Məhkəmə qərarları › İş №1(031)-17/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-17/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-17/2025 12.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2006-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunana kimi faktiki olaraq Şabran şəhəri, Hüseyn Cavid küçəsi, ev 180 ünvanında yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda faktiki olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 7,166 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Şabran şəhəri, M.Rəsulov küçəsi ərazisində dayanmış vəziyyətdə olan taksi fəaliyyəti göstərən “Kia Rio” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərnişin kimi əyləşdiyi zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının avtomobilə yaxınlaşdığını görərək avtomobilin sürücüsünə Şabran şəhərinin Çingiz Mustafayev küçəsinə doğru hərəkət etməsini dedikdən sonra həmin avtomobil ilə Şabran şəhərinin Çingiz Mustafayev küçəsi ilə hərəkətdə olan zaman polis əməkdaşlarının onun ardınca gəldiklərini görərək sərnişin kimi əyləşdiyi avtomobilin ön sağ pəncərəsindən üzərindəki, içərisində çətənə bitkisindən kustar üsulla hazırlanmış qudurulmuş marixuana olan 1 ədəd “LD” markalı siqaret qutusunu və 2 ədəd kibrit qutusunu ataraq avtomobildən enib qaçmış və Şabran şəhərinin Çingiz Mustafayev küçəsinə baxış zamanı ona məxsus bir ədəd “LD” markalı siqaret qutusunda 8 ədəd və 2 ədəd yerdə olmaqla 10 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,149 qram, 0,183 qram, 0,177 qram, 0,156 qram, 0,241 qram, 0,169 qram, 0,144 qram, 0,257 qram, 0,170 qram, 0,155 qram və 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,163 qram və 3,202 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 7,166 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, sosial şəbəkə vasitəsi ilə tanımadığı, iranlı olduğunu bildiyi şəxslə danışmış və razılaşdıqdan sonra Bakı şəhərində onun atdığı yerdən narkotik vasitə olan marixuananı götürmüş, xx.xx.2024-cü il tarixdə, təxminən günorta saatlarında tanışı, taksi fəaliyyəti göstərən Şahid3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona taksi lazım olduğunu bildirib yaşadığı küçəyə çağırmış, Amil gəldikdən sonra avtomobilinə əyləşmiş və onu Şabran şəhərinin M.Rəsulov küçəsinə aparmasını istəmişdir. Amil ilə Şabran şəhərinin M.Rəsulov küçəsinə kafenin yaxınlığına gəlmiş, avtomobildə olan zaman təxminən saat 15:00 radələrində onun əyləşdiyi tərəfdən, yəni ön sağ sərnişin qapısı tərəfdən Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 yaxınlaşaraq pəncərəni döyəcləyərək onu çağırmış, həmin vaxt o, qapının kilidini vuraraq həyəcanlı halda Amildən avtomobili sürməsini istəmişdir. Amil də avtomobili Şabran şəhərinin Çingiz Mustafayev küçəsi istiqamətində sürmüşdür. O, polis əməkdaşlarının onu saxlaya biləcəyi halda üzərində olan narkotik vasitələri aşkarlaya biləcəklərini düşündüyündən Şabran şəhərinin Çingiz Mustafayev küçəsi ilə hərəkətdə olan zaman avtomobilin sağ ön pəncərəsini açaraq üzərində olan içərisində “nəşə” adlanan 1 ədəd “LD” markalı siqaret qutusunu içərisindəki 10 ədəd kağız bükümlərlə birlikdə və 2 ədəd kibrit qutusunu yol kənarına tullamışdır. Amil ondan atdıqlarının nə olduğunu soruşduqda o, Amilə həmin bükümlərin içərisində “nəşə” olduğunu demiş, həmin vaxt Amil avtomobilin əyləcini basaraq dərhal avtomobili saxlamışdır. Bundan sonra o, qapını açaraq avtomobildən qaçmışdır. Daha sonra polis əməkdaşları onu həmin tarixdə, saat 17:00 radələrində Şabran şəhərinin Xəqani küçəsində saxlayaraq polis şöbəsinə dəvət etmişdirlər. O, polislərə artıq etiraz etmədən onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə getmişdir. O, narkotik vasitərdən yeni-yeni istifadə etməyə başlamış, buna görə də narkotik vasitəni əldə edərkən istifadəsi rahat olsun deyə bükümlərdə hazır verilməsini istəmiş, əldə etdiyi narkotik vasitəni bükümlərə bölməmişdir. Narkotik vasitəni heç kimə satmamış və heç kimlə bu barədə sövdələşməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq həbs olunana kimi ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsində özünü təqsirli bilməsi ilə yanaşı, onun əməli işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Şahid2 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Şabran şəhəri, M. Rəsulov küçəsində Təqsirləndirilən şəxs Şahid3 idarə etdiyi “Kia Rio” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sağ ön sərnişin oturacağında oturduğunu görmüş və avtomobilə yaxınlaşarkən avtomobilin sürücüsü Şahid3 avtomobilin qapılarını kilidləyərək avtomobili Şabran şəhərinin Çingiz Mustafayev küçəsi istiqamətinə sürmüşdür. Onlar həmin avtomobilin ardınca gedən zaman Təqsirləndirilən şəxs avtomobildə ön sağ sərnişin oturacağının pəncərəsini açaraq əlində olan əşyaları yol kənarına atmasını, bu zaman avtomobilin sürücüsü Şahid3 həmin yerdən təxminən 5-6 metr irəlidə avtomobili saxladığını və Təqsirləndirilən şəxs avtomobil saxlanıldığı anda avtomobildən enərək qaçdığını görmüşdürlər. Onlar Şahid3 avtomobilinin yanına yaxınlaşmış və sürücü Şahid3 onlara Nazimin üzərində olan 1 ədəd siqaret qutusunu və 2 ədəd kibrit qutusunu pəncərədən atdığını və həmin qutularda narkotik vasitə olduğunu bildirmişdir. Şahid3 onlara Nazimin əşyaları atdığı yeri göstərmiş və onlar həmin yerdə, yəni Şabran şəhərinin Çingiz Mustafayev küçəsi ərazisində yolun kənarında 1 ədəd “LD” markalı siqaret qutusunun, 2 ədəd kağız bükümün və 2 ədəd kibrit qutusunun olduğunu görmüşdürlər. Şahid3 həmin predmetlərin Təqsirləndirilən şəxs məxsus olduğunu və avtomobilin pəncərəsini açaraq atmasını təsdiq etmişdir. 1 ədəd “LD” markalı siqaret qutusunun, 2 ədəd kağız bükümün və 2 ədəd kibrit qutusu protokol tərtib edilərək videoçəkiliş vasitəsi ilə oradan götürülmüşdür. Daha sonra “Kia Rio” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil Şabran Rayon Polis Şöbəsinə sürücüsü ilə birlikdə gətirilmiş, avtomobilə videoçəkiliş ilə baxış keçirilmişdir. Bununla yanaşı həmin gün saat 17:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Şabran şəhərinin Xəqani küçəsində onlar tərəfindən saxlanılaraq Şabran Rayon Polis şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, “Kia Rio” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Şabran şəhərinin ərazisində yerləşən avtovağzalda olan zaman Nazim ona “WhatsApp” tətbiqi vasitəsi ilə mesaj yazaraq ona taksi lazım olduğunu bildirmiş və ondan yaşadığı küçəyə gəlməsini istəmişdir. O, avtomobil ilə Nazimin yaşadığı küçəyə getmişdir. Nazimi bir qədər gözlədikdən sonra gəlib avtomobilə əyləşmiş və onu Şabran şəhərinin M.Rəsulov küçəsinə aparmasını istəmişdir. Şabran şəhərinin M.Rəsulov küçəsinə kafenin qarşısına gəldikdə Nazim avtomobildən enməmiş və gözləmişdir. Həmin vaxt Nazim avtomobildə ön sağ sərnişin oturacağında əyləşmişdir. Avtomobildə olan zaman Şahid1 Nazimin əyləşdiyi tərəfdən qapıya yaxınlaşıb pəncərəni döyəcləmiş, həmin vaxt Nazim ondan avtomobilin qapılarının kilidlərini bağlayaraq avtomobili sürməsini istəmişdir. O da nə olduğunu anlamadan və qorxaraq avtmobili idarə etməyə başlamışdır. Nazimdən nə baş verdiyini soruşduqda, ona sadəcə avtomobili sürməsini demişdir. O, Şabran şəhərinin Çingiz Mustafayev küçəsinə daxil olmuş və küçəyə daxil olduqdan sonra Nazim əlini cibinə salaraq 2 ədəd kibrit qutusunu və 1 ədəd “LD” markalı qara rəngli siqaret qutusunu çıxartmış və pəncərəni açaraq həmin qutuları küçəyə atmışdır. O, Nazimdən atdıqlarının nə olduğunu soruşduqda, Nazim ona həmin qutularda “nəşə” olduğunu deyən zamandərhal əyləci basaraq avtomobili saxlamış vəNazim avtomobildən enib qaçmışdır. O, avtomobildən enmiş və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları yanına çatan zaman Nazimin üzərində olan “nəşə” ləri küçəyə yol kənarına atdığını bildirmiş, atılan qutuların olduğu yeri polis əməkdaşlarına göstərmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasından məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməməsi səbəbi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməliyyat axtarış bölməsinin rəisi Şahid1 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Şabran şəhəri, M.Rəsulov küçəsində Təqsirləndirilən şəxs Şahid3 idarə etdiyi “Kia Rio” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sağ ön sərnişin oturacağında oturduğunu görmüş və Şabran Rayon Polis Şöbəsinin əməliyyat axtarış bölməsinin rəisi Şahid1 avtomobilə yaxınlaşarkən avtomobilin sürücüsü Şahid3 avtomobilin qapılarını kilidləyərək avtomobili Şabran şəhərinin Çingiz Mustafayev küçəsi istiqamətinə sürmüşdür. Onlar həmin avtomobilin ardınca gedən zaman Təqsirləndirilən şəxs avtomobildə ön sağ sərnişin oturacağının pəncərəsini açaraq əlində olan əşyaları yol kənarına atmasını, bu zaman avtomobilin sürücüsü Şahid3 həmin yerdən təxminən 5-6 metr irəlidə avtomobili saxladığını və Təqsirləndirilən şəxs avtomobil saxlanıldığı anda avtomobildən enərək qaçdığını görmüşdürlər. Onlar Şahid3 avtomobilinin yanına yaxınlaşmış və sürücü Şahid3 onlara Nazimin üzərində olan 1 ədəd siqaret qutusunu və 2 ədəd kibrit qutusunu pəncərədən atdığını və həmin qutularda narkotik vasitə olduğunu bildirmişdir. Şahid3 onlara Nazimin əşyaları atdığı yeri göstərmiş və onlar həmin yerdə, yəni Şabran şəhərinin Çingiz Mustafayev küçəsi ərazisində yolun kənarında 1 ədəd “LD” markalı siqaret qutusunun, 2 ədəd kağız bükümün və 2 ədəd kibrit qutusunun olduğunu görmüşdürlər. Şahid3 həmin predmetlərin Təqsirləndirilən şəxs məxsus olduğunu və avtomobilin pəncərəsini açaraq atmasını təsdiq etmişdir. 1 ədəd “LD” markalı siqaret qutusunun, 2 ədəd kağız bükümün və 2 ədəd kibrit qutusu protokol tərtib edilərək videoçəkiliş vasitəsi ilə oradan götürülmüşdür. Daha sonra “Kia Rio” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil Şabran Rayon Polis Şöbəsinə sürücüsü ilə birlikdə gətirilmiş, avtomobilə videoçəkiliş ilə baxış keçirilmişdir. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməliyyat axtarış bölməsinin rəisi Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Şabran şəhərinin Xəqani küçəsində onlar tərəfindən saxlanılaraq Şabran Rayon Polis şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 025306 nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-2-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində, üzərində və yaşadığı ünvanda saxlamasında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur (cinayət işinin İ cildinin 5-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin qanunsuz dövriyyəsində, istifadəsində, üzərində və yaşadığı ünvanda saxlamasında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 6-7-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə146/24 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin qanunsuz dövriyyəsində, istifadəsində, üzərində və yaşadığı ünvanda saxlamasında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat axtarış təbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İ cildinin 8-9-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və “DVD” formatlı diskdəki videogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şahid3 iştirakı ilə xx.xx.2024-cü il tarixdə, saat 16:00-dan 16:15-ə kimi olan müddət ərzində Şabran şəhərinin Çingiz Mustafayev küçəsi ərazisində keçirilmiş baxış nəticəsində Şahid3 Təqsirləndirilən şəxs avtomobilin pəncərəsindən küçəyə atdığı qutuların yerini Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarına bildirmiş, həmin yerdən yol kənarından Təqsirləndirilən şəxs məxsus 1 ədəd “LD” markalı siqaret qutusunun içərisində 8 ədəd və yanında isə 2 ədəd bükümdə, həmin qutunun yanında isə 2 ədəd kibrit qutusunda olmaqla spesifik qoxuya malik və narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək qablaşdırılıb götürülmüşdür (cinayət işinin İ cildinin 13-17-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid3 onun “Kia Rio” minik markalı, **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 19-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və “DVD” formatlı diskdəki videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:55-dən 17:00-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin həyətində “Kia Rio” minik markalı, **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilmiş baxış nəticəsində həmin nəqliyyat vasitəsindən hər-hansı qanunsuz əşya və ya predmet aşkarlanmamışdır (cinayət işinin İ cildinin 20-22-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30-da ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 31-33-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və “DVD” formatlı diskdəki videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00dan 18:10-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun üzərindən hərhansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 51-54cü vərəqələri). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 53-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və “DVD” formatlı diskdəki videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:25-dən 18:40-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində hər-hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 55-56-cı vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1926 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şabran şəhəri Ç.Mustafayev küçəsində yol kənarında aşkarlanmış kütlələr...” yazılar və imzalar olan 1 ədəd kağız zərfdə bir ədəd “LD” yazılan siqaret qutusunda 10 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,149 qram, 0,183 qram, 0,177 qram, 0,156 qram, 0,241 qram, 0,169 qram, 0,144 qram, 0,257 qram, 0,170 qram, 0,155 qram və 2 ədəd kibrit qutusunda hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 2,163 qram və 3,202 qram olmaqla, ümumi çəkisi 7,166 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 63-65-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırkı cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 7,166 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 0,6 qram hissəsi tədqiqata sərf edilmiş, 6,566 qram hissəsi isə qalıq olaraq geri qaytarılmışdır (cinayət işinin İ cildinin 66-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 72-74-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 90-96-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 6,566 qram narkotik vasitə qurudulmuş marixuana ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunub saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin İ cildinin 101-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2006-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və onun üzərində götürülməmş və ya ödənilməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 122-ci vərəqəsi vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-74/2-283/2025 saylı məktubdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs anası xx.xx.1983-cü il təvəllüdlü X6, qardaşı xx.xx.2001-ci il təvəllüdlü X7, qardaşı xx.xx.2002-ci il təvəllüdlü X3 və bacısı xx.xx.2009-cu il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 124-cü vərəqəsi vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74/2-284/2025 saylı xasiyyətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə qayda pozuntularına yol vermişdir. Sakinlərə qarşı hörmətsizliklər etməmişdir (cinayət işinin İ cildinin 125-ci vərəqəsi vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X12 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7914 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 133-134-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 140-141-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 143-144-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və iş üzrə istintaq hərəkətlərinin görüntülərinin əks olunduğu 4 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 154-166-cı vərəqələri). Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahıya əsasən qurudulmuş marixuananın xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 50000 qram təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs “Kia Rio” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən Şabran şəhərinin Çingiz Mustafayev küçəsi ərazisinə atdığı “LD” markalı siqaret qutusunda 8 ədəd və 2 ədəd yerdə olmaqla 10 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,149 qram, 0,183 qram, 0,177 qram, 0,156 qram, 0,241 qram, 0,169 qram, 0,144 qram, 0,257 qram, 0,170 qram, 0,155 qram və 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,163 qram və 3,202 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 7,166 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş DVD disk, baxış keçirilməsi haqqında protokollar və onlara əlavə edilmiş DVD disklər, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Məhkəmə təqsirləndirilən şəxslə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar yoxdur. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, törətdiyi əmələ tənqidi yanaşmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Həmin Məcəllənin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdən 12 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı, üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığ məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar ilə bağlı məsələnin necə həll edilməli olmasına münasibətdə bu nəticəyə gəlir ki, həmin Məcəllənin 132-ci maddəsinə əsasən ekspertiza icraatindan sonra qaytarılan, Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd kağız paketdə 6,566 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 4 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olan 70 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, o cümlədən Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 3 (üç) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd kağız zərfdə bir ədəd “LD” yazılan siqaret qutusunda 10 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,149 qram, 0,183 qram, 0,177 qram, 0,156 qram, 0,241 qram, 0,169 qram, 0,144 qram, 0,257 qram, 0,170 qram, 0,155 qram və 2 ədəd kibrit qutusunda hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 2,163 qram və 3,202 qram olmaqla ümumi təmiz çəkisi 7,166 qram olmuş və ekspertiza tədqiqatından sonra 6,566 qram çəkidə hissəsi geri qaytarılmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 4 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar