Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-15/2021 07.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1971-ci il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlıq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edib küçəyə çıxmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında pandemiya ilə əlaqədar yoxlanışdan, yəni testdən keçdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə “Covid 19” yeni növ koronavirus xəstəliyinə tutulması, yəni vermiş olduğu testin nəticəsinin “pozitiv” çıxması barədə mobil telefonuna mesaj gəlmişdir. Mobil telefonuna gəlmiş mesajda testin “pozitiv” çıxması barədə məlumatla bərabər özünü cəmiyyətdən təcrid edərək insanlarla təmaslardan uzaq durmağı və ev şəraitində öz müalicəsi ilə məşğul olmağı göstərilmişdir. Müalicəsi üçün dərman tapa bilmədiyinə görə xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Şabran şəhər avtovağzalına gedərək orada tanımadığı taksi avtomobilinə minib və Bakı şəhərindən dərman almaq üçün aptekə getmişdir. Həmin gün saat 13 radələrində Bakı şəhərindən dərman alıb Şabran şəhərində yerləşən evinə qayıdarkən Şabran rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq küçəyə çıxdığına görə ona iradlarını bildirib və bu barədə protokol tərtib etmişlər. Bundan sonra küçəyə çıxmağı barədə izahat verərək yaşadığı evə getmişdir. Evdən çıxıb çöldə olduğu müddətdə maskasız olmamışdır. Səhvini boynuna alır, etdiyi hərəkətlərin bu qədər ciddi olmasını dərk etməmişdir. İndi başa düşür ki, cinayət törətmişdir, törətdiyi cinayət əməlinə görə peşmanlıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayon polis şöbəsinin PPXT-nın komandiri vəzifəsində işləyir, polis mayorudur. xx xxxxxx 2020-ci il tarixdə “Covid 19” yeni növ koronavirus testi “pozitiv” çıxmış ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Bakı şəhərinə aptekə getməsi ona məlum olmuşdur. Həmin gün saat 13 radələrində digər polis əməkdaşları ilə birlikdə Bakı şəhərindən Şabran şəhərində yerləşən evinə qayıdarkən Təqsirləndirilən şəxs müəyyən edərək küçədə saxlamışlar. Təqsirləndirilən şəxs Şabran rayon mərkəzi xəstəxanasının həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq o, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb və küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edildikdən sonra protokolun doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şabran rayon polis şöbəsinin PPXT-nın manqa komandiri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə “Covid 19” yeni növ koronavirus testi “pozitiv” çıxmış ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Bakı şəhərinə xəstəxanaya yoxlanışa getməsi onlara məlum olmuşdur. Həmin gün saat 13 radələrində Bakı şəhərində yerləşən aptekdən dərman ləvazimatları alaraq və Şabran şəhərində yerləşən evinə qayıdarkən Təqsirləndirilən şəxs müəyyən edərək küçədə saxlamışlar. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb və küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edildikdən sonra protokolun doğruluğunu imzalar ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 5397 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ailə üzvləri – arvadı X1, uşaqları – xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 5399 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №1(031)-15/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-15/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver