Məhkəmə qərarları › İş №1(030)-16/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-16/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-16/2023 08.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, 08 avqust 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Daşkəsən şəhəri, Anar Mürsəlov adına 2 saylı tam orta məktəbində informatika müəlliməsi işləyən, Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 9, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 9, mənzil 16 ünvanında yerləşən yaşayış evində doğma qardaşı, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12, mənzil 43-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF(Azərbaycan Ağır Atletika Federasiyası) yaşayış kompleksi, küçə 26, ev 3, mənzil 38-də yaşayan Zərərçəkmiş şəxs və sonuncunun arvadı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 12, mənzil 43-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF(Azərbaycan Ağır Atletika Federasiyası) yaşayış kompleksi, küçə 26, ev 3, mənzil 38-də yaşayan Şahid1 ilə aralarında ailə-məişət münaqişəsi zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gələrək bu niyyətlə sonuncunun baş nahiyəsinə hazırda istintaqa məlum olmayan küt alətlə qəsdən bir dəfə, eləcə də istintaqa məlum olmayan bir ədəd bıçaqla sol qol nahiyəsinə qəsdən bir dəfə vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına başın ənsə və sol bazu nahiyələrinin yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, boyun, sol qulaq və sol almacıq nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyul 2023-cü il tarixdə, saat 12:55 radələrində yaşadığı evdə olan zaman anası Şahid3 istifadəsində olan mobil telefona zəng gəlmiş, anası zəngə cavab verən zaman gəlinləri Şahid1 yüksəs səs tonu ilə danışdığı üçün nə dediyini başa düşə bilməmiş, lakin Şahid1 danışığının sonunda anasına “gəlib qızınızı cıracam” deyərək zəngi sonlandırmışdır. O, nə baş verdiyini anlaya bilməmiş, bundan sonra atası Ramiz onu səsləyərək “qızım anandan soruş gör Ləman ona da zəng edibmi” demiş, bu zaman anası Tamilə atası Ramizin yanına gələrək Ləmanın ona da zəng etdiyini deyərək danışığını başa düşə bilmədiyini söyləmişdir. Bundan sonra atası Ramiz bir qədər ağrıdığı üçün yaşadığı evin yataq otağında uzanmış, həmin gün təxminən saat 14:05 dəqiqədə yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşitmişdir. Anası Tamilə qapının gözlüyündən baxdıqda qapının qarşısında qardaşı Arzu və gəlinləri Ləmanın dayandıqlarını görmüş, bundan sonra anası qapını açaraq onları içəri dəvət etmişdir. Eyni zamanda atası Ramizin yatdığı yataq otağına gələrək ona “Ramiz oğlumuz və gəlnimiz evə gəliblər” deyib otaqdan çıxmışdır. Bu zaman Ləman ona “sən çəkil kənara səninlə işim yoxdur, mənə sənin anan və peysər atan lazımdır” demiş, o da, Ləmana cavab olaraq “mənim atam peysər deyil, peysər sənin atandır” demişdir. Bundan sonra Ləman saçından tutub dartmağa başlamışdır. Atası bu zaman gəlib onu Ləmanın əlindən güc bəla ilə qurtarmışdır. O, Ləmanın əlindən çıxan kimi evdən qaçıb rayon icra hakimiyyətinə kömək üçün getmişdir. Bundan sonra isə polisə məlumat vermişdir. Həmin mübahisə təxminən 3-5 dəqiqə ərzində davam etmiş, baş vermiş mübahisə zamanı orada özü, atası Ramiz, anası Tamilə, qardaşı Arzu və gəlinləri Ləman olmuş, adları sadalanan şəxslərdən başqa, həmin vaxtı yaşadığı evdə kənar şəxs olmamışdır. Ləman orada olan zaman onu dayanmadan döymüş, o, nə Ləmana, nə də Arzuya heç nə edə bilməmişdir, eyni zamanda Arzuya bıçaqla və yaxud hər hansı predmetlə xəsarət yetirməmişdir. Arzu yalan ifadə vermişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun bacısıdır. Xəyalənin barəsində ona xoşagəlməz, yaxşı olmayan söz söhbətlər gəlib demişlər. Buna görə də o, dəfələrlə atası və anasına xəbərdarlıq etmişdir ki, bu barədə bacısı ilə söhbət aparsınlar. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində arvadı Şahid1 ilə birlikdə Daşkəsən şəhərinə, atasına məxsus evə getmişlər. Evə daxil olduqda anası Tamella ilə bacısı Xəyalə qonaq otağında olmuş, atası isə yataq otağında olmuşdur. O, Xəyaləyə onunla söhbət etmək mümkün olmadığını, valideynləri ilə təklikdə söhbət edəcəyini deyərək otaqdan çıxmasını tələb etmişdir. Xəyalə isə otaqdan çıxmamış və ünvanına söyüşlər söyüb üzərinə gəlmişdir. Bu zaman Xəyalə külqabı ilə başının arxa tərəfindən bir neçə dəfə vurmuş, valideynləri buna görə Xəyalədən otaqdan çıxmasını tələb etmişlər. Xəyalə isə hərəkətlərinə davam edərək orada olan stolun üzərindəki mətbəx bıçağını götürüb üzərinə gəlmiş, həmin vaxtı arvadı Ləman Xəyalənin onu bıçaq ilə vuracağını görüb əli ilə Xəyalənin saçından tutaraq kənara çəkmək istəmiş, lakin Xəyalə sözügedən bıçaqla qəsdən sol qoluma bir dəfə vuraraq xəsarət yetirmişdir. Daha sonra isə əli ilə sifət və boyun nahiyələrinə vuraraq xəsarətlər yetirmişdir. Eyni zamanda Xəyalə arvadı Ləmanın da, sol əlinin üstünə, sol qolundan, sifət nahiyyəsindən və bədənin müxtəlif nahiyyələrindən əli ilə vuraraq xəsarətlər yetirmişdir. Atası və anası Xəyaləni otaqdan çətinliklə çıxardıqdan sonra Xəyalə evdən qaçıb rayon icra hakimiyyətinə, sonra polisə gedib şikayət etmişdir ki, guya arvadı Ləman onu döymüşdür. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, atası polislərin qarşısına çıxaraq evlərində heç bir dava-dalaş olmadığını bildirmişdir. Xəyalə bacısı olduğu üçün o və arvadı şikayət etmək fikri olmamışdır. Bundan sonra Rza adlı polis əməkdaşı olduqları evə gəlmiş və şikayət olduğunu bildirərək evə daxil olmuşdur. Lakin, o və atası heç nədən şikayətlərinin olmadığını Rzaya bildirmişlər. Buna görə Rza da, onların ailə daxili mübahisələrini öz aralarında həll etməyi məsləhət görərək çıxıb getmişdir. Bir neçə gündən sonra Daşkəsən rayon polis şöbəsindən çağırılan zaman Xəyalənin barəsində şikayət etdiyini öyrənmişdir. Bundan sonra o və arvadı Xəyalənin barəsində şikayət etmək qərarına gəlmişdir. Şikayəti əsasında o, tibbi ekspertizadan keçirilmiş və bundan sonra geri yaşadığı Bakı şəhərinə qayıtmışdır. Hazırda bacısı Təqsirləndirilən şəxs şikayətçidir, ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma oğludur. 10 iyul 2023-cü il tarixdə, saat 12:55 radələrində yaşadığı evdə olan zaman istifadəsində olan mobil telefona zəng gəlmiş, zəngə cavab verən zaman gəlni Şahid1 danışdığını eşitmiş, danışıq zamanı Ləman yüksəs səs tonu ilə danışdığı üçün nə dediyini başa düşə bilməmiş, lakin Şahid1 danışığının sonunda ona “alçaqlar” deyərək zəngi sonlandırmışdır. O, nə baş verdiyini anlaya bilməmişdir. Bundan sonra istirahət etmək üçün yataq otağına keçmişdir. Həmin gün təxminən saat 14:05 dəqiqədə yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşitmiş, daha sonra arvadı Tamilə qapını açmış və oğlu Arzu ilə gəlini Ləmanın gəldiyi ona məlum olmuşdur. Həmin vaxtı qızı Xəyalə də, Arzugili qarşılamışdır. Bu zaman Ləman Xəyaləyə “sən çəkil kənara səninlə işim yoxdur, mənim işim peysər atanladır” dediyini eşitmişdir. Xəyalə də, Ləmana cavab olaraq “mənim atam peysər deyil, peysər sənin atandır” söyləmişdir. Bu sözdən sonra anidən qızının qışqırıq səslərini eşitdiyi üçün cəld şəkildə onların olduğu dəhlizə yollanmışdır. Ora çatan zaman Ləman Xəyalənin saçından dartaraq sağa-sola hərləyib ayağının altına yıxdığını görmüşdür. Bundan sonra o və arvadı Tamilə aralığa girərək Xəyaləni Ləmanın əlindən çətinliklə ala bilmişlər. Xəyalə ayağa qalxaraq qaçaraq evdən qaçmışdır. O, Xəyalənin hara getdiyini bilməmiş, Ləman və Arzu isə evdə oturmuşlar. O, oturan zaman Arzunun qolunun azca cızılaraq qanadığını görmüşdür. Daha sonra Ləmandan nə üçün belə etdiklərini və Xəyaləni nəyə görə döydüklərini soruşduqda, Arzu ona Xəyalənin tanımadığı bir kişi ilə danışdığını, həmin kişinin arvadının da, ona zəng etdiyini və dava etdiklərini demişdir. Guya ki, Xəyalənin telefonda danışdığı kişinin arvadı Arzu ilə haradasa görüşüb mübahisə etmiş, mübahisə zamanı həmin qadın Arzunu döymüş və qoluna bııçaqla xəsarət yetirmişdir. Bir qədər keçmiş yaşadığı evə Rza adlı polis əməkdaşı gəlmiş, o, Rzaya heç nədən şikayətçi olmadıqlarıını deyib onu yola salmışdır. Sonra isə Arzu havanın pisləşəcəyindən ehtiyatlandığı üçün arvadını da götürüb çıxıb getmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma oğludur. 10 iyul 2023-cü il tarixdə, saat 12:55 radələrində yaşadığı evdə olan zaman istifadəsində olan mobil telefona zəng gəlmiş, zəngə cavab verən zaman gəlini Şahid1 danışdığını eşitmiş, danışıq zamanı Ləman yüksəs səs tonu ilə danışdığı üçün nə dediyini başa düşə bilməmiş, lakin Şahid1 danışığının sonunda ona “Arzunu yediz doymadız” deyərək zəngi sonlandırmışdır. O, nə baş verdiyini anlaya bilməmişdir. Həmin gün təxminən saat 14:05 dəqiqədə yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşitmiş və qapını açmış, əri Ramizə bu barədə xəbər vermişdir. Həmin vaxtı qızı Xəyalə də, Arzugili qarşılamışdır. Bu zaman Ləman Xəyaləyə “sən çəkil kənara səninlə işim yoxdur, mənim işim peysər atanladır” dediyini eşitmişdir. Xəyalə də, Ləmana cavab olaraq “mənim atam peysər deyil, peysər sənin atandır” söyləmişdir. Bu sözdən sonra anidən Ləman qızının saçından dartataraq sağa-sola hərləyib ayağının altına yıxmışdır. Bundan sonra o və əri aralığa girərək Xəyaləni Ləmanın əlindən çətinliklə ala bilmişik. Xəyalə ayağa qalxaraq qaçaraq evdən qaçmışdır. O, Xəyalənin hara getdiyini bilməmiş, Ləman və Arzu isə evdə oturmuşlar. O, oturan zaman Arzudan nə olduğunu soruşduqda Arzu ona Xəyalənin tanımadığı bir kişi ilə danışdığını, həmin kişinin arvadının da, ona zəng etdiyini və dava etdiklərini demişdir. Arzunun qolunda azca yara olduğunu görmüşdür. Həmin yaranın Xəyalənin danışdığı kişinin arvadı tərəfindən yetirildiyini demişdir. Bir qədər keçmiş yaşadığı evə Rza adlı polis əməkdaşı gəlmiş, o, Rzaya heç nədən şikayətçi olmadıqlarını deyib onu yola salmışdır. Biraz keçdikdən sonra isə Arzu havanın pisləşəcəyindən ehtiyatlandığı üçün arvadını da götürüb çıxıb getmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Daşkəsən şəhər sakini kimi tanımışdır. 10 iyul 2023-cü il tarixdə saat 13:50 radələrində Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən Daşkəsən rayon İcra Hakimiyyətinin yaxınlığında tək dayandığı vaxt Zərərçəkmiş şəxs oradan keçdiyini görmüşdür. Arzunu uzun müddətdir ki, görmədiyi üçün sonuncuya yaxınlaşaraq salamlaşmışdır. Arzunun arvadı Ləman da, yanında olmuş, o, Arzu ilə salamlaşaraq bir qədər hal-əhval tutduqdan sonra Arzu yanından uzaqlaşaraq arvadı Ləman ilə birlikdə yaxınlıqda olan binaya daxil olmuşdur. O isə, bir qədər orada dayandıqdan sonra öz işlərinin arxası ilə getmişdir. Zərərçəkmiş şəxs ilə görüşən zaman onun bədəni üzərində hər hansı xəsarət olduğunu görməmişdir. Bir xeyli küçdikdən sonra Arzunun arvadı Ləmanla evdən çıxıb maşına əyləşdiyini görmüşdür. Hətta Arzu maşından qabları götürərək binaya tərəf atmışdır. Evdən çıxarkən də, Arzunun üzərində hər hansı xəsarət görməmişdir. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızıdır. Xəyalə Daşkəsən şəhərində qayınatası Şahid2 və qayınanası X2 ilə birlikdə yaşayır. Əvvəllər Xəyalə ilə münasibəti yaxşı olmuşdur. Lakin bir neçə il olar ki, Xəyalənin başqa-başqa oğlanlarla danışdığını eşitmişlər və əri Arzu bu barədə valideylərinə məlumat vermişdir. Buna baxmayaraq Xəyalə valideynlərini eşitməyib öz hərkətlərini davam etdirmiş, hətta onların ünvanına xoşgəlməz ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində əri Arzu ilə birlikdə Gəncə şəhərində olan zaman ərinin istifadə etdiyi mobil telefonla Arzunun valideynləri ilə danışıb Xəyalənin hərəkətlərini onlara demişdir. Sonra həmin gün əri ilə birlikdə Daşkəsən şəhərinə Arzunun valideynlərinin yaşadığı ünvana getmişlər. Həmin evə çatdıqda qayınanası Tamella ilə baldızı Xəyalə qonaq otağında, qayınatası Şahid2 isə yataq otağında olmuşdur. Arzu Xəyaləyə onunla söhbət etməyin mümkün olmadığını söyləyib, valideynləri ilə təklikdə söhbət edəcəyini deyərək Xəyalədən otaqdan çıxmasını tələb etmişdir. Xəyalə isə otaqdan çıxmayaraq Arzunun ünvanına söyüşlər söyüb üzərinə gəlmiş və əlində görə bilmədiyi əşya ilə Arzunun başının arxa tərəfindən bir neçə dəfə vurmuşdur. Arzu valideynlərindən Xəyalənin otaqdan çıxartmalarını tələb etmiş, Xəyalə isə hərəkətlərinə davam etməklə stolun üzərində olan mətbəx bıçağı götürüb Arzunun üzərinə gələrək sonuncunu vurmaq istədiyini gördüyündən, əli ilə Xəyalənin saçından tutub kənara çəkmişdir. Lakin Xəyalə əlindəki bıçaq ilə Arzunun sol qoluna qəsdən bir dəfə vuraraq xəsarət yetirmişdir. Xəyalə onun sol əlinin üstündən, sol qolundan, sifət nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən əli ilə vuraraq xəsarətlər yetirmişdir. Qayınatası və qayınası Xəyaləni çətinliklə otaqdan çıxarmış, bundan sonra Xəyalə evdən qaçıb getmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Xəyalə Arzunun bacısı, onun da baldızı olduğu üçün ilk öncə ondan şikayət etməmiş və oradan çıxıb getmişlər. Bir neçə gündən sonra Daşkəsən rayon polis şöbəsindən çağırılan zaman Xəyalənin onlarında barəsində şikayət etdiyini öyrənmiş, məhz bundan sonra o və əri Arzu Xəyalənin barəsində şikayət etmişlər. Xəyalənin Arzuya xəsarət yetirdiyi bıçaq əlində olduğundan tiyəsinin rəngini görə bilməmişdir. Xəyalə əri Arzuya bıçaqla xəsarət yetirən zaman o, Xəyalənin saçından tutaraq həmin hərəkətinin qarşısını almağa çalışmış, eyni zamanda həmin vaxtı yanlarında olan qayınatası Ramiz və qayınanası Tamella aralığa girərək Xəyalənin əlindən bıçağı almışlar. Lakin, konkret olaraq bıçağı onun əlindən kimin aldığını görə bilməmişdir. Baş vermiş dava-dalaş təxminən 5 dəqiqə davam etmiş, həmin vaxtı isə orada özü, əri Zərərçəkmiş şəxs, baldızı Təqsirləndirilən şəxs, qayınatası Şahid2 və qayınanası Tamella İsayeva olmuşdur. Qayınatası Şahid2 yaşadığı evə daxil olan zaman Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə istintaqında cinayət işi üzrə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Daşkəsən şəhər sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısıdır. 10 iyul 2023-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin gündəlik əməliyyat isstintaq qrupunun üzvü olarkən rayon polis şöbəsinə Təqsirləndirilən şəxs məlumatı daxil olmuş, məlumata əsasən o yaşadığı evdə döyüldüyünü bildirmişdir. Bundan sonra Şahid2 yaşadığı, ünvan 3 ünvana çatdıqda Şahid3, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 orada olmuşlar. O, Zərərçəkmiş şəxs və Şahid2 nə baş verdiyini soruşduqda, onlar heç bir problem olmadığını, ailə daxili münaqişə yaşandığını, özlərinin həll edəcəklərini demiş, həmin vaxtı Şahid1 üzərində olan xəsarətləri göstərərək Təqsirləndirilən şəxs tərəfindən döyüldüyün desə də, Zərərçəkmiş şəxs xahişinə əsasən şikayət etməmişdir. Bundan sonra o, Arzudan bədəni üzərində xəsarət olub-olmadığını soruşduqda, o, sualdan yayınaraq heç bir problem olmadığını, bacısı ilə aralarında mübahisə yarandığını, özünün bu məsələni həll edəcəyini söyləmişdir. Nə baş verdiyini dəqiqləşdirmək üçün 2-ci mərtəbəyə qalxmış və həmin vaxt Xəyalə qonşu evində olduğu üçün nə olduğunu sorşuduğda qardaşı Arzu və qardaşının həyat yoldaşı Ləman ilə dalaşdığını əlində olan saçı ona göstərərək onun saçını yolduğunu demişdir. Xəyalə ona qardaşının evə kamera qoyduğunu, evdə mübahisə yaratdığını demişdir. Sonra Xəyalə ona şikayətçi olduğunu bildirmiş, o Xəyalənin şikayət ərizəsini almışdır. Ərizəni aldıqdan sonra aşağı mərtəbəyə Arzunun yanına düşmüşdür. Sonra Daşkəsən rayon Polis Şöbəsinə gəlmişlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 135 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində başın və sağ saidin qançırları, sağ əlin İİİ barmağının yarası kimi sağlamlığa zərər vurmayam və dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər dava-dalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 10 iyul 2023-cü il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 346 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın ənsə nahiyəsinin və sol bazu nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, boyun, sol qulaq və sol almacıq nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər özü-özünə yetirməyə xarakterik deyildir, dava-dalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 10 iyul 2023-cü il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 347 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində sağ yanaq, üst dodaq nahiyələrinin və sol əlin arxa səthinin sıyrıqları, sol bazu, sol said, hər iki bud nahiyələrinin qançırları, alt dodağın selikli qişasının qansızması kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər dava-dalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 10 iyul 2023-cü il tarixə uyğundur. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaşın baş verdiyi yer ünvan 4 ünvanında yerləşən yaşayış evinin qonaq otağıdır. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən predmet götürülməmişdir. İşdə olan Daşkəsən rayon polis şöbəsinin 18 avqust 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi küt alətin və bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. İşdə olan üzləşdirmə haqqında 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı eyni məzmunlu ifadə verərək, bıçaqla ona xəsarət yetirənin Xəyalənin özü olduğunu bildirmişdir. İşdə olan üzləşdirmə haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Şahid3 ilə üzləşmə zamanı eyni məzmunlu ifadə verərək, bıçaqla ona xəsarət yetirənin Xəyalənin özü olduğunu bildirmişdir. İşdə olan üzləşdirmə haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Şahid2 ilə üzləşmə zamanı eyni məzmunlu ifadə verərək, bıçaqla ona xəsarət yetirənin Xəyalənin özü olduğunu bildirmişdir. İşdə olan üzləşdirmə haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 Şahid3 ilə üzləşmə zamanı eyni məzmunlu ifadə verərək, bıçaqla əri Zərərçəkmiş şəxs xəsarət yetirənin Xəyalənin özü olduğunu bildirmişdir. İşdə olan üzləşdirmə haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 Şahid2 ilə üzləşmə zamanı eyni məzmunlu ifadə verərək, bıçaqla əri Zərərçəkmiş şəxs xəsarət yetirənin Xəyalənin özü olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Daşkəsən şəhər, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildə A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. İş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və ona maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilməməsi ilə bağlı qeyd edir ki, istinad edilən cinayətin onun tərəfindən törədilməsi işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunur. Belə ki, mübahisəli mənzildə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişənin olması iş materialları təsdiqini tapmışdır. Həmçinin Zərərçəkmiş şəxs yüngül xəsarət alması və həmin xəsarətin yetirilmə tarixinin Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişənin olduğunu günə uyğun gəlməsi ekspertiza rəyi ilə təsdiqini tapmışdır. İş üzrə təqsirləndirilən şəxsin vaildeynləri zərərçəkmiş şəxsin həmin xəsarətləri onlara gəlməzdən əvvəl almasını bildirsələr də, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs təqsirli olmasını etiraf etməsə belə, öz müdafiəsi üçün heç bir əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə təqsirini etiraf etməməsini özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1.-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcələsinin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilənin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun məsuliyyətini yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini - (ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində, islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin qazancından dövlət nəfinə pul tutulması aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar