Məhkəmə qərarları › İş №1(030)-18/2023

Daşkəsən Rayon Məhkəməsi Hökm — İş №1(030)-18/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Daşkəsən rayonu İş № 1(030)-18/2023 22.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Fəhrəd oğlu və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu il ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nın 299, 300, 301 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 09 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi ərazisində fəaliyyət göstərən “Narzan” şərti adlı yeməkxananın yaxınlığındakı “2-ci Qarabağ müharibəsində iştirak edərək şəhid olmuş Ramil Tağıyevin” quraşdırılmış lövhəsnin yanında Daşkəsən rayonu Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs3 və Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə aralarında borc münasibət zəminində baş vermiş mübahisəni bəhanə edərək, səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, zor tətbiq edəcəyi hədəsi ilə heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafda olan şəxslərin təxminən 20-25 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, zor tətbiq edib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əyləşdikləri avtomobildən düşürdərək orada yumruq və təpik zərbələri ilə döymüş, bundan sonra ətrafdakıların narahatçılığına məhəl qoymayaraq qərəzli xuliqanlıq hərəkətlərinə davam etməklə Zərərçəkmiş şəxs2 və X2 zorla sonuncuya məxsus VAZ 2107 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində fəaliyyət göstərən Şahid6 işlətdiyi “Elçin” şərti adlı kafenin qarşısına gətirməklə avtomobildən yerə düşürüb qərəzli xuliqanlıq hərəkətlərinin davamı olaraq orada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin kafenin qarşısında döyərək Zərərçəkmiş şəxs2 sağlamlığına sol qulaq seyvanının qançırı və sağ almacıq nahiyəsinin sıyrığı kimi, Zərərçəkmiş şəxs3 sol təpə nahiyəsinin qançırı və sağ almacıq nahiyəsinin hematoması kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra orada olan qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan, ətrafda olan şəxslərin təxminən 20-25 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin kafenin qarşısında döyülməsi ilə bağlı onlara yaxınlaşaraq ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan, mülki geyimdə olan Daşkəsən rayon polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis leytenantı Zərərçəkmiş şəxs1 o, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs şəklində ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə yumruq və təpik zərbələri endirərək ona döş qəfəsinin sol yarısının qançırı və yayılmış hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, alt dodağın yarası, başın sol alın nahiyəsinin hematoması, sol gözün üst qapağının, sağ bazunun qançırları, boyunun və sağ dirsək oynağının sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 09 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində fəaliyyət göstərən “Elçin” şərti adlı yeməkxananın qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs şəklində səs-küy salıb nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadən edən, ictimai qaydanı kobud surətdə pozan, ətrafda olan şəxslərin təxminən 20-25 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin kafenin qarşısında döyülməsi ilə bağlı orada mülki geyimdə onlara yaxınlaşaraq ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Daşkəsən rayon polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis leytenantı Zərərçəkmiş şəxs1 o, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs şəklində ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə Zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri endirərək ona döş qəfəsinin sol yarısının qançırı və yayılmış hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, alt dodağın yarası, başın sol alın nahiyəsinin hematoması, sol gözün üst qapağının, sağ bazunun qançırları, boyunun və sağ dirsək oynağının sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirib qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə fermadan gələn zaman kafe yaxınlığında yığıncağ olduğunu görmüşdür. Yaxınlaşdıqda qarışıqlıq olduğunu və qardaşı Seymurunda orda dalaşdığını görmüş, davada iştirak edən şəxsləri tanımamışdır. O, davanı sakitləşdirməyə gəldikdə sonradan polis işçisi olduğunu bildiyi şəxsin qardaşı ilə dalaşdığını artığ polis işçisinin üstünün qan olduğunu görmüşdür. Yaxınlaşıb polis işçisini qucağlıyıb davadan uzağlaşdırmaq istəyib aralamağa çalışan zaman polis işçisi olan şəxs kobud nalayiq ifadələr işlədərək söyüşlər söymüşdür. Sonra polis işçisi onun ağız nahiyəsinə yumruqla zərbə endirmiş, qarşılığında o, polis işçisini itələmiş, təpiklə zərbə vurmuşdur. Polis işçisi zəng edərək “tez gəlin bulağın yanına” dedikdən təxminən 5-6 dəqiqə sonra digər polis əməkdaşları gələrək dava-dalaşı sakitləşdirmişdir. O, polis işçisinə heç bir xəsarət yetirməmişdir, polis işçisi onun ağız nahiyəsinə yumruğ vurduqda sadəcə polis işçisini itələmiş, təpiklə zərbə vurmuşdur. Ara sakitləşdikdən sonra qardaşı Seymurdan nə üstündə mübahisə yarandığını soruşduğda Seymur ona bir neçə saat əvvəl kafeyə sonradan adlarını bildiyi Arzuman, Valeh, Nicat və Zülfüyə adlı müştərilərin gəldiklərini, orada yemək yediklərini, daha sonra pul vermədən oradan uzaqlaşdıqlarını, bundan sonra həmin şəxslərlə bu haqda danışarkən Zərərçəkmiş şəxs1 oraya gəldiyini və mübahisə yaratdığını söyləmişdir. Arzuman və Valeh sərxoş halda olaraq yedikləri yeməyin pulunu verməkdən boyun qaçırdığları üçün qardaşı Seymur ödəniş etmələrini tələb etmiş və mübahisələri yaranmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə 3 nəfər kişi 1 qadın və 1 azyaşlı uşaq kafeyə gəlmişdir. O, ofisianta həmin şəxslərə qulluq etmələri barədə göstəriş vermişdir. Həmin şəxslər sifariş edərək kafenin hesabına tort aldırtmış, müxtəlif cür yeməklərdən yeyərək kafedə ad günü keçirmişlər. Ofisiant yaxınlaşıb həmin şəxslərdən hesabı istədikdə, ofisianta nalayiq ifadələr işlədərək “get işinlə məşğul ol” demiş və maşına minərək getmək istəmişlər. Ofsiant bu barədə ona dedikdə o, həmin şəxsləri maşından düşürdüb yedikləri yeməyin ödənişini etməyi tələb etmişdir. Nicat adlı şəxs ödəniş etmək üçün pul gətirib gələcəyini desə də, 15-20 dəqiqə gözlədikdən sonra gəlməyəcəyini bilərək, digər şəxsləri öz maşınları ilə ət dükanına gətirmişdir. Səs-küy yaranıb camaat yığışmasın deyə ət dükanına salaraq Arzuman və Valehə sillə vurub, kafedə yedikləri yeməyin ödənişini etmələrini istəmişdir. Mübahisədən yaranan səs-küyə atası Şahid6 və digər şəxslər gəlmişdir. Atası Akif onu itəliyərək dükandan çölə çıxardıb davanın qarşısını almaq istəyən zaman, Samir adlı sonradan polis işçisi olduğunu bildiyi şəxsin onu dartışdığını görmüş və Samiri itələmişdir. Sonra Samir ona yumruğla üzünə zərbə vurmuş, dalaşmağa başlamışlar. Qardaşı Təqsirləndirilən şəxs1 onları aralaşdırmağa çalışmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 dostu Nicat adlı şəxs dostunun kafesi olduğunu bildirərək onları kafeyə aparıb qonaqlıq verəcəyini demişdir. 09 iyul 2023-cü il tarixdə Nicat aparıb onları həmin kafeyə aparmış, yeyib-içdikdən sonra kafedə qoyub qaçmışdır. İlk öncə Nicatın qaçdığını sanmamış, pulu gətirib gələcəyini sanmışdır. Yağış yağdığına görə maşında yatmışdır. Sonra maşınla getdikləri zaman “Narzan” adlı yerin üst hissəsində Valehi maşından düşürüb döydüklərini görmüşdür. Nə baş verdiyini bilməmiş, sonra hesabın ödənilmədiyinə görə dava etdiklərini bilmişdir. Valeh onlara maşının qalmasını, ödəniş etmək üçün pul gətirib gələcəklərini demişdir. Sonra onları Təqsirləndirilən şəxs2 Xoşbulaq kəndinə hesabı ödəmək üçün aparmış, dava-dalaş yaranmışdır. Təqsirləndirilən şəxs2 onu vurmuşdur. Sonra polis müstəntiqi Samir gələrək özünü təqdim etmiş, davanın niyə yarandığını soruşduqda Samirlədə dalaşmışlar. Bu zaman o və Valeh oradan qaçıb getmişlər. Seymur və Şahindən şikayətçi deyil onlarla barışmış, məhkəmədən onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə Nicat onları xoşbulaqda yerləşən kafeyə qonaq çağırmışdır. Yeyibiçdikdən sonra Nicat onları orda qoyaraq qaçmışdır. Onlar hesabı ödəmədən avtomobillə getmək istədikdə Təqsirləndirilən şəxs2 “Niva” markalı avtomobillə gələrək onun və Arzumanı “Narzan” adlı yerin üst hissəsində getmələrinə mane olmuş, onlardan hesabı ödəməyi istəmişdir. Seymura pulları olmadığını sonra ödəniş edəcəklərini desə də, Seymur pulu ödəməli olduqlarını demişdir. Seymur onların maşınını idarə edərək Xoşbulaq kəndinə gətirmiş, ona və Arzumana əli ilə zərbələr vurmuşdur. Sonra səs-küyə kənd camaatı gəlmişdir. Sonra polislər ora gələrək dava-dalaşı ayırmışdır. Təqsirləndirilən şəxs2 onlardan başqa kimləsə dalaşdığını görməmişdir. Seymur və Şahindən şikayətçi deyil, onlarla barışmışdır, məhkəmədən onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onun Xoşbulaq kəndində kafesi var və oğlanlarının hər biri yay aylarında həmin kafedə işləyirlər. 09 iyul 2023-cü il tarixdə kafedə oturub çay içdiyi vaxt arxadan səs-küy gəldiyini eşitmişdir. Sonradan polis işçisi olduğunu bildiyi mülki geyimli Samir adlı şəxsə oğlu Təqsirləndirilən şəxs2 yaxınlaşdığını görmüş onlar tərəfə qaçıb aralarına girərək oğluna sillə vurub burda nə baş verdiyini demişdir. Oğlunu sakitləşdirməyə çalışan zaman polis işçisi Samir onun oğlu Seymura yumruğ zərbəsi vurmuş, Seymur onun əlindən çıxaraq Samirlə dalaşmağa başlamışlar. Sonra digər oğlu Təqsirləndirilən şəxs1 ora gələrək davanı sakitləşdirməyə çalışan zaman Samir Şahininin üzünə yumruğla vurmuşdur. Sonra polis əməkdaşları ora gələrək davanı sakitləşdirmişdir. Sonra Zərərçəkmiş şəxs1 polis müstəntiqi olduğunu bildirmişdir. Samirin anasıda oğlunun polis müstəntiqi olduğunu təsdiqləmişdir. Bunu eşitdikdə oğlu Təqsirləndirilən şəxs2 qaçaraq ordan uzağlaşıb, bir müddət ərzində gizlənmiş, onu tapa bilməmişlər. Məhkəmə istintaqında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə 1 qadın, 2 kişi və 1 azyaşlı uşağ gəlib onların kafesində yeyib-içdikdən sonra hesabı ödəmədən getmək istəmişlər. Həmin vaxt o, kafenin arxa hissəsində kabab çəkirmiş. Bayırda səs-küy gəldiyini eşidərək çölə çıxanda artığ ara sakitləşmişdir. Davanın heç bir hissəsini görməmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə kəndə gedən zaman səs-küy olduğunu, qarışığlıq olduğunu görmüşdür. 2-3 dəqiqə dayanıb nə baş verdiyini görmək istəmiş, həmin vaxt Şahid6, Şahin və Seymuru davadan ayırdığını görmüşdür. Seymur və Şahinin kimlə dalaşdığından xəbəri olmamışdır. Davanın heç bir hissəsini görməmişdir. İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu Xoşbulaq kəndinin mərkəzində yerləşən “Elçin” adlı kafenin qarşısıdır. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet götürülməmişdir. İşdə olan “Götürülmə aparılması haqqında” 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 09 iyul 2023-cü il tarixdə saat 16 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında baş vermiş dava-dalaş ilə əlaqədar həmin dava-dalaşın əks olunduğu videogörüntünün köçürüldüyü bir ədəd CD disk götürülmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskin içərisində dörd ədəd video görüntü vardır. Həmin video görüntülərin VİD-20230711-WA0018; VİD-20230711-WA0019; VİD-20230711- WA0020; VİD-20230711-WA0021 olduğu görünür. Baxış zamanı 1-ci video görüntü minik avtomobilin içərisindən çəkilmiş, video görüntünün çəkildiyi yer isə Daşkəsən rayon Xoşbulaq kəndinin mərkəzində Şahid6 məxsus işlətdiyi “Elçin” adlı yeməkxananın qarşısıdır. Həmin görüntüdə Təqsirləndirilən şəxs2 ağ rəngli üzərində qara rəngli sızqılar olan qısa qol köynək geyindiyi, Təqsirləndirilən şəxs2 ətrafında çoxlu sayda şəxlərin toplaşdığı, həmin şəxslərdən Şahid2 tutmağa çalışdığı və uşaqa məxsus qışqırıb ağlama səslərinin olduğu görünür. 2-ci video görüntü minik avtomobilin içərisindən çəkilmiş, video görüntünün çəkildiyi yer isə Daşkəsən rayon Xoşbulaq kəndinin mərkəzində Şahid6 məxsus işlətdiyi “Elçin” adlı yeməkxananın qarşısıdır. Həmin görüntüdə Təqsirləndirilən şəxs2 ağ rəngli üzərində qara rəngli sızqılar olan qısa qol köynək geyindiyi, Təqsirləndirilən şəxs2 ağ rəngli “VAZ 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq vəziyyətdə olan arxa sağ qapısının qrşısında üzərində qırmızı rəngli qolu qısa köynək olan Zərərçəkmiş şəxs3 kürək nahiyəsindən tutduğu, Təqsirləndirilən şəxs2 avtomobilin qapısını örtdüyü, Valeh Qurbanovu tutub özü ilə bir qədər apardıqdan sonra irəliyə doğru itələdiyi, avtomobilin arxa sol qapısından əynində qırmızı rəngli qısa qol köynək olan Zərərçəkmiş şəxs2 düşərək orada olan ət dükanına doğru getdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs2 gələrək Zərərçəkmiş şəxs2 tutub ilk öncə təpik və yumruq zərbələri ilə vuraraq ət dükanına saldığı, ətrafda Şahid6 və iki nəfər şəxsin hadisə yerinə gəldikləri görünür. Həmçinin video görüntüdə Daşkəsən rayon polis şöbəsinin İstintaq qrupunun müstəntiqi polis baş leytenantı Zərərçəkmiş şəxs1 mobil telefonla danışaraq gündəlik əməliyyat qrupunda olan şəxsləri və məntəqədə kim varsa təcili mərkəzə çağırdığı eşidilir. 3-cü video görüntüyə, yəni VİD- 20230711-WA0020 daxil olduqda video görüntünün 14 saniyə davam etdiyi görünür. Həmin video görüntü minik avtomobilin içərisindən çəkilmiş, video görüntünün çəkildiyi yer isə Daşkəsən rayon Xoşbulaq kəndinin mərkəzində Şahid6 məxsus işlətdiyi “Elçin” adlı yeməkxananın qarşısıdır. Həmin görüntüdə Təqsirləndirilən şəxs2 ağ rəngli üzərində qara rəngli sızqılar olan qısa qol köynək geyindiyi, Təqsirləndirilən şəxs2 əynində ağ rəngli qısa qol köynək olan Daşkəsən rayon polsi şöbəsinin İstintaq qrupunun müstəntiqi polis baş leytenantı Zərərçəkmiş şəxs1 ciyin nahiyəsindən tutub itələdiyi, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 əynində olan köynəkdən tutub buraxdığı, orada əynində qara rəngli qısa qol jilet və boz rəngli qısa qol köynək olan Şahid2, X4 Təqsirləndirilən şəxs2 tutmağa çalışdığı, həmin vaxtı Təqsirləndirilən şəxs2 qəsdən bir dəfə Zərərçəkmiş şəxs1 sol sifətinin çənə nahiyəsinə zərbə endirdiyi, Şahid2 Zərərçəkmiş şəxs1 sol qolundan tutub geriyə doğru aparan zaman əynində tünd göy rəngli uzunqol payız gödəkçəsi olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərinə yeriyərək əli ilə qsədən bir dəfə Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə zərbə endirdiyi, daha sonra Təqsirləndirilən şəxs2 sürətlə irəliyə doğru hərəkət edərək qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 sağ sifət nahiyəsinə zərbə endirdiyi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 bir dəfə yumruq zərbəsi atsada həmin yumruq zərbəsinin Təqsirləndirilən şəxs2 dəymədiyi, həmin vaxtı yaranmış qarışılıqdan istifadə edən Təqsirləndirilən şəxs1 isə qəsdən bir dəfə təpiklə Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə zərbə endirdiyi görünür. Video görüntüdə ətrafda olan şəxlərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutub sxlamağa çalışsalarda həmin şəxslər hərəkətlərinə son verməyərək Zərərçəkmiş şəxs1 üzərinə hucum çəkərək zərbə endirdikləri aşkar surətdə görünür. 4-cü video görüntü minik avtomobilin içərisindən çəkilmiş, video görüntünün çəkildiyi yer isə Daşkəsən rayon Xoşbulaq kəndinin mərkəzində Şahid6 məxsus işlətdiyi “Elçin” adlı yeməkxananın qarşısıdır. Həmin görüntüdə ətrafda çoxlu sayda insanların toplaşdığı, Daşkəsən rayon polsi şöbəsinin İstintaq qrupunun müstəntiqi polis baş leytenantı Zərərçəkmiş şəxs1 əynində olan ağ rəngli qısa qol köynəyin arxa kürək nahiyəsinin çirkləndiyi, Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 isə yan-yana durub dayandıqları görünür. İşdə olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi “09 iyul 2023-cü il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində baş vermiş dava-dalaşın əks olunduğu” 01 ədəd CD disk 18 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərar ilə maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 130 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sol yarısının qançırı və yayılmış hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, alt dodağın yarası, başın sol alın nahiyəsinin hematoması, sol gözün üst qapağının, sağ bazunun qançırları, boyunun və sağ dirsək oynağının sıyrıqları kimi sağlamlığa zərər vurmayam və dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər dava-dalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 09 iyul 2023-cü il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sol təpə nahiyəsinin qançırı və sağ almacıq nahiyəsinin hematoması kimi sağlamlığa zərər vurmayam və dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər dava-dalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 09 iyul 2023-cü il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol qulaq nahiyəsinin qançırı və sağ almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayam və dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər dava-dalaş zamanı zamanı yetirilməyə xarakterikdir və törənmə müddəti 09 iyul 2023-cü il tarixə uyğundur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X3 şöbəsinin 04 avqust 2023-cü il tarixli, 483 saylı rəyində görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlir ki, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs2 Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. İşdə olan 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2, onun barəsində təyin edilmiş stasionar məhkəmə psixiatriya ekspertizasının keçirilməsi məqsədilə 30 (otuz) gün müddətinədək Azərbaycan Respublikası Psixiatriya Ekspertiza Mərkəzinin stasionar şöbəsinə yerləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 16 sentyabr 2023-cü il tarixli, 135 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisəni törədən zaman “şizofreniya sadə forma” xəstəliyindən əziyyət çəkmişdir. Qeyd olunan psixi patologiya xroniki olduğundan hal-hazırki müayinə zamanı da onda həmin xəstəliyə xarakterik olan əlamətlər müşahidə edilir. Tibbi sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il tarixdə HHK-si tərəfindən müayinə olunmuş və ona diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şizofreniya, sadə forma” formasında xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs2 qərarın şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şizofreniya, sadə forma” xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs2 əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətindən və cəzadan azad edilib barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilmişdir. Bundan başqa, o, Daşkəsən rayon məhkəməsinin 13 mart 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2 və 177.2.4, 221.1-ci maddələrilə nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyi sübut olunmuş, Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsilə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Bundan başqa, o, Yevlax rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübut olunmuş, Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsilə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Bundan başqa, o, Gəncə Ağr Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 181.3.1, 182.3.1. 204.1, 320.1, 320.2-ci maddələrilə nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyi sübut olunmuş, Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsilə cinayət məsuliyyətindən və cəzadan azad edilib, barəsində tibbi xarakterli məcbur tədbirlər təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İşdə olan Zərərçəkmiş şəxs1 **********961 saylı ərizəsindən görünür ki, şəxslərlə barışmışdır. Bununla bağlı heç bir şikayətim, tələbim və iddiam yoxdur və olmayacaqdır. Odur ki, nəzərə almağınızı xahiş etmişdir. İşdə olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayəti yoxdur, onlarla barışmışdır.Gələcəkdə də onlara qarşı heç bir şikayət və tələbi olmayacaqdır. İşdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayəti yoxdur, onlarla barışmışdır.Gələcəkdə də onlara qarşı heç bir şikayət və tələbi olmayacaqdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə müqavimət göstərməklə qərəzli hərəkətlər etməklə xuliqanlıq etməkdə təqsirli olması yuxarıda göstərilənlərdən başqa, işin araşdırılmış digər halları ilə tam subuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3-cü maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.2 və 221.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsi, iş materialları o cümlədən məhkəmə baxış iclasında keçirilmiş videodiskdə əks olunmuş video yazılarla təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza məsələsini müzakirə edərək Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hökm çıxarıldığı tarixədək ev dustaqlığı və həbsdə saxlanıldığı 05 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə hesablanmaqla 21 (iyirmi bir) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs2 nun ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şizofreniya, sadə forma” xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamasını və əməlinin anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən hökm çıxarıldığı tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 01 (bir) günə 04 (dörd) gün hesabı ilə hesablanmaqla 18 (on səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməldir. Habelə, məhkəmə hesab edir ki, üzrə maddi sübut olan 1 ədəd “CD” disk iş materiallarına əlavə edilməlidir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Onun xx.xx.2023-cü il tarixdən hökm çıxarıldığı tarixədək ev dustaqlığı və həbsdə saxlanıldığı 05 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə hesablanmaqla 21 (iyirmi bir) ay 18 (on səkkiz) gün müddət, ona təyin edilmiş 02 (iki) il müddətə islah işləri cəzasından çıxılsın və o, qəti olaraq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 (iki) ay 12 (on iki) gün müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Onun xx.xx.2023-cü il tarixdən hökm çıxarıldığı tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə hesablanmaqla 18 (on səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət, ona təyin edilmiş 02 (iki) il müddətə islah işləri cəzasından çıxılsın və o, qəti olaraq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 05 (beş) ay 02 (iki) gün müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd “CD” disk iş materiallarına əlavə edilsin. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar