Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-19/2025 19.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1991-ci il tarixdə Dəvəçi rayonunun Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan, faktiki olaraq həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində yaşadığı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən gölün kənarında həmkəndlisi Zərərçəkmiş şəxs, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas niyyəti ilə əynində olan gödəkçənin sağ yan cibindən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını çıxardıb bıçaqla və yumruqla vuraraq sonuncuya təpə-ənsə nahiyəsinin, üzün sol yarısının və sol əlin 2-ci barmağının kəsilmiş yaraları, alnın sıyrılmış yarası və sol mil sümüyünün bizvari çıxıntısının sınığı ilə müşayiət olunan, zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmkəndliləri Zərərçəkmiş şəxs onun arvadının mobil telefonuna bir neçə dəfə zəng etməsinə, tanış olmaq istədiyini deməsinə görə Fərrux ilə arasında münasibətlər pozulmuşdur. Daha sonradan Fərrux müxtəlif yollarla ondan üzr istəməyə çalışmış, hətta atasından onu bağışlanmasını istəmiş və səhv olduğunu etiraf etmişdir. Buna görə də atası ona evdə olarkən Fərruxdan əl çəkməyini xahiş etmişdir. Bir müddət sonra o, həmkəndlisi Təbrizin Fərruxla ara-sıra görüşdüyünü görmüşdür. Həmin vaxt onun Fərruxla münasibəti yaxşı olan vaxtlarda həmkəndlisi Təbrizin bacısının dalınca danışması, Təbrizin bacısı üçün arzu olunmaz sözlər deməsi yadına düşmüş, buna görə də məcbur olub Təbrizə sonradan bu barədə danışmış, Fərruxdan uzaq olmasını xahiş etmişdir. Buna görə də Təbriz ondan Fərruxun üzünə həmin sözləri deyə biləcəyi barədə soruşmuş, o da buna etiraz etməmişdir. Bu səbəbdən də Təbriz Fərruxla görüşməyə razılaşmış və onu da görüşə çağırmışdır. xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Təbriz Fərruxa zəng edərək ona kənddə görüş təyin etmiş, Fərruxla görüşüb kəndin çıxacağında olan göl istiqamətinə getmişlər. O, da Təbrizin sözü ilə onların arxasınca üzünə məxsus “Ford Tranzit’’ markalı, 10-KU-S62 dövlət qeydiyyat nişanlı avtomobil ilə getmiş və olduqları yerə gölün kənarına çatmışdır. Avtomobildən düşüb onlara yaxınlaşdıqda Təbrizin Fərruxla durduğunu görmüş, həmin vaxt Fərrux çox özündən razı, heçnə olmamış kimi durmuş, ona tərəf baxmışdır. O da Fərruxdan nə baxdığını soruşmuş, Fərruxda ona söyüşlə cavab verib yaxşı etdiyini bildirmişdir. Bu vaxt aralarında mübahisə yaranmış, Fərrux ona tərəf yumuruq zərbəsi atmış, zərbə onun sol gözünün altına dəymişdir. Buna cavab olaraq o da Fərruxa bir dəfə yumuruq atmış, lakin zərbəsi dəyməmişdir. Bu vaxt Fərrux ondan yapışmış, əlləri ilə boynunu sıxmağa başlamış, Fərruxa gücü çatmadığına görə cibində olan bıçağı çıxararaq Fərruxa xəsarət yetirəcyi ilə onu qorxutmaq qərarına gəlmişdir. Bu səbəbdən də əynində olan gödəkcənin sağ yan cibindən bıçağı çıxardaraq Fərrux tərəfə bir dəfə bıçaqla ataraq onun sifət nahiyəsindən xəsarət yetirmişdir. Bu vaxt Təbriz araya girərək onları sakitləşdirməyə çalışmış, o da əlindəki bıçağı yerə atmışdır. Həmin vaxt Təbriz bıçağı götürərək onları aralayaraq sakitləşdirmişdir. Sonra o, öz avtomobilinə oturaraq həmin yerdən çıxıb evə getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışıb. Zərərçəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayəti və tələbi yoxdur. Buna görə də cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, həmkəndlisi, yaşca ondan bir neçə yaş balaca olan Təbriz adlı şəxs ona yaxınlaşaraq, guya onun Təbrizin bacıları üçün pozğun və əxlaqsız adlandırması barədə Aqilin ona dediyini bildirmiş, bu barədə maraqlanmışdır. O, isə Təbrizə Aqilə qulaq asmamasını, Aqilin yalan deyərək ona şər atdığını bildirmişdir. Buna görə də Təbriz sakitləşmiş və çıxıb getmişdir. Lakin bundan az müddət keçmişdir ki, Təbriz onun mobil telefon nömrəsinə zəng etmiş, həmin sözlər barədə yenə də maraqlanmışdır. Oda ona həmin söhbətin Aqil tərəfindən ara vurmaq üçün deyildiyini demiş, buna görə də Təbriz ondan Aqil ilə üzləşmələrini xahiş etmişdir. Oda etiraz etməmiş, buna razılaşmışdır. Buna görə də Təbriz xx.xx.2024-cü il tarixdə onu çağırmış, o da görüşə getmişdir. Həmin yerə gəldikdə Aqil idarə etdiyi “Ford” markalı avtomobildə əyləşmiş, onu da avtomobilinə çağırmışdır. Lakin o, Aqilin maşını tərəfə getməmiş, Aqil ona və Təbrizə söhbət etmək üçün bir az kənara getmələrini demişdir. Onlarda yavaşyavaş kəndin içindən bir az qırağa çıxaraq göl tərəfə getmişlər. Ora çatdıqda Aqil maşından düşmüş, əli cibində onlara tərəf gəlmişdir. Təbrizlə aralarında olan söhbət zamanı Aqil arxadan yaxınlaşarq onun baş nahiyəsindən bıçaqla vurmuş, daha sonra bıçaqla sifət nahiyəsindən vurmuşdur. Üçüncü dəfə Aqil onu bıçaqla vurmaq istəyərkən o, Aqilin əlindən tutub sakitləşdirmək üçün onu yerə yıxmış, üstünə oturaraq bıçağı Aqilin əlindən almışdır. Bu vaxt orada olan Təbriz bıçağı ondan almış, onları sakitləşdirərək ayırmışdır. Sonra Təbriz onu evinə aparmışdır. Daha sonra Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də cinayət işinə xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cti il tarixli, 251 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində “başın təpə nahiyəsinin, üzün sol yarısının və sol əlin 2-ci barmağının kəsilmiş yaraları, alnın sıyrılmış yarası və sol mil sümüyünün bizvari çıxıntısının sınığı” Başın təpə nahiyəsinin, üzün sol yarısının və sol əlin 2-ci barmağının yaralan kəsici kənara malik əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən, alının yarası və sol mil sümüyünün sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və birlikdə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cinayət işinin İ cildinin 50-51-ci vərəqələri). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Məlikov X3 Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən CM-in 263.1-ci maddəsi ilə 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilərək CM-in 263.1-ci maddəsi ilə 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (cinayət işinin İ cildinin 99-cu vərəqəsi). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cii il tarixli, 3617 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cinayət işinin İ cildinin 104-105-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/57; 3/58 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici ucu deşici xassəyə malik olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 122-124-cü vərəqələri). - Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli, T 63/2025 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs “təpə-ənsə nahiyəsinin sol əlin İİ barmağının kəsilmiş yaraları, alnın sıyrılmış yarası və sol mil sümüyünün bizvari çıxıntısının sınığı olmuşdur. Qeyd edilən xəsarətlərdən təpə ənsə nahiyəsinin, üzün sol yarısının və sol əlin İİ barmağının kəsilmiş yaraları iti uclu və ya kənarlı alətin (əşyanın) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs sifətində olan çapıq asimmetriya, mimiki pozğunluq yaratmadığından və zaman keçdikcə sovrulub az nəzərə çarpan olduğu üçün silinən hesab edirlər. Xəsarətlər xarakter və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilməsini inkar edir (cinayət işinin İ cildinin 127-129-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan və ekspertizaya təqdim edilməsindən ötrü götürülmüş bir ədəd köynək və hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ekspertizaya təqdim edilməsi üçün götürülmüş bir ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Şabran Rayon Polis X2 Saxlanc Otağına təhvil verilmişdir (cinayət işinin İ cildinin 147-154-cü vərəqələri). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını və aralarında hər hansı mübahisə və tələbin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını və aralarında hər-hansı bir mübahisə olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Qeyd olunanları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-in 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar ilə bağlı məsələnin necə həll edilməli olmasına münasibətdə bu nəticəyə gəlir ki, həmin Məcəllənin 132-ci maddəsinə əsasən Şabran RPŞ-in maddi sübutların saxlanc otağında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan və ekspertizaya təqdim edilməsindən ötrü götürülmüş 1 ədəd köynək onun özünə qaytarılmalı və hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən, cinayətin aləti olan, soyuq silah hesab edilməyən 1 ədəd turist bıçağı hazırkı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfi olan 126 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürməli, o cümlədən Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 344-347, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut: Şabran RPŞ-in maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək özünə qaytarılsın, hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən ekspertizaya təqdim edilməsi üçün götürülmüş, cinayətin aləti olan soyuq silah hesab edilməyən bir ədəd turist bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə ekspertiza xərci olan 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-19/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-19/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver