Məhkəmə qərarları › İş №1(031)-2/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-2/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-2/2023 01.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 iştirakı ilə xx xxx 1973-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, balıqçılıq fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ona görə məhkəməyə verilmişdir ki, o, balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyekti kimi Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliynə əməl etmək və balıq və dəigər su bioresurslarından balıqovlama biletində, bioloji və texnoloji əsaslandırmada göstərilən müddətlər, ölçülər və növlər hüququnda istifadə etmək barədə “Balıqçılıq haqqında” Azərbayan Respublikası Qanununun 17-ci maddəsinin müddəalarının, eləcə də “balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nərə cinsli balıq növlərinin açıq dənizdə sənayə məqsədləri ilə ovu qadağandır» barədə “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2.5 və 2.5.9-cu bəndlərinin tələblərini pozaraq 12 noyabr 2021-ci il tarixdə günorta saatlarında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X11 regional şöbəsinin “Çayqaraqaşlı” sərhəd nəzarət bölməsinin Şabran rayonunun eyniadlı kəndi yaxınlığında yerləşən xidməti ərazisindəki vətəgə sahəsindən tamah niyyəti ilə özünə məxsus özüyeriyən ÇQ-3033 bort nömrəli motorlu qayıqla Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 41 kq 635 qram təşkil edən 31 ədəd nərə cinsli balıqları tutub qayıqların yanalması üçün çəkilmiş lövbər ipinə bağlayıb gizlətməyə çalışmış, lakin ərazidə xidmət aparan sərhəd nəzarətçiləri tərəfindən həyata keçirilən baxış zamanı həmin nərə cinsli balıqlar ona məxsus qayığın yaxınlığında aşkar edilərək müvafiq qaydada götürülmüş, bununla da özüyeriyən qayıqdan istifadə edib ovlanması qadağan edilmiş nərə cinsli balıqları qanunsuz tutmaqla təbiətə 6820 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Siyəzən rayonu Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır və özünə məxsus ÇQ-3033 bort nömrəsi olan motorlu qayığı vardır, həmin qayıqla Xəzər dənizində balıqçılıqla məşğul olur. 2021-ci ilin noyabr ayının əvvələrində özünə məxsus ÇQ-3033 bort nömrəsi olan motorlu qayıqla Şabran rayonu Çayqaraqaşlı kəndi ərazisindən balıq tutmaq üçün dənizə çıxmışdır. Axşam saatlarında dənizdən qayıdarkən dəniz kənarına təxminən 1 km qalmış sürdüyü qayıq deşildiyindən su buraxmağa başlamışdır. Həmin qayığı Şabran rayonu Çayqaraqaşlı kəndi ərazisindən birtəhər dəniz kənarına qədər təxminən sahilə 100-150 metr məsafəyə qədər sürdükdən sonra qayıqdan düşüb piyada dəniz kənarına, yəni sahilə çıxmışdır. Sahilə çıxdıqda DSX-nin X11 Regional Şöbəsinin əməkdaşı Şahid1 və onunla olan digər əməkdaşları görmüşdür. Şahid1 su ilə dolmuş sahildən təxminən 100-150 metr məsafədə olan ona məxsus ÇQ- 3033 bort nömrəsi olan qayığı baxış keçirmək üçün həmin qayığı sahilə çıxarmasını ondan tələb etmişdir. Özünə məxsus qayığın su buraxdığına görə dənizdən çıxara bilmədiyini və növbəti gün gəlib traktorla qayığını dənizdən çıxaracağını onlara demiş, onlar da havanın soyuq olmasını və qayığı yoxlamaq üçün dənizə girə bilməyəcəklərini ona dedikdən sonra çıxıb getmişdir. Ona görə ki, qayığı deşildiyindən su buraxdığı üçün ağırlaşmış və onu sahilə qədər çıxarmaq mümkün olmamışdır. Sahildən təxminən 100- 150 metr məsafədə dənizin içərisində olan qayığını dənizdən çıxara bilməyəcəyini başa düşdüyü üçün yaşadığı Siyəzən rayonu Yenikənd kəndində yerləşən evinə çıxıb getmişdir. Ertəsi gün səhər saatlarında Şahid1 onun mobil telefonuna zəng edərək qayığının yaxınlığındakı lövbər ipinə bağlanmış nərə cinsli balıqlar aşkar etdiklərini və həmin balıqları sənədləşdirdiklərini ona bildirmişdir. Qayığı sahildən təxminən 100-150 metr məsafədə qoyaraq yaşadığı evə çıxıb getmiş və DSX-nin əməkdaşları onun iştirakı olmadan qayığına baxış keçirmişlər. DSX-nin əməkdaşları tərəfindən ona məxsus qayığa yanındakı lövbər ipinə bağlanmış nərə cinsli balıqlar aşkar edilməsi və həmin balıqların kimə məxsus olması barədə hər hansı məlumatı olmamışdır. Xəzər dənizindən heç bir nərə cinsli balıqlar ovlamamış və qayığının içərisində heç bir nərə cinsli balıq və ya balıqlar olmamışdır. Ona məxsus qayıq həmin qeyd olunan lövbər ipindən təxminən 200 metr aralıda olmuş və həmin gün lövbər ipindən istifadə etməmişdir. Həmin gün dənizdən sahilə çıxarkən Şahid1 onun iştirakı ilə ona məxsus qayığa baxış keçirə biləcəyi halda bunu etməyərək onun iştirakı olmadan qayığa baxış keçirmiş və lövbər ipindən guya ona məxsus nərə cinsli balıqlar aşkar etmişdir. DSX-nin əməkdaşı Şahid1 onunla qərəzli olduğundan bu işi təşkil etmiş və həmin balıqlar ona məxsus olmamışdır. Ertəsi gün dəniz kənarına gəlib və özünə məxsus qayığı dənizdən traktorla sahilə çıxardaraq onu dəniz kənarına qoymuş və təxminən 1 ay həmin qayıq dəniz kənarında qaldıqdan sonra qayığı traktorla yaşadığı evin yaxınlığına aparıb qoymuşdur. Həmin gün dənizdə tək olmuşdur. Onun qayığında lövbər ipi olmuşdur. Lakin həmin ipdən istifadə etməmişdir. Onun dənizdən çıxışı barədə sənədə də möhür vurulmuşdur. DSX-nin X11 Regional Şöbəsinin əməkdaşı olan Şahid1 onunla qərəzli olmuşdur, dəfələrlə ondan pul istəmişdir. O, da ona pul vermədiyi üçün Şahid1 belə bir iş görmüşdür. Hətta bir dəfə Ələddin ona zəng edərək Siyəzən rayon ərazisində “Qazis” restoranına çağırtdırmış, orada ondan pul istəmiş, sonda onların yemək pulunu ödəmişdir. Onun qayığında nərə cinsli balıqlar olmamış, bütün bunlar yalan və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin nəzarətçisi vəzifəsində işləyir. 12 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Şabran rayonu Çayqaraqaşlı SNB-nin sağ cinahında 87-ci Yalama körpüsü istiqamətində sahildən təxminən 100-150 metr aralıda olan qayıq deşildiyi üçün ona dənizdə baxış keçirmək qərarına gəlmişlər. Bu zaman Siyəzən rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaxınlaşaraq özünə məxsus ÇQ-3033 bort nömrəsi olan qayığının deşilərək su buraxdığı üçün sahilə çıxara bilmədiyini onlara bildirmişdir. Həmin qayığa, yəni üzmə vasitəsinə baxış keçirmək istədiklərini ona dedikdə o, havanın soyuq olduğunu deyərək çıxıb getmişdir. DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi Şahid1 həmin qayığa baxış keçirmək lazım olduğunu bildirmişdir. Kapitan Şahbazov çavuş Səlimova suya daxil olub qayığa baxmağı, balıq varsa çıxartmağı tapşırmışdır. Səlimov suya girib qayığa bağlanmış lövbər ipindən balıqları çıxartmışdır. Həmin vaxt kapitan Şahid1, çavuş Şahid3 və çavuş Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs məxsus ÇQ-3033 bort nömrəsi olan qayığa yaxınlaşıb və ona baxış keçirərkən qayığın içərisindən heç bir şey aşkar etməmişlər. Lakin Təqsirləndirilən şəxs məxsus qayığın yaxınlığında lövbər ipinə bağlanmış təxminən 30 ədəd çəkisi 41 kq 653 qram müxtəlif ölçüdə nərə cinsli balıqların olmasını aşkar etmişlər. Həmin ovu qadağan edilmiş nərə cinsli balıqların təxminən 9 (doqquz) ədədinin başları kəsildiyini görmüşlər. DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi kapitan Şahid1 qayığın sahibi Təqsirləndirilən şəxs zəng edərək lövbər ipinə bağlanmış nərə cinsli balıqların aşkar edilməsi barədə ona dedikdə o, həmin balıqların ona məxsus olmadığını demişdir. Lakin həmin gün sahilə təxminən 12 ədəd balıqçı qayığı yan alsa da, həmin hissədən ancaq Rəhim Adlullayevə məxsus qayıq deşildiyi üçün sahilə yan almışdır. Onun qayığı sahilə az qalmış içərisi su ilə dolduğundan orada qalmışdır. Növbəti gün Rəhim özü balıqları gördükdə balıqların ona məxsus olmadığını bildirmişdir. Oradan aşkar edilmiş nərə cinsli balıqlara baxış keçirib sənədləşdirmə işləri görüldükdən sonra balıqlar saxlanılması üçün X13 anbarına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin nəzarətçisi vəzifəsində işləmişdir. 12 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Şabran rayonu “Çayqaraqaşlı” SNB-nin sağ cinahında 87-ci Yalama körpüsü istiqamətində sahildən təxminən 100-150 metr aralıda olan qayıq deşildiyi üçün ona dənizdə baxış keçirmək qərarına gəlmişlər. Bu zaman Siyəzən rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq özünə məxsus ÇQ-3033 bort nömrəsi olan qayığın deşilərək su buraxdığı üçün sahilə çıxara bilmədiyini bildirmişdir. Onlar həmin qayığa, yəni üzmə vasitəsinə baxış keçirmək istədiklərini Təqsirləndirilən şəxs bildirdikdə sonuncu, havanın soyuq olduğunu deyərək çıxıb getmişdir. DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi Şahid1 həmin qayığa baxış keçirmək lazım olduğunu bildirmiş və ona “gir suya, bax gör qayıqda balıq var ya yox” sözlərini demişdir. O, suya girmiş, görmüşdür ki, qayığa bağlı ipə balıqlar bağlanıb, balıqlar kisədə olmuşdur. O, həmin balıqları sahilə çıxartmışdır. Balıqların sayı yadında qalmamışdır. Həmin vaxt kapitan Şahid1, gizir Mirhəbib Hüseynzadə və çavuş Şahid4 də birlikdə idilər. O, dənizə girib Təqsirləndirilən şəxs məxsus ÇQ-3033 bort nömrəsi olan qayığa yaxınlaşıb və ona baxış keçirərkən qayığın içərisindən heç bir şey aşkar etməmişdir. Lakin Təqsirləndirilən şəxs məxsus qayığın yaxınlığında lövbər ipinə bağlanmış müxtəlif ölçüdə nərə cinsli balıqların olmasını aşkar etmişdir. Həmin ovu qadağan edilmiş nərə cinsli balıqların təxminən bir neçəsinin başları kəsildiyini müəyyən edilmişdir. DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi kapitan Şahid1 qayığın sahibi Təqsirləndirilən şəxs zəng edərək lövbər ipinə bağlanmış nərə cinsli balıqların aşkar edilməsi barədə dedikdə sonuncu, həmin balıqların ona məxsus olmadığını bildirmişdir. Aşkar edilmiş nərə cinsli balıqlara baxış keçirib sənədləşdirmə işləri gördükdən sonra balıqlar saxlanılması üçün X13 anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs qayığından başqa orada digər qayıq və üzmə vasitələri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 iş üzrə şahidlər – X2 və X1 ifadələrində göstərilənləri bir daha təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi vəzifəsində işləyir. 12 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Şabran rayonu “Çayqaraqaşlı” SNB-nin sağ cinahında 87-ci Yalama körpüsü istiqamətində sahildən təxminən 100-150 metr aralıda olan qayıq deşildiyi üçün ona dənizdə baxış keçirmək qərarına gəlmişlər. Bu zaman Siyəzən rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaxınlaşaraq özünə məxsus ÇQ-3033 bort nömrəsi olan qayığının deşilərək su buraxdığı üçün sahilə çıxara bilmədiyini ona bildirmişdir. Həmin qayığa, yəni üzmə vasitəsinə baxış keçirmək istədiyini Təqsirləndirilən şəxs dedikdə sonuncu, havanın soyuq olduğunu və onun iştirakı olmadan baxış keçirə biləcəyini deyərək çıxıb getmişdir. Onunla bərabər xidmət aparan çavuş Şahid3, gizir Mirhəbib Hüseynzadə və Şahid4 ilə birlikdə dənizə girib Təqsirləndirilən şəxs məxsus ÇQ-3033 bort nömrəsi olan qayığa yaxınlaşmazdan əvvəl Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli telefona zəng edib və ona məxsus qayığa bir daha baxış keçirmək istəməsi barədə məlumat verdikdə sonuncu, yenə də iştirakı olmadan özünə məxsus qayığa baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs məxsus qayığa baxış keçirərkən qayıqdan heç bir şey aşkar edilməmişdir. Üzmə vasitəsinin yaxınlığında da aşkar etməsələr də, lakin həmin Təqsirləndirilən şəxs məxsus qayığın yaxınlığında lövbər ipinə bağlanmış təxminən 27 ədəd çəkisi 41 kq 653 qram müxtəlif ölçüdə nərə cinsli balıqlar aşkar edilmişdir. Həmin ovu qadağan edilmiş nərə cinsli balıqların təxminən 9 (doqquz) ədədinin başları kəsildiyini görmüşdür. Təqsirləndirilən şəxs zəng edib və ona məxsus qayığın yanındakı lövbər ipinə bağlanmış nərə cinsli balıqları aşkar etmələri barədə dedikdə sonuncu, həmin balıqların ona məxsus olmadığını bildirmişdir. Aşkar edilmiş nərə cinsli balıqlara baxış keçirib sənədləşdirmə işləri görüldükdən sonra balıqlar saxlanılması üçün X13 anbarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Xaçmaz rayon məhkəməsindən alınmış hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə 17 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Cinayət işi materiallarında olan Siyəzən RİH Başçısının Yenikənd kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli 153 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayonu Yenikənd kəndində ailə üzvləri – arvadı X3 və uşaqları – 1999-cu il təvəllüdlü X4 və 2004-cü il təvəllüdlü X10 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Siyəzən RİH Başçısının Yenikənd kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 256.2.1 və 256.2.2-ci maddələri ilə tövsif edilərək ona həmin maddələrlə ittiham elan olunaraq 04 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 256-cı maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 256.2.1-ci maddəsində “küllü miqdar” dedikdə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun təbiətə 6820 manat məbləğdə ziyan vurduğu göstərilmişdir. Belə olan halda Cinayət Məcəlləsinin 256.2.1-ci maddəsi Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilməlidir. Lövbər ipinə bağlanmış nərə cinsli balıqların onun tərəfindən ovlanmadığını, onların kimə məxsus olduğunu bilmədiyini, DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi Şahid1 ona qarşı qərəzli mövqedə olması səbəbindən bu işin onun tərəfindən təşkil edildiyi barədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, onlar özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs özünə məxsus ÇQ-3033 bort nömrəsi olan özüyeriyən qayığı saxlamış, həmin qayığa yaxın ərazidə başqa hər hansı qayıq və ya digər üzmə vasitəsi olmamış və onun qayıqla gəldiyi istiqamətdə həmin gün heç bir qayıq və yaxud digər üzmə vasitəsi gəlməmiş, eləcə də sözügedən lövbər ipinə bağlı şəkildə aşkar edilmiş nərə cinsli balıqlardan bir neçəsi başları kəsik formada olmuşdur. Bütün bunlar isə ona dəlalət edir ki, aşkar edilmiş nərə cinsli balıqlar təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ovlanmaqla ona məxsus olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin əməkdaşlarının onu gördükdən sonra ovladığı adıçəkilən balıqları sahildən 100-150 metr məsafdə lövbər ipinə bağlamaqla gizlətməyə çalışmış, lakin DSX-nin X11 Regional Şöbəsinin əməkdaşları onun qayığına özünün iştirakı ilə baxış keçirmək niyyətlərinin olmasını ona izah edərək bunun üçün qayığı kənara gətirməsini Təqsirləndirilən şəxs tələb etmələrinə baxmayaraq sonuncu, havanın soyuq olmasını əsas gətirərək çıxıb getmiş, məhz bundan sonra onlar keçirdikləri baxış zamanı nərə cinsli balıqları təqsirləndirilənə məxsus qayığın yaxınlığındakı lövbər ipinə bağlanmış vəziyyətdə aşkar edib və müvafiq qayadada götürmüşlər. Göründüyü kimi bu faktların özü təqsirləndirilən Təqsirləndirilən şəxs sözügedən cinayəti törətməsinə dəlalət edir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi Şahid1 korrupsiya xarakterli tələblərini yerinə yetirmədiyi üçün ona qarşı qərəzli mövqedə olduğunu və bu səbəbdən də belə bir iş təşkil edildiyini bildirmişdir. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs DSX-nin X11 Regional Şöbəsinin “Çayqaraqaşlı” sahil nəzarət bölməsinin rəisi Şahid1 ona qarşı korrupsiya xarakterli tələblər irəli sürməsi ilə əlaqədar aidiyyəti üzrə DSX-nin komandanlığına və yaxud hərbi prokurorluğa müraciət etməmiş, yalnız onun cinayət əməlləri ifşa olunduqdan sonra Şahid1 ona qarşı bu mövzuda hansısa tələblər irəli sürməsi barədə ifadə vermişdir. Məhkəmə bunu Təqsirləndirilən şəxs özünü müdafiə etmək kimi qiymətləndirir və hesab edir ki, bu dəlillərin heç bir əsası yoxdur. Bundan başqa, iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs əvvələr də eyni xarakterli cinayətə görə, yəni qanunsuz balıqtutma cinayətinə görə məhkum edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində cəzasını yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Siyəzən rayonu Yenikənd kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilməklə “Kaspian Fiş” şirkətinə məxsus soyuducuda saxlanılan Təqsirləndirilən şəxs məxsus ÇQ-3033 bort nömrəli motorlu qayığın yaxınlığındakı lövbər ipinə bağlanmış ümumi çəkisi 41 kq 635 qram, təşkil edən 31 ədəd nərə cinsli balıqların müvafiq qaydada məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358-ci maddəsini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 256.2.1-ci maddəsi xaric edilsin və o, Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Siyəzən rayonu Yenikənd kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilməklə “Kaspian Fiş” şirkətinə məxsus soyuducuda saxlanılan Təqsirləndirilən şəxs məxsus ÇQ-3033 bort nömrəli motorlu qayığın yaxınlığındakı lövbər ipinə bağlanmış ümumi çəkisi 41 kq 635 qram, təşkil edən 31 ədəd nərə cinsli balıqların müvafiq qaydada məhv edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar