Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-13/2025 24.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,207 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib saxlamaqla daşımış və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qonaq otağında masanın üzərindən 01 (bir) ədəd bükümdə 0,207 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ara-sıra narkotik vasitələrdən istifadə edir. Təxminən 2024-cü ilin oktyabr ayının sonlarında Şabran rayonunda karxanada olarkən cibində olan siqareti yandırmaq istəyəndə üzərində alışqan olmamış və yerdə 01 (bir) ədəd kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunda kibrit olacağını düşünüb götürmüş və içərisində 01 (bir) ədəd bükümdə marixuana və 01 (bir) ədəd bükümdə metamfetamin aşkar etmiş, həmin predmetlərdən özü istifadə edə biləcəyini düşünüb cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə küçəyə çıxmazdan əvvəl bir neçə gün əvvəl karxanada tapdığı 01 (bir) ədəd kibrit qutusunun içərisindəki 01 (bir) ədəd bükümdəki qurudulmuş marixuananı və 01 (bir) ədəd bükümdəki metamfetamini stolun üzərinə qoymuşdur. Tapdığı marixuananı siqaretin içərisində doldurmaqla küçəyə çıxmazdan əvvəl biraz istifadə etmiş və qalan hissəsini söndürüb stolun üzərində qoymuşdur ki, evə gəldikdən sonra istifadə edər. xx.xx.2024-cü il tarixdə, təxminən saat 18:00 radələrində küçədə olan zaman tanışları Şahid4 və Şahid5 ilə qarşılaşmış və aralarında olan söhbət zamanı Ramin evdə çaxır olduğunu deyərək onları çaxır içməyə dəvət etmişdir. O, buna cavab olaraq hazırda evdə tək olduğunu bildirmiş və onları çaxır içmək üçün yaşadığı evə dəvət etmişdir. Ramin çaxırı evdən götürüb yanlarına gəlmiş, bu vaxt o, Maliklə mağazadan çaxırla içmək üçün ərzaq almış və birlikdə onun evinə gəlmişlər. Evdə olan zaman Ramin və Maliklə çaxır içmişlər. Malik içdikləri çaxırın az olduğunu deyib mağazaya getmiş və çaxır alıb geri qayıtmışdır. Onlar evdə olan zaman o, küçəyə çıxmışdır ki, gedib yenidən çaxır alsın. Darvazanın yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim edərək, narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Ondan yaşadığı evə baxış keçirməklə bağlı icazə istədikdə, o, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Onunla birlikdə yaşadığı evə baxış keçirilmiş və stolun üzərində olan marixuana və metamfetamin, həmçinin evdə saxladığı folqa kəsikləri aşkarlanaraq götürülmüş və qablaşdırılmış, bu barədə video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Şabran Rayon Polis Şöbəsinə gəldikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçi kimi Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasını istəmiş, daha sonra isə Şabran Rayon Polis Şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağa olunmuş hər-hansı bir əşya aşkarlanmamışdır. Şəxsi axtarış zamanı bir daha səmimi etiraf edərək, yaşadığı evdə stolun üzərindən aşkarlanmış 01 (bir) ədəd siqaretdə olan kütlənin qurudulmuş marixuana, yəni "nəşə" olduğunu, 01 (bir) ədəd bükümdə isə metamfetamin, yəni “patı və ya şüşə” olduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsində özünü təqsirli bilməsi ilə yanaşı, onun əməli işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Mehman oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və yaşadığı ünvanda saxlamasında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid6 və Şahid7 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Təqsirləndirilən şəxs Mehman oğlunun yaşadığı evin qarşısında olan zaman Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək, ona qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və yaşadığı ünvanda saxlamasında şübhəli olduğunu bildirmişlər. Qoşqarın yaşadığı evə baxış keçirilməsinə özü razılıq verdikdən sonra həmin evə daxil olmuşlar və qonaq otağında Şahid5 və Şahid4 stolun yanında əyləşdiklərini görmüşlər. Stolun üzərinə baxış zamanı folqalar, 01 (bir) ədəd siqaret və 01 (bir) ədəd gümüşü rəngli büküm aşkarlanaraq götürülmüşdür. Qoşqar həmin siqaretin içərisində narkotik vasitə qurudulmuş marixuana doldurmaqla istifadə etdiyini və 01 (bir) ədəd gümüşü rəngli bükümdə isə metamfetamin olduğunu onlarla bildirmişdir. Aşkarlanmış predmetlər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa digər otaqlara da baxış keçirilmiş və şübhə doğuran predmetlər götürülərək qablaşdırılmışdır. Baxış zamanı video çəkiliş aparılmışdır. Daha sonra onlar Şabran Rrayon Polis Şöbəsinə gəlmişlər və Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və hüquq və vəzifələri izah edilməklə ona vəkil Müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı da videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid7 və Şahid6, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur, münasibətləri daima normal olmuşdur. Narkotik vasitələrdən istifadə etmir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 18:00 radələrində küçədə Şahid5 ilə olan zaman Təqsirləndirilən şəxs ilə qarşılaşmış və söhbət etmişlər. Söhbət zamanı Ramin evdə çaxır olduğunu demiş və içmək üçün dəvət etmişdir. Qoşqar da hazırda evdə tək olduğunu bildirmiş və onları çaxır içmək üçün yaşadığı evə dəvət etmişdir. Ramin çaxırı evdən götürüb yanlarına gəlmiş, o və Qoşqar mağazadan çaxırla içmək üçün ərzaq almış və üçü birlikdə Qoşqarın evinə gəlmişlər. Evdə olan zaman çaxır içmişlər. O, içdiyi çaxırın az olduğunu deyib mağazaya getmiş və çaxır alıb geri qayıtmışdır. Onlar evdə olan zaman Qoşqar küçəyə çıxmışdır ki, gedib yenidən çaxır alsın. Raminlə o, evdə oturub onun gəlməsini gözləmişlər. Onlar evdə olan zaman Qoşqar polis əməkdaşları ilə birlikdə evə daxil olmuşdur. Polis əməkdaşları onlardan şəxsiyyət vəsiqələrini və hansı səbəbdən evdə olduqlarını soruşduqda, onlar özlərini polis əməkdaşlarına təqdim etmiş və çaxır içmək üçün oraya gəldiklərini, birlikdə çaxır içdiklərini demişlər. Qoşqarın razılığı ilə evə baxış keçirilmiş və stolun üzərindən predmetlər aşkarlanaraq götürülmüş, bu barədə videoçəkiliş aparılmışdır. O, verilmiş sualları cavablandırarkən narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmədyini, Qoşqarın evinə gəlməzdən öncə və gəldikdən sonra Qoşqarın evində və ya stolun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından hər hansı məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizəsində narkotik vasitələrdən istifadə edilməsində və yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün yaşadığı ünvan 4 ünvanında yerləşən evə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 13-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 19:50-dən 20:40-a kimi olan müddət ərzində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş baxış və götürmə nəticəsində həmin evin qonaq otağında masanın üzərindən 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər ketlə aşkarlanaraq götürülmüşdür (cinayət işinin İ cildinin 14-15-ci vərəqələri). - xx.xx.2024-cü il tarixdə, saat 19:50-dən 20:40-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş baxış və götürmə zamanı çəkilmiş "DVD" diskdə köçürülmüş videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:50-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına özünün iştirakı və razılığı ilə baxış keçirilməsinə başlanmışdır. Ərazidə 01 (bir) mərtəbəli fərdi yaşayış evi yerləşir. Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olması soruşulduqda sonuncu evində qanunla qadağan edilmiş əşya və ya predment olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. O, buna etiraz etməyərək bununla bağlı ərizə verə biləcəyini bildirmişdir. Bundan sonra onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmışdır. Fərdi yaşayış evinə dəmir qapıdan daxil olan kimi qarşıda pilləkənlər və digər dəmir qapı müşahidə olunur. Dəmir qapıdan içəri girdikdə solda fərdi yaşayış evinin qonaq otağı, həmin otaqdan mətbəxə və digər otaqlara girişlər görünür. Qonaq otağında sağ tərəfdə masanın ətrafında 02 (iki) nəfər şəxsin əyləşdiyi, həmin şəxslərin Şahid4 və Şahid5 olması, həmin şəxslərin qonşuluqda yaşadıqları məlum olur. Masanın üzərində siqaret formasında yarımçıq büküm, ağ bükümdə kristallik maddə, gümüşü folqalar, sellofan kəsiyi müəyyən edilir. Siqaret formasında yarımçıq büküm, ağ bükümdə kristallik maddə, gümüşü folqalar, sellofan kəsiyi qablaşdırılaraq götürülür. Bundan sonra mətbəxdə baxış həyata keçirilir. Mətbəxdə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkarlanmır. Daha sonra Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilir və orada olan şkafdan sellofan torbanın içərisində kağıza bükülmüş qara rəngli maddə aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs istifadə olunmadığını bildirdiyi otağa baxış keçirilir və orada olan şkafdan bənövşəyi rəngli corabın içərisində ağ rəngli kristallik maddə aşkar edilir. Bundan sonra evin digər otağına, dəhlizə və fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilir. Lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmir. Sellofan torbanın içərisində kağıza bükülmüş qara rəngli maddə və bənövşəyi rəngli corabın içərisində ağ rəngli kristallik maddə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülür (cinayət işinin İ cildinin 16-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:50-dən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 17- 18-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş videoğörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, saat 21:48-dən 21:54-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən hər-hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 36 və 37-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1794 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...3)Təqsirləndirilən şəxs imza ...” yazı və imzalar olan zərfdə yarı 01 (bir) ədəd uc hissəsi yanmış papiros formasında düzəldilmiş kağız borucuqda ümumi çəkisi 0,331 qram olan bitki mənşəli kütlənin tərkibində cüzi miqdar bitki mənşəli narkotik vasitə hissəcikləri olan marixuana vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan çəkisini müəyyən etmək mümkün deyildir. Qarışıq bitki mənşəli kütlənin ümumi çəkisi 0,331 qram, onun 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,281 qram hissəsi isə qalıq olaraq geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş manat təşkil etmişdir (cinayət işinin İ cildinin 49-50-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 0,331 qram çəkidə tərkibində cüzi miqdar bitki mənşəli narkotik vasitə hissəcikləri olan marixuana olan bitki mənşəli kütlənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş 0,281 qram hissəsi isə qalıq olaraq geri qaytarılmışdır (cinayət işinin İ cildinin 51-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5065 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs (imza) ...” sözləri olan 01 nömrəli zərfi açdıqda içərisində bir ədəd corab bükümdə təmiz çəkisi 42,666 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, bir ədəd bükümdə təmiz çəkisi 1,487 qram olan qara rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi, nömrəli zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,207 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 09 (doqquz) ədəd gümüşü rəngli folqa kəsikləri, 01 (bir) ədəd ağ rəngli kağız kəsiyi, 01 (bir) ədəd sellofan kəsiyində narkotik, psixotrop və güclü təsir edən və zəhərli maddə izləri aşkar edilmədi. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,207 qram olmuş, onun 0,050 qram hissəsi tədqiqata sərf edilmiş, 0,157 qram hissəsi isə qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş manat təşkil etmişdir (cinayət işinin İ cildinin 53-57-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 0,207 qram psixotrop maddə metamfetaminin 0,050 qram hissəsi tədqiqata sərf edilmiş, 0,157 qram hissəsi isə qalıq olaraq geri qaytarılmışdır, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 42,666 qram və 1,487 qram çəkidə naməlum maddələrin 0,100 qram hissəsi tədqiqata sərf edilmiş və 42,566 qram və 1,387 qram çəkidə hissələri isə qalıq olaraq geri qaytarılmışdır (cinayət işinin İ cildinin 58-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 66-67-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin X5 azad edilməsi və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis X4 Yerindən həbsdən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 79-80-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra geri qaytarılmış ümumilikdə 01 (bir) ədəd kağız paketdə 0,281 qram tərkibində cüzi miqdar bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri olan bitki mənşəli kütlə, 01 (bir) ədəd kağız paketdə 0,157 qram metamfetamin, 42,566 qram və 1,387 qram naməlum maddələr ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin İ cildinin 86-87-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və onun üzərində götürülməmş və ya ödənilməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 106-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-4299/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 5-74/2-4378/2024 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və onun anası xx.xx.1968-ci il təvəllüdlü X2 və qardaşı xx.xx.1997-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 109-110-cu vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X8 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7225 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 111-112-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli, ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və iş üzrə baxış və götürmə və şəxsi axtarış aparılmasına dair istintaq hərəkətlərinin görüntüləri əks olunmuş 02 (iki) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 114-122-ci vərəqələri). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözü gedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ Siyahının (Psixotrop maddələr) 118-ci bəndinə əsasən metamfetamin xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 2 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi isə 400 qram təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 0,207 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. CM-in 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-nin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunmasını və səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CMin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşıdılrması cəzasının müddətindən çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 151 (yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köcürülməli və iş üzrə maddi sübutlar ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,281 qram tərkibində cüzi miqdar bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri olan bitki mənşəli kütlə, 0,157 qram çəkidə psixotrop maddə olan metamfetamin, 42,566 qram və 1,387 qram naməlum maddələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə şəxsi axtarış, baxış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 151 (yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar: ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,281 qram olan tərkibində cüzi miqdar bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri olan bitki mənşəli kütlə, 0,157 qram çəkidə psixotrop maddə metamfetamin, 42,566 qram və 1,387 qram naməlum maddələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış, baxış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-13/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-13/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver