Məhkəmə qərarları › İş №1(031)-18/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-18/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-18/2023 06.03.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,160 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış bir ədəd bükümdə narkotik vasitə hesab olunan heroini yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin dəhlizində olan nəlbəkinin altında gizlətmiş və 10 noyabr 2022-ci il tarixdə saat 13 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı yaşadığı evin yaxınlığında saxlanılmış, yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman sözügedən narkotik vasitə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır, ailəlidir və bir övladı var. Müxtəlif yerlərdə fəhləlik etməklə ailənin yeganə qazanc gətirənidir. Təxminən 25 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Tutulmamışdan təxminən 20 gün əvvəl Bakı şəhərinə qohumu Namiq Nəcəfovun toyunda iştirak etmək məqsədilə getmiş, Bakı şəhərində “Papanin” adlanan ərazidə olan zaman tanımadığı bir nəfər şəxsdən 25 manata narkotik vasitə olan heroin almış, onu da almaqda məqsədi şəxsi istehlak məqsədi olmuşdur. Həmin narkotiki aldıqdan sonra onu cibinə qoyaraq yaşadığı evə gətirmiş, hissələrə bölmüş, onun da hər bir bükümünü 2-3 gündən bir istifadə etmişdir. 10 noyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olan zaman Şabran RPŞ-nin əməkdaşları onu evinin yaxınlığında saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə RPŞ-nə dəvət etmişlər, o da könüllü RPŞnə getmiş, RPŞ-də olan zaman hüquqlarının müdafiə üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində üzərindən heç nə çıxmamışdır. Şəxsi axtarışdan sonra müstəntiq tərəfindən izahatı alınan zaman könüllü olaraq evində narkotik vasitə heroinin istifadə etmək üçün iynə və borucuqların olduğunu söyləmişdir. Ardınca da vəkilin və polis əməkdaşlarının iştirakı ilə evinə baxış keçirilmiş, baxışın keçirilməsinə heç bir etirazı olmamış, baxış zamanı da dəhlizdə olan nəlbəkinin içərisində olan bir bükümdə heroin və yenə həmin dəhlizdə narkotik vasitəni istehlak etmək üçün iynələr və borucuqlar polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş və daha sonra istintaq hərəkətinin iştirakçıları tərəfindən qablaşdırılmışdır. Törətmiş olduğu əməldən peşmandır, ailəsini, yaşını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Şabran RPŞ-nin PPXB-nün tağım komandiri, polis leytenantı Şahid1 və Şabran RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Şahid2la birlikdə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan zaman əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxsin hərəkətlərindən narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhələndiklərinə görə sonuncunu RPŞ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs də onlara tabe olmaqla onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də olan zaman hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə Natiqin üzərində şəxsi axtarış keçirilən zaman Natiqin üzərindən hər hansısa bir qanunsuz əşya, o cümlədən narkotik vasitə aşkar edilməmiş, ardınca da Təqsirləndirilən şəxs izahatı müstəntiq tərəfindən alınan zaman sonuncu, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini və yaşadığı evdə narkotik vasitələri istehlak etmək üçün iynə və kustar üsulla düzəldilmiş borucuqların olduğunu söyləmişdir. Bunun əsasında vəkilin də iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman evin dəhlizindən 01 ədəd bükümdə heroinəbənzər kütlə aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Həmin vaxt Natiq özü hər şeyi olduğu kimi etiraf etmiş və özünü səmimi aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşları –Şahid1 və Şahid2 eyni məzmunu ifadələr verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2022-ci il tarixli 6/6495 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış zamanı aşkar olunaraq götürülmüş və 01 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,160 qram (tədqiqata sərf edilən ümumi miqdar – 0,05 qram, qalıq – 0,110 qram, məhluldan 1ml tədqiqata sərf edildi) olan kustar üsulla hazırlanmış narkotik maddə - heroindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 7567 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixnevroloji kabinetdə yoxdur, ancaq narkoloji kabinetdə “narkomaniya” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli tələbnamədən və bununla bağlı toplanmış sənədlərədn görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli 4165 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri – arvadı X1 və uşağı – 2004-cü il təvəllüdlü X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli 4176 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli tutma protokolundan, eləcə də 12 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizasının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq Cinayət Məcəlləsində bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində bir çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 0,110 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı istifadə olunmuş videoçəkilişdən əldə olunan görüntülərin köçürüldüyü 01 (bir) ədəd “CD” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 88 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş və qalıq qalan 0,110 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı istifadə olunmuş videoçəkilişdən əldə olunan görüntülərin köçürüldüyü 01 (bir) ədəd “CD” formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar