Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-13/2022 28.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 2002-ci il tarixdə Şabran rayonunun Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonunun Padar kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, 29 dekabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində tamah niyyəti ilə Şabran rayonu Padar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə heç kimin olmasından istifadə edərək açıq olan giriş darvaza və giriş qapıdan qanunsuz olaraq həmin evə içəri daxil olmaqla evin arxa otağındakı servantın üstündə olan qadın çantasından Zərərçəkmiş şəxs məxsus 120 (yüz iyirmi) manat pul məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonunun Padar kəndində valideynləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, bir həmkəndli kimi araları yaxşıdır. 02 sentyabr 2021-ci il tarixdə saat 16-17 radələrində təsadüfən Rüstəmin evinin darvazasının qarşısından keçəndə darvazanın açıq olduğunu görmüş, Rüstəmin telefonunun adaptorunu istəmək üçün Rüstəmin anası Əntiqə xalanı çağırmış, lakin ona heç kim cavab verməmişdir. Evin eyvanına çıxıb oradan da Əntiqə xalanı çağırmış, lakin yenə heç kim cavab vermədikdə evdə heç kimin olmamasından əmin olmuşdur. Evin eyvanından giriş qapıya baxdıqda qapının da açıq olduğunu görmüş, qapını açıb evə daxil olmuşdur. Qapıdan içəri girərkən arxa otağın sağ tərəfində qapının yanında servant, servantın üstündə qadın əl çantasını görmüşdür. Çantanın içərisinə baxdıqda çantada bir ədəd 100 manatlıq və bir ədəd 20 manatlıq pul əskinazlarının olduğunu aşkar etmişdir. Çantadan götürdüyü həmin pulu cibinə qoymuş və saçını vurdurmaq üçün Rəhimli kəndinə bərbər işləyən Arizin yanına yola düşmüş, yolda hətta Arizə gəlmək istədiyi barədə zəng edib bildirmiş, Ariz də razılığını vermişdir. Rəhimli kəndinə qonşudan bir velosiped götürüb yola düşmüş, Rəhimli kəndinə çata-çatda birdə Arizə zəng edib çatdığını bildirmiş, lakin Ariz artıq işi çıxdığına görə getdiyini cavab vermiş və məcbur olub evinə, Padar kəndinə qayıtmışdır. Evə çatdıqda anası ona çörək və siqaret almaq üçün 05 manat pul vermiş, Rasim adlı həmkəndlisinin dükanından çörək və özü üçün siqaret almış, evə qayıdanda kəndin aşağı hissəsində olan dəmir vaqonun yanından keçəndə vaqondan səs-küy səslərini eşitmiş, yoldan keçən tanımadığı bir şəxsdən “bu nə səsdir” soruşmuş, həmin şəxs “uşaqlar qumar oynayırlar”demişdir. Vaqonun qapısını açıb içəri daxil olanda görmüşdür ki, Rəhimli kənd sakinləri – Məhəmməd, Mustafa, Rüstəm və Rəsul kimi tanıdığı 04 nəfərin həqiqətən də kartla “seka”qumar oyunu oynadığını görmüşdür. Onlarla oynamağını xahiş etmiş və oturub onlarla qumar oynamağa başlamış, lakin təxminən yarım saat ərzində Rüstəmin evindən oğurladığı 120 manat pulun hamısını uduzmuşdur. Pulların hamısını uduzduqdan sonra evə gəlmişdir. Saat 23 radələrində anasına zəng vurub evindən həmin 120 manat pulu məhz onun oğurladığını bildirmiş, anası ondan bunu soruşanda ona pulu oğurlamadığını demiş, anası onu Rüstəmin evinə aparmışdır. Rüstəm onu görəndə “102 xidməti”nə zəng edib oğurluq etdiyinə görə ondan şikayət etmiş, ondan şikayət etdiyini görəndə doğrudan da pulları, yəni 120 manat pulu oğurladığını etiraf etmiş və Rüstəmdən şikayət etməməsini xahiş etmişdir. Bundan sonra o, Rüstəmin 120 manat pulunu özünə qaytarıb ondan üzr istəmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, ailəsi ilə birlikdə Şabran rayonu Padar kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla həmişə çox yaxşı münasibətdə olmuşdur. 02 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhərindən evinə qayıtdığı vaxt anası Əntiqə ona zəng edib evdən pul oğurlandığını bildirmişdir. Həmin gün evə çatdıqda arxa otaqdan servantın üstünə qoyulmuş qadın əl çantasından 120 manat pulun oğurlandığını öyrənmişdir. Həmin gün evinə Təqsirləndirilən şəxs bir-neçə dəfə gəlib onu soruşduğuna görə elə ondan evinə girib həmin 120 manatı oğurlamasında şübhələnmişdir. Nicatın anası Gülnar xalanın mobil telefonuna zəng edib Nicatın onun evindən 120 manat pulu oğurladığını bildirmiş və Nicatın pulu qaytarmasını xahiş etmişdir. Bu söhbətdən təxminən 10 dəqiqə sonra Gülnar xala Nicatla birlikdə evlərinə gəlmiş, Nicat pulu oğurladığını inkar etmiş, Nicat pulu götürdüyünü boynuna almadığı üçün məcbur olub saat təxminən 23:45-də Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng vurmuş və Nicatın evindən 120 manat pulu oğurladığından şübhələndiyi barəsində şikayət etmişdir. Nicat bunu eşidən kimi həqiqətən də evinə girib arxa otaqdan qadın çantasından 120 manat pulu oğurladığını etiraf etmiş, lakin həmin pulu artıq xərclədiyini bildirmişdir. Nicat ona şikayət etməməsini xahiş etmiş və pulu ödəyəcəklərinə söz vermişdir. Elə həmin gün təxminən saat 23:55-də təkrar Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edib Nicatın 120 manat pulu oğurladığını etiraf etdiyinə və pulu qaytaracağına söz verdiyinə görə artıq şikayətindən keçə biləcəyini bildirmişdir. “102 xidməti”nə zəng etdiyi üçün Şabran polis şöbəsinə dəvət olunmuş və hələlik Nicat və onun ailəsi pulunu qaytarmadığı üçün polis şöbəsində oğurluq barədə şikayət ərizəsini yazmışdır. Təqsirləndirilən şəxs onun evindən oğurladığı həmin 120 manat pul ona məxsus olmuş, həmin pulu fəhləlik edib ailəsi üçün qazanmış və saxlamaq üçün anasına vermiş, anası da qadın çantasına qoymuşdur. Nicatın ailəsi tərəfindən ona 120 manat pul ödənilmiş, bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, Şabran rayonunun Padar kəndində ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun oğludur. 02 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ona mobil telefonuna zəng vurub Nicatın onun evindən 120 manat pulu oğurladığını bildirdikdə Nicat evə gələn kimi sonuncudan bu barədə soruşmuş, lakin Nicat oğurluq etdiyini boynuna almamışdır. Nicata “dur gedək Rüstəmgilə, aydınlaşdıraq, görək nə məsələdir” demiş və Nicatla birlikdə Rüstəmin evinə getmişlər. Rüstəm Nicatı görəndə Azərbaycan Respublikası DİNnin “102 xidməti”nə zəng edib Nicatın oğurluq etdiyinə görə şikayət etmişdir. Nicat Rüstəmin ondan şikayət etdiyini gördükdə doğrudan da pulları, yəni 120 manat pulu Rüstəmin evindən qadın çantasından oğurladığını etiraf etmiş və Rüstəmdən şikayət etməməsini xahiş etmişdir. Sonra onlar Şabran RPŞ-yə getmişlər, Nicat RPŞ-də izahat vermiş, Rüstəmin 120 manat pulunu özünə qaytarmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Sirac oğlu göstərmişdir ki, Şabran rayonunun Rəhimli kəndində yaşayır, heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs qonşuluqda olan Padar kəndindəndir, onu uşaqlıqdan tanıyır. 02 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Rəhimli kəndində olduğu vaxt təsadüfən Təqsirləndirilən şəxslə rastlaşmış, həmin vaxt Nicat ona “kəndin kənarında olan vaqonda uşaqlar kartla qumar oynayırlar, gedək bizdə oynayaq” təklif etmiş, özündə həmin vaxtı 20 manat pul olmuşdur. Nicata qoşulub gedib həmin vaqonda daha iki nəfər cavan oğlanla “seka” kartla oynanan qumar oyunu oynamış, həmin vaxt Nicat orada həqiqətən də 120 manat pul uduzmuş, lakin Nicatın həmin pulu hardan əldə etməsini bilməmişdir. Üstündə olan 20 manat pulu uduzduqdan sonra Nicatla oradan çıxıb evlərinə getmişdir. Həmin gün onlarla qumar oynayan həmin iki nəfər oğlanı tanımamış, sonradan polis şöbəsinə dəvət olunduqda Nicatın həmin qumarda uduzduğu 120 manat pulu öz həmkəndlisinin evindən oğurladığını öyrənmiş, lakin kimin evindən oğurladığını bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli 379 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Padar kəndində atası X2 və anası Şahid1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, oğlurluq hadisəsi nəticəsində ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Padar kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Padar kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-13/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-13/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver