Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-10/2022 24.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydm Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “X11 Sənaye və Ticarət” Anonim Şirkətində ofisiant işləyən, Şabran rayonu Əmirxanlı kəndində daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 07 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq idarəetmə hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə adıçəkilən Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində yaşayış məntəqələrinin daxili üçün müəyyən edilmiş saatda 60 km-dən çox olmayan sürət həddindən daha yüksək – saatda təxminən 70-80 km surətlə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə şəhərin cənub girişi istiqamətində hərəkətdə olarkən “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsizlik şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və “1.1-1.3 xətlərini kəsib keçmək qadağandır” barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq olaraq 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Şabran şəhər bazarının qarşısında “diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli” olduğu halda, bunları etməmiş, 1.1 üfüqi nişanlama xəttini kəsib qarşı əks hərəkət zolağına çıxaraq yolun sol çiynində olan bordürə dəyib yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Şabran rayon sakini Şahid2 məxsus “Qaz-33023” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan onun minik avtomibilinin salonunda sərnişin qismində olan, rayonun Söhbətli kənd sakini Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş sol bud sümüyünün qapalı yerinidəyişmiş sınığından, alnın sıyrıntılarından ibarət bədən xəsarətləri almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Əmirxanlı kəndində həyat yoldaşı və üç azyaşlı uşağları ilə birlikdə yaşayır. Uzun müddət işsiz olduqdan sonra təxminən 01 ilə yaxındır ki, Şabran rayonu ərazisində yerləşən “X11 Sənaye və Ticarət” Anonim Şirkətində ofisiant vəzifəsinə işə düzəlmişdir. Hazırda həmin şirkətdə işləyir. Ailənin yeganə qazanc gətirənidir. Özünə məxsus VAZ-21099 markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə hər gün Şabran rayonu “Dəyirman yolu” adlanan yerdə yerləşən şirkətə iş yerinə gedir. 23 iyun 2021-ci il tarixdə saat 06:50 radələrində işə getmək üçün idarə etdiyi özünə məxsus avtomobilə əyləşərək yaşadığı Şabran rayonu Əmirxanlı kəndində yerləşən evindən çıxmışdır. Saat 07 radələrində Şabran şəhər avtovağzalına çatdıqda iş yoldaşı Zərərçəkmiş şəxs ona əl işarəsi etdiyi üçün avtomobili saxlamışdır. Mayis onu Şabran şəhərinin Siyəzən şəhəri istiqamətindən olan girişinə aparmasını ondan xahiş etdiyinə görə o bununla razılaşmış və sonuncu, avtomobilin qabaq sərnişin yerinə keçib əyləşmişdir. İş yerinə tələsdiyi üçün avtomobili işə salaraq saatda 70-80 km/s surətlə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edib və həmin küçədə yerləşən Şabran şəhər bazarının qarşısına çatdıqda qəfildən 8-10 metr məsafədə yolun sağ hərəkət hisssindən qarşısına “Ford-Tranzit” markalı avtomobil çıxmışdır. Həmin avtomobillə toqquşmaqdan yayınmaq üçün əyləci basıb sükanı sola döndərmişdir. Bu zaman idarəetməni itirərək yolun solundakı bardyura və daha sonra isə yolun sol kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Qaz-33023” markalı yük avtomobili ilə toqquşmuşdur. İdarə etdiyi avtomobilin sağ yan hissəsi həmin yük avtomobilinə dəydiyi üçün idarə etdiyi avtomobildə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Qəzadan yayınmaq üçün əlindən gələni etməsinə baxmayaraq, toqquşma baş vermişdir. Bundan sonra Şabran RPŞ-nin əməkdaşları həmin yerə gələrək hadisə yerinə baxış keçirib və sənədləşdirmə işləri aparmışlar. Hadisədən əvvəl spitli içki qəbul etməmiş və sürücülük vəsiqəsinin müddətinin qurtarmasından xəbəri olmamışdır. Etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Şabran rayonu Söhbətli kəndində ailəsi ilə birlikdə yaşayır və təxminən bir ildir ki, “Kollin” şirkətində sürücü işləyir. 23 iyun 2021-ci il tarixdə saat 07 radələrində işdən, yəni gecə növbəsindən çıxıb və yaşadığı evə getmək istədiyi üçün Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalına getmişdir. Bu zaman iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus “VAZ-21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə olduğunu görüb və onu da Şabran şəhərinin çıxışına doğru aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs razılaşdıqdan sonra sonuncunun idarə etdiyi avtomobilin ön oturacağına əyləşmişdir. Mirmövsüm avtomobili işə salaraq təxminən 70 km/s surətlə Şabran şəhərinin girişinə doğru, yəni Şabran şəhər bazarı istiqamətində hərəkət etməyə başlamışdır. Şabran şəhər bazarının qarşısına çatdıqda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına ağ rəngli “Ford” markalı avtomobil çıxmışdır. Təqsirləndirilən şəxs idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobil yolun əks istiqamətində olan səkiyə dəyərək yolun sol kənarında dayanmış “Qazel” markalı yük avtomobili ilə toqquşmuşdur. Baş vermiş avtoqəza nəticəsində sol ayağından xəsarət almış və orada olan tanımadığı şəxslər onu Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Şabran rayon xəstəxanasında ona ilk tibbi yardım göstərildikdən sonra Quba rayon xəstəxanasına getmiş və 26 iyun 2021-ci il tarixdə orada ayağından əməliyyat olunmuşdur. Hadisə olan gündən bu vaxtadək Təqsirləndirilən şəxs həmişə onun yanında olmuş, ona yardımçı olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şabran rayonu Sincanboyad kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus “Qaz-33023” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və həmin avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. 23 iyun 2021-ci il tarixdə saat 07 radələrində özünə məxsus yük avtomobili ilə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Şabran şəhər mərkəzi bazarına ərzaq malları almaq məqsədilə getmişdir. Avtomobili bazarın qarşısında yolun kənarında saxlayaraq mobil telefonu vasitəsi ilə ailə üzvlərinə zəng etmək istəyərkən “VAZ-21099” markalı avtomobilin idarə etdiyi yük avtomobilinə dəydiyini görüb avtomobildən yerə düşmüşdür. Həmin zaman avtomobildə tək olmuş və baş vermiş qəzada hər hansı bir xəsarət almamışdır. Buna baxmayaraq yol-nəqliyyat hadisəsi zamanı ona məxsus “Qaz-33023” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə ciddi ziyan dəymişdir. Hadisə zamanı özünə məxsus yük avtomobilinə dəymiş həmin “VAZ-21099” markalı avtomobilin sürücüsü, adı sonradan ona məlum olmuş Mirmövsüm adlı şəxs xəsarət almasa da, həmin avtomobildə olmuş bir nəfər sərnişinin xəsarət alması ona məlum olmuşdur. Qəzada xəsarət almış həmin şəxsi Şabran rayon MX-na aparmışlar. Bir neçə dəqiqə sonra Şabran RPŞ-nin əməkdaşları həmin yerə gələrək hadisə yerinə baxış keçirib digər sənədləşdirmə işləri aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Quba rayonu Zərqova kəndində ailəsi ilə birlikdə yaşayır və Şabran rayonu “Kollin” şirkətində sürücü işləyir. Həmin şirkətə məxsus “Ford Tranzit” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və sürücülük hüququ da vardır. 23 iyun 2021-ci il tarixdə saat 07 radələrində idarə etdiyi avtomobillə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Şabran şəhər bazarının qarşısına gələrək avtomobilində olan 02 nəfər şirkətdə işləyən fəhləni düşürmüşdür. Həmin fəhlələri yerə düşürdüyü zaman avtomobili işlək vəziyyətdə saxlamışdır. Bundan sonra şəhərin girəcəyində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətinə getmək üçün idarə etdiyi avtomobillə hərəkətini davam etdirib və təxminən 5-6 metr məsafəni qət etdikdən sonra qəflətən “VAZ-21099” markalı minik avtomobilinin yolun əks istiqamətində, yəni yolun kənarında dayanmış “Qaz-33023” markalı yük avtomobilinə dəyməsini görmüşdür. Dərhal idarə etdiyi avtomobili saxlayıb yerə düşərək həmin “VAZ-21099” markalı minik avtomobilinə yaxınlaşmışdır. Avtomobildə onunla birgə şirkətdə işləyən Mayis adlı şəxsin xəsarət aldığını görmüşdür. “VAZ-21099” markalı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxsla birlikdə qəzada xəsarət almış Mayis adlı şəxsi avtomobildən düşürərək hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilinə yerləşdirib və onu Şabran rayon mərkəzi xəstəxanasına yola salmışdır. Bundan sonra idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə əyləşib və iş yerinə çıxıb getmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspertizasının 06 iyul 2021-ci il tarixli 136 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bud sümüyünün qapalı yerinidəyişmiş sınığı, alnın sıyrıntıları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 23.06.2021-ci il tarixdə avtomaşınların toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı alına bilərdi, öz-özünə yetirilməsinə xarakterik deyil, səhhətin uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 8/2254 saylı rəyindən görünür ki, “VAZ-21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hisssinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21099” markalı avtomobli sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobli yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/s surətdən artıq, yəni 70-80 km/s saat surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin şərh edilməsinə dair Konstutusiya Məhkəməsinin Plenumunun 24.09.2014-cü il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarəetmək hüququndan məhrumedilmiş şəxsi, nəqliyyat vasitələrini idarəetmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat idarəetmək hüququ olmayan şəxsi ehtiva edir. Konstutusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarının müddəalarına əsasən “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinə görə sürücülük vəsiqəsinin etibarlılıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitəsinin idarəetmək hüququnu məhdudlaşdırır. “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin “nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarmış şəxsi ehtiva edir. Göründüyü kimi Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. İş materiallarına əlavə olunmuş AB 286006 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş sürücülük vəsiqəsi 21.01.2011-ci il tarixdən 21.01.2021-ci il tarixə kimi etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 545 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ceyranlı kəndində ailə üzvləri – arvadı X7, qızları – 2012-ci il təvəllüdlü X3, 2013-cü il təvəllüdlü X1, 2015-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İ seriyalı 581129 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 18 iyun 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İV seriyalı 156939 saylı, AZ-İİİ seriyalı 229312 saylı və AZ- İİİ seriyalı 229298 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 17 mart 2012-ci ildə Fidan, 16.12.2013-cü ildə Mirbeşir və 26.06.2015-ci ildə Aydan adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli 46 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – arvadı X7 və üç nəfər uşağı ilə birlikdə Şabran rayonu Ceyranlı kəndində yaşayır, arvadı X7 heç yerdə işləmir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs “X11 Sənaye və Ticarət” Anonim Şirkətində ofisiant vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 19 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük içtimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində üç azyaşlı uşağının olması təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, ailənin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə Təqsirləndirilən şəxs məxsus “VAZ-21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin maddi sübut hesab edilməklə saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Təqsirləndirilən şəxs məxsus “VAZ-21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin maddi sübut hesab edilməklə saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çindiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-10/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-10/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver