Məhkəmə qərarları › İş №1(031)-14/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-14/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-14/2021 22.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1956-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Rusiya Federasiyası, Tümen vilayəti, Noyabrsk şəhəri, Baqulnaya küçəsi, ev 67 ünvanda daimi qeydiyyatda olan, Şabran rayonu Xırdaoymaq kəndində müvəqqəti qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronovirus test nümunələrinin “pozitiv”» çıxması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlıq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “…vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariyagigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “…vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində bu növ koronovirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edib küçəyə çıxmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Rusiya vətəndaşıdır. 2020-ci ilin mart ayının 15-də Rusiya Federasiyasından Azərbaycan Respublikasına Şabran rayonu Xırdaoymaq kəndində yaşayan ailəsinin yanına gəlmiş və yayılmış koronovirus xəstəliyi ilə əlaqədar geriyə, yəni yaşadığı Rusiya Federasiyasına qayıda bilməmişdir. Dövlət miqrasiya xidmətindən yaşamaq üçün 3 aylıq icazə almış və 2 ay isə qəbzlə dövlətə 62 manat məbləğində pul, yəni rusum ödəmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında özündə narahatçılıq hiss etdiyinə görə oğlu Asiflə birlikdə Şabran rayon MX-na “COVİD-19” testi vermək üçün gəlmişdir. Xəstəxanada həkimlər yaşadıqları evə gələrək evlərində onlardan analiz götürəcəklərini bildirmişlər. Yaşadıqları evə qayıtdıqdan sonra həmin gün axşam saatlarında Şabran rayon MX-nın həkimləri yaşadıqları evə gəlib və onlardan analiz götürmüşlər. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında ürəyində yaranmış xəstəliklə əlaqədar olaraq həmkəndlisi Mehdi adlı şəxslə birlikdə onun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Sumqayıt şəhərinə həkimə getmişdir. Sumqayıt şəhərinə çatan zaman avtomobildə Şabran rayon mərkəzi xəstəxanasından bir nəfər həkim onun mobil telefonuna zəng edərək onun “COVİD-19” yeni növ koronovirus yoluxucu xəstəliyinə tutulması barədə məlumat verərək yaşadığı evi tərk etməsi barədə ona iradını bildirib və geriyə qayıtmasını xahiş etmişdir. Buna baxmayaraq o, Sumqayıt şəhər xəstəxanasında müayinədən keçmiş, sonra yaşadığı Şabran rayonuna qayıtmışdır. Evdən çölə çıxdığı vaxtlarda maskasız olmamışdır. Günorta saat 16 radələrində Şabran şəhərinə çatarkən Şabran RPŞ-nin əməkdaşları Mehdinin idarə etdiyi avtomobili saxlayaraq və onun hansı səbəbdən yaşadığı evi tərk etdiyini ondan soruşmuşlar. Ürəyində ağrılar olduğuna görə çarəsiz qalaraq Sumqayıt şəhərinə həkimə getdiyini və orada ona zəng olunaraq onun “COVİD-19” yoluxucu xəstəliyinə tutulması barədə məlumat verildiyini bildirmişdir. Şabran RPŞ-nin əməkdaşları bununla əlaqədar ondan izahat aldıqdan sonra sənədləşdirmə işləri aparmışlar, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Şabran rayonu Xırdaoymaq kəndində yaşayan “Covid 19” yeni növ koronovirus testi “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Sumqayıt şəhərinə getməsi barədə onlara məlumat daxil olmuşdur. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən Şabran rayonuna qayıdarkən onu Şabran şəhəri X5 küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında küçədə saxlamışlar. Təqsirləndirilən şəxs Şabran rayon MX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməməsi və karantin rejimi qaydalarına riayət etməklə ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq o, bu göstərişə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Digər polis əməkdaşları ilə birlikdə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb və onun küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Şabran rayonu Xırdaoymaq kəndində yaşayan “Covid 19” yeni növ koronovirus testi “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Sumqayıt şəhərinə getməsi barədə onlara məlumat daxil olmuşdur. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən Şabran rayonuna qayıdarkən onu Şabran şəhəri X5 küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında küçədə saxlamışlar. Təqsirləndirilən şəxs Şabran rayon MX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməməsi və karantin rejimi qaydalarına riayət etməklə ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq o, bu tapşırığa əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Digər polis əməkdaşları ilə birlikdə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb və onun küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran rayonu İHB-nın Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 01 saylı arayışdan görünür ki, Əliyev X2 rayonu Xırdaoymaq kəndində yaşayır. İş materiallarında olan Şabran rayonu İHB-nın Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 02 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şabran rayon X1 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 282 saylı cavab məktubundan görünür ki, Şabran rayonu Xırdaoymaq kəndində müvəqqəti qeydiyyatda olan Təqsirləndirilən şəxs “COVİD 19” pandemiyası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə analiz vermiş, ona analizin cavabı “pozitiv” gəldiyi haqda məlumat verilmiş və o, 14 gün ərzində qeydiyyatda olduğu ünvanda evdə müalicəyə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi- Tibb Baş İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı “İ.20.0 Qeyri stabil stenokardiya, İ.10.0 Arterial hipertenziya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan RUS seriyalı 72 ******* saylı Rusiya Federasiyası tərəfindən verilmiş pasportdan görünür ki, xx xxxxx 1956-cı il təvəllüdlü Əliyev X3 Federasiyasının vətəndaşıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ürək xəstəsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halların olmasını, yaşını, əcnəbi olmasını, eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən Azərbaycan Respublikasında müvəqqəti qeydiyyatda olduğu yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskinin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən Azərbaycan Respublikasında müvəqqəti qeydiyyatda olduğu yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskinin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar