Məhkəmə qərarları › İş №1(031)-13/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-13/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-13/2021 08.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, X7 İstismar İdarəsinin Şabran xidmət sahəsində nəzarətçi- çilingər işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2sin nəzarəti altına vermək qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 22 noyabr tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edib Şabran rayon mərkəzi xəstəxanasında yerləşən laboratoriya otağının qarşısında olan insanların arasında gəzməklə yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, X7 İstismar İdarəsinin Şabran xidmət sahəsində nəzarətçi çilingər işləyir. xx xxxxxx 2020-ci il tarixdə dad və iy bilmə hissini itirdiyi üçün “COVİD-19” yeni növ koronavirus xəstəliyindən test vermək məqsədi ilə Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin gün xəstəxanada onun burun nahiyəsindən yaxma yolu ilə test götürülmüş və testin cavabının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə mesajla göndəriləcəyi ona bildirilmişdir. Sonra o, yaşadığı evə qayıtmışdır. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə “its.gov.az” sözlərlə qeydiyyatda olan maildən mesaj gəlmiş, həmin mesajda testinin cavabının “pozitiv” çıxması bildirilmiş və həmin an ona məlum olmuşdur ki, artıq “COVİD 19” yeni növ koronovirus xəstəliyinə tutulmuşdur. Xəstəliyə tutulmağı ilə bağlı işlədiyi X7 İstismar İdarəsinin Şabran xidmət sahəsinə məlumat vermiş və 14 gün ərzində ev şəraitində müalicə olunmağı ilə bağlı işə çıxa bilməcəyini bildirmişdir. İşlədiyi yerə də məlum olmuşdur ki, “COVİD-19” yeni növ koronovirus xəstəsi 14 gün ərzində işə çıxmır, 14 gündən sonra sağalarsa həkimdən sağlamlıq haqqında arayış aldıqdan sonra işə buraxılacağı, işlədiyi yer tərəfindən ona bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, evdə qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə anası Şahid7 səhhəti pislədiyindən təcili tibbi yardım üçün “103” nömrəsini yığmış, lakin təcili yardım briqadası onların yaşadığı evə gəlməmiş, o, məcbur qalıb anasını Şabran rayon mərkəzi xəstəxanasına, idarə etdiyi “VAZ-2107” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparmışdır. O, Şabran rayon mərkəzi xəstəxanasına gedəndə iki ədəd maskadan istifadə etmişdir. Xəstəxanada olan zaman anası Şahid7 ilə birlikdə xəstəxananın həyətində yerləşən, ikimərtəbəli binanın birinci mərtəbəsindəki laboratoriya otağına yaxınlaşmışlar. Həmin otağın qarşısında 10 nəfər tanımadığı adamlar olmuşdur. Növbə götürüb avtomobildə anası Şahid7 ilə gözləmişdir. Növbə azaldıqdan sonra anası Şahid7 ilə birlikdə laboratoriya otağına yaxınlaşmışdır. Orada anası burun nahiyəsindən yaxma yolu ilə test vermişdir. Xəstəxanadan çıxıb evə qayıdan zaman istifadəsində olan mobil telefona tanımadığı nömrədən zəng gəlmiş və həmin vaxt telefona cavab verə bilməmişdir. O, yaşadığı evə qayıtmış və aradan bir qədər vaxt keçdikdən sonra polis əməkdaşları gəlib onu çağırmışlar və nə üçün yaşadığı evi tərk etməyini soruşmuşlar. O, polis əməkdaşlarına izah etmişdir ki, anası xəstə olduğu üçün Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Polis əməkdaşları isə ona izah etmişlər ki, evi tərk etməklə pandemiya qaydalarını pozmuşdur. Bundan sonra, onun fotoşəkili çəkilmiş və protokol tərtib olunmuş, tərtib olunmuş protokol onun və polis əməkdaşlarının imzaları ilə təsdiq olunmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-nın komandiri Şahid1 göstərdi ki, dünyada və Azərbaycan Respublikasında yayılmış “COVİD 19” yeni növ koronovirus xəstəliyi ilə əlaqədar olaraq əhali arasında hava və damcı vasitəsi ilə bir şəxsdən digərinə şəxsə keçməsinin qarşısının alınması məqsədi ilə hər gün “COVİD 19” yeni növ koronovirus testləri “pozitiv” çıxmış şəxslər tərəfindən yoxlanılır. Yoxlamanın səbəbi isə test cavabları “pozitiv” çıxmış şəxslərin yaşayış yeri üzrə evində müalicə alması və yaşadığı evi tərk etməməsi olmuşdur. Bu məqsədlə xx xxxxxx 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş xəstələrin siyahısını götürüb, RPŞ-in PPXT-ın manqa komandiri, polis baş serjantı Şahid2, PPXT-ın polis nəfəri, polis serjantı Şahid4 və polis serjantı Şahid3la birlikdə Şabran şəhər ərazisində yoxlama aparmaq üçün xidmətə başlamışdır. Xidmət zamanı siyahıda adı göstərilən Təqsirləndirilən şəxs Şabran şəhəri, Əliağa Vahid küçəsi nömrəsiz evdə yaşamaqla test cavabı “pozitiv” çıxmış və ev şəraitində müalicə alması, evi tərk etməməsi izah olunan Təqsirləndirilən şəxs evdə olmaması onlara məlum olmuşdur. O və yuxarıda adları göstərilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında gözləmişlər. Aradan bir necə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə idarə etdiyi “VAZ 2107” markalı avtomobildə anası Şahid7 ilə birlikdə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evi nə üçün tərk etməsi səbəbini soruşduqda sonuncu, anası Şahid7 Şabran rayon mərkəzi xəstəxanasına aparmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi qanun pozuntusu olduğunu izah edib, həmin yerə Şabran RPŞ-in TB-nin təhqiqatçısı, polis mayoru Şirin Lələyevi dəvət etmişlər. Şirin Lələyev RPŞ-in axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5la birlikdə həmin yerə gəlmiş və Şirin Lələyev tərəfindən Təqsirləndirilən şəxs “COVİD 19” yeni növ koronovirus testinin nəticəsi “pozitiv” ola-ola yaşadığı evi tərk etməsi və xəstəliyin insanlar arasında daha da artmasına imkan yarandığı üçün bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçıların və polis əməkdaşlarının imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nin əməkdaşları – Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin Axtarış üzrə əməliyyat müvəkkili Şahid5 göstərdi ki, dünyada və Azərbaycan Respublikasında yayılmış “COVİD 19” yeni növ koronovirus xəstəliyi ilə əlaqədar olaraq əhali arasında hava və damcı vasitəsi ilə bir şəxsdən digər şəxsə keçməsinin qarşısının alınması məqsədi ilə hər gün “COVİD 19” yeni növ koronovirus testləri “pozitiv” çıxmış şəxslər polis əməkdaşları tərəfindən yoxlanılır. Yoxlamanın səbəbi isə test cavabları “pozitiv” çıxmış şəxslərin yaşayış yeri üzrə evində müalicə alması və yaşadığı evi tərk etməməsinin olduğunu bildirmişdir. Bu məqsədlə xx xxxxxx 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş xəstələrin siyahısını götürüb, RPŞ-nin PPXT-nın tağım komandiri Şahid1, PPXT-nın manqa komandiri Şahid2, polis nəfərləri – Şahid3 və Şahid4 Şabran şəhər ərazisində yoxlama aparmaq üçün xidmətə başlamışlar. Xidmət zamanı siyahıda adı göstərilən Təqsirləndirilən şəxs Şabran şəhəri, Əliağa Vahid küçəsi nömrəsiz evdə yaşamaqla test cavabı “pozitiv” çıxmış, ev şəraitində müalicə alması və evi tərk etməməsi izah olunan Təqsirləndirilən şəxs evdə olmaması məlum olmuşdur. Yuxarıda adları göstərilən polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında gözləmişlər. Aradan bir necə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə idarə etdiyi “VAZ-2107” markalı avtomobildə anası Şahid7 ilə birlikdə gəlmişdir. Həmin vaxt yaşadığı evi tərk etməsi səbəbini soruşduqda Təqsirləndirilən şəxs anası Şahid7 Şabran rayon mərkəzi xəstəxanasına aparmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsinin qanun pozuntusu olduğunu bildirib, həmin yerə Şabran RPŞ-in TB-nin təhqiqatçısı, polis mayoru Şirin Lələyev dəvət edilmiş və sonuncu ilə birlikdə həmin yerdə olmuş və Şirin Lələyev tərəfindən Təqsirləndirilən şəxs “COVİD 19” yeni növ koronovirus testinin nəticəsi “pozitiv” ola-ola yaşadığı evi tərk etməsi və xəstəliyin insanlar arasında daha da artmasına imkan yaratdığından bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçıların və polis əməkdaşlarının imzaları ilə təsdiq olunmuşdur. O, isə bu barədə akt tərtib edərək işə əlavə olunmasından ötrü Şirin Lələyevə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. xx xxxxxx 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs özünü pis hiss etdiyi üçün, iy və dad bilmədiyinə görə Şabran rayon mərkəzi xəstəxanasına müraciət edərək “COVİD 19” yeni növ koronovirus xəstəliyi ilə əlaqədar olaraq burun nahiyəsindən yaxma yolu ilə test vermişdir. xx xxxxxx 2020-ci il tarixdə testin cavabı “pozitiv” çıxdığından bilmişdir ki, oğlu Təqsirləndirilən şəxs “COVİD 19” xəstəliyinə yoluxub. Həmin gündən oğlu Faiq işlədiyi X7 İstismar İdarəsinin Şabran Xidmət Sahəsində işə getməmiş və ev şəraitində müalicəsin davam etdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə onun səhhətində yaranmış narahatlığa görə “103” təcili yardım briqadasına zəng etsələr də, təcili yardım gəlməmiş və Təqsirləndirilən şəxs onu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şabran rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin vaxt onlar birlikdə xəstəxanada olmuşlar və o, həkim yoxlamasından keçdikdən sonra evlərinə qayıtmışdır. Onlar evə qayıdan zaman yolda Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng gəlmiş və oğlu telefona cavab verməmişdir. Onlara yaşadıqları evə çatıb evə daxil olmuşlar. Bir necə dəqiqədən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb və xəstə olduğu halda evi tərk etməsi səbəbini soruşmuşlar. Faiq isə cavabında polis əməkdaşlarına anasını xəstəxanaya apardığını bildirmişdir. Bundan sonra oğlu Təqsirləndirilən şəxs evi tərk etməsi ilə bağlı protokol tərtib olunmuş və tərtib olunmuş protokol imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X3 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış xx.xx.2020-ci il tarixli 253 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD 19” pandemiyası ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə analiz vermiş, sms vasitəsilə ona analizin cavabı “COVİD 19” pozitiv gəldiyi haqda verilmiş və ona 14 gün evdə mualicəyə yazılmışdır. Onun “COVİD 19” xəstəsi olmasına baxmayaraq o, karantın rejimi qaydalarını pozduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 650 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Ə.Vahid küçəsində ailə üzvləri – atası X1, anası Şahid7 və arvadı X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 651 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngüləşdirən və ağırlaşdıran hal aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Ə.Vahid küçəsində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Ə.Vahid küçəsində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar