Məhkəmə qərarları › İş №1(030)-17/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-17/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-17/2024 19.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daşkəsən rayonu Dəstəfur kəndində yaşayan X4 xüsusi ittiham qaydasında şikayətlə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 5-də yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, bu ilin yay mövsümündə ot biçini zamanı oğlu Şıxıyev Sərxan yaşadığı kəndin mənzərəsini çəkib “TikTok” sosial şəbəkəsi vasitəsi ilə paylaşmışdır. 44 günlük Vətən müharibəsində şəhid olmuş oğlu Şıxıyev Orxanın həyat yoldaşı, yəni özünün keçmiş gəlini olan qadınla ailə qurub Bakıda yaşayan X6 həmin paylaşımı görərək “TikTok” sosial şəbəkəsindən oğlu və onun özü barədə nalayiq sözlər yazmışdır. (bu barədə diski ərizəsinə əlavə etmişdir) Bu yazıları ilk öncə Sərxanın arvadı Sərxanın telefonunda görmüş, “əri görərsə dava düşər” deyə silmiş və bu barədə ərinə bildirməmişdir. Sonradan mütamadi olaraq həmin şəxs oğluna və ona qarşı nalayiq söyüşlər işlətmiş, onları təhqir etmişdir. Bir gün oğlunu sosial şəbəkədə təhqir edən zaman “nömrəm ananın telefonunda var” deyərək özünün kim olduğunu oğluna bu qaydada bildirmişdir. Oğlu mütamadi onun bunları təhqir etməsinə və barələrində nalayiq ifadələr səsləndirməsinə dözməyərək anasından İqbalın nömrəsini tapıb ona verməsini istəmişdir. Sevda Şıxıyeva ilk öncə nömrəni vermək istəməsə də, sonda oğlunun israrına əsasən nömrəni ona vermişdir. Bundan sonra oğlu ilə İqbal arasında münasibətlər dahada pisləşmişdir. O, İqbala zəng vuraraq onlardan nə istədiyini, niyə onları təhqir edib barələrində nalayiq ifadələr işlətməsini soruşmuş, İqbal isə bu hərəkətlərinə davam etmişdir. İqbal mütamadi söyüşlər yazaraq telefonda onlara qarşı nalayiq hərəkətlərə yol verdiyindən o, bununla bağlı 102 zəng xidmətinə zəng etmiş və şikayət etmişdir. Şikayətindən sonra İqbal Bakı şəhərində polislər tərəfindən saxlanılaraq Sabunuçu Rayon Polis Şöbəsinə aparılmış və onun etdikləri əməllərlə bağlı izahatı alınmışdır. Qeyd etdiyi kimi oğlu 44 günlük Vətən müharibəsində şəhid olmuşdur. Odur ki, onları təhqir edən X3 cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət məhkəmə baxışına təyin edilmədən baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13- 72/2-Ş-88xx/xx/2024-2 nömrəli məktubundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 rayon Əngövül kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 5 ünvanında yaşayır. Həmin şəxsin Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşaması xüsusi ittiham qaydasında verilmiş şikayətdə də qeyd olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 sentyabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsində təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 5-də yaşamasını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 298-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə dair 1(030)-17/2024 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar