Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(030)-3/2025 14.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X45 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X31 və X5 iştirakları ilə, X31 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək X31 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi 2020-ci ilin may ayından Daşkəsən şəhər KMK-da baş mühəndis, direktor müavini vəzifəsində işləyir, gündəlik iş prosesindən əvvəl davamiyyətə və iş bölgüsünə nəzarət edir. 01 Noyabr 2024-cü il tarixdə səhər saatlarında iş prosesində yaranmış mübahisədən sonra “DOST” iş mərkəzinin müqavilə ilə təhkim edilmiş işçisi X31 ilə iş otağında olarakən giriş qapısının önündə onun ünvanına söyüşlər etdiyini, ona yaxınlaşaraq sakit olmağını xahiş etdiyini bildirmişdir. Daşkəsən KMK-da və Yaşıllaşdırma idarəsində işçilərin çox hissəsi qadınlardan ibarət olmuşdur. Sabir onun tələbinə məhəl qoymadan söyüş söyməyə davam etmiş və ona hücüm edərək zərbələr endirməyə başlamışdır. O, müqavimət göstərsə də onun baş və üz nahiyəsindən etdiyi zərbələrə cavab verə bilməmişdir. Sabirin qardaşı X37 onun qolunu tutmuşdur. X31 onun yaxasından tutaraq üst köynəyini cırıb qopartmışdır. Daşkəsən şəhər KMK-nın və “DOST” iş mərkəzinin müqavilə ilə təhkim olunmuş işçiləri, X16, X12, X26, X21 və X1 gözü qarşısında onu döyərək pis söyüşlər söymüşdür. Bundan sonra Daşkəsən rayon polis şöbəsinə zəng edərək polis əməkdaşlarını KMK-ya dəvət etmiş və Sabir Əliyevdə qarşı şikayət ərizəsi vermişdir. X31 isə dərhal Baş prokurorluğun “161” qaynar xətt mərkəzinə zəng edərək onun barəsində şər-böhtanla bağlı məlumat vermişdir. Məlumatda bildirilmişdir ki, X27 KMK-nın və “DOST” iş mərkəzinin KMK-ya təhkim olunmuş işçiləri; X13, X6, X17, X7, X18, X8, X22, X19, X14, X10 və X3 daimi işdən buraxır və onların iş davamiyyəti yox dərəcəsindədir və onlar bunun müqabilində ona rüşvət verirlər ya da ki, əmək haqqı kartına pul köçürürlər. X20 rayon prokurorluğuna ərizəsi və izahatına əsasən yuxarıda adları qeyd olunan işçilər Daşkəsən rayon prokurorluğuna dəvət olunmuşlar və onlar bütün bunların yalan və şər-böhtan olduğunu izahatlarında təsdiq etmişlər. Rayon prokurorluğuna təqdim etdiyi “Kapital Bank”a məxsus əmək haqqı kartının surətindən yoxlamadan sonra bunların şər-böhtan olduğu müəyyən olunmuşdur. Bundan sonra 02 noyabr 2024-cü il tarixdə X31 artıq 10 aya yaxındır ki, adi bir KMK-nın arayışına görə onununla düşmənçilik edən və qərəzli mövqedə duran X23 ilə əlbir olub telefonla video çəklişlər etmişlər. X23 və X31 şər-böhtanla bağlı olan çəklişləri sosial şəbəkələrdə, “Tik tok” və “Facebook” səhifələrində yerləşdirmişlər. Hazırki vaxtadək X5 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli yazı və çəklişiləri ona Elşad Qafarova məxsus olan “Facebook” səhifəsində qalmaqdadır. Dəfələrlə ondan bunu silməsini xahiş və tələb etsə də o, bunlara məhəl qoymamışdır. Elşad ona əl yazması ilə vəd etdiyi 5000 (beş min) manatı ödəyəcəyi halda bütün bunları “Facebook” səhifəsindən siləcəyini bildirmişdir. Bu hal ona və onun iş reputasiyasına qarşı şantajdır. Hazırkı vaxtadək istər dövlət və mülkiyyət istərsə də şəxsiyyət əlehinə hər hansı bir cinayət əməli törətməmişdir. Adlarını qeyd etdikləri X23 və X20 məhkumluğu olan vətəndaşlardır. Odur ki, ona böhtan atdıqlarına, şantaj xarekterli məlumatlar yaydıqlarına görə X23 və X20 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin məzmununa uyğun izahat verərək, X23 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X31 izahat verərək bildirmişdir ki, Çingiz Abbasovun onunla münaqişə edib onu döyməsi ilə əlaqədar polisə müraciət etmişdir. X4 xüsusi ittiham qaydasında şikayətini qəbul etmir və məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X23 izahat verərək bildirmişdir ki, o, sosial şəbəkələrdə Çingiz Abbasov barədə onun şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaldacaq hər hansı bir paylaşım etməmişdir. Odur ki, Çingiz Abbasovun onun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin əsassız olduğunu qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətin məzmunu ilə tanış olaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının CM-nin “Təhqir” adlandırılan 148-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Azərbaycan Respublikasının CM-nin “Böhtan” adlandırılan 147-ci maddəsinin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaq kimi ifadə olunur. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi böhtan və təhqir cinayətlərinin törədilmə üsulları tam olaraq göstərilmiş, cinayətin törədilmə üsulunu əks etdirən hərəkətlər cinayət tərkibinin zəruri əlamətləri kimi CM-nin 147 və 148-ci maddələrinin mətninə daxil edilmişdir. Belə ki, CM-nin 147 və 148-ci maddələrinə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələyici məlumatlrın yayılması cinayət məsuliyyətinə səbəb olur. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında şikayət ərizəsindən və ona əlavə edilmiş fotoşəkildən görünür ki, X2 Sabir Şəmil oğlunun X11 barəsində aidiyyəti orqanlara etmiş olduğu şikayətdən yazmışdır. X11 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətdə onun barəsində verilmiş şikayətin rayon prokurorluğunda araşdırıldığını və əsassız hesab edilmiş olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, şəxsi yazışmalar kütləvi yayılma sayılmır və cinayət məsuliyyətinə səbəb olmur. Həmçinin məlumat kütləvi yayılmış olsa da belə, ləkələyici xarakter daşımırsa, bu halda da cinayət məsuliyyəti yaranmır. Bundan əlavə, məlumat böhtan və təhqir xarakterli olsa daİ, həmin məlumat müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olnduğu halda da, bu məlumatlar kütləvi şəkildə yayılmış sayılmır. Qeyd olunanlar xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsini və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini və şikayət üzrə məhkəmə baxışının keçirilməsini mümkünsüz edir. Ərizənin icraata qəbul edib baxılması üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hazırlıq iclasının nəticələri əsasında belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X23 və X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №1(030)-3/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(030)-3/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver