Məhkəmə qərarları › İş №1(031)-10/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-10/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-10/2025 05.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi X9 və nümayəndəsi və vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, Şabran rayonu, Əmirxanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, Şabran Rayon Məhkəməsinin 4(031)-45/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla talama məqsədi ilə Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 01 saylı Neft və X10 05 saylı Neft və qaz hasilatı xidmət sahəsində yerləşən 1565 saylı quyu adlanan yerdən neft xətlərinə aid olan hər metri 07 (yeddi) manat dəyərində olmaqla, ümumi dəyəri 252 (iki yüz əlli iki) manat olan 36 (otuz altı) metr uzunluğunda, 73 millimetr diametrliyində dəmir boruları götürüb aparmaqla neft xətlərinə münasibətdə oğurluq etmiş, yəni neft xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı Şabran rayonunun Əmirxanlı kəndinin ərazisində yerləşən meşə ilə yol ilə gedərkən orada dəmir borulardan ibarət neft xətlərini görmüşdür. Həmin boruların yarı hissəsi torpağın altında, digər yarısı isə torpağın üstündə olmuşdur. Sonradan pula ehtiyacı olduğu üçün o, meşədə gördüyü boruları gizli olaraq qazıb yerdən çıxardaraq kəsib satmaq və pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, özü tək olaraq xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində həmin yerə özü ilə apardığı dəmir kəsənlə getmiş, təxminən 36 (otuz altı) metr uzunluğunda olan dəmir boruları qazıb yerdən çıxarmış, boruları kiçik ölçülərə bölməklə özünə məxsus olan uzun qulağın üstünə yığmış, boruları iki dəfəyə, hissə-hissə yaşadığı evinin həyətinə aparıb yığmışdır. Həmin vaxt onu görən anası ondan boruları haradan gətirdiyini soruşmuş və o, anasına boruları yerdən tapdığını bildirmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə o, boruları metal qəbulu məntəqəsinə aparıb təhvil vermək üçün nəqliyyat vasitəsi axtarmağa başlamış, həmkəndlisi və taksi fəaliyyəti göstərən Şahid1 Şabran rayonunun Əmirxanlı kəndində görmüş və ondan boruları onun üçün Şabran şəhərinə aparmasını xahiş etmiş və söhbət zamanı Əlicana dəmirləri Şabran şəhərində Aydın adlı şəxsin əlvan metal qəbulu məntəqəsinə satacağını deyərək ona bunun müqabilində 10 (on) manat pul söz vermişdir. Əlicanda onunla razılaşmış, özünün idarə etdiyi “BYD” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun həyətinə gəlmişdir. O, maşının yük yerinə dəmir boruları yığmış və həmin maşınla yola düşmüşlər. Şabran şəhərində “Beş sotlar” adlanan əraziyə gəlib çataraq Aydın adlı şəxsin metal qəbulu məntəqəsinə boruları düşürdüb satmaq istəyərkən bir nəfər polis əməkdaşı onlara yaxınlaşmış, özünü təqdim edərək dəmirləri haradan əldə etdiyini və haradan gətirdiyini ondan soruşmuşdur. O, polis əməkdaşına olduğu kimi dəmirləri haradan götürdüyünü etiraf etmiş, bundan sonra polis əməkdaşı onu və sürücünü maşınla bir yerdə polis şöbəsinə dəvət etmişdir. Onlar buna etiraz etmədən Şabran Rayon Polis Şöbəsinə gəlmişlər. Hazırda törətdiyi əməl nəticəsində zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə dəymiş maddi ziyanı tam ödəmişdir, törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə1 hazırki iş üzrə əvvəlki məhkəmə baxışı iclasında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən “Siyəzənneftin” Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən 1565 saylı quyusundan ötürülən 36 (otuz altı) metr uzunluğunda, 73 (yetmiş üç) millimetrlik dəmir materialdan olan borunun xx.xx.2024-cü il tarixdə oğurlanması nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 9/6304 rəyinə əsasən onlara 252 (iki yüz əlli iki) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi X9 ifadəsində bildirmişdir ki, “Siyəzənneftin” Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən 1565 saylı quyusundan ötürülən 36 (otuz altı) metr uzunluğunda, 73 (yetmiş üç) millimetrlik dəmir materialdan olan borunun xx.xx.2024-cü il tarixdə oğurlanması nəticəsində dəymiş 252 (iki yüz əlli iki) manat məbləğində maddi ziyan hazırda ödənilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi X5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Yoldaşı 2004-cü ildə vəfat etmiş və övladlarına özü tək baxmışdır. xx.xx.2024-cü il tarixdə oğlu Sevin yaşadıqları evin həyətinə bir neçə ədəd dəmir boru hissələrini gətirmiş və o, ondan həmin boruları haradan gətirdiyini soruşduqda, Sevin bu barədə ona heç bir söz deməmişdir. Boruları nə edəcəyini Sevindən soruşduqda isə o, həmin boruları metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək istədiyini ona demişdir. xx.xx.2024-cü il tarixdə, günün ikinci yarısında Sevin həmkəndlisi, taksi fəaliyyəti göstərən Əlicanla ona məxsus ağ rəngli, markasını bilmədiyi avtomobil ilə qapılarına gəlmişdir və Sevin dəmir boruları avtomobilə yığıb Şabran şəhərinə təhvil vermək üçün aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda atasının işlətdiyi Şabran şəhərində “Beş Sotlar” adlanan yaşayış massivinin ərazisində yerləşən metal qəbulu məntəqəsində metal qəbulunun alışı və satışı ilə bağlı atasına köməklik edir. xx.xx.2024-cü il tarixdə bir nəfər tanımadığı şəxs “BYD” minik markalı, ağ rəngli avtomobil ilə onun işlədiyi yerə gəlmiş, bir neçə ədəd dəmir materialdan olan borular gətirdiyini və həmin boruları təhvil vermək istədiyini ona bildirmişdir. O, həmin şəxsdən onda dəmir boruların haradan olmasını soruşduqda, həmin şəxs dəmir boruların özünə məxsus olmasını və evindən gətirdiyini ona demişdir. Qiymətlə bağlı razılaşdıqdan sonra həmin şəxs avtomobil tərəfə getmiş, boruları gətirmək istədikdə ona polis əməkdaşı yaxınlaşmış, boruların haradan əldə etdiyini ondan soruşmuşdur. Polis əməkdaşı həmin şəxslə söhbət edərək onu və avtomobilin sürücüsünü Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş və onlar onun yanından uzaqlaşmışlar. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şabran rayonunun ərazisində özünə məxsus “BYD” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə olarkən, günün ikinci yarısında həmkəndlisi Təqsirləndirilən şəxs görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dəmir boruların olmasını və həmin boruları Şabran şəhərinə aparıb təhvil vermək üçün taksi lazım olduğunu ona demişdir. Buna görə də o, Təqsirləndirilən şəxs əvvəlcə dəmirlərə baxmaq lazım olduğunu demiş, sonra Sevinlə onların həyətinə getmişdir. Orada Sevin ona dəmirləri aparmaq üçün beş manat pul təklif etmiş, lakin o, boruların çox olmasını görərək aparmaqdan imtina etmişdir. Bu vaxt Sevin ona pul lazım olduğu üçün dəmir boruları aparmağını birdə xahiş etmiş və ona bunun müqabilində 10 (on) manat pul təklif etmişdir. Söhbət zamanı Sevindən dəmirlərin haradan olduğunu soruşmuşdur. Sevində boruların onun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra o, razılıq vermiş, boruları avtomobilinin yük yerinə yığmış, sonra Şabran şəhərinə yola çıxaraq getmişlər. Şabran şəhərində “Beş Sotlar” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinə çatdıqda Sevin avtomobildən düşmüş, metal qəbul edən şəxsə yaxınlaşaraq onunla söhbət etmiş, sonra yanına qayıdarkən, avtomobilə polis əməkdaşı yaxınlaşıb Sevindən dəmirləri haradan əldə etməsi ilə bağlı maraqlanmışdır. Sevində ona dəmir boruları konkret haradan olduğunu tam izah edə bilməmiş, polis əməkdaşı da buna aydınlıq gətirmək üçün onları Şabran Rayon Polis Şöbəsinə dəvət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Əsədov X3 Əlican Əmrağa oğlu ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində, Şabran şəhərinin 5 sotlar yaşayış massivinin ərazisində metal qəbulu məntəqəsinin qarşısında “BYD” minik markalı, **-HN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinə yüklənmiş dəmir borular ilə bağlı polis əməkdaşı tərəfindən Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişlər və Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişlər (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Şabran Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 22:10-dan 20:25-ə kimi olan müddət ərzində “BYD” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Şahid1 idarə etdiyi “BYD” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində 73 (yetmiş yüz) millimetrlik, 36 (otuz altı) metr uzunluğunda bir neçə hissələrə bölünmüş dəmir borular yerləşir. Həmin borular maddi sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülərək Şabran Rayon Polis Şöbəsinin həyətinə boşaldılmışdır. Baxış zamanı araşdırma materialına əlavə olunması üçün avtomobilin yük yerində olan dəmir boruların fotoşəkilləri də çəkilmişdir. Baxışın sonunda “BYD” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid1 təhvil verilmiş və keçirilmiş baxış zamanı iştirakçılar tərəfdən vəsatət və ya şikayət daxil olmamışdır (cinayət işinin İ cildinin 7-9-cu vərəqələri). -xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 01 saylı Neft və X10 05 saylı Neft və qaz hasilatı xidmət sahəsində yerləşən 1565 saylı quyu adlanan yerdən neft xətlərinə aid olan 36 (otuz altı) metr uzunluğunda və 73 millimetr diametrliyində dəmir boruları götürüb apardığı yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin İ cildinin 10-11-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6304 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyindən görünür ki, 36 (otuz altı) metr uzunluğunda, 73 (yetmiş üç) millimetrlik borunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyun ayına olan 01 (bir) metrinin orta bazar qiyməti nəzəri hesablanma yolu ilə təxminən 7,00 (yeddi) manat, 36 (otuz altı) metrinin qiyməti isə 252 (iki yüz əlli iki) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cinayət işinin İ cildinin 23-24-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İtehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 33-34-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cinayət işinin İ cildinin 41-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 43-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-386/2024 saylı, arayışdan görünür ki, Əsədov X4 rayonunun Əmirxanlı kəndində yaşayır (cinayət işinin İ cildinin 60-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 62-63-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən, saat 13:05-dən hesablanmaqla 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 93-95-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxsin nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, Nümayəndə1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi kimi tanınmışdır (cinayət işinin İ cildinin 83-84-cü vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-413/2024 saylı arayışdan görünür ki, Əsədov X4 rayonunun Əmirxanlı kəndində qeydiyyatdadır, subaydır və onun anası Şahid2, qardaşı X6 və qardaşı X1 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 105-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-413/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 106-cı vərəqəsi). - Şabran Rayon Mərkəzi X7 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-34/2-936/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb nə narkoloji kabinetlərdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin İ cildinin 107-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə CM-in 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, 36 (otuz altı) metr uzunluqda 73 (yetmiş üç) millimetr diametrliyində dəmir boru hissələri isə iş üçün əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir (cinayət işinin İ cildinin 108-111-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş BPM**********39 nömrəli mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin müvafiq bank hesabına Təqsirləndirilən şəxs törətdiyi əməl ilə bağlı dəymiş maddi ziyan olaraq 252 (iki yüz əlli iki) manat məbləğində ödəniş edilmişdir. CM-in 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, eyni əməllər neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən CM-in 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin nümayəndələrinin və şahidlərin ifadələrinə, ekspetiza rəyi, baxış keçirilməsi protokolu və yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də CPM-in 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməlin xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlşadırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq onun barəsində qəti cəza təyin edilməli, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Əmirxanlı kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli və iş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 36 (otuz altı) metr uzunluqda 73 (yetmiş üç) millimetr diametrliyində dəmir boru hissələri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə geri qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Əmirxanlı kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 36 (otuz altı) metr uzunluqda 73 (yetmiş üç) millimetr diametrliyində dəmir boru hissələri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə geri qaytarılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar