Məhkəmə qərarları › İş №1(031)-18/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-18/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-18/2021 26.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1980-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Şabran rayonu, Sarvan kəndində “Malyan” adlanan ərazidə yerləşən heyvandarlıq fermasında saxlanılan heyvanlar nəzarətsiz qaldıqları üçün qonşuluqdakı ona məxsus fermaya daxil olub ot tayasında ot yediklərinə görə Bəhruz Piriyevə məxsus fermada çoban işləyən Zərərçəkmiş şəxs ilə mübahisə edərək başı ilə sonuncunun burun nahiyəsindən, əlindəki ağacla isə başın ənsə nahiyəsindən zərbələr endirərək ona bütövlükdə səhhətinin qısa müddətə pozulmasına səbəb olmuş “xarici burun nahiyəsində yumşaq toxumaların əziyindən, burun tini nahiyəsinin sıyrılmış yarasından və ənsə nahiyəsinin dərialtı qansızmasından” ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şabran rayonu, Sərvan kəndinin yaxınlığında yerləşən Malyan adlanan yerdə, Ataş adlı şəxsdən 3 il bundan əvvəl ferma alaraq öz adına sənədləşdirmişdir. Onun aldığı fermanın yanında, əvvəl 2009-cu ildə Bakı şəhər sakini Bəhruz adlı şəxs özünə torpaq alaraq ferma tikmiş və həmin fermanı tikən zaman hazırda ona məxsus olan torpaq sahəsinə girmişdir. Bununla bağlı onların arasında müəyyən mübahisələr və münaqişələr olmuşdur. Bəhruz adlı şəxsin ona məxsus olan torpaq sahəsini zəbt edərək özünə ferma tikməsi ilə bağlı o, Şabran rayon məhkəməsində iddia qaldırmışdır. Hazırda Şabran rayon məhkəməsində işə baxılır. Bundan başqa onların fermaları bir-birinə yaxın olduğu üçün ona məxsus mal-qara Bəhruzun onun torpağında tikdiyi fermaya və Bəhruzun mal-qarası isə onun fermasına keçdiyi üçün aralarında mübahisələr olmuşdur. 29 noyabr 2020-ci il tarixdə səhər saat 06 radələrində o, yuxudan ayılıb özünə məxsus mal-qaranı otlamaq üçün otlaq sahəsinə buraxmaq məqsədi ilə həyətə çıxmış və Bəhruzun 8 baş iribuynuzlu heyvanın ona məxsus ot tayasının yanında olduğunu və ot tayasını dağıtdığını görmüşdür. O, Bəhruza məxsus 8 baş iribuynuzlu mal-qaranı fermasında olan setka çəpərdən hasara aldığı yerə salmış və bunu etməkdə məqsədinin ona dəymiş maddi ziyanı Bəhruza ödətdirmək olmuşdur. Bu barədə o, öz çobanı olan Fəxi adlı şəxsə bildirmişdir. Fəxi isə bunu Bəhruzun fermasında çoban işləyən İntiqam ləqəbli adını sonradan bildiyi Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs onun çobanı Fəxiyə mal-qaranı buraxmalarını tələb etsə də, o, malqaranı setka çəpərdən buraxmamışdır. Sonra Zərərçəkmiş şəxs polisə məlumat vermiş və polis əməkdaşları onların fermasına gələrək 8 baş mal-qaranı buraxmağını və dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etməyini izah etdikdən sonra o, 8 baş malqaranı setka çəpərə alınmış yerdən buraxmış və Zərərçəkmiş şəxs gəlib 8 baş mal-qaranı aparmışdır. O isə həmin gün saat 15 radələrinədək fermasında işləmiş və sonra fermadan çıxıb yaşadığı Şabran şəhərinə gəlmişdir. Şabran şəhərində saat 21 radələrinədək qaldıqdan sonra Bakı şəhərinə getmişdir. 30 noyabr 2020-ci il tarixdə ona məlum olmuşdur ki, İntiqam ləqəbli Zərərçəkmiş şəxs onun barəsində Şabran rayon polis şöbəsinə şikayət edərək döyməyini bildirmişdir. O, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olan zaman görmüşdür ki, ərizədə guya onun Zərərçəkmiş şəxs 29 noyabr 2020-ci il tarixdə saat 19 radələrində burun nahiyəsinə kəllə ilə vurub xəsarət yetirmişdir. Lakin, o, 29 noyabr 2020ci il tarixdə özünə məxsus Şabran rayonu, Sərvan kəndində yerləşən Malayan adlı ərazidə yerləşən fermada olmadığını, Zərərçəkmiş şəxs onun barəsində yalan və şər xarakterli ərizə yazdığını bildirmişdir. Qədimin iddiasını qəbul etmədiyini, çünki 2020-ci ilin yay aylarında da, onun barəsində şər və böhtan xarakterli məlumat verdiyini bildirmişdir. 29 noyabr 2020-ci il tarixdə saat 19 radələrində o, Şabran şəhərində olan zaman tanışı Həmdulla ilə görüşmüş və bunu Həmdullanın təsdiq edə biləcəyini bildirmişdir. O, 29 noyabr 2020-ci il tarixdə Şabran rayonu, Sərvan kəndində olan Malayan adlı ərazidəki fermasından saat 15-17 radələrində çıxmış, Şabran şəhərinə isə 1 saat ərzində çatmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspertiza rəyləri, eləcə də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, 2016-cı ildən o, işləmək üçün Bəhruz Piriyevlə əlaqə saxlamış, fermada çoban işləmək istədiyini bildirmişdir. Bəhruz Piriyev ona xırdabuynuzlu və iribuynuzlu heyvanlar saxlanılan fermada işləməyinə razılıq vermişdir. O, 2016-cı ilin may ayından ailəsi və üç azyaşlı övladı ilə birlikdə Şabran rayonu, Sarvan kəndində Malyan adlanan ərazidə yerləşən fermaya gəlmiş və bu günə kimi həmin fermada yaşayaraq işləmişdir. O, fermada işləməyə başladıqdan bir il sonra yəni, 2017-ci ildə onun qonşuluğunda olan fermanı Təqsirləndirilən şəxs almış, həmin vaxtdan da Təqsirləndirilən şəxslə fermanın sahibi Bəhruz Piriyev arasında fermaların bir-birinə yaxın olması ilə əlaqədar torpaq yerinin bölünməsi ilə bağlı mübahisələr olmuşdur. Mütəmadi olaraq işlədiyi fermada saxlanılan mal-qara Zeynala məxsus fermaya və ya otlaq sahəsinə, digər fermada olan mal-qara isə onların fermasına və ya otlaq sahəsinə keçdiyindən aralarında mübahisələr olmuşdur. 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında işlədiyi fermada saxlanılan mal-qaraların 7 baş iribuynuzlu heyvanlar Zeynalın fermasında olan ot tayasının yanına gedib, həmin ot tayasından ot yeyən zaman Zeynala məxsus fermada coban işləyən Fəxi adlı şəxs həmin 7 baş iribuynuzlu heyvanı işlədiyi tövləyə salaraq, guya onlara dəymiş ziyanın əvəzini ödəmək üçün təkidlə heyvanları qaytarmamışlar. Bununla bağlı Bəhruz Piriyev Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermiş və gələn polis əməkdaşlarının köməkliyi ilə həmin 7 baş iribuynuzlu heyvanlar Fəxri və Zeynaldan alınaraq geri qaytarılmışdır. Həmin mübahisədən sonra o, gündəlik işi ilə məşğul olmuşdur. Gündəlik işi fermada olan mal-qaranı otarmaq, fermanı təmizləmək, inəkləri sağmaq və digər işlərlə məşğul olmaqdan ibarət olmuşdur. Həmin gün, yəni 29 noyabr 2020-ci il tarixdə saat 18 radələrində işini qurtarıb mal-qaranı tövləyə saldıqdan sonra fermada yerləşən yaşayış evinə getmişdir. Evində olan zaman saat 19 radələrində qonşu fermanın sahibi Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək “Qədim özümə məxsus mal-qaranı sizin fermaya yığmışam” demişdir. Telefonu söndürdükdən sonra onu kiminsə çağırdığını eşitmiş və yaşadığı evin qapısına çıxanda Zeynalın səsinin işlədiyi fermanın arxasından gəldiyini bilib həmin yerə getmişdir. Ora çatanda Zeynalın fermasında çoban işləyən Fəxi adlı şəxslə birlikdə özlərinə aid mal-qaranı onun işlədiyi fermanın həyətinə saldığını görmüş və Zeynal ona “bura mənimdir” sözlərini demişdir. Bu zaman Fəxri onlardan uzaqlaşmış, xeyli kənarda qaranlıq yerdə onunla birlikdə işləyən İlkinlə söhbət etmişdir. O, Zeynala yaxınlaşanda Zeynal ondan heç bir söz soruşmadan uca səslə danışmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Ona işlədiyi fermanın Bəhruz Piriyevə yox, özünə məxsus olduğunu, malqaranı da bu fermada saxlayacağını demişdir. O, isə cavabında Təqsirləndirilən şəxs uca səslə danışmamağı bildirib “nə nalayiq ifadələr işlədibsə özünə getsin” sözlərini demişdir. Bu zaman Zeynal ona yaxınlaşıb əlindəki işıq fənərini gözünə salmış və başının alın nahiyəsi ilə onun burun nahiyəsinə bir dəfə kəllə zərbəsi vurmuş, o, Zeynaldan qorxub evinə qayıtmaq üçün geri çönüb bir necə addım atdıqdan sonra arxasınca küçə söyüşləri söyüb əlindəki ağacı ona tərəf atmışdır. Həmin ağac onun başının ənsə nahiyəsinə dəyib yerə düşmüşdür. Sifəti və başı qana bulaşdığından uşaqları qorxmasın deyə fermada yerləşən yaşayış evinə girməmiş, həyat yoldaşına Zeynalın onu vurmasını bildirib fermanın həyətində dayanmış vəziyyətdə olan və özünə məxsus “NİVA” markalı **-SK-*** dövlət nömrə nişanlı avtomobillə Şabran rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxslə arasında olan mübahisə 29 noyabr 2020-ci il tarixdə saat 19 radələrində olmuş, 3-4 dəqiqə davam etmiş, ətrafda İlkin və Fəxi adlı çobanlar olmuşdur. İlkin və Fəxi Zeynalın onu vurduğu yerdən bir qədər uzaqda olduqları üçün hadisəni görmədiklərini ehtimal etmiş, lakin küçə söyüşləri ilə onu söyməsini isə eşitmişlər. Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə onun burun nahiyəsinə öz alın nahiyəsi ilə bir dəfə kəllə zərbəsi vurmaqla burnuna və əlindəki ağacla isə başının ənsə nahiyəsinə xəsarət yetirmişdir. Ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2020-cı ilin sentyabr ayında o, işləmək üçün Bəhruz Piriyevlə əlaqə saxlamış və fermada çoban işləmək istədiyini bildirmişdir. Bəhruz Piriev onun özünə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanlar saxlanılan fermada işləməyinə razılıq vermişdir. O, 2020-ci ilin sentyabr ayından valideynləri ilə birlikdə Şabran rayonu, Sarvan kəndi ərazisində “Malyan” adlanan yerdə yerləşən fermaya gəlmiş və bu günə kimi həmin fermada çoban işləməklə yaşayır. O, fermada işləməyə başladıqdan sonra bilmişdir ki, 2017-ci ildə qonşuluğunda olan fermanı Təqsirləndirilən şəxs almış və həmin vaxtdan da Təqsirləndirilən şəxslə onun işlədiyi fermanın sahibi Bəhruz Piriyev arasında fermaların bir-birinə yaxın olması ilə əlaqədar torpaq yerinin bölünməsi ilə bağlı mübahisələr olmuşdur. Mütəmadi olaraq işlədiyi fermada saxlanılan mal-qara Zeynala məxsus fermaya və ya otlaq sahəsinə, Zeynalın fermasında olan mal-qara isə onların işlədiyi fermaya və ya otlaq sahəsinə keçdiyindən aralarında mübahisələr olmuşdur. 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında işlədikləri fermada saxlanılan mal-qaradan 7 baş iribuynuzlu heyvan Zeynalın fermasında olan ot tayasının yanına gedib həmin ot tayasından ot yeyən zaman Zeynala məxsus fermada işləyən Fəxri adlı şəxs həmin 7 baş iribuynuzlu heyvanı işlədiyi tövləyə salaraq guya dəymiş ziyanın əvəzini ödəmək üçün təkidlə heyvanları qaytarmamışlar. Bununla bağlı Bəhruz Piriyev Azərbaycan Respublikası DİN-in “102” zəng xidmətinə məlumat verib gələn polis əməkdaşlarının köməkliyi ilə həmin 7 baş iribuynuzlu heyvanlar Fəxi və Zeynaldan alınaraq geri qaytarılmışdır. Həmin mübahisədən sonra o, fermanın qoyunlarını otarmağa getmişdir. Həmin gün, yəni 29 noyabr 2020-ci il tarixdə saat 18 radələrində qoyunları otarmaqdan fermaya qaytarmış, qoyunları tövləyə salmış və evə getmək istəyəndə Zeynalın səsini eşitmiş və diqqətlə baxanda Zeynalın həmin vaxt Qədimlə söhbət etdiyini görmüşdür. O, bir qədər qaranlıq yerdə dayanıb Zeynalın fermasında çoban işləyən Fəxri ilə söhbət etmişdir. Söhbət əsnasında o, Zeynalın nalayiq sözlə Qədimi təhqir etməsini eşitmiş, lakin vurmasını tam acıq şəkildə görməmişdir. Qədimin yanında Zeynaldan başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 qızı göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Üç az yaşlı övladları var və birlikdə Şabran rayon Sarvan kəndində “Malayan” deyilən ərazidə yerləşən Bəhruz Piriyevə məxsus fermada yaşayırlar. Zərərçəkmiş şəxs fermada çoban işləyir, o isə, uşaqlara baxır. Həmin fermanın yaxınlığında Zeynal adlı şəxsin də ferması vardır. Zeynal adlı şəxsin Qədimin işlədiyi fermanın sahibi olan Bəhruz Piriyevlə torpaq mübahisəsi vardır. Buna görə də, Zeynal onun həyat yoldaşı Zərərçəkmiş şəxslə tez-tez mübahisələr etmişdir. 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs fermanın həyətinə çıxmış və guya onun işlədiyi fermaya məxsus olan 7 baş iribuynuzlu heyvanlar Zeynalın ot tayasından ot yediklərinə görə həmin heyvanları öz fermasında olan setka çəpərə salıb bağladığını görmüşdür. Qədim heyvanları buraxmasını istəsə də Zeynal heyvanları buraxmadığı üçün Azərbaycan Respublikası DİN-in “102” zəng xidmətinə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Zeynal fermasında olan setka çəpərdəki 7 baş iribuynuzlu heyvanları acıb buraxmışdır. Həmin gün axşam saat 19 radələrində Qədimin istifadəsində olan telefon nömrəsinə zəng gəlmiş və Qədim Zeynalla telefonda danışmışdır. Danışdıqdan sonra Qədim ona Zeynalın heyvanlarını onun işlədiyi fermanın həyətinə saldığını və ona “gəl görüm həmin heyvanları necə çıxaracaqsan dediyini” bildirmişdir. Qədim yaşadıqları evin həyətinə çıxan zaman Zeynalın səsi gəlmiş və uca səslə nalayiq sözlər işlətmişdir. Qədim gedəndə o, evdən çıxmamış və aradan bir necə dəqiqə keçdikdən sonra Qədim üzü qanlı vəziyyətdə idarə etdiyi avtomobilə əyləşərək xəstəxanaya getdiyini demişdir. O, Qədimdən nə baş verdiyini soruşduqda sonuncu, ona, Zeynalın onu vurmasını bildirmişdir. Həmin gün Qədim 3-4 saatdan sonra evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, o, idarə etdiyi “RENO” markalı **-RK-*** dövlət nömrə nişanlı avtomobillə taksi sürücüsü işləyir və gündəlik pul qazanır. Təqsirləndirilən şəxs tanıyır, münasibəti yaxşıdır və onun idarə etdiyi avtomobil Təqsirləndirilən şəxs adına olmaqla icarəyə götürüb etibarnamə vasitəsi ilə idarə edir və avtomobilin aylığı 600 (altı yüz) manat icarə haqqı olmaqla gündəlik 20 (iyirmi) manat pulu Zeynala ödəyir. 29 noyabr 2020-ci il tarixdə o, avtomobilin icarə haqqını vermək üçün Təqsirləndirilən şəxslə Şabran şəhəri mərkəzində yerləşən avtovağzalda saat təxminən 17-18 radələrində görüşmüş və 20 (iyirmi) manat pulu Zeynala vermişdir. Həmin gün Təqsirləndirilən şəxs haradan gəlib və hara getməsindən məlumatı olmamış, onun həmin tarixdə saat 19 radələrində harada olmasını bilməmiş, Şabran rayon Sarvan kəndində yerləşən “Malayan” adlı ərazinin Şabran şəhərindən 15-20 dəqiqəlik yol olmasını bilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2020-ci ilin noyabr ayında Şabran rayon Sərvan kəndində yerləşən “Malayan” adlı ərazidə Təqsirləndirilən şəxs məxsus fermada çoban işləmişdir. O, çoban işlədiyi fermanın yaxınlığında Bəhruz Piriyevə məxsus ferma olmuş və həmin fermaya İntiqam adlı çoban nəzarət etmişdir. 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bəhruzun fermasında olan 7 baş iri buynuzlu heyvanlar Zeynalın fermasının ərazisində olan ot tayasını yeyib dağıtdığı üçün Zeynal həmin 7 baş heyvanları fermada olan dəmir setka ilə çəpərə alınmış yerə salıb qapısını bağlaşmışdır. Bununla bağlı həmin heyvanların sahibi Bəhruz tərəfindən “102” zəng xidmətinə məlumat verildikdən sonra polis əməkdaşları gəlib və Zeynalın saxladığı 7 baş irirbuynuzlu heyvanları dəmir setka ilə çəpərə alınmış yerdən buraxmışdır. Bundan sonra, yəni 29 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Zeynal fermada olan mal-qaranı Bəhruzun fermasının həyətinə aparmış, çoban işləyən İntiqam kimi tanıdığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs telefon zəngi edib həmin yerə çağırmışdır. İntiqam həmin yerə gələn zaman o, İntiqamla birlikdə çoban işləyən İlkin adlı şəxslə söhbət etmişdir. Zeynalın cağrışına gələn İntiqamla həmin vaxt Zeynal arasında nə baş verdiyini bilməmiş və saat 19 radələrində artıq hava qaranlıq olduğu üçün onların arasında dava-dalaşı görməmiş, 5-6 dəqiqə keçdikdən sonra İntiqam idarə etdiyi “NİVA” markalı avtomobilə əyləşib həmin yerdən çıxıb getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, onu hamı Əlibəy kimi tanısa da, əslən adı Gülbəddindir. O, 5 aydır ki, Şabran rayon Sərvan kəndində yerləşən Malayan adlı ərazidə Təqsirləndirilən şəxs məxsus fermada çoban işləyir. Həmin fermanın yaxınlığında Bəhruz Piriyevə məxsus fermada vardır. Bəhruz Piriyev öz fermasında olmur və onun fermasına çoban işləyən İntiqam baxır. Zeynal və Bəhruz arasında eşitdiyinə görə, fermanın yerləşən torpaq sahəsinə görə mübahisələr olmuşdur. 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında İntiqam nəzarət etdiyi fermada olan 7 baş iribuynuzlu heyvanlar onun işlədiyi fermada yığılmış ot tayasını yeyib dağıtdıqları üçün Zeynal həmin heyvanları dəmir setka ilə çəpərə alınmış yerə salmış və buraxmamışdır. Bundan sonra İntiqam kimi tanıdığı əsl adı isə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” zəng xidmətinə məlumat vermiş, həmin yerə polis əməkdaşları gəlmiş və Zeynal heyvanları buraxmışdır. Sonra o, Zeynala məxsus fermada olan xırdabuynuzlu heyvanları otlaq sahəsinə aparmışdır. 29 noyabr 2020-ci il tarixdə saat 18 radələrində fermaya qayıtmış, qoyunları fermaya yerləşdirib və fermanın həyətində olan qaldığı evə getmişdir. Həmin gün o, heç bir dava-dalaş görməmiş, heç bir səs eşitməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Palitoloji Anatomiya” Birliyininin Şabran rayon şöbəsi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xarici burun nahiyəsində toxumaların əziyindən, burun tini nahiyəsinin sıyrılmış yarasından, ənsə nahiyəsinin dərialtı qansızmasından (hematomasından) ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 29.11.2020-ci il tarixdə döyülmə zamanı kəllə ilə, ağacla vurulan zərbələr nəticəsində alına bilərdi, özü-özünə yetirilməsinə xarakterik deyil, səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2020-ci il tarixli 881 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda ailə üzvləri – arvadı X2 və uşaqları – X3 və X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2020-ci il tarixli 882 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ seriyalı 441337 saylı və AZ-İİ seriyalı 850812 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından 31 mart 2010-cu il tarixdə Cavid və 07 fevral 2012-ci il tarixdə Vasif adlı uşaqları olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə və dindirmə protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməsə də, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar