Məhkəmə qərarları › İş №1(031)-20/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-20/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-20/2021 08.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2aşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlıq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun “…vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariyagigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “…vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozub xx xxxxxx 2020-ci il tarixdə bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq faktiki yaşadığı evi özbaşına tərk edib qeydiyyatda olduğu Şabran şəhəri Nizami küçəsində yerləşən 39 nömrəli evə getməklə yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmış və xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində polis əməkdaşları tərəfindən sonuncu ünvanda aşkar edilərək faktiki yaşadığı ünvana qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şabran şəhəri Nizami küçəsində yerləşən 39 nömrəli evdə qeydiyyatda olmasına baxmayaraq Şabran şəhəri M.İbrahimov küçəsi nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. X8 “Covid-19” xəstəliyinə tutulması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə də Şabran rayon MX-na gedərək koronavirus testindən keçmişdir. xx xxxxxx 2020-ci il tarixdə verdiyi testin nəticəsi onun istifadə etdiyi ***-***-**-** nömrəsinə “SMS” vasitəsi ilə gəlmişdir. Həmin “SMS” oxuduqda onun testinin nəticəsinin “pozitiv” çıxması, karantin rejiminə riayət etməklə onun və ailə üzvlərinin yaşadığı ünvanı tərk etməyərək 14 gün müddətinə ev şəraitində müalicə almağı ona izah edilmişdir. Yaşadığı ünvanda ailə üzvlərini yoluxdurmamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə faktiki yaşadığı evi tərk edərək qeydiyyatda olduğu ata evinə, yəni ünvan 3 ünvanda yerələşən evə getmişdir. Bundan sonra orada koronavirus xəstəsi olan anası Almaz Aslanova ilə birlikdə bir otaqda müalicəsini etdirmiş və bu müddət ərzində xəstəxanadan onunla heç kim maraqlanmamışdır. Hətta sistemlərini arvadı ona köçürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Şabran RPŞ-nin rəis müavini Knyaz Həsənov onun mobil telefonuna zəng edərək harada olmasını ondan soruşmuş və hazırda ata evində olduğunu ona dedikdən sonra onun küçəyə çıxmasını ondan xahiş etmişdir. Onu küçəyə çağırmasını səbəbini ondan soruşduqda o, küçəyə çıxdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Qolundakı sistemi çıxarıb küçəyə çıxdıqda Knyaz müəllim ona yaxınlaşaraq karantin rejimi qaydalarını pozmağı barədə ona məlumat verib və barəsində tədbir görüləcəyini ona bildirmişdir. Təxminən 5 dəqiqə sonra xüsusi geyimdə olan Şabran RPŞ-nin əməkdaşları həmin yerə gələrək onu avtomobilə əyləşdirib və yaşadığı Şabran şəhəri M.İbrahimov küçəsində yerləşən evinə gətirmişlər. Bundan sonra RPŞ-nin əməkdaşları yaşadığı evin qarşısında onun fotoşəkillərini çəkərək sənədləşdirmə işləri görüb və yaşadığı ünvanda izahatını alaraq çıxıb getmişlər. Həmin vaxt xəstə və halsız olduğuna görə izahatı dəqiqliklə oxumadan imza etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon MX-nın əməkdaşları gələrək ondan təkrarən yaxma götürmüşlər. xx xxxxxx 2020-ci il tarixdə istifadə etdiyi mobil telefona “SMS” vasitəsi ilə testin cavabının “Neqativ” olması barədə ona məlumat gəlmişdir. Xəstəlik aşkar olunan vaxtdan sağalana qədər bir dəfə evi tərk etmiş və ev şəraitində müalicə olunmuşdur. İlkin izahat və ifadələrində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə faktiki olaraq yaşadığı Şabran şəhəri M.İbrahimov küçəsində yerləşən evdə ailə üzvlərini yoluxdurmamaq məqsədilə həmin evi tərk edərək qeydiyyatda olduğu ünvan 3 nömrəli evə anası ilə birlikdə getməsini göstərməsinə baxmayaraq ona yenidən ittiham elan edilərkən sonuncu ifadəsində “Covid-19” yoluxucu xəstəliyinə tutulmamışdan 10 gün əvvəl ata evində yaşadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şabran rayon polis şöbəsinin PPXT-nın komandiri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə “Covid 19” yeni növ koronavirus testi “pozitiv” çıxmış Şabran şəhəri M.İbrahimov küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən ata evinə getməsi barədə məlumat daxil olmuşdur. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs həmin olduğu ünvandan küçəyə çağıraraq yoluxucu xəstəliyə tutulması barədə məlumatının olub-olmaması barədə ondan soruşduqda sonuncu, mobil telefonuna mesaj gəlməsi ilə yanaşı Şabran rayon MX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və karantin rejiminə riayət etməklə ev şəraitində müalicə olunması barədə məlumatı olduğunu bildirmişdir. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb faktiki yaşadığı ünvanı tərk edərək qeydiyyatda olduğu ünvana gəlməsinin qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu və xx xxxxxx 2020-ci il tarixdə “Covid 19” yeni növ koronavirus testinin “pozitiv” olmasını öyrəndikdən sonra ailə üzvlərini yoluxdurmamaq məqsədilə küçəyə çıxıb, faktiki yaşadığı ünvanı tərk edərək qeydiyyatda olduğu ünvana gəldiyini bildirmişdir. Xəstəliyin yayılmasının qarşısının alınması üçün onun faktiki olaraq yaşadığı Şabran şəhəri M.İbrahimov küçəsində yerləşən evdə olmalı olduğunu ona izah etdikdən sonra onu yaşadığı ünvana yola salmışlar. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “Covid 19” yeni növ koronavirus testi “pozitiv” çıxmış Şabran şəhəri M.İbrahimov küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən ata evinə gəlməsi barədə məlumat daxil olmuşdur. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs həmin ünvandan küçəyə çağıraraq yoluxucu xəstəliyə tutulması barədə məlumatının olub-olmaması barədə ondan soruşduqda o, mobil telefonuna mesaj gəlməsi ilə yanaşı Şabran rayon MX-nın həkimləri tərəfindən xəstəliyin yayılmaması üçün yaşadığı evi tərk etməmək və karantin rejiminə riayət etməklə ev şəraitində müalicə olunması barədə məlumatı olduğunu bildirmişdir. Videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşıb yaşadığı ünvanı tərk edərək qeydiyyatda olduğu ünvana gəlməsinin qanun pozuntusu olmasını ona izah etdikdə o, səhvini başa düşərək əməlindən peşman olduğunu dedikdən sonra onu yaşadığı ünvana qaytarmışlar. Bundan sonra RPŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X5 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış xx xxxxxx 2020-ci il tarixli 281 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD 19” ponidemiyası ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə analiz vermiş və ona analizin cavabı “pozitiv” gəldiyi haqqında cavab verilmiş və o, 14 gün ərzində qeydiyyatda olduğu ünvanda evdə müalicəyə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 5550 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri – arvadı X4, uşaqları – 2016-cı il təvəllüdlü X2 və 2018-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 5551 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və bu barədə onun tərəfindən irəli sürülmüş dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, o, özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında Təqsirləndirilən şəxs götürülmüş “Covid 19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması xx xxxxxx 2020-ci il tarixdə onun məlumatı olduğu halda o, bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq xx xxxxxx 2020-ci il tarixdə faktiki olaraq yaşadığı Şabran şəhəri M.İbrahimov küçəsində yerləşən evi özbaşına tərk edərək qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən evə getməklə yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmış və xx xxxxxx 2020-ci il tarixdə RPŞ-nin əməkdaşları tərəfindən sonuncu ünvanda aşkar edilərək faktiki yaşadığı ünvana qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində xx xxxxxx 2020-ci il tarixdə faktiki yaşadığı Şabran şəhəri M.İbrahimov küçəsində yerləşən evdə ailə üzvlərini xəstəliyə yoluxdurmamaq məqsədilə həmin evi tərk edərək qeydiyyatda olduğu ünvan 3 nömrəli evə getməsini göstərməsinə baxmayaraq, o, bundan sonra verdiyi ifadəsində qeyri səmimilik göstərək “Covid-19” yoluxucu xəstəliyinə tutulmamışdan 10 gün əvvəl ata evində yaşadığını göstərərək ilkin ifadəsində səhf dediyini və belə bir ifadə verməsini xatırlamadığını bildirmişdir. Bu da ona dəlalət edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı səmimilikdən uzaq olan ifadə verməklə müxtəlif bəhanələr gətirib, hər vasitə ilə özünə haqq qazandırmağa calışmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb edilərkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə sərbəst şəkildə və hər hansı bir təzyiq olunmadan ifadə verərək xx xxxxxx 2020-ci il tarixdə ailə üzvlərini yoluxdurmamaq məqsədilə faktiki yaşadığı ünvanı tərk edib ata evinə getməsini göstərmiş və xx xxxxxx 2020-ci il tarixdə də RPŞ-nin əməkdaşları tərəfindən sonuncu ünvanda aşkar edilmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri M.İbrahimov küçəsində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri M.İbrahimov küçəsində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar