Məhkəmə qərarları › İş №1(031)-14/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-14/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-14/2023 27.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə xx xxxx 1991-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu Əmirxanlı kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən “Xan Çinar” şadlıq sarayında təşkil olunmuş toy mərasimində heç bir əsaslı səbəb olmadan yaranmış mübahisə nəticəsində sözügedən şadlıq sarayının mətbəxində ictimai qaydanı kobud surətdə pozub, zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa qəsdən az ağır zərər vurmaqla qohumu Zərərçəkmiş şəxs zor tətbiq etməklə sifət nahiyəsinə qəsdən iki dəfə yumruq vuraraq sonuncuya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vuran – üzün yumşaq toxumalarının əziyi və alt çənə sümüyünün sağ və sol şaxəsinin sınıqları kimi xəsarətlər yetirib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək sözügedən şadlıq sarayının mətbəxində öz işləri ilə məşğul olan işçilərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Şabran rayonu Əmirxanlı kəndində ailə üzvləri ilə bir yerdə yaşayır, ailədə yeganə qazanc gətirəndir, qardaşı Simran İİİ qrup müharibə əlilidir, Qarabağ qazisidir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 06 oktyabr 2022-ci il tarixdə Şabran şəhərində yerləşən “Xan Çinar” şadlıq sarayında keçirilən dayısı oğlu X2 toy məclisinə dəvətli olmuşdur. Saat 17 radələrində ailə üzvləri ilə birlikdə toy məclisinə gəlmişlər. Toyda spirtli içki qəbul etmiş və saat 23 radələrində bir nəfər şəxsin ona yaxınlaşıb qoluna girərək özü ilə zaldan kənara, şadlıq sarayının mətbəxinə tərəf çağırdığını görüb onunla birlikdə restoranın mətbəxinə daxil olmuşdur. Mətbəxə daxil olan zaman Salahəddin sərxoş vəziyyətdə onun yaxasından tutaraq ondan nəyisə soruşmuş, musiqinin səsindən Salahəddinin ondan nə istədiyini, nə səbəbdən yaxasından tutması ona aydın olmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki dəfə yumruq vurmuş və nəticədə Salahəddin mətbəxin içərisindəki döşəməyə yıxılmışdır. O, şadlıq sarayının mətbəxindən çıxaraq zala qayıtmış və oradan da ailə üzvləri ilə birlikdə Şabran rayon Əmirxanlı kəndinə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, şadlıq sarayında döydüyü şəxs dayısı Alikin kürəkəni, yəni onun arvadı Vüsalənin bibisi oğludur. O, Salahəddini şadlıq sarayının mətbəxində döyən zaman ətrafda tanımadığı şəxslər olmuşdur. Hadisədən sonrakı gün o, Salahəddinlə barışmış, ondan üzr istəmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd məhəllənin mal qarasını otararaq çobanlıq edir. 06 oktyabr 2022-ci il tarixdə Səlim adlı qohumunun Şabran şəhəri “Xan Çinar” restoranında keçirilən toy mərasiminə ailəlikcə dəvət olunmuşlar. Saat 18 radələrində arvadı və üç övladı ilə birlikdə şadlıq sarayına getmişlər. Məclisdə normadan artıq spirtli içki qəbul etmişdir. Məclisin axırında saat 23 radələrində arvadı Vüsalənin bibisi oğlu, Şabran rayonu Əmirxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əyləşdiyi stola yaxınlaşaraq onu şadlıq sarayının mətbəxinə çağırmşdır. O, Fəqanın çağırışına görə şadlıq sarayının zalından mətbəxə daxil olmuş və orada Fəqan onun sifət nahiyəsinə iki dəfə yumruqla zərbə endirmişdir. Aldığı zərbədən huşunu itirib yerə yıxılmış və ərafında həmin vaxt tanımadığı şəxslər olmuşlar. Fəqanı əvvəllər də tanımamış, arvadının qohumu olsa da onunla münasibəti olmamışdır. O, hadisəni dəqiq xatırlayaraq bildirmişdir ki, Fəqan özü ona yaxınlaşıb qolundan tutaraq şadlıq sarayının mətbəxinə aparıb orada heç bir səbəb olmadan onun sifət nahiyəsinə yumruqla zərbələr endirmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslə barışmışdır, hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, ünvan 1 ünvanda ailəsi ilə bir yerdə yaşayır. Təxminən 4 ildir ki, Şabran şəhərinin giriş hissəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən “Xan Çinar” şadlıq sarayında ofisiant işləyir. 06 oktyabr 2022-ci il tarixdə həmin şadlıq sarayında toy mərasimi keçirilmişdir. Hər bir işçi kimi o da gələn qonaqlara yemək servisini etmişdir. Saat təxminən 23 radələrində restoranın mətbəxində olan zaman 01 nəfər şəxsin yerə yıxıldığını görmüş və bundan sonra ətrafdan tanımadığı adamlar gələrək həmin şəxsi yerdən qaldırıb restoranın həyətinə çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, rəsmi olaraq Şabran rayon ərazisində yerləşən "xxxx" MMC-də təmizləyici işləyir. 06 oktyabr 2022-ci il tarixdə Səlim adlı qohumunun Şabran şəhəri “Xan Çinar” restoranında keçirilən toy mərasiminə ailəlikcə dəvət olunmuşlar. Saat 18 radələrində əri Salahəddin və üç övladı ilə birlikdə şadlıq sarayına getmişlər. Məclisin sonlarına biraz qalmış o, ərinə evə getmək vaxtının gəldiyini bildirmiş və əri Salahəddin də ona sonuncu dəfə oynayıb daha sonra getmələrini bildirmişdir. Bundan sonra onlar oynamağa başlamış və oyun ortasında əri Səlahəddinin anidən onların yanından yoxa çıxmasını gördükdə o, ərinin hansısa tanışı ilə birgə restoranın çöl hissəsinə çıxdığını düşünmüşdür. Təxminən beş dəqiqə sonra isə restoranın mətbəx hissəsində çoxlu sayda adamların yığışdığını görüb oraya yollanmış və əri Salahəddinin sifət nahiyəsinin qan içərisində olub yerdə huşsuz vəziyyətdə uzandığını görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Şabran şəhəri “5 sotlar” yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Təxminən 2022-ci ilin oktyabr ayında o, Şabran şəhərinin giriş hissəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən “Xan Çinar” şadlıq sarayında ikigünlük ofisiant kimi işləmişdir. 06 oktyabr 2022-ci il tarixdə həmin şadlıq sarayında toy mərasimi olmuşdur. Hər bir işçi kimi o da, gələn qonaqlara qulluq etmişdir. Saat 23 radələrində restoranın zalından mətbəx hissəyə keçən zaman arxası ona tərəf düşən şəxsin qarşısındakı adamın sifət nahiyəsinə yumruqla zərbələr endirdiyini görmüşdür. Bundan sonra xeyli adam hadisə baş verən yerə yığılaraq vurulan şəxsi restoranın çöl hissəsinə çıxarmışlar. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-tibb ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – üzün yumşaq toxumalarının əziyi və alt çənə sümüyünün sağ və sol şaxəsinin sınıqları bərk küt əşyanın təsirindən törənmişdir, öz boyu hündürlüyündən yıxılmaya xarakterik deyil, yaranma müddəti 06 oktyabr 2022-ci il tarixə uyğun gəlir, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli 391 saylı arayışdan görünür ki, İsayev X7 rayonu Əmirxanlı kəndində anası və qardaşları ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Reespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial müavinat və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 vətən müharibəsi iştirakçısı olmaqla İİİ qrup əlildir, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar müavinat alır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli 392 saylı xasiyyətnamədən görünür ki, İsayev X1 yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir, birgəyaşayış qaydalarına riayət etməklə öz ailəsi, kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində Əmirxanlı kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 221.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşının müharibə iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Əmirxanlı kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Əmirxanlı kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə Şabran rayon məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar