Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-21/2022 06.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi xx xxxxxx 1974-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, 3-cü qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq Şabran şəhəri, C.Novruzov küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 22 noyabr 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşayış yerində müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 04 dekabr 2021-ci il tarixdə saat 11:40 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşayış yerini özbaşına tərk edərək küçəyə çıxıb Şabran şəhəri, A.Bakıxanov küçəsinə gəlmiş, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olsa da Şabran şəhəri C.Novruzov küçəsində yaşayır. 25 iyun 1992-ci il tarixdən 14 fevral 1994-cü il tarixədək Laçın və Kəlbəcər bölgələrində gedən döyüşlərdə iştirak etmiş, sağ çiynini dəlib keçən güllə yarası almışdır. Həmin döyüşlərdə aldığı xəsarətlərə görə ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyə görə hər ay 260 manat pensiya alır, eyni zamada ona hər ay 300 manat Prezident təqaüdü verilir. 21 noyabr 2021-ci il tarixdə səhhətində nasazlıq hiss etdiyindən Şabran RMX-na yollanmışdır. Orada ondan “Covid-19” virusunun bədənində olub-olmamasını müəyyən etmək üçün analiz götürmüşlər. 22 noyabr 2021-ci il tarixdə isə istifadə etdiyi mobil nömrəsinə “Covid-19” virusunun daşıyıcısı olması ilə bağlı məlumat sms-i gəlmişdir. Bundan sonra isə 14 gün müddətində yaşadığı evdən çıxmaq məhdudiyyəti qoyulmaqla ev şəraitində müalicə almağa başlamışdır. 04 dekabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evin həyətinə baxan zaman tövlədə saxladığı toyuqların bir neçəsinin həyətdə olmadığını görmüşdür. Bundan sonra o, yaşadığı Şabran şəhəri C.Novruzov küçəsindəki evin həyətindən küçəyə çıxmış və bir qədər irəli gedib toyuqlarını küçədə tapacağı ümidi ilə Şabran şəhəri A.Bakıxanov küçəsinə gəlmişdir. Bir neçə dəqiqə keçmiş polis əməkdaşları ona yaxınlaşaraq hal-hazırda aktiv koronavirus xəstəsi olmasını və yaşadığı evdən çıxmaq məhdudiyyətində olduğunu bildirərək müəyyən sənədləşəmə işlərini apardıqdan sonra yaşadığı evə gəlməsini təmin etmişlər. Bundan sonra ona məlum olmuşdur ki, bu hərəkətləri ilə o, cinayət törətmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyən Şahid1 göstərdi ki, o, 04 dekabr 2021-ci il tarixdə Şabran RPŞnin PPXB-nün manqa komandiri, polis serjantı Şahid2la birgə xidmət aparan zaman ev şəraitində müalicə alan aktiv koronavirus xəstələrinin karantin rejiminin qaydalarına riayət edib-etmədiklərini müəyyən etmək üçün yoxlamalar keçirərkən 01 nəfər şəxsin “Covid-19” virusuna yoluxması, hal-hazırda ev şəraitində müalicə alması və yaşadığı evi tərk etməməsi məhdudiyyəti qoyulmasına baxmayaraq Şabran şəhər A.Bakıxanov küçəsində olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsi olduğu yerdə saxlayaraq Şabran RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək qeyd edilən hadisə ilə bağlı məlumat vermiş və bundan sonra həmin şəxsin xx xxxxxx 1974-cü il təvəllüdlü Şabran şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid2 iş üzrə Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X5 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli 835 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” infeksiyası ilə əlaqədar verdiyi analizin cavabı 22 noyabr 2021-ci il tarixdə “pozitiv” olaraq gəlmiş və o, 14 gün ev nəzarətinə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli 5292 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, C.Novruzov küçəsində ailə üzvləri – arvadı X1 və uşaqları – 1998-ci il təvəllüdlü X2 və 2000-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli 6494 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus NZ seriyalı ******* saylı Hərbi Biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 1992-ci il tarixdən 14 fevral 1994-cü il tarixədək Laçın və Kəlbəcər bölgələrində gedən döyüşlərdə iştirak etmiş, döyüş zamanı sağ çiyini dəlib keçən güllə yarası almışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan və “Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyi tərəfindən verilmiş Ə № 005589 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup müharibə əlilidir. Respublkanın qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 25 iyun 1992-ci il tarixdən 14 fevral 1994-cü il tarixədək Laçın və Kəlbəcər bölgələrində gedən döyüşlərdə imtirak etməsini, müharibə zamanı güllə yarası almasını, üçüncü qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə Əlabbas Sultanovun videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Əlabbas Sultanovun videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-21/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-21/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver