Məhkəmə qərarları › İş №1(031)-11/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-11/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-11/2023 08.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində “orta dərəcəli sərxoşluq” vəziyyətində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “24 saat” mağazasının yaxınlığındakı avtobus dayanacağında olarkən orada dayanmış Şabran şəhər sakini Zərərçəkmiş şəxs guya ona qumar oyununa görə borclu olmasını iddia edərək aralarında mübahisə yaranmasına zəmin yaradıb heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan səsləndirdiyi nalayiq ifadələrlə onu təhqir etmiş, silah qismində istifadə olunan üzərində gəzdirdiyi 01 ədəd soyuq silah hesab edilməyən cib bıçağı ilə sonuncuya qarşı zor tətbiq edərək sağ qolunun dirsək nahiyəsinə və bədəninin sol nahiyəsinə zərbələr endirib ona döş qəfəsinin sol yarısının arxa-yan divarının plevra boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sağ said nahiyəsinin deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmişin çağırış və xəbərdarlıqlarına məhəl qoymayaraq qərəzli hərəkətlərini 10-15 dəqiqə ərzində davam etdirib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək həmin ərazidə qonşuluqda yaşayan insanların rahatlığını pozmuş, bununla da silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Şabran şəhəri, Q.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda anası ilə birlikdə yaşayır. Subaydır və 3-cü qrup əlildir. Müxtəlif yerlədə fəhləlik etməklə məşğuldur. Zərərçəkmiş şəxs Şabran rayon sakini kimi uzun müddətdir ki, tanıyır və onunla hər zaman münasibətləri yaxşı olmuşdur. 04 sentyabr 2022-ci il tarixdə gün ərzində demək olar ki, Xaçmaz rayonunda müxtəlif kafelərdə olmuş, 2022-ci ilin sentyabr ayının 04-dən 05-nə keçən gecə isə sərxoş halda tanımadığı yol maşını ilə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “24 saat” mağazasının yanına gəlmiş, əvvəl mağazaya daxil olaraq oradan bir ədəd “Rothmans” markalı siqaret və 01 ədəd şüşə butulkada “Xırdalan” pivəsi almış, mağazadan çıxdıqdan sonra isə mağazanın yaxınlığında olan avtobus dayanacağının içərisində Müşviqi görmüş, sonuncunu gördükdə onunla salamlaşdıqdan sonra bir müddət söhbət etmiş, söhbət zamanı Müşviqə 4 il əvvəl 25 manat borc pul verdiyini, ancaq bu günə kimi borcunu qaytarmamasının səbəbini soruşmuşdur. Bundan əlavə Müşviqlə söhbət edən zaman cibində olan cib bıçağı ilə pivə butulkasının qapağını açmağa çalışmış, söhbət zamanı Müşviq ona borcunun olmadığını söyləmiş və buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı içkili olduğuna görə özündə olmadığından sol əlindəki bıçaqla Müşviqi 2-3 dəfə vurmuş, ancaq sonuncuya bıçaqla xəsarət yetirdiyini bilməmiş, sadəcə olaraq sol əlindəki bıçağı 2-3 dəfə ona tərəf atmışdır. Lakin bıçağın ona dəyməsini bilməmişdir. Münaqişə zamanı ətrafda heç kim olmamışdır. Müşviqlə mübahisəni bitirdikdən sonra hər ikisi ayrılaraq yollarına davam etmişlər, ardınca isə birbaşa evinə gəlmiş, evinə gəldikdən bir müddət sonra isə Şabran RPŞ-nin əməkdaşlarının onu rayon polis şöbəsinə dəvət etdiklərini görmüşdür. RPŞ-də olan zaman münaqişə vaxtı Müşviqə bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Törətdiyi əməldən peşmandır, anasının xəstə olaraq tək yaşıdığını, anasına ancaq onun baxdığını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Şabran şəhəri, “5 Sotlar” adlanan massivdə tək yaşayır. Müxtəlif yerlərdə fəhləlik etməklə dolanır. Təqsirləndirilən şəxs artıq uzun müddətdir ki, Şabran rayon sakini kimi tanıyır, onunla hər zaman münasibətləri normal olmuşdur. 05 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə tək olmuş, həmin vaxt həm yuxusu gəlmədiyinə, həm siqaret almaq məqsədilə, həm də, ürəyi sıxıldığına görə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “24 saat” mağazasının yanındakı avtobus dayanacağının yanına getmiş, ora getməkdə məqsədi həmin ərazidə avtomobil ehtiyyat hissələrinin satışı mağazasının vifi-dan istifadə etməklə internetdə vaxtını keçirmək olmuşdur. İlk əvvəl rayonda bir az gəzmiş, bir neçə dükana daxil olaraq müxtəlif insanlarla söhbət etmiş, saat 04 radələrində isə artıq M.Ə.Rəsulzadə küçəsində yerləşən “24 saat” mağazasının yanındakı avtobus dayanacağında olmuşdur. Orada oturduqdan təxminən 15 dəqiqə sonra İlkinin yolun o biri tərəfindən markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobildən düşdüyünü və ona tərəf gəldiyini gördüyünü görmüşdür. Avtomobildən düşdükdən sonra İlkin əvvəl 1-2 dəqiqə telefonda kiminləsə danışmış, sonra isə ona yaxınlaşaraq salam vermiş, əvvəl bir müddət gündəlik həyatdan söhbət etmişlər, söhbət zamanı İlkinin sərxoş olduğunu anlamışdır. Ardınca isə İlkin ondan qadın nömrəsi istəmiş və gedib bir yerdə oturub yeyib-içməyi təklif etmişdir. O, isə İlkinə cavabında qadın nömrəsi bilmədiyini, bundan əlavə heç yerə getməyəcəyini, əgər istəyirsə özünün tək getməli olduğunu söyləmişdir. Daha sonra İlkin ona tutulmamışdan əvvəl 17 manat qumar borcunun olduğunu söyləmiş, o isə cavabında sonuncuya elə bir borcunun olmadığını, o, tutulmamışdan əvvəl İlkinə 6 manat borcunun olduğunu, onu da özünə qaytardığını söyləmişdir. Beləcə aralarında münaqişə yaranmış, gözləmədiyi anda İlkin sol əli ilə onun sağ qolundan bıçaqla xəsarət yetirmiş, əvvəl İlkinin əlində bıçaq olduğunu görməmişdir. İlkin ilk dəfə onu vuranda sonuncunun onu yumruqla vuracağını düşünmüş, ancaq İlkin ona zərbə yetirəndə bıçaqla xəsarət yetirdiyini anlamış, ardınca isə İlkin onun bədəninin sol nahiyəsinə də 1-2 dəfə bıçaq xəsarəti yetirmişdir. İlkin ondan əl çəkməmiş və sonuncunun sərxoş olduğunu və özündə olmadığını gördüyünə görə oradan uzaqlaşaraq ara məhəlləyə girmişdir. İlkin də onun getməyini görərək qışqıraqışqıra “mən 5 il türmədə yatmışam, həmin müddət ərzində bir dəfə olsun yanıma gəlmədin” kimi sözləri deməyə başlamış, bu zaman həmin məhəllədə yaşayan Xəyyam adlı şəxsin bayıra çıxdığını görmüş, Xəyyam onun qolundan və bədən nahiyəsindən qan axdığını gördüyünə görə onu xəstəxanaya aparmaq istədiyini bildirmişdir. O, buna razı olmamış, lakin daha sonra Xəyyam Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmış, briqadası gəldikdən sonra o, RMX-ya aparılmış, Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşadığını, subay olduğunu və müxtəlif yerlərdə fəhləlik etməklə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evdə namaz qılmaq məqsədilə yuxudan durduğunu, bu zaman çöldən səs-küyün gəldiyini eşitdiyini, pəncərəyə yaxınlaşdıqda rayon sakinləri – Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs səslərini eşitdiyini, ancaq səslərini eşitsə də özlərini görmədiyini, mübahisə zamanı hər iki tərəfin bir-birini nalayiq ifadələrlə təhqir etdiyini, ardınca birbaşa çölə çıxdığını, elə məhəlləyə təzəcə çıxan zaman Müşviqin onların evinə doğru gəldiyini gördüyünü, Müşviq yaxınlaşdıqda onun bədəninin qan içərisində olduğunu gördüyünü, Müşviqə yaxınlaşaraq nə baş verdiyini soruşduqda, sonuncunun İlkinlə mübahisə etdiyini və mübahisə zamanı İlkinin ona bıçaqla xəsarət yetirdiyini bildirdiyini, Müşviqin bədənin qan içərisində olduğunu gördüyünə görə təcili olaraq Səhiyyə Nazirliyinin 103 xidmətinə müraciət etdiyini, müraciətindən sonra isə həkim briqadasının yaşadıqları məhəlləyə gələrək Zərərçəkmiş şəxs xəstəxanaya apardıqlarını göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspetizasının xx.xx.2022-ci il tarixli 193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - döş qəfəsinin sol yarısının arxa-yan divarının plevra boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sağ said nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşiçi-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 may 2022-ci il tarixli tələbnamədən və Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1, 228.4, 66.3, 67.1-ci maddələri ilə 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 4 il Azadlıqdan məhrumetmə cəzasına endirilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkəmə qərarında yol verilmiş anlaşılmazlığın aradan qaldırılması ilə əlaqədar Təqsirləndirilən şəxs cəzası 03 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)- 911/22 saylı 08 aprel 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 04 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işi materiallarında olan Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 31 yanvar 2023-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CMnin 126.1, 228.4, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il 10 ay müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)-911/22 saylı 08 aprel 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 16 gün müddətindən şərti azad edilmişdir və cəza müddəti başa çatdığı üçün 24 avqust 2022-ci il tarixdən Şabran rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Hal-hazırda məhkum Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamışdır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Q.Qasımov küçəsində ailə üzvləri – anası X2, qardaşı – X4 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli 3888 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, ailə üzvlərinə qarşı hər hansı kobudluq göstərməmiş, onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(031)- 53/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 31 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmədə dindirilmə protokolu, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi cib bıçağı məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi cib bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar