Məhkəmə qərarları › İş №1(031)-16/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-16/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-16/2023 16.03.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,993 qram olan heroini 01 ədəd “Kent-4” markalı siqaret qutusuna yerləşdirib əynindəki ağ rəngli gödəkçəsinin sol yan cibində gəzdirməklə qanunsuz olaraq üzərində saxlamış, 31 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Şabran rayon polis şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Dağlı” kafesinin yaxınlığında idarə etdiyi "xxxx" MMC şirkətinə məxsus “Kia Forte” markalı, **-EX- *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış və RPŞ-də üzərində keçirilmiş şəxsi axtarış zamanı sözügedən narkotik vasitə heroin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda valideynləri ilə birlikdə yaşayır. Atası və anası 2-ci qrup əlildirlər, heç yerdə işləmirlər. Təxminən 1-2 aydır ki, narkotik vasitələrdən istifadə edir. Təxminən bir həftə əvvəl Bakı şəhərində bir nəfər tanışının toyunda olduğu zaman orada tanımadığı bir nəfər şəxsdən 10 manat dəyərində istifadə etmək üçün bir bükümdə narkotik vasitə heroin almışdır. 31 oktyabr 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhərində “Renta Car” şirkətindən icarəyə götürdüyü “Kia Forte” markalı avtomobillə yaşadığı Şabran rayonuna gələrək gecə saat 03 radələrində Şabran şəhərinə daxil olub və şəhərin M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman Şabran RPŞ-nin DYPB-nin əməkdaşları onun avtomobilini saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşan zaman onun narkotik vasitə təsiri altında olmasından və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasından şübhələnərək onu idarə etdiyi avtomobillə birlikdə RPŞ-nə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Şabran rayon PŞ-nə gəlmiş və RPŞ-də müstəntiq hüquq və vəzifələrini ona izah edərək hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini ona izah etmişdir. O, buna etiraz etmədikdən sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynindəki ağ rəngli gödəkçəsinin sol yan cibində “Kent-4” markalı siqaret qutusunun içərisindəki 01 ədəd bükümdə olan narkotik vasitə heroini könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə vəkilin və digər iştirakçıların iştirakları ilə bir ədəd zərfə qoyularaq qablaşdırılıb və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra onun iştirakı ilə idarə etdiyi “Kia Forte” markalı avtomobilə və sonra isə yaşadığı evə baxış keçirilmişdir. Lakin avtomobildən və yaşadığı evdən heç bir cinayət xarakterli əşya və narkotik vasitə aşkar edilməmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyən Şahid1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Şabran RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Şahid3la birlikdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan zaman **-EX-*** qeydiyyat nömrə nişanlı “Kia-Forte” markalı avtomobilin sürücüsünün narkotik vasitə təsiri altında avtomobil idarə etməsi və üzərində qanunsuz olaraq narkotik vasitə daşımasında şübhəli olduğu üçün həmin küçədə avtomobilə “saxla” göstərişi vermişlər. Həmin avtomobilin sürücüsü avtomobili saxladıqdan sonra polis mayoru Şahid3la birlikdə avtomobilə yaxınlaşmış və sürücünün sənədlərinə baxdıqda həmin avtomobilin icarə əsasında idarə edilməsinə icazə verilmiş avtomobil olması müəyyən edilmişdir. Sürücünün kifayət qədər özünü şübhəli aparması səbəbindən onu idarə etdiyi avtomobil lə birgə RPŞ-nə dəvət etmişlər və RPŞ-də həmin şəxsin ünvan 2 ünvanda yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 da analoji ifadə verərək iş üzrə Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyən Şahid4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Şabran RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması və qəbul edilməsində şübhəli bilinən Şabran şəhəri H.Əliyev prospekti ev 40 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq RPŞnə gətirilmişdir. RPŞ-də o və Şabran RPŞ-nin PPXB-nün əməkdaşı, polis serjantı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əynindəki ağ rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Kent-4” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmasını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 6/6299 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,993 qram (tədqiqata sərf edilən ümumi miqdar – 0.05 qram, qalıq – 0.943 qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 7566 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli 3924 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında ailə üzvləri – atası X2, anası X3 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş 028726 saylı vəsiqənin surətindən və Elektron Məhkəmə Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs valideynləri – X2 və X3 hər ikisi 2-ci qrup əlildirlər. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli 3945 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmışdır. Ailə üzvlərinə qarşı hər hansı kobudluq göstərməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli arayışdan görünür ki, Şabran rayon məhkəməsinin 1(031)-58/2022 saylı 30 noyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs şöbədə qeydiyyata alınmadığından çəkilməmiş 02 il 09 ay cəzası qalmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizasının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, atasının və anasının 2-ci qrup əlil olmaqla onun himayəsində yaşamalarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. İş materiallarından görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki cinayət əməlini isə həmin hökm çıxarılmazdan əvvəl törətmişdir. Belə halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş X4 üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 0,943 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin məhv edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 88 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını bu hökmlə təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş X4 üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 0,943 qram kustar üsulla hazırlanmış narkotik vasitə heab olunan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar