Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-11/2022 06.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cı il tarixdə Şabran rayonu Şahnəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş (barəsində amnistiya aktı tədbiq edilməklə cəzadan azad olunmuş), işləməyən, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdə saat 14 radələrində tanışı X3 ilə Şabran rayonu Pirəmsən kəndində “Bakı-Quba” magistral avtomobil yolunun kənarında yerləşən “Müzəffər” adlanan marketdə olarkən sonuncunun marketin satıcısı ilə nisyə siqaret almaq barədə apardığı söhbətə həmin vaxt azot kübrəsi almaq məqsədilə alıcı qsimində marketə daxil olan adıçəkilən kəndin sakini Zərərçəkmiş şəxs müdaxiləsi səbəbindən aralarında yaranmış xırda mübahisə nəticəsində marketin qarşısında X1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, ona qarşı zor tətbiq edərək Kəmaləddin Hüseynovun əlindən götürdüyü silah qismində istifadə etdiyi taxta materialdan hazırlanmış balta sapı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə zərbə endirib ona təpə nahiyəsinin dərialtı qansızması (hematoması) bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq sakitləşməmiş, öz qanunsuz hərəkətlərini davam etdirərək adıçəkilən marketin təxminən 15 dəqiqə ərzində normal fəaliyyətini və marketin qarşısına toplaşmış vətəndaşların və müştərilərin rahatlığını pozmuş, bununla da içtimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləməsə də, avtoyuma məntəqəsində fəhlə kimi çalışıb özünü dolandırır. Kəmaləddini bir həmkəndli kimi, Zəbişahı isə qonşu Pirəmsəm kənd sakini kimi tanıyır. Kəmaləddin və Zəbişahla münasibətləri həmişə normal olmuşdur və aralarında ədavət və ya düşmənçilik olmamışdır. 20 may 2021-ci il tarixdə saat 13 radələrində Kəmaləddinlə birlikdə Şabran rayonu, Şahnəzərli kəndində ot yığıb fəhləçilikdən qayıdıb kəndin yuxarısında yerləşən “Su səsi” restoranına nahar etməyə getmiş, nahar zamanı Kəmaləddinlə birlikdə 0.5 litr spirtli içki olan araq və 1-2 bokal pivə içmişlər. Siqaretləri qurtardığına görə Kəmaləddinlə birlikdə Şabran rayonu Pirəmsən kəndində yerləşən “Müzəffər” adlanan marketə gedib siqaret almağa və daha sonra evə getməyi qərarlaşdırmışlar. Həmin gün saat 14 radələrində Kəmaləddin siqaret almaq üçün “Müzəffər” adlanan marketə daxil olduqda o, sonucunu çöldə gözləmişdir. Həmin vaxt içəridən səs-küy gəldiyini eşidib içəri daxil olan zaman Kəmaləddinlə Zəbişahın bir-biri ilə tutaşdığını görmüş, mübahisənin böyüməməsi üçün Kəmaləddini kənara çəkib marketdən çıxarmışdır. Lakin bu vaxt Zəbişah da marketdən çölə çıxmış, Zəbişahla Kəmaləddin “Müzəffər” adlanan marketin qarşısında yenidən bir-biri ilə tutaşmağa başlamışlar. Kəmaləddin özünü qorumaq üçün marketin qarşısında satışa qoyulmuş balta sapını əlinə almış və Zəbişahdan özünü qorumaq istəmişdir. Kəmaləddin balta sapı ilə Zəbişahı vura bilməmiş, lakin Zəbişah Kəmaləddini yerə yıxaraq yumruqla onun sifət nahiyəsinə, sol gözünün altına 01 dəfə zərbə endirmiş, Kəmaləddinin vəziyyətinin pisləşdiyini gördükdə Kəmaləddinin əlindən düşmüş balta sapını yerdən götürərək Zəbişahın kürək nahiyəsindən 01 dəfə zərbə endirmişdir. Zəbişah Kəmaləddindən əl çəkib onun üstünə hücum etmək istəmiş, lakin geri çəkilən zaman Zəbişahın atası Fikrət əlində olan dəqiq xatırlamadığı predmetlə onun kürək nahiyəsindən 01 dəfə zərbə endirmişdir. Bundan sonra hadisə yerində olan digər şəxslər araya girib onları sakitləşdirmişlər. Həmin münaqişə zamanı Zəbişahın atası Fikrət ona yetirdiyi xəsarət kiçik olduğundan tibbi ekspertizadan keçməyi lazım bilməmişdir. Həmin vaxt hadisə yerində həm Şahnəzərli, həm də Pirəmsən kəndindən olan insanlar olmuş, “Müzəffər” adlanan marketin qarşısında baş verən həmin münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2009-cu ildən 2019-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, xidmətinin son 3 ilini Şabran rayon PŞ-nin PPXT-nin komandiri vəzifəsində işləyərək polis kapitanı rütbəsi daşımışdır. Xidmət illərində fərqlənərək cinayətlərin açılmasında yaxından iştirak etmişdir. 20 may 2021-ci il tarixdə saat 14 radələrində idarə etdiyi “Nissan Navara” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə atası Şahid3, anası Şahid1, arvadı X5 ilə birlikdə ona məxsus bağ sahəsindən yaşadıqları Pirəmsən kəndinə qayıdan zaman yolüstü “Müzəffər” adlanan marketdən bağ sahəsinə lazım olan ləvazimatları almaq üçün marketə daxil olmuşdur. Orada azot və dəmir-sulfat maddələrini alarkən kassanın qarşısında adının Kəmaləddin, ləqəbinin isə “Baba” olduğunu sonradan öyrəndiyi kənd sakini ilə rastlaşmışdır. Həmin şəxs ona söyüş söyərək ünvanına nalayiq ifadələr işlətmiş və “görmürsən söhbət edirik” deyərək yenə də söyüş söymüşdür. O, Kəmaləddindən niyə belə dediyini soruşan zaman sonuncu ona “bəli səninləyəm, səni burda kağız kimi cıraram” deyib yenə də söyüş söyməyə davam etmişdir. O, Kəmaləddindən buranı tərk edərək münaqişə yaratmamasını xahiş etmiş, bundan sonra əvvəlcədən tanıdığı Sadiq yaxınlaşaraq Kəmaləddinin qulağına nə isə demiş və onu söyərək marketdən həyətə çıxmışlar. O, marketdə işlərini bitirib çölə çıxarkən Kəmaləddinin onu çöldə gözlədiyini müşahidə etmiş, Sadiq adlı kənd sakini də onu söyərək yanından keçmişdir. O, polis əməkdaşı kimi xidmət edən zaman Sadiqin at oğurlaması ilə bağlı olan hərəkətlərini ifşa etdiyindən Sadiq həmişə ona qarşı aqressiv olmuşdur. Həmin vaxt Kəmaləddin əlində olan balta sapı ilə ona hücum edərək baş nahiyəsindən zərbə endirmiş, o sol qolu ilə özünü zərbədən qorumuş və yaxalaşmışlar. Yaxalaşan zaman Kəmaləddin əl ataraq onun əynində olan köynəyin yaxasını cırmışdır. O, sağ əli ilə Kəmaləddinin çənə nahiyəsindən vurduqdan sonra Kəmaləddin halsızlaşıb sakitləşsə də, həmin an Sadiq Kəmaləddinin əlindən yerə düşən balta sapını götürərək onun baş nahiyəsinin arxasından dəfələrlə zərbələr endirmişdir. Bu vaxt kənd sakini Niyazi və tanımadığı digər şəxslər, həmçinin onun ailə üzvləri Sadiqin vurmağı dayandırması üçün ona mane olmuşlar. O, başını qaldıran zaman anası Nazilənin yerə yıxıldığını görmüşdür. Daha sonra ailəsi ilə birlikdə oradan çıxıb evinə getmiş və faktla bağlı Azərbaycan Respublikası DİN-nin “102 zəng mərkəzi”nə məlumat vermişdir. Hazırda Sadiqin ona qarşı törətdiyi cinayət hərəkətindən peşmançılıq çəkməsini və onun valideynlərini nəzərə alaraq ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayonu, Pirəmsən kəndində ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. Onun oğlu Zəbişah da polis orqanlarında xidmət etmişdir. Xidmət etdiyi zaman üzərinə düşən xidməti vəzifələrini layiqincə yerinə yetirmişdir. Zəbişah polis orqanlarından xaric olunduqdan sonra o, oğluna ara-sıra hədə-qorxular gəlindiyini eşitmişdir. Həmin hədə-qorxu gələnlərdən birinin adını sonradan bildiyi Şabran rayonu, Şahnəzərli kənd sakini Sadiqin olduğu ona məlum olmuşdur. 20 may 2021-ci il tarixdə oğlu Zəbişah, əri Fikrət və gəlini Aynurə ilə birlikdə bağ üçün azota ehtiyac olduğundan kəndin girəcəyində yerləşən “Müzəffər” adlanan marketə getmişlər. Zəbişah avtomobili marketdən bir qədər kənarda saxlayıb düşmüş, digərləri isə avtomobildə gözləmişlər. Zəbişah azot almaq üçün marketə daxil olmuşdur. O, marketin bayırında adını sonradan öyrəndiyi Kəmaləddin və Sadiq adlı şəxslərin dayandıqlarını, həmçinin Kəmaləddinin əlində balta sapı olduğunu görmüşdür. O, Sadiq və Kəmaləddinin nə məqsədlə orada gözlədiklərini bilməmişdir. Zəbişah marketdən alver edib çölə çıxanda Kəmaləddin əlində olan balta sapı ilə oğlu Zəbişahı vurmaq istəyən zaman Zəbişah özünü müdafiə edərək balta sapını Kəmaləddinin əlindən almağa çalışmış, Zəbişah Kəmaləddini yerə yıxan vaxt Sadiq həmin balta sapını qarışıqlıqdan istifadə edib ələ keçirmiş və əlinə aldığı balta sapı ilə Zəbişahın başının arxa hissəsindən bir neçə dəfə zərbə endirmiş, bunu görən zaman dərhal o, avtomobildən düşmüşdür. O, əri Fikrət və gəlini Aynurə ilə birlikdə hadisə yerinə gedən zaman Aynurə Zəbişahı tutub kənara çəkmişdir. O, oğlu Zəbişaha kömək etmək istəyən zaman ayağı öz ayağına ilişərək yerə yıxılmış və nəticədə sağ qolundan xəsarət almışdır. Bundan sonra onlar birlikdə hadisə yerindən uzaqlaşmış, daha sonra Şabran RMX-yə gedərək tibbi yardım almışlar. O, Şabran RPŞ-də əvvəl verdiyi izahatında onu Sadiq adlı şəxsin yıxdığını zənn etdiyini, lakin oğlu Zəbişahın “Müzəffər” adlanan marketdən götürdüyü kamera görüntülərinə baxan zaman özünün ayağının ayağına ilişməsi nəticəsində yıxıldığını gördüyünü, həmin zaman yanılmağına səbəb həyəcan keçirməsinin olmasını, hadisənin təxminən 15-20 dəqiqə davam etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Şabran rayonu, Pirəmsən kəndində ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. Onun oğlu Zəbişah da polis orqanlarında xidmət etmişdir. Xidmət etdiyi zaman üzərinə düşən xidməti vəzifələrini layiqincə yerinə yetirmiş və cinayətlərin qarşısının alınmasında öz töhfəsini vermişdir. Zəbişah polis orqanlarından xaric olunduqdan sonra o, oğluna ara-sıra hədə-qorxular gəlindiyini eşitmiş, həmin hədə-qorxu gələnlərdən birinin adını sonradan bildiyi Şabran rayonu, Şahnəzərli kənd sakini Sadiqin olduğu ona məlum olmuşdur. 20 may 2021-ci il tarixdə oğlu Zəbişah, arvadı Nazilə və gəlini Aynurə ilə birlikdə bağ üçün azota ehtiyac olduğundan kəndin girəcəyində yerləşən “Müzəffər” adlanan marketə getmişlər. Zəbişah avtomobili marketdən bir qədər kənarda saxlayıb düşmüş, digərləri isə avtomobildə gözləmişlər. Zəbişah azot almaq üçün marketə daxil olmuş və sonuncunu avtomobildə gözləyən zaman anidən arvadı Nazilə qışqıraraq oğlu Zəbişahın, adını sonradan öyrəndiyi Kəmaləddin və Sadiq adlı şəxslər tərəfindən hücuma məruz qaldığını demiş, Zəbişah marketdən alver edib çölə çıxan zaman marketin bayırında gözləyən Kəmaləddin adlı şəxs əlindəki balta sapı ilə Zəbişahı vurmağa çalışmış, Zəbişah qolunu qabağa verib özünü müdafiə etmişdir. Daha sonra Zəbişah Kəmaləddini yerə yıxıb zərərsizləşdirən zaman həmin yerdə olan Sadiq adlı şəxs qarışıqlıqdan istifadə edib balta sapını ələ keçirib balta sapı ilə Zəbişahın başının arxa nahiyəsindən bir neçə dəfə zərbə endirmişdir. Bu zaman o, arvadı Nazilə, gəlini Aynurə avtomobildən düşüb Zəbişaha kömək etmək üçün hadisə yerinə getmişlər. X9 tutub kənarlaşdırmış, hadisə yerinə gələn zaman arvadı Nazilənin ayağı ayağına ilişdiyindən yerə yıxılmışdır. Nazilə yerə yıxılan zaman sağ qolundan xəsarət almışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şabran rayon Pirəmsən kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs onun bibisi oğludur, Təqsirləndirilən şəxs və Kəmaləddin Hüseynov isə qonşu kəndçiləridir, onlarla münasibəti normaldır, heç bir ədavət və düşmənçiliyi olmamışdır. 20 may 2021-ci il tarixdə saat 16 radələrində o, azot almaq üçün “Müzəffər” adlanan marketə getmiş, həmin vaxt orada işləyən Şahnəzərli kənd sakini İlkin adlı şəxs ona qohumu Zəbişahla “Baba” ləqəbi ilə tanınan Kəmaləddinin az əvvəl marketdə dalaşmasını bildirmişdir. O, azot gübrəsi aldıqdan sonra evə qayıtmış, məhəlləyə daxil olduqda Zəbişahın evinin qarşısında təcili tibbi yardım və polis avtomobillərinin dayandığını görüb onların evinə getmiş, orada həmin gün Şahnəzərli kənd sakinləri – Sadiq və Kəmaləddinlə Zəbişahın arasında münaqişə baş verməsi və münaqişə zamanı Zəbişahın başından xəsarət alması hadisənin 15-20 dəqiqə davam etməsi ona məlum olmuşdur. Məhkəmə iclsında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Şabran rayonu, Şahnəzərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, Bakı-Quba yolunun üzərində Pirəmsən kəndindəki “Müzəffər” adlanan marketdə fəhlə kimi çalışır. 20 may 2021-ci il tarixdə günorta saatlarında əvvəlcədən tanıdığı Zəbişah işlədiyi marketə gələrək onunla salamlaşmışdır. Zəbişah daha sonra ona hər birindən bir kiloqram olmaqla azot və amfozi adlanan gübrələrdən çəkməyini istəmiş, ona görə də o, marketdən çıxıb həmin gübrələri çəkməyə getmişdir. Həmin gübrələri çəkib marketə qayıdıb daxil olan zaman Zəbişah və Şahnəzərli kənd sakini kimi tanıdığı Kəmaləddinin bir-birlərinə əl-qol atdıqlarını və sözlə mübahisə etdiklərini görmüşdür. Kəmaləddin bu zaman çölə çıxıb Zəbişahı marketin bayırında gözləyəcəyini bildirmişdir. Zəbişah alver edib çölə çıxan zaman Kəmaləddin əlində olan balta sapı ilə Zəbişahın üzərinə hücum etmiş, Zəbişah zərbədən yayınaraq Kəmaləddini yerə yıxmış, Kəmaləddini zərərsizləşdirmək istəyən zaman əvvəlcədən tanıdığı və həmin zaman hadisə yerində olan Sadiq adlı şəxs Kəmaləddinin əlindəki balta sapını ələ keçirib həmin balta sapı ilə Zəbişahın başının arxa nahiyəsindən bir-iki dəfə zərbə endirmişdir. Daha sonra orada olan kənar şəxslər davadalaşa müdaxilə edərək aranı sakitləşdirmişlər. Zəbişah öz ailə üzvləri ilə birlikdə avtomobilə əyləşib getmişlər. Kəmaləddin və Sadiq də avtomobilə əyləşib uzaqlaşmışlar. O, həmçinin hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, hadisə yerində Kəmaləddin, Sadiq, Zəbişah və onun ailə üzvləri, habelə tanımadığı digər şəxslərin olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Şabran rayonu, Ərəblər kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 20 il olar ki, Bakı-Quba yolunun Şabran rayonu, Pirəmsən kəndindən keçən hissəsində yolun üstündə olan “Müzəffər” adlanan marketdə satıcı işləyir. Kəmaləddin adlı şəxsi uzun müddətdir ki, qonşu kənd olan Şahnəzərli sakini kimi tanıyır, onunla münasibətləri normaldır və aralarında hər hansı bir anlaşılmazlıq və ya ədavət olmamışdır. 20 may 2021-ci il tarixdə saat 14 radələrində “Müzəffər” adlanan marketdə kassa aparatının arxasında olan zaman Zəbişah marketə daxil olaraq azot almaq istədiyini bildirmiş, marketdə çalışan Əlibaba Zəbişaha azot çəkmək üçün onunla birlikdə marketdən çıxmışdır. Bu zaman Kəmaləddin yaxınlaşaraq ondan siqaret istəmiş, Sadiq adlı şəxs də Kəmaləddinlə bir yerdə olmuşdur. O, Kəmaləddinə siqaret paketlərinin qiymətinin təxminən 10-12 manat olduğunu demiş, Kəmaləddin isə yalnız 3-4 manat pul verə biləcəyini, ot daşımağa getdiyini, qayıdan zaman qalan borcunu qaytaracağını bildirmişdir. Zəbişah əlindəki sellofan paketdə olan azotu çəkdikdən sonra 01 manat pulu ona vermiş, bu zaman Kəmaləddin Zəbişaha “görmürsənmi satıcı ilə alver edirəm, növbəni gözlə də” demişdir. Zəbişah heç bir problemin olmadığını, “alver edirsənsə elə də” demişdir. Bundan sonra Kəmaləddin və Zəbişah bir-birlərinə əl-qol atmağa başlamış, sonuncu, Kəmaləddinə sakit olmasını desə də, Kəmaləddin Zəbişahı çölə çağırıb bayırda gözləyəcəyini bildirmişdir. Bundan sonra Sadiqlə Kəmaləddin birlikdə marketdən çıxmışlar. Zəbişah bir qədər sonra çölə çıxmış, və bu zaman marketin çölündən səs-küy gəldiyini eşitmişdir. O, kassa aparatının arxasında kameraların monitorundan Kəmaləddinlə Zəbişahın bir-biri ilə əlbəyaxa olduqlarını və kənar şəxslərin onları sakitləşdirməyə çalışdığını müşahidə etmişdir. Həmin vaxt təzyiqinin artması səbəbindən özünü narahat hiss etmiş, çölə çıxmadığına görə kamera görüntüsündən sadəcə onların bir-biri ilə dalaşdığını və orada olan kənar şəxslərin müdaxiləsi ilə aranın sakitləşdiyini görmüşdür. Dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, Şabran rayonu, Pirəmsən kəndində ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır və münasibətləri normal olmuşdur. Sadiq və Kəmaləddin adlı şəxsləri qonşu Şahnəzərli kənd sakinləri kimi tanıyır və onlarla da münasibəti normaldır. 20 may 2021-ci il tarixdə saat 14 radələrində qardaşı Afərlə birlikdə Şabran rayonu, Pirəmsən kəndi ərazisində “Müzəffər” adlanan marketin yaxınlığında olan avtobus dayanacağında traktor gəlməsini gözləmişlər. Dayanacaqla market arasında olan məsafə təxminən 30-40 metr olmuşdur. Qardaşı Afər ağacın dibində olan oturacaqda əyləşmişdir. Həmin vaxt o, səs-küy eşitmişdir. Afər cəld bir şəkildə qalxıb səs-küy gələn istiqamətə getmiş, o, isə traktor gəldiyinə görə qardaşının qalxıb getdiyini zənn etmişdir. Bir qədər sonra o da səs-küy gələn yerə getmiş, orada Zəbişah və onun ailə üzvlərini, adını sonradan öyrəndiyi Kəmaləddin, Sadiq və tanımadığı digər şəxslərin olduğunu görmüşdür. Ona bir qədər əvvəl dava baş verdiyi məlum olmuş, ora gəlib çatanda dava artıq başa çatmış, Kəmaləddin və Zəbişah arasında yalnız sözlü şəkildə mübahisə getdiyini müşahidə etmişdir. Bir qədər sonra Zəbişah öz ailə üzvləri ilə birlikdə çıxıb getmiş, Kəmaləddini və Sadiqi avtomobilə əyləşdirib aparmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərdi ki, Şabran rayonu, Pirəmsən kəndində ailəsi ilə birlikdə fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır və münasibətləri normal olmuşdur. Sadiq adlı şəxsi qonşu Şahnəzərli kənd sakini kimi tanıyır və onunla da münasibəti normaldır. Kəmaləddin adlı şəxslə tanışlığı yoxdur və adını sonradan öyrənmişdir. 20 may 2021-ci il tarixdə saat 14 radələrində siqaret almaq üçün Şabran rayonu Pirəmsən kəndində yerləşən “Müzəffər” adlanan marketə getmiş, marketə daxil olan zaman kassada Kəmaləddin adlı şəxsin nisyə siqaret almaq üçün satıcı Cərulla ilə israrla söhbət etdiyini müşahidə etmişdir. Kəmaləddin həmin zaman sərxoş vəziyyətdə olmuşdur. Zəbişah isə bu zaman əlində olan azot gübrəsini çəkmək üçün tərəziyə qoymuş, Kəmaləddin guya sıranı pozduğuna görə Zəbişahla mübahisə etməyə başlamışdır. Onlar marketin daxilində bir-birlərinə əl-qol atsalar da, bir-birinə xəsarət yetirməmişlər. Marketin daxilində Kəmaləddin Zəbişahın ünvanına nalayiq ifadələr səsləndirmiş və Zəbişahı çölə dalaşmağa çağırmışdır. Kəmaləddin və Sadiq birlikdə çölə çıxmış, o da siqareti alıb çölə çıxmışdır. Kəmaləddin marketin çölündə əlinə satışda olan balta sapını almış, Zəbişah çölə çıxan kimi Kəmaləddin əlindəki balta sapı ilə Zəbişahın başından zərbə endirmişdir. Zəbişah özünü müdafiə edərək Kəmaləddinlə əlbəyaxa olmuş və onu yerə yıxmışdır. Lakin bu zaman Zəbişahın arxasında olan Sadiq Kəmaləddinin əlindən düşən balta sapını əlinə alaraq Zəbişahın başının arxa nahiyəsindən dəfələrlə zərbə endirmişdir. O, dərhal hadisəyə müdaxilə etmiş və Sadiqin sinəsindən itələyərək onu sakitləşdirmişdir. Bu əsnada Zəbişahın ailə üzvləri də avtomobildən düşərək dava baş verən yerə gəlmişlər. Zəbişahın ailə üzvləri gəldikdən sonra ara sakitləşmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspetizasının 21 may 2021-ci il tarixli 87 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –təpə nahiyəsinin dərialtı qansızması (hematoması), sağ əlin yumşaq toxumalarının əziyi, qarnın ön divarının sol yarısında lokalizə olunmuş zolaq şəkilli qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 20.05.2021-ci il tarixdə döyülmə zamanı-ağac parçası ilə (balta sapı ilə), dəmir trosla vurulan zərbələr nəticəsində alına bilərdi, özü-özünə yetirilməsinə xarakterik deyil, qarnın ön divarında aşkar olunmuş qançır sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmayan, qalan qeyri xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09.07.2021-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 15 noyabr 2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 15.11.2017-ci il tarixdə Şabran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Şabran rayon məhkəməsinin 7(031)-42-2018-ci il saylı 12.09.2018-ci il tarixli qərarı ilə 4000 manat cərimə cəzası 02 il müddətinə islah işləri ilə əvəz edilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) Tərlan Məlikovun amnistiya aktının tərtib edilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarından görünür ki, “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05.11.2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs qazancından 20% dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasından azad edilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmünə əsasən X1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilmişdir. Cinayət işi materiallarında olan Şabran rayon polis şöbəsinin 24 fevral 2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.09.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Şabran rayonu Şahnəzərli kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi – atası X6 və anası X2 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmədə dindirilmə protokolu, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-11/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-11/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver