Məhkəmə qərarları › İş №1(031)-17/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-17/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-17/2024 24.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1982-ci il tarixdə Dəvəçi rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən hesablanmaqla övladları xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-286/2020 nömrəli xx.xx.2020-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin 3(031)-258/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7453 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Narıngül ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Belə ki, münasibətləri qaydasında olmadığından, ailədə tez-tez söz-söhbət və narazılıqlar olduğundan, birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən ayrılmaq qərarına gəlmişlər. Narıngül himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla övladları xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. İmkanı kifayət qədər olmadığından alimenti ödəməmişdir və barəsində cinayət işinin başlanması ilə bağlı təqdimat verilən vaxta 7453 manat məbləğində aliment borcu yaranmışdır. Lakin o, hazırda Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə Zərərçəkmiş şəxs olan 7453 manat məbləğində aliment borcunu tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilmişdir. Bu halları nəzərə alaraq məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan üç övladları dünyaya gəlmişdir. Sonradan onların ailə münasibətləri pisləşmişdir. Belə ki, İntiqamla xasiyyəti uyğun gəlməmiş, ona qarşı şiddət göstərmiş, tez-tez aralarında mübahisələr yaranmışdır. Bu səbəbdən ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə 2020-ci il tarixdə məhkəmədə iddia qaldırmış, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla övladları xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvələrini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şabran şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixli inzibati qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra o, sözü gedən qətnaməni icra etməməyə davam etdiyi üçün barəsində cinayət işinin başlanılması üçün təqdimat verilmiş və həmin təqdimat verilən xx.xx.2022-ci il tarixə Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə ümumilikdə 7453 manat ödənilməmiş aliment borcu yaranmışdır. Lakin, cinayət işinin başlanması haqqında təqdimat verildikdən sonra ilk öncə aliment borcundan 1665 manat hissəsi, sonra isə yerdə qalan hissə tam şəkildə ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs aliment borcunu ona tam ödəmiş və onun Təqsirləndirilən şəxs şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-286/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla övladları xx.xx.2007ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və cinayət məsuliyyətinə cəlb olunması məsəllisinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək cəmi 7453 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, yenidən izahatı alınıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbər edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək cəmi 7453 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Zərərçəkmiş şəxs Şabran rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilən və ifadəsi məhkəmə iclasında elan olunmuş Şahid2 eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində 7453 manat məbləğində aliment borcunun ona ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan tələbi və şikayətinin olmadığını bildirmiş və ərizəsini nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd"inə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə ifadə olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-286/2020 nömrəli xx.xx.2020-cı il tarixli qətnaməsi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olan 7453 manat məbləğində aliment borcunu xx.xx.2024cü il tarixə tam şəkildə ödəmişdir və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd"inə əsasən) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, ona qarşı hazırki iş üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344- 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar