Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-15/2022 16.03.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 1989-cu il 18 mart tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olmaqla, M.Əsədov küçəsi ev 44 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci il 26 noyabr tarixdə Şabran rayon Mərkəzi xəstəxanasında ondan götürülmüş «Covid 19» yeni növ koronavirus test nümunələrinin «pozitiv» çıxması ilə əlaqədar 2021-ci il 28 noyabr tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaysan Respublikası Qanununun «… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli» barədə11-ci maddəsinin 1-ci bəndinin və «… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər» barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq 2021-ci il 03 dekabr tarixdə, saat 11 radələrində, bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edib, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər bazarının qarşısına küçəyə çıxmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 4-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2021-ci ilin təxminən 26 noyabr tarixində anası xəstə olduğuna görə onun üçün Təcili tibbi yardıma zəng edib, tibbi işçilərini evlərinə çağırmışdır. Şabran RMX-nın tibbi işçiləri evlərinə gəldikdən sonra onlar «Covid 19» yeni növ koronavirus pandemiyası ilə əlaqədar onun özündən, anasından və qardaşından yaxma götürüb çıxıb getmişlər. Tibb işçilərinə qardaşı Elvin Quliyevə məxsus ***-***-**-** saylı mobil nömrəni. özünə məxsus ***-***-**-** saylı mobil nömrəni və anası Natavan Quliyevaya məxsus ***-***-**-** saylı mobil nömrəni götürmüşlər. Tesdən keçməsinə baxmayaraq həmin testin nəticəsinin pozitiv və ya neqativ çıxması barədə ona heç bir məlumat gəlməmişdir. Buna görə də Covid 19» yeni növ koronavirus xəstəliyinə tutulması barədə heç bir məlumatı olmamışdır. Lakin qardaşı Elvin ona bildirmişdir ki, həkim ona zəng edərək onlarda textin nəticəsinin pozitiv çıxması barədə məlumat vermişdir. 03 dekabr 2021-ci il tarixdə saat 11 radələrində özünə məxsus Vaz21015 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxıb və siqaret almaq məqsədilə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən bazarın qarşısına getmişdir. Şabran şəhər bazarının qarşısına çatdıqda Şabran rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq küçəyə çıxmasına görə ona iradlarını bildirərək videoçəkliş aparmaqla sənədləşdirmə işləri aparmışlar. Küçəyə çıxmasının səbəbi barədə izahat vermişdir. «Covid 19» yeni növ koronavirus xəstəliyinin daha da geniş yayılması və insanları yolxudurmaq məqsədi, həmçinin niyyəti olmamışdır. Covid 19» yeni növ koronavirus xəstəliyinə tutulması barədə ona cavab gəlmədiyi üçün özünə siqaret almaq məqsədilə küçəyə çıxmışdır. Bazarın qarşısında yerləşən mağazadan siqaret alıb yaşadığı evə qayıtmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq küçəyə çıxmasına görə ona iradlarını bildirib, sənədləşmə işləri apardıqdan sonra xüsusi geyimdə olan həmin polis əməkdaşları onu yaşadığı evə yola salaraq çıxıb getmişlər. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayon polis şöbəsinin PPXT-nın manqa komandiri polis serjantı vəzifəsində işləyir. 03 dekabr 2021-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan «Covid 19» yeni növ koronavirus testi «pozitiv» çıxmış Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib, küçəyə çıxması onlara məlum olmuşdur. Həmin günü saat 11 radələrində polis əməkdaşları Şahid3, Şahid2 və digər polis əməkdaşları ilə birlikdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mərkəzi bazarın qarşısına getdikdə onun küçədə olması müəyyən edərək saxlamışlar. Təqsirləndirilən şəxs Şabran RMX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və karantin rejiminə riayət edərək ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq o, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Təqsirləndirilən şəxs «Covid 19» yeni növ koronavirus xəstəliyinə tutulması barədə məlumatı olmadığını və siqaret almaq üçün Şabran şəhər bazarının qarşısına küçəyə çıxdığını deyərək özünə haqqı qazandırmağa çalışmışdır. Videoçəkliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb, küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. RPŞ-nin müstəntiqi tərəfindən müvafiq protokol tərtib edildikdən sonra doğruluğunu imzalarımızla təsdiq edilmiş və Təqsirləndirilən şəxs yaşadığı evə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşı Şahid2 və Şahid3 polis əməkdaşı Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 bildirdi ki, o, Şabran rayon Qiqiyena və Epidemalogiya Mərkəzinin şöbə müdiri vəzifəsində işləyir. 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhərində yerləşən evində götürülmüş «Covid 19» yeni növ koronavirus test nümunələrinin «pozitiv» çıxması ilə əlaqədar 28 noyabr 2021-ci il tarixdə o, ***-***-**-** saylı mobil nömrəyə zəng edib, həmin nömrədə olan şəxsə bildirmişdir ki, onun özü və ailə üzvləri yaşadığı evi tərk etməsinlər, 14 gün karantin rejiminə riayət etməklə, ev şəraitində müalicə olunsunlar. Eyni zamanda, həmin nömrəyə elektron sistem vasitəsi ilə də mesajla məlumat verilmişdir. Əgər Təqsirləndirilən şəxs qardaşının test nümunəsinin pozitiv çıxmasını bilirdisə, o da karantin qaydalarına riayət etməli və ya xəstəliyə tutulub-tutulmaması barədə daha dəqiq məlumat əldə etmək istəyirdisə küçəyə çıxmadan telefon vasitəsi ilə Şabran rayon MX-sı ilə əlaqə saxlaya bilərdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən X3 bildirdi ki, Nicat onun qardaşıdır. Onlar bir yerdə yaşayırlar. 26 noyabr 2021-ci il tarixdə həkim briqadası onların yaşadığı evə gəlib ondan, anasından və qardaşı Nicatdan test nümunələri götürmüşlər. 28 noyabr 2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng olunmuş, onlarda testin nəticəsi olaraq pozitiv çıxması barədə məlumat verilmiş və evdən küçəyə çıxmamaq, ev şəraitində müalicə olunmaları tapşırılmışdır. O, bu barədə qardaşı Nicata məlumat vermişdir. Sonradan onun telefon nömrəsinə xəstəliyinin pozitiv olması barədə mesaj gəlmiş, lakin qardaşı Nicatın telefon nömrəsinə mesaj gəlməmişdir. Anasının telefon nömrəsinə də mesaj gələrək testin neqativ çıxması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X2 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış 16 dekabr 2021-ci il tarixli 801 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” pandemiyası ilə əlaqədar verdiyi analizin cavabı 28.11.2021-ci il tarixdə pozitiv gəlmiş və o, 14 gün ev nəzarətinə yazılmışdır. İş materiallarında olan Şabran rayon Gigiyeva və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli 06 saylı məktubdan görünür ki, 28.11.2021-ci il tarixdə Covid-19 testinin cavabı pozitiv sıxmışxx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs sistemində qeyd olunan ***-***-**-** nömrəli mobil telefonuna Şabran rayon CEM-nin əməkdaşları tərəfindən zəng olunmuş ona və onun qardaşı X1 testinin cavabı pozitiv çıxması və 14 günlük karantinə alınması bildirilmişdir. Həmçinin ailə üzvləri qeydiyyata götürülmüş və xəstə ilə karantində olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 107 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 108 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD diskin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №1(031)-15/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-15/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver