Məhkəmə qərarları › İş №1(030)-20/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-20/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-20/2024 01.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi xx.xx.2024-cü il tarixində X2 məktub yazaraq bildirmişdir ki, o, mübahisə etdiyi X4 bağışladığı üçün 5000 manat ödəməlidir, əks təqdirdə məhkəməyə müraciət etməli olacaqdır. X5 isə bu bildirişi aldıqdan sonra ondan üzr istəmək və onu bağışlamağı xahiş etmək əvəzinə yalan olduğunu bilə-bilə Daşkəsən rayon Prokurorluğuna ərizə yazıb bildirmişdir ki, X7 onun başına “Makarov” tipli tapançanı söykəyərək ona ərizə yazdırmışdır. Bununla da X5 onu ağır cinayətdə ittiham edərək böhtan atdığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Daskəsən Rayon Məhkəməsinə ərizə verərək bildirmişdir ki, X7 2022-ci ildə məhkəmənin qərarı ilə bir il azadlıqdan şərti olaraq məhrum edilib, yalan və böhtana, şantaja görə bu məhkumluq onun üçüncü məhkumluğudur. Təxminən bir il bundan əvvəl onu silahla hədələyərək ona əlyazmanı verməyini tələb etmiş və onu ölümlə hədələmişdir. Bundan sonra o, Daşkəsən şəhər 2 saylı tam orta məktəbə gedib bildirmişdir ki, qızı Sevda Qafarova orada qeyriqanuni işləyir, hərbidən heç bir anlayışı yoxdur, avtomatı söküb-yığa bilmir, hərbi rütbəsi yoxdur, hərbi dərs keçə bilmir. Həyat yoldaşı X6 qeyri qanuni olaraq təhsil müəssisəsində işləyir, lakin işə gəlmir, heç nə bilmir, dərs keçmir, təhsili yoxdur. Daha sonra o, Daşkəsən şəhəri 1 saylı tam orta məktəbə gedib direktor və kollektiv qarşısında çıxış edərək oğlu Qafarov Nəsiminin savadsız olduğunu bildirmiş, onu işə qəbul edilməsinin əsassız olduğunu deyərək oğlunun və onun ünvanına nalayiq sözlər işlətmişdir. Bundan əlavə, 2024-cü ilin sentyabr ayında poçt vasitəsi ilə ona göndərdiyi məktubda nalayiq sözlər yazaraq onu təhqir etmişdir. Odur ki, ona böhtan atdığına, onu təhqir etdiyinə görə X2 azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətin məzmunu ilə tanış olaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının CM-nin “Təhqir” adlandırılan 148-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Azərbaycan Respublikasının CM-nin “Böhtan” adlandırılan 147-ci maddəsinin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaq kimi ifadə olunur. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi böhtan və təhqir cinayətlərinin törədilmə üsulları tam olaraq göstərilmiş, cinayətin törədilmə üsulunu əks etdirən hərəkətlər cinayət tərkibinin zəruri əlamətləri kimi CM-nin 147 və 148-ci maddələrinin mətninə daxil edilmişdir. Belə ki, CM-nin 147 və 148-ci maddələrinə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələyici məlumatlrın yayılması cinayət məsuliyyətinə səbəb olur. Şəxsi yazışmalar kütləvi yayılma sayılmır və cinayət məsuliyyətinə səbəb olmur. Həmçinin məlumat kütləvi yayılmış olsa da belə, ləkələyici xarakter daşımırsa cinayət məsuliyyəti yaranmır. Qeyd edilənlərdən əlavə, əgər şəxs yaymış olduğu məlumatları doğru hesab etmişdirsə, əslində isə məlumatlar yalandırsa bu halda da cinayət məsuliyyəti istisna olunur. Həmçinin, qeyd edilən cinayətlərin zəruri tərkib əlamətləri kimi göstərilənlər faktlar əsasında müəyyən olunmalıdır. Hazırkı xüsusi ittiham qaydasında şikayət ərizəsində qeyd edilmişdir ki, X5 poçt vasitəsi ilə ona məktub ünvanlayaraq mətubda onu təhqir etmiş, həmçinin rayon prokurorluğuna göndərdiyi şikayətdə və mülki iş üzrə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində onun barəsində böhtan xarakterli ifadələr yazmışdır. Bunlardan əlavə onun ailə üzvlərinin təhsili, ixtisası barədə, həmçinin işlədikləri vəzifəyə və ya peşələrə uyğun olmadıqları barədə onların iş yerlərinə şifahi və yazılı müraciətlər etmişdir. Qeyd olunanlar xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsini və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini mümkünsüz edir. Beləliklə, məhkəmə hazırlıq iclasının nəticələri əsasında belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar