Məhkəmə qərarları › İş №1(031)-18/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-18/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-18/2024 24.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2001-ci il tarixdə Dəvəçi rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 0,382 qram olmaqla qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini yaşadığı ünvan 2 ünvanında saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı sonuncu Şabran şəhəri R.Fəttaxov küçəsində saxlanılıb Şabran Rayon Polis Şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış aparıldıqda narkotik vasitə və ya psixotrop maddə aşkar olunmasa da, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etdiyini və yaşadığı Şabran şəhəri, R.Fəttaxov küçəsi, 8 qeydiyyat nömrəsi olan evində həmin vasitələri saxladığını bildirdikdən sonra təxirəsalınmadan həmin evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağından televizorun yanındakı pul qabının içərisindən 1 ədəd gümüşü rəngli siqaret bükümündə 0,284 qram və 1 ədəd gümüşü kağız bükümdə 0,098 qram çəkilərdə, ümumi təmiz çəkisi 0,382 qram olan xeyli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri R.Fəttaxov küçəsində saxlanıldıqdan sonra Şabran Rayon Polis Şöbəsində üzərinə baxış keçirildiyi zaman üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməsə də, o, orada narkotik vasitə istifadəçisi olduğunu və yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra onun evinə baxış keçirilmiş və həmin evdən ona məxsus narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Evindən aşkar edilərək götürülmüş narkotik vasitəni Bakı şəhərində "Şamaxinka" adlanan ərazidə yerdən tapmış və narkotik vasitə istifadəçisidir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, Şabran Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması və yaşadığı evdə saxlaması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhəri R.Fəttaxov küçəsində saxlanılıb Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Onun üzərində şəxsi axtarış aparıldıqda üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmasa da, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etdiyini və yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmiş və həmin evə baxış keçirildiyi zaman sözü gedən narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 və Şahid5 eyni məzmunlu ifadə vermişlər. İbtidai istindaq zamanı Şahid1 verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərilmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Məmmədli kəndində bir evdə kirayədə yaşayır. Şahid2 tanışıdır, Təqsirləndirilən şəxs isə Natiqənin tanışı olduğuna görə Sənanı Natiqə vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü il tarixdə Natiqə ilə birlikdə Xaçmaz şəhərində olduğu vaxtı Sənan Natiqə ilə telefonla danışan zaman onları Şabran şəhərinə evinə qonaq dəvət etdikdə həmin günü təxminən saat 23:00 radələrində Natiqə ilə birlikdə Şabran şəhərinə Sənanın evinə gəlmişlər. Sənanın yaşadığı evə gəldikdən sonra birlikdə yemək yemiş və çay içmişlər, başqa heç bir münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən günorta vaxtı Sənan evdən çıxıb mağazaya getdikdə Natiqə ilə birlikdə evdə qalmışlar. Təxminən 1 saatdan sonra Natiqə ilə həyətdə olduqları zaman Sənan polis əməkdaşları ilə birlikdə həyətə daxil olmuş, polis əməkdaşları Sənanın narkotik vasitələrdən istifadə etməsi və saxlamasında şübhəli olmasına görə saxlanıldığını və yaşadığı evə baxış keçiriləcəyini bildirmiş və Sənanla evə keçdikdə Natiqə ilə birlikdə həyətdə dayanıb gözləmiş, daha sonra Şabran Rayon Polis Şöbəsinə gəlmişlər. Məlum olmuşdur ki, Sənanın evində narkotik vasitə hesab olunan heroin və digər qanunsuz maddələr aşkar olunmuşdur. Sənanın evinə gəldikdən sonra və evdə olduqları müddət ərzində də Sənanın narkotik vasitələrdən istifadə etməsi və üzərində və ya yaşadığı evdə narkotik vasitə saxlaması barəsində heç bir məlumatları olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən və ifadəsi məhkəmə iclasında elan olunmuş Şahid2 Etibar qızı eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:05-də Şabran şəhərinin R.Fəttahov küçəsi ərazisində saxlanılaraq, Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə91/23 nömrəli əməliyyat qrupunun yaradılması haqqında əmrdən görünür ki, Şabran Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması və yaşadığı evdə saxlaması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, bu məlumatın ətrafında əməliyyat axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3, X4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 7-8-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 16-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə, saat 14:20-dən saat 14:28-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş şəxsi axtarış və götürülmə nəticəsində onun üzərindən narkotik vəsitə və ya psixotrop maddə aşkar edilməsə də, o, narkotik vasitə istifadəçisi olduğunu və yaşadığı ünvan 1 ünvanında narkotik vasitələr saxladığını bildirmiş (cinayət işinin 32-33-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:55-də ünvan 1 ünvanında keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs məxsus 2 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlələr, 3 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr, 1 ədəd gümüşü rəngli folqa kağızı, 1 ədəd sellofan torbada ağ kristallik kütlə, 1 ədəd qırıq şüşə qab, 1 ədəd iynə və 1 paketdə limon duzuna bənzər kütlələr aşkar edilərək 2 zərfə qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür (cinayət işinin 35-36-cı vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5679 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərilərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün №60” möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkarlanmış kütlələr...” və s. adlar, soyadlar, imzalar olan 2 ədəd zərfdən birindəki 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,284 qram və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,098 qram, ümumi təmiz çəkiləri 0,382 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 2-ci kağızda heroinlə birlikdə olan 3 ədəd boş sellofan bükümlərdə heroinin izləri vardır, 3 boş bükümlərdə heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı. 1 ədəd gümüşü siqaret kağızı bükümündə təmiz çəkisi 0,107 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 2 nömrəli zərfdəki 1 ədəd sellofan torbada çəkisi 3,085 qram, bir ədəd üzərində “Limon duzu” yazısı olan kağız paketdə çəkisi 0,211 qram, 1 ədəd uc hissəsi qırıq şüşə ampulda çəkisi 0,105 qram, ümumi çəkiləri 3,401 qram narın ağ kristalşəkilli kütlələr nəzarətdə olan maddələrə aid olmayan limon turşusudur. 1 ədəd uzunsov folqa kəsiyində və 1 ədəd 1 millimetrlik istifadə olunmuş boş şprisin içərisində heç bir maddə izləri müəyyən edilmədi. Heroin xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına (Siyahı İ) daxildir. (cinayət işinin 53-55-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyaların maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş 2 bükümdə narkotik vasitə heroin, videoçəkiliş olan CD disk, limon duzu cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübutlar hesab edilmişdir və həmin maddi sübutlar və 3 boş büküm, 1 ədəd gümüşü siqaret kağızı bükümündə təmiz çəkisi 0,107 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 nömrəli zərfdəki 1 ədəd sellofan torbada çəkisi 3,085 qram, bir ədəd üzərində “Limon duzu” yazısı olan kağız paketdə çəkisi 0,211 qram, 1 ədəd uc hissəsi qırıq şüşə ampulda çəkisi 0,105 qram, ümumi çəkiləri 3,401 qram narın ağ kristalşəkilli kütlələr, 1 ədəd uzunsov folqa kəsiyində və 1 ədəd 1 millimetrlik istifadə olunmuş boş şpris saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişdir (cinayət işinin 59-60-cı vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-54/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən, saat 14:15-dən hesablanmaqla 3 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 78-80-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.2001-ci il tarixdə Dəvəçi rayonundan anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcələnin 85.4-1-ci maddəsinə əsasən 5 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 5 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş qalan hissəsi 2 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş və o, xx.xx.2019-cu il tarixdə həmin cəzanı çəkib bitirmişdir. Bununla yanaşı o, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 2 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində üzərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 69.3-cü maddələri 2 il 1 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzası 6 ay azaldılaraq barəsində qəti olaraq 1 il 7 ay 10 gün azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir və Təqsirləndirilən şəxs cəzasını xx.xx.2023-cü il tarixdə çəkib bitirmişdir (cinayət işinin 86-87-ci vərəqələri). - Şabran Rayon Mərkəzi X1 Şəxsinin Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 18-1-34/2-837/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin 91-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 93-cü vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-19/2019 nömrəli xx.xx.2019-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cinayət işinin 107- 112-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-49/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən barəsində qəti olaraq 2 il 2 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cinayət işinin 113-131-ci vərəqələri). - Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-692/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Şabran Rayon Məhkəməsinin 1(031)-49/2021 nömrəli xx.xx.2021ci il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmişvə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 69.3-cü maddələri 2 il 1 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzası 6 ay azaldılaraq barəsində qəti olaraq 1 il 7 ay 10 gün azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir (cinayət işinin 132-144-cü vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X3 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 145-146-cı vərəqələri). - Cinayət işi üzrə xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (cinayət işinin 161-165-ci vərəqələri). - Cinayət işi üzrə xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisi 0,107 qram, narkotik vasitə qurudulmuş marixuannanın isə 0,45 qram təşkil etdiyinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan “xeyli miqdardan” aşağı olduğundan (müvafiq olaraq 0,150 və 5 qramdan aşağı) həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (cinayət işinin 161-165-ci vərəqələri). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 83-cü bəndinə əsasən – təmiz halda 0,15 qramdan artıq çəkidə narkotik vasitə heroin xeyli miqdar təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından televizorun yanındakı pul qabının içərisindən 1 ədəd gümüşü rəngli siqaret bükümündə 0,284 qram və 1 ədəd gümüşü kağız bükümdə 0,098 qram çəkilərdə, ümumi təmiz çəkisi 0,382 qram olan xeyli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən şəxs cavan olmasını və ibtidai istintaq zamanı etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin sadə residivi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılsa da və sonuncu dəfə cəzasının sonu ilə xx.xx.2023-cü il tarixdə cəzanı çəkib qurtarsa da, 3 ay müddət keçmədiyi halda yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Cinayət Məcəlləsinin 83.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Şabran rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan 2 bükümdə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış zamanı aparılan videoçəkilişin görüntüsü ilə olan “CD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 182 manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 182 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 182 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilərək Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş 2 bükümdə narkotik vasitə heroin hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış zamanı aparılan videoçəkilişin görüntüsü olan "CD" disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar