Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-12/2022 28.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 2000-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, 06.10.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şabran RPŞ-nin əməkdaşları tərəfindən 05 oktyabr 2021-ci il tarixdə saat 00-05-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli oduğu üçün saxlanılıb idarə etdiyi özünə məxsus “VAZ-2106” **-DE-*** qeydiyyat nişanlı avtomobili ilə polis şöbəsinə gətirilərək, onun avtomobilinə baxış keçirilən zaman sürücü oturacağının altından istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi və avtomobilində saxlayaraq daşıdığı 01 ədəd falga kağızı bükümündə təmiz çəkisi 0,660 qram, avtomobilin arxa oturacağın söykənmə yerinin arxa iç tərəfində olan üstü palçıqlı gödəkçənin sol yan cibindən siqaret cığarasına bükülmüş 01 bükümdə təmiz çəkisi 0,349 qram, ümumi təmiz çəkisi 1,009 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, subaydır, ailəsinə köməklik göstərmək məqsədi ilə özünə məxsus “VAZ-2106” markalı **-DE-*** qeydiyyat nişanlı avtomobili taksi kimi idarə edib gündəlik çörək pulunu qazanır. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəlində əldə etdiyi 01 bükümdə ağ kristal şəklində “şüşə” adlanan psixotrop maddə olan metamfetaminin ilk dəfə dadına baxıb çəkmək onda marağı yaranmış, yəni bundan əvvəl “şüşəni” qəbul etməmiş, sadəcə olaraq dadına baxmaq istəmiş, həmin falga kağızına bükülmüş “şüşəni”, yəni metamfetamini avtomobilində sürücü oturacağının altına qoymuşdur. 04 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində avtomobili ilə Şabran şəhərindən Dəvəçi kəndi istiqamətində dostu Nihad telefonla zəng edib taksi kimi çağırdıqda sonuncunu götürməyə getmiş, yolda məktəbdən tanıdığı Şərafəddinlə rastlaşmış, avtomobili saxlayaraq Şərafəddini avtomobilinə dəvət etmiş, birlikdə gedib Nihadı götürməyi ona təklif etmişdir. Şərafəddin avtomobilə əyləşmiş, onlar birlikdə gedib Nihadı Meliorasiya küçəsindən götürdükdə Nihada çata-çatda qabaqdan üzbəüz polis şöbəsinin “Dobla” markalı avtomobili gəlib yanlarından keçmişdir. Nihadı avtomobilə götürmüş, Nihad qabaqda yanında oturmuş, Şərafəddin isə arxada olmuşdur. Həmin vaxt polisə məxsus “Dobla” avtomobili hərlənib geri qayıdıb yanlarına gəlmiş, Nihad nədənsə ona ”sür” demiş və avtomobili irəli sürmüş, “Dobla “ arxalarınca gəlmiş, avtomobili təxminən 100 metr irəli bir məhəlləyə sürmüş, Şərafəddin ona “niyə qaçırsan, maşını saxla” demişdir. 100 metr irəli getdikdən sonra girdiyi məhəllədə avtomobili saxlamış, avtomobildən düşdükdə Nihad qaçmağa başlamış, onu və Şərafəddini polislər yaxalamış, Nihadı isə tuta bilməmişlər. Onları polis şöbəsinə gətirdikdə müstəntiqin və müdafiəçinin iştirakı ilə üzərlərində şəxsi axtarış apardıqda heç bir qeyri-qanuni əşya və ya narkotik aşkar edilməmiş, lakin onun avtomobilinə keçirilən baxış zamanı sürücü oturacağının altına 2-3 gün əvvəl qoyduğu falga kağızında 01 bükümdə olan “şüşə” adlanan metamfetamini, avtomobilin oturacağından maddəni çəkmək üçün hazırladığı uzunvari falga kağızını və ona məxsus siqaretin içərisindən yenə də maddəni çəkmək üçün aldığı “Kazbek” markalı papirosun boş gilzini aşkar edib götürmüşlər, ”Kazbek” papirosunu özü boşaltmışdır. Həmin zaman avtomobilin arxa oturacağın söykənmə yerinin arxasından qara rəngli üstü tamam palçıqlı gödəkcə aşkar olunmuş, həmin gödəkçəyə baxdıqda sol yan cibindən 01 ədəd siqaret bükümündə ağ kristal şəklində “şüşə” adlanan psixotrop maddə aşkar olunmuş, həmin büküm də qablaşdırılaraq götürülmüşdür. Həmin palçıqlı gödəkçə ona məxsus olmuş, onu ancaq avtomobili xarab olduqda, alt hissəsinə girib baxmaq lazım olanda əyninə geyinmiş, onun cibindən çıxan 01 ədəd siqaret bükümdəki psixotrop maddəni də tutulduğundan təxminən 02 həftə əvvəl şəhərin dəmir yol stansiyasının ərazisindən tapmış, sadəcə olaraq palçıqlı gödəkçənin cibinə qoyduğunu unutmuşdur. Həmin hadisə vaxtı avtomobilində onunla olan Nihadın və Şərafəddinin aşkar olunmuş 02 büküm metamfetamindən, boş siqaret gilizi və uzunvari falga parçası barədə xəbərləri olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXBnün manqa komandiri Şahid1 göstərdi ki, 04 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində PPXB-nün polis nəfərləri – Elvin Babayev, Çingiz Seydiyev və Şahid2la birlikdə Şabran şəhərində 01 saylı xidməti marşrutda olduqları zaman şəhərin Meliorator küçəsində üzbəüz gələn “VAZ-2106” markalı **-DE-*** qeydiyyat nişanlı avtomobildə olan şəxslərin özlərini şübhəli apardıqlarını görüb özlərini təqdim etmək üçün həmin avtomobilə yaxınlaşdıqda həmin avtomobilin sürücüsü avtomobili irəli sürərək gözdən yayınmaq məqsədi ilə aralıq məhəlləyə girmişdir. “VAZ-2106” markalı avtomobildə olan şəxslərin narkotik vasitə və ya psixotrop maddələrin saxlamalarında şübhələndikləri üçün həmin avtomobili təqib etdikdə həmin məhəllədə avtomobilə çatmışlar. Avtomobildən sürücü və iki sərnişin düşmüş, sürücü və sərnişinlərdən biri qaçmağa başlamış, sürücünü və arxa oturacaqdan düşən ikinci sərnişini yaxalamışlar, lakin qabaq oturacaqdan düşən sərnişin onlardan qaçıb uzaqlaşa bilmişdir. Həmin 02 şəxsi avtomobillə birlikdə polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Artıq şöbədə məlum olmuşdur ki, saxlanılanlar Şabran şəhər sakinləri – avtomobilin sürücüsü 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, sərnişin 1999-cu il təvəllüdlü Şahid3, onlardan qaçıb uzaqlaşan sərnişin isə X6 olmuşdur. Həmin şəxslərin polis şöbəsinə gətirilməsi barədə tərəfindən raport yazılmış, raport aidiyyəti üzrə İstintaq bölməsinə verildikdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid3 üzərlərində şəxsi axtarış aparıldıqda heç bir narkotik, psixotrop maddə və ya hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs “VAZ-2106” markalı **-DE-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman sürücü oturacağının altından falga kağızında 01 bükümdə olan “şüşə” adlanan metamfetaminə bənzər kütlə, avtomobilin oturacağından maddəni çəkmək üçün hazırlanmış uzunvari falga kağızı və Təqsirləndirilən şəxs məxsus siqaretin içərisindən yenə də maddəni çəkmək üçün boşaltdığı “Kazbek” markalı papirosun boş gilzi aşkar edilib götürülmüşdür. Həmin zaman avtomobilin arxa oturacağın söykənmə yerinin arxasından qara rəngli, üstü tamam palçıqlı gödəkcə aşkar olunmuş, həmin gödəkçəyə baxıldıqda sol yan cibindən 01 ədəd siqaret bükümündə ağ kristal şəklində “şüşə” adlandırılan psixotrop maddəyə bənzər ikinci kütlə aşkar olunmuş, həmin aşkar olunmuş 02 bükümdəki kütlərər, falga kağızı və siqaretin boş gilzi götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid2 iş üzrə Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır, Təqsirləndirilən şəxsla 3 saylı orta məktəbdə başqa siniflərdə oxumuşdur, onunla yoldaşlıq münasibətindədir. 04 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Vicaya mobil telefonuna zəng etmiş və onu Meliorator küçəsindən götürməsini xahiş etmişdir. Vicay taksi kimi sürdüyü özünə məxsus “VAZ-2106” markalı **-DE-*** qeydiyyat nişanlı avtomobillə gəlib onu götürmüş, məktəbdən tanıdığı Şərafəddin də avtomobildə olmuş, Şərafəddin təsadüfən Vicaya yolda rast gəldiyi üçün Vicay onu götürmüşdür. Vicayla Şərafəddinə gedib çay içməyi təklif etmiş, Şərafəddin əvvəlcə razılıq versə də yarıyolda səhər tezdən durub işə getməli olduğunu bildirmişdir. Vicaydan özünü evinə aparmasını xahiş etmiş, Vicay dərhal geriyə dönmüş və bu zaman Meliorator küçəsində onunla üzbəüz polis şöbəsinin “Dobla” markalı avtomobilinin gəldiyini görmüşdür. Vicay nədənsə çaşmış, avtomobilin mühərriki sönmüş, Vicay təkrar mühərriki işə salmış, həmin vaxt polisə məxsus “Dobla” avtomobili yanında dayanmış və polislər Vicaya nəsə işarə verdikdə Vicay gözlənilmədən avtomobili irəli sürmüş, Vicayın üzünə baxdıqda nədənsə qorxub həyəcanlı vəziyyətdə olmasını görmüş, Vicay avtomobili irəli sürərək bir ara məhəlləyə girmiş, “Dobla” onların arxasınca gəlmiş, Vicay həmin məhəllədə avtomobili saxlamış və avtomobildən düşüb qaçmağa başlamış, ona baxıb özü də qaçmağa başlamış, fikirləşmişdir ki, yəqin Vicayda ya da avtomobilində nəsə bir qeyriqanuni bir şey var ki, o, polislərdən qaçmaq istəmişdir. Polislərdən qaça bilmiş, sonradan Vicayı polis əməkdaşları yaxaladığını və onun avtomobilindən narkotik və ya psixotrop maddələr tapıldığını eşitmiş, lakin nə aşkar edildiyi barədə dəqiq məlumatı, Vicayın avtomobilində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olmasından heç bir xəbəri olmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-kimyəvi ekspertizasının 05 oktyabr 2021-ci il tarixli 6/ 4402 saylı rəyindən görünür ki, “...Vət. Təqsirləndirilən şəxs məxsus... “ yazı və imzalar olan zərfdə 02 ədəd gümüşü kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,660 qr və 0,349 qr (tədqiqata sərf edilən miqdar – 0,06 qram (hər bir obyektdən 0,03 qram olmaqla), qalıq 0,949 qram) ağ rəngli kristalşəkilli maddə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan bir ədəd falga kağızının səthində və 01 ədəd borucuğun daxilində psixotrop maddənin izləri yoxdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən ambulator məhkəmə-narkoloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli 4716 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 4825 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ailə üzvləri – atası X3, anası X4 və bacısı X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 4826 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli tutma protokolundan, eləcə də 06 oktyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci ildən 06 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,949 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd falga kağızı və 01 ədəd boş borucuq məhv edilməli, Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd kompakt diskin (CD) maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 88 manat 70 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,949 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd falga kağızı və 01 ədəd boş borucuq məhv edilsin, Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd kompakt diskin (CD) maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 manat 70 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-12/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-12/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver