Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-19/2022 23.02.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla faktiki olaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda aralarında baş vermiş şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs əlindən tutub özündən kənarlaşdıraraq sonuncuya döş qəfəsinin sol yarısının arxa divarının və sol əlin 4-cü barmağının uc falanqasının yumşaq toxumalarının əzilməsidən ibarət bədən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır, bir evdə yaşayırlar. Atası Arif anası Lətifədən məhkəmənin qərarı ilə ayrılmışdır, lakin bir evdə yaşayırlar. Arif mütamadi olaraq ailə üzvləri ilə mübahisə edərək onları nəlayiq ifadələr ilə söyüb təhqir etmişdir. 24 yanvar 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evə gəldiyi zaman evin mətbəxində pəncərənin açıq olduğunu görmüşdür. O, pəncərəni bağlayaraq anası Lətifəyə havanın soyuq olduğunu və nə üçün pəncərəni açdığlarını soruşmuşdur. Həmin vaxt atası Arif mətbəxə gələrək anası Lətfədən nə üçün pəncərəni bağladığını soruşaraq, özü pəncərəni açıb mətbəxdən çıxmışdır. Arif mətbəxdən çıxandan sonra o, təkrar pəncərəni bağlamışdır, həmin vaxt Arif mətbəxə girərək onun üzərinə gəlmişdir. O, atası Arifə yemək yediyini bildirərək, ondan aralı durmasını xahiş etmişdir. Atası onun üzərinə təkrar gəldiyinə görə o, atasının sol əlindən tutub özündən kənarlaşdırmaq məqsədi ilə kənara itələmişdir. Həmin zaman atasın kürəyi divara dəymişdir. O, Arifi özündən kənarlaşdırmaq məqsədi ilə itələyən zaman atası yerə yıxılmamışdır, həmin vaxt anası Lətifə Arifə yaxınlaşıb onu otaqdan çıxarmışdır. Ola bilsin ki, o, atasının əlindən tutub geriyə itələn zaman atası Arif sol əlin 4-cü barmağından xəsarət almışdır. Həmçinin həmin zaman atasının kürəyi divara dəydiyi üçün döş qəfəsinin sol yarısının arxa divarının zədələnməsi ilə nəticələnən xəsarət almışdır. Etdiyi əməldən peşmandır. Hazırda atası Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, arvadı Lətifə ilə 40 ildir ki, ailə həyatı qurmuşlar, məhkəmənin qərarı ilə 6 ildir ki, ayrılmışlar, lakin bir evdə yaşayırlar. Yaşadığları evdə oğlu Rövşən də öz ailəsi ilə birlikdə yaşayır. Arvadı Lətifə və oğlu Rövşən ilə münasibəti yoxdur, aralarına tez-tez mübahisələr baş vermişdir. 24 yanvar 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olduğu zaman evin mətbəxindən yemək iyi gəldiyi üçün, pəncərəni açmağı Lətifəyə bildirmişdir. Oğlu Rövşən pəncərəni açmağa Lətifəyə icazə verməyərək, pəncərəni heç kimin açmayacağını demişdir. O, pəncərəni açdığı zaman oğlu Rövşən pəncərəni bağlayaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Rövşən onun üzərinə gələrək hər iki əlindən tutub onu itələyərək yerə yıxmışdır. Rövşən onun əlindən tutub sıxması nəticəsində sol əlinin dördüncü barmağı ağrıtmışdır və o yerə yıxılmışdır. Yerə yıxılan zaman kürək nahiyəsi divana dəydiyi üçün kürəyində ağrılar yaranmışdır. Rövşən onun sol əlini tutub sıxması nəticəsində onun əli şişərək göyərmişdir. Əlavə olaraq Rövşənin mütəmadi onunla mübahisə etdiyini, əvvəllər də Rövşənin onu döydüyü üçün Şabran RPŞ-də dəfələrlə araşdırma aparıldığını, Rövşənin onunla mübahisə edib onun sol əlinə xəsarət yetirən zaman yanlarında arvadı Lətifənin olduğunu göstərmişdir. Hazırda oğlu Təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 6 ildir ki, əri Zərərçəkmiş şəxs ilə boşanmışdır, lakin bir evdə yaşayırlar. 24 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Arif pəncərəni açmaq istədiyi zaman oğlu Rövşən Ariflə mübahisə etmişdir. Rövşən pəncərəni bağlayaraq stola əyləşmək istədikdə Arif Rövşənin üzərinə gedərək mübahisə edən zaman Rövşən Arifin hər iki əlindən tutaraq özündən kənarlaşdırmaq istəyən zaman Arifin sol əlinin barmağı qarılmışdır. Sonradan ona məlum olmuşdur ki, Arif Rövşənlə mübahisə edən zaman barmağı qarıldığı üçün xəsarət almışdır. Əlavə olaraq Arif və Rövşənin mübahisə edən zaman bir-birlərini təhqir etmədiklərini və döymədikərini göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Şabran rayon şöbəsinin 25 yanvar 2022-ci il tarixli 08 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sol yarısının arxa divarının və sol əlin 4-cü barmağının uc falanqasının yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti bir günə qədər olub müayinə olunanın göstərdiyi, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 24 yanvar 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 628 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri – arvadı X1 və 2021-ci il təvəllüdlü uşağı X3 ilə birlikdə yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 629 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, hazırda atası Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki hadisə ilə bağlı cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-19/2022
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-19/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver