinin işə salınması üçün nəzərdə tutulmuş mexanizim xarab olduğu üçün açarı üstündə saxlamış və minik avtomobilinin qoltuq altında yerləşən saxlanc yerində içərisində təxminən 270 manat pul vəsaiti olan pul qabı, özünə və minik avtomobilinə aid sənədlərin olduğu sənəd qabı olmuşdur. O, həmin gün saat 19:30 radələrində Starmining” MMC-də işlməyə başlamış, səhəri gün saat 08:00 dəqiqədə iş vaxtı bitdiyindən işlədiyi yerdən piyada minik avtomobilini saxladığı duracağa getmiş, oraya çatdıqda minik avtomobilinin saxladığı duracaqda olmadığını aşkarlamışdır. Dərhal mobil telefonu vasitəsi ilə birlikdə işlədiyi şəxslərlə əlaqə saxlayıb minik avtomobilini görüb-görmədiklərini soruşmuş, bu zaman ona 06 radələrində minik avtomobilini idarə edən şəxsin Quşçu kəndi ərazisindən Gəncə şəhəri istiqamətində sürətlə hərkət etdiyini demişlər. Bundan sonra DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş, daha sonra idarə etdiyi VAZ 2107 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" QSC-nin nəzdində fəaliyyət göstərən “X9 X5 Danışmanlık İnşaat Limited” Azərbaycan Respublikasındakı filialında operator işləyir. İş rejimim saat 08:00-dan 18:00dək davam edir. İşi bitdikdən sonra isə orada ona təhkim edilmiş kampda qalır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sadəcə olaraq ondan əvvəl hazırda idarə etdiyi texnikanın sürücüsü olduğunu, texnikanın sahibi ilə münasibətlərinin pozulduğu üçün işdən qovulduğunu bilmişdir. 20 sentyabr 2022-ci il tarixdə işini gördükdən sonra saat təxminən 19 radələrində kampa getmiş, şam yeməyini yedikdən sonra kampa daxil olaraq yerində uzanmış, təxminən saat 22 radələrində yuxuya getmişdir. Həmin vaxtı istifadəsində olan göy rəngli, “Redmi 9T” markalı mobil telefonunu yatdığı çarpayıdakı balışın yanına qoymuşdur. 21 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində onunla eyni kampda qalan iş yoldaşı Rövşən onu yuxudan oyadaraq ondan mobil telefonunun harada olduğunu soruşmuş, yatdığı balışın yanına baxdıqda mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Ətrafa baxsa da, mobil telefonunu tapa bilməmiş, həmin vaxtı Rövşən də mobil telefonunu tapa bilməmişdir. Saat 06 radələrində qəlyanaltı etməyə gedərkən ərazidə xidmət aparan şəxsə bu barədə məlumat vermişlər. Daha sona Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə gecə 02-03 radələrində istehsalat sahəsinə daxil olaraq qaldığı kampa girib ona və onunla birlikdə qalan Rövşən adlı şəxsə məxsus iki ədəd mobil telefonları oğurladığını öyrənmişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 1 il 8 ay müddət olar ki, Daşkəsən rayonu Çovdar kəndi ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nin Daşkəsən rayonu filialında mühafizəçi kimi işləyir. İş fəaliyyəti gündəlik 24 saat ərzində 5 saat yatmaqla, geri qalan 19 saat ərzində ona təhkim olunmuş xidməti sahəni mühafizə etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" QSC-də işləyən birisi kimi üzdən tanımışdır. 21 sentyabr 2022-ci il tarixdə həmişəki qaydada olaraq "xxxx" QSC-nin 5 saylı giriş postunda xidmətdə olarkən təxminən saat 03 radələrində Təqsirləndirilən şəxs xidmət etdiyi postun qarşısına gəlmişdir. Məntəqənin qarşısında Orxandan nə ilə əlaqədar həmin yerə gəldiyini soruşmuşdur. Orxan ona istehsalat sahəsində texnikasının olduğunu, həmin texnikanı ərazidən çıxarmaq üçün gəldiyini söyləmişdir. Sahəyə buraxılışına icazə verilmiş şəxslərin siyahısına nəzər yetirdikdə Təqsirləndirilən şəxs həmin siyahıda adının qeyd olunduğunu görmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs razılığına əsasən üzərinə baxış keçirərək istehsalat sahəsinə buraxmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində qara rəngli, sadə funksiyalı mobil telefon olmuş, bundan əlavə başqa telefon olmamışdır. Təxminən saat 05 radələrində Təqsirləndirilən şəxs sahədən gəldiyini görmüş, məntəqəyə yaxınlaşan zaman gözləməsini tələb etmişdir. Təqsirləndirilən şəxs təkrar üzərinə baxış keçirmiş, bu zaman Təqsirləndirilən şəxs üzərində sadə funksiyalı mobil telefondan başqa, bir ədəd “XİAOMİ Red Mi 7” və “XİAOMİ Red Mi 9-T” markalı mobil telefonların olduğunu görmüş, Orxandan həmin telefonların kimə məxsus olduğunu soruşmuşdur. Orxan ona həmin mobil telefonların özünə məxsus olduğunu, kampda qaldığını, sahəyə daxil olan zaman özü ilə götürdüyünü söyləmişdir. O, ilkin olaraq Orxana inanmamış və mobil telefona baxdıqda həmin telefonların kiliddə olduğunu görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs mobil telefonların kilidini açmasını istəmişdir. Orxan etiraz etməyərək mobil telefonların kilidini bir cəhdlə açaraq ona göstərmiş, bundan sonra o mobil telefonların Təqsirləndirilən şəxs məxsus olduğuna inanmış, Təqsirləndirilən şəxs sahədən buraxılmasına icazə vermişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 sentyabr 2022-ci tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlandığı hadisə yeri Daşkəsən rayonu Çovdar kəndi ərazisində fəaliyyət göstərən "xxxx" QSC-nin qarşısıdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İşdə olan “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli 321 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq nəticəsində əldə etdiyi, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd XİAOMİ Red Mi 7 markalı, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd XİAOMİ Red Mi 9-T markalı mobil telefonlar və Zərərçəkmiş şəxs1 məxsus VAZ 2107 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili könüllü olaraq istintaqa təqdim etdiyindən götürülmüşdür. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 339 nömrəli protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin inzibati binasında tanınmaya təqdim olunmuş 01 ədəd “XİAOMİ Red Mi 9-T” markalı mobil telefon iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanıyaraq həmin mobil telefonun özünə məxsus mobil telefon olduğunu, eyni zamanda həmin mobil telefonun iş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefon olduğunu göstərmişdir. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 349 nömrəli protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin inzibati binasında tanınmaya təqdim olunmuş 01 ədəd “XİAOMİ Red Mi 7” markalı mobil telefon iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanıyaraq həmin mobil telefonun özünə məxsus mobil telefon olduğunu, eyni zamanda həmin mobil telefonun iş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefon olduğunu göstərmişdir. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 357 nömrəli protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin inzibati binasında tanınmaya təqdim olunmuş 01 ədəd “VAZ 2107” markalı avtomobili iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanıyaraq həmin avtomobilin özünə məxsus avtomobil olduğunu, eyni zamanda həmin avtomobilin iş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış avtomobil olduğunu göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7172 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən (mobil telefonların aksesuarların olmamasını və istifadədə olması nzərə alınmaqla) tədqiqat obyektlərinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7000 manat olmaqla – 01 ədəd “XİAOMİ Red Mi 7” markalı mobil telefon – 200,00 AZN (iki yüz manat), 01 ədəd “XİAOMİ Red Mi 9-T” markalı mobil telefon – 300,00 AZN (üç yüz manat) və 2011-ci ildə istehsal olunmuş VAZ 2107 markalı avtomobili -6700,00 AZN (altı min yeddi yüz manat) təşkil edir. İşdə olan “Şübhəli şəxs qismində tutulma haqqında” 21 sentyabr 2022-ci il tarixli 317 nömrəli protokoldan görünür ki, cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə, saat 17:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Qətimkan təqdbirinin seçilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli 209 nömrəli və “Tutulmuş şəxsin azad edilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli 210 nömrəli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1-1(093)-156/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsilə təqsirli bilinərək həmin Məcəllənin 62 maddəsi tətbiq olunmaqla 500 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 21 noyabr 2022-ci il tarixli, 95 nömrəli məktubunundan görünür ki, Bakı hərbi məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünə əsasən 500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökm üzrə cərimə cəzasını ödəməmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın Söyüdlü İƏÜN-nin xx.xx.2022-ci il tarixli 470 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində qeydiyyatdadır, ailə üzvləri – arvadı X6, uşaqları X7 və X8 ibarətdir. İşdə olan Gədəbəy rayon İHB-nın Söyüdlü İƏÜN-ni tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 atası Təqsirləndirilən şəxsdur. İşdə olan AZ-İV 728135 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 atası Gülməmmədov (Mürsəlov) Orxan Ramiq oğludur. İşdə olan Zərərçəkmiş şəxs3 tərəfindən Daşkəsən Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilib, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən, xeyli miqdarda törədilmiş oğurluq cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, işdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(042)- 56/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən ona Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 1- 1(093)-156/2021 saylı hökmü ilə təyin edilmiş 500 manat cərimə cəzasından azad edilmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cərimə cəzasından azad edildiyi üçün onun məhkumluğu götürülmüş hesab edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdıraraq, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və dərəcəsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1i ünvanında yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Gədəbəy rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X1 (Kodu- 210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilməlidir. İş üzrə maddi sübutlar olan Daşkəsən RPŞ-nın müvəqqəti duracağında saxlanılan “VAZ 2107 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, Daşkəsən RPŞ-nın maddi sübutlar otağında saxlanılan “XİAOMİ Red Mi 7” markalı mobil telefon Zərərçəkmiş şəxs3 və “XİAOMİ Red Mi 9-T” markalı mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1ində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Gədəbəy rayonu ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X1 (Kodu-210005; VÖEN-**********; Müxbir hesab - AZ41NABZ********************) ödənilsin. İş üzrə maddi sübutlar olan Daşkəsən RPŞ-nın müvəqqəti duracağında saxlanılan “VAZ 2107 markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, Daşkəsən RPŞ-nın maddi sübutlar otağında saxlanılan “XİAOMİ Red Mi 7” markalı mobil telefon Zərərçəkmiş şəxs3 və “XİAOMİ Red Mi 9-T” markalı mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar