Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-16/2022 23.02.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1974-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şabran rayonu Günəşli kəndində daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 26 noyabr 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 08 dekabr 2021-ci il tarixdə saat 11 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edib, Şabran şəhərinə gedərək küçəyə çıxmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2021-ci ilin təxminən 25 noyabr tarixində Şabran rayon MX-da pandemiya ilə əlaqədar yoxlanışdan, yəni testdən keçmişdir. 26 noyabr 2021-ci il tarixdə qonşunun istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj gələrək “Covid-19” yeni növ koronavirus xəstəliyinə tutulması barədə ona məlumat verilməklə 14 gün müddətinə özünü cəmiyyətdən təcrid olunub, insanlarla təmaslardan qaçaraq və ev şəratində müalicə almaqla karantin rejimi qaydalarına riayət etməsini bildirmişlər. Qonşusu onun yaşadığı evə gəlib onun mobil telefonuna bu barədə mesaj gəlməsinini ona demişdir. 08 dekabr 2021-ci il tarixdə səhər saatlarında əri Gülmalı Pirməmmədov “103” təcili tibbi yardım xidmətinə zəng edib onun xəstəliyi ilə əlaqədar yenidən test vermək istədiklərini bildirdikdə telefonda danışan qadın hazırda təcili tibbi yardım avtomobili olmadığına görə gələ bilməyəcəklərini izah edib və onları Şabran rayon MX-na çağırmışlar. Buna görə də o, əri ilə birlikdə Şabran rayon mərkəzi xəstəxanasına getmək qərarına gəlmişlər. Buna görə də əri ilə birlikdə taksi avtomobili ilə yaşadığı rayonun Günəşli kəndində yerləşən evini tərk edərək küçəyə çıxıb, Şabran şəhərinə getmişdir. Həmin gün saat 11 radələrində Şabran şəhəri M.Müşviq küçəsində Şabran rayon PŞ-nin əməkdaşları taksi avtomobilini saxlayıb, ona yaxınlaşaraq küçəyə çıxmasına görə iradlarını bildirərək videoçəkliş aparmaqla sənədləşdirmə işləri aparmışlar. Küçəyə çıxmasının səbəbi barədə izahat vermiş, tutulduğu “Covid-19” yeni növ koronavirus xəstəliyinin daha da geniş yayılmasına və insanları yoluxdurmaq məqsədi, həmçinin niyyəti olmamışdır. Xəstəliyi ilə əlaqədar olaraq yenidən test vermək istədiyi üçün Şabran rayon MX-na getmişdir. Bundan sonra xüsusi geyimdə olan polis əməkdaşları onu yaşadığı evə yola salaraq çıxıb getmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXT-nın manqa komandiri vəzifəsində işləyən, polis serjantı Şahid1 göstərdi ki, 08 dekabr 2021-ci il tarixdə Şabran rayonu Günəşli kəndində qeydiyyatda olmaqla yaşayan “Covid-19” yeni növ koronavirus testi “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu Günəşli kəndində yerləşən evini tərk edərək küçəyə çıxması onlara məlum olmuşdur. Həmin gün saat 11 radələrində polis əməkdaşları – Şahid3, Şahid2 və digərləri ilə birlikdə Şabran şəhəri Mikayıl Müşviq küçəsində Təqsirləndirilən şəxs taksi avtomobili ilə gedərkən müəyyən edib saxlamışlar. Təqsirləndirilən şəxs Şabran RMX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və karantin rejiminə riayət edərək ev şəraitində müalicə olunması tapşırılmasına baxmayaraq o, bu tövsiyələrə əməl etməyərək küçəyə çıxmaqla xəstəliyin daha da geniş yayılmasına şərait yaratmışdır. Təqsirləndirilən şəxs yoluxduğu “Covid-19” yeni növ koronavirus xəstəliyi ilə əlaqədar olaraq yenidən test vermək məqsədilə yaşadığı evi tərk edib Şabran rayon MX-na getməsini deyərək özünə haqq qazandırmağa çalışmışdır. Polis əməkdaşları ilə birlikdə videoçəkliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb və küçəyə çıxmasının qanun pozuntusu olmasını ona izah etdikdə sonuncu, səhvini başa düşərək əməlindən peşman olduğunu bildirmişdir. RPŞ-nin təhqiqatçısı Pərviz Babayev tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol imzalarla təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid2 iş üzrə Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şabran rayon mərkəzi xəstəxanası X10 tərəfindən verilmiş 27.12.2021-ci il tarixli 837 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” pandemiyası ilə əlaqədar verdiyi analizin cavabı 26.11.2021-ci il tarixdə “pozitiv” olaraq gəlmiş və sonuncu, 14 gün ev nəzarətinə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH-nin Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli 34 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Günəşli kəndində yaşayır və ailə tərkibi – əri X2, uşaqları – 1996-cı il təvəllüdlü X3 və 1997-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan ******* saylı Hərbi Biletin surətindən görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Şabran RİH-nin Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli 33 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması özünün səmimi etiraf ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, oğlunun müharibə iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və qadın olmasını, eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 01 ədəd kompakt diskin ()DVD) maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №1(031)-16/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-16/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver