Məhkəmə qərarları › İş №1(031)-21/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-21/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-21/2024 17.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs" növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində, Şabran rayonunun Ağbaş kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus bir mərtəbəli fərdi yaşayış evinin əvvəlcə daş hasarından aşaraq qanunsuz olaraq evin həyət hissəsinə enib, daha sonra yerdən tapdığı taxta parçası ilə evin plastik materialdan hazırlanmış pəncərəsinin şüşəsini sındırmaqla Orxan Camalova məxsus sözügedən evə qanunsuz daxil olub, evin yataq otağındakı siyirmədən 1 ədəd, 255 manat dəyərində, 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə qızıl boyunbağını və 1 ədəd, 425 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya Federasiyası istehsalı qızıl üzüyü oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 680 manat dəyərində maddi ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şabran rayonunun Ağbaş kəndi ərazisində ailəsi ilə birgə yaşayır. Yaşadığı ev ilə üz-üzə olan evlərdən birinin mütəmadi olaraq boş olduğunu bilirdi. Həmin ev yiyəsinin adını bilməsə də onu üzdən tanıyır və bilirdi ki, həmin şəxs ailə qurduqdan sonra həmin evdə daimi olaraq yaşamır. xx.xx.2023-cü il tarixdə gecə saat 01:00 radələrində sözügedən evin yenə də boş olduğunu görmüşdür. Bu zaman o, həmin evə daxil olaraq oğurluq etmək niyyətinə düşmüşdür. Əvvəlcə evin daş hasarından aşaraq evin həyətinə enmiş, daha sonra evin pəncərəsini yerdən götürdüyü taxta parçası ilə açaraq evin içərisinə daxil olmuşdur. Evə daxil olan zaman əvvəlcə evin içərisindəki əşyaları dağıdıb pul və yaxud dəyərli bir əşya tapmağa çalışmışdır. Lakin heçinə tapa bilmədikdə o, yataq otağındakı siyirməni, paltar şkafını axtarmağa başlamışdır. Siyirməni çəkən zaman orada qızıl qabını görüb həmin qızılqabının içərisinə baxmışdır. Bu zaman qızılqabının içərisində 1 ədəd üzərində “S” hərfi yazılmış klon olan qızıl boyunbağı görmüşdür. O, həmin boyunbağını oğurlayaraq cibinə qoymuşdur. Bundan sonra evin içərisində olan 1 ədəd samovarı, 1 ədəd qəlyanı, 1 ədəd ütünü evin həyətinə yığmış, lakin həmin əşyaları apara bilmədiyini başa düşüb onları elə həyətdəcə saxlamış və oğurladığı bir ədəd qızıl boyunbağı ilə birgə oradan uzaqlaşmışdır. Səhər açıldıqda isə o, həmin bir ədəd qızıl boyunbağını özünə məxsus olmasına inandıraraq 75 manat manat pul qarşılığında Şahid satmışdır. Xahiş dir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə 1 ədəd, 425 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya Federasiyası istehsalı qızıl üzüyü oğurlamadığını bildirmişdir. Bundan əlavə sədrlik edənini sualına cavab olaraq xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılsa da, hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində cəlb edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Şabran rayonunun Qərbilik kəndində ailəsi ilə birgə yaşayır. Ailə üzvləri həyat yoldaşı Səlminaz Qurbanova, atası Camal Hümmətov və anası Şamama Hümmətovadan ibarətdir. Şabran rayonunun Qərbilik kəndində yaşasa da, Şabran rayonunun Ağbaş kəndində də evi vardır. Həyat yoldaşı Səlminaz Qurbanovanın işi ilə əlaqədar olaraq Şabran rayonunun Ağbaş kəndində yerləşən evində çox vaxt olmur. xx.xx.2023-cü il tarixdə Şabran rayonu Ağbaş kəndində yerləşən evinə baş çəkməyə gələn zaman evin pencərə şüşəsinin sındırıldığını görmüşdür. O, evin qapısını açıb içəri daxil olan zaman evin yataq otağının qapısının da, şüşəsinin də sındırıldığını aşkar etmişdir. Bundan sonra o, otaqlara baxan zaman evdəki avadanlıqların yerə dağıdıldığının şahidi olmuş və həmin an yataq otağındakı siyirməni açan zaman oradakı qızılqabının yerində olduğunu görmüşdür. O, qızıl qabının içərisini açan zaman oradakı 2 ədəd qızıl boyunbağının və 2 ədəd qızıl üzüyün yerində olmadığını gördükdə evə daxil olan şəxslərin həmin qızılları oğurladıqlarını başa düşmüşdür. Bundan sonra o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə və Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin qızıllardan 1 ədədə qızıl boyunbağını və 1 ədəd qızıl üzüyü evinin yataq otağında yerdən tapmışdır. Bu səbəbdən də o, yenidən Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin qızıllardan 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl üzüyü tapdığını, hadisə nəticəsində ona məxsus 1 ədəd qızıl boyunbağının və 1 ədəd qızıl üzüyün oğurlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona dəymiş maddi ziyan tam şəkildə ödənilməmiş və aralarında barışıq əldə edilməmişdir. Xahiş dir ki, Təqsirləndirilən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülsün. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, Siyəzən şəhərində yaşayır və orada musiqi müəlliməsi kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşitmişdir. O, evin dəmir darvazasını açarkən Təqsirləndirilən şəxs qapının qarşısında dayandığını görmüşdür. Təqsirləndirilən şəxs əvvəlcə onunla salamlaşıb, daha sonra özünə məxsus 1 ədəd qızıl boyunbağının olduğunu və təcili pula ehtiyacı olması səbəbindən həmin boyunbağını satmaq istədiyini ona bildirmişdir. O da əvvəlcə həmin boyunbağını Firudindən alaraq ona nəzər salıb boyunbağına 75 manat pul verəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və o, 75 manat pul qarşılığında Təqsirləndirilən şəxs həmin 1 ədəd qızıl boyunbağını almışdır. Daha sonra Şabran Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gələn zaman o, həmin 1 ədəd qızıl boyunbağını polis əməkdaşlarına təhvil vermiş və həmin boyunbağını xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 75 manat pul qarşılığında aldığını səmimi olaraq etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzük almadığını və Təqsirləndirilən şəxs ona üzük almağı ümumiyyətlə təklif etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzindən daxil olmuş ********** nömrəli məlumatda göstərilmişdir ki, Şabran rayonunun Qəriblik kənd sakini Zərərçəkmiş şəxs 077 528 52 17 nömrəli telefonla zəng edərək Şabran rayonunun Ağbaş kəndi ərazisində yerləşən evindən oğurluq edilməsi barədə məlumat vermişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı ərizəsində xx.xx.2023-cü il tarixdə naməlum şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq 02 ədəd qızıl boyunbağı və 02 ədəd qızıl üzük oğurlamaları nəticəsində ona 300 manat məbləğində maddi ziya dəydiyini bildirmişdir (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Ağbaş kəndi ərazisində yerləşən bir mərtəbəli fərdi yaşayış evində xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində həmin evin yataq otağındakı paltarların paltar şkafından yerə dağıldığı, evin yataq otağındakı siyirmənin axtarıldığı və həmin evin pəncərəsinin şüşəsinin sındırıldığı aşkar edilmişdir (cinayət işinin 7-ci vərəqəsi). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Ağbaş kəndi ərazisində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin pəncərəsinin şüşəsinin sındırılmışdır və həmin evin yataq otağındakı paltarlar paltar şkafından yerə dağılmışdır, evin yataq otağındakı siyirmə axtarılmışdır (cinayət işinin 8-9-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:10-da Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran rayonunun Ağbaş kəndi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin10-cu vərəqəsi). - Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023-cü il tarixdə naməlum şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq 02 ədəd qızıl boyunbağı və 02 ədəd qızıl üzük oğurlamaları nəticəsində ona 300 manat məbləğində maddi ziya dəydiyini bildirsə də, sonradan həmin evdən sözü gedən qızıl-zinət əşyalarından 01 ədəd boyunbağı və 01 ədəd qızıl üzüyü tapdığını və nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdə naməlum şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq oradan 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl üzük oğurladıqlarını göstərmişdir (cinayət işinin 13-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:10-dan saat 14:30-a kimi olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Ağbaş kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs 01 ədəd boyunbağı və 01 ədəd qızıl üzüyü həmin evin yataq otağından tapdığını bildirərək həmin 01 ədəd boyunbağı və 01 ədəd qızıl üzüyü təqdim etmişdir (cinayət işinin 16-17-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs Şabran rayonunun Ağbaş kəndi ərazisində yerləşən fərdi yaşayış evindən tapdığı 01 ədəd boyunbağı və 01 ədəd qızıl üzüyün yerini şəxsən göstərmişdir (cinayət işinin 18-20-ci vərəqələri). - xx.xx.2023-cü il tarixdə tərtib olunmuş şübhəli şəxsi tutuma haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 22-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 23-24-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən şəhəri, X4 küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evə göstərərək xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Ağbaş kəndi ərazisində yerləşən fərdi yaşayış evindən oğurladığı 01 ədəd boyunbağını 75 manat pul müqabilində orada Şahid satdığını etiraf etmişdir (cinayət işinin 38-39 vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun ağbaş kəndi ərazisində yerləşən fərdi yaşayış evindən oğurladığı 01 ədəd boyunbağını 75 manat pul müqabilində Şahid satdığı yeri (Siyəzən şəhəri, X4 küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evini) şəxsən göstərmişdir (cinayət işinin 40-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, həmin qərara əsasən Şahid onun Təqsirləndirilən şəxs aldığı boyunbağının götürülməsi qərara alınmışdır (cinayət işinin 41-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürmənin aparılması haqqında protokoldan görünür ki, Şahid 1 ədəd, 583 əyarlı, Rusiya Federasiyası istehsalı qızıl boyunbağı Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən götürülmüşdür (cinayət işinin 42-43-cü vərəqləri). - Foto cədvəldən görünür ki, Şahid 1 ədəd qızıl boyunbağı şəxsən təqdim etmişdir (cinayət işinin 44-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməli və ona həmin maddə ilə ittiham elan edilməlidir (cinayət işinin 45-46-cı vərəqləri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzlədirmə nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ona məxsus Şabran rayonunun Ağbaş kəndi ərazisində yerləşən fərdi yaşayış evindən xx.xx.2023-cü il tarixdə 01 ədəd boyunbağı və 01 ədəd qızıl üzüyün oğurladığını bildirmiş, Təqsirləndirilən şəxs isə buna cavab olaraq Təqsirləndirilən şəxs üzünə xx.xx.2023-cü il tarixdə gecə saat 01:00 radələrində Şabran rayonunun ağbaş kəndi ərazisində yerləşən fərdi yaşayış evinin pəncərəsini sındırıb içəri daxil olduqdan sonra həmin evin yataq otağında yerləşən siyirmədən sadəcə 01 ədəd boyunbağı oğurladığını göstərmişdir (cinayət işinin 52-53-cü vərəqləri). - Şabran Rayon Məhkəməsinin 4(031)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 63-69-cu vərəqləri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, 1 ədəd, 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə qızıl boyunbağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılası üçün Zərərçəkmiş şəxs verilmişdir (cinayət işinin 70-71-ci vərəqləri). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd, 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə qızıl boyunbağı təhvil aldığını öz imzası ilə təsdiq etmişdir (cinayət işinin 72-ci vərəqəsi). - Siyəzən Rayon Məhkəməsinin 1(059)-17/2015 nömrəli, xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 1772.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək xx.xx.2014-cü il tarixidən hesablanmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir (cinayət işinin 78-82-ci vərəqələri). - Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 88 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır (cinayət işinin 83-cü vərəqəsi). - Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 88 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs subaydır və işləmir. Onun barəsində Siyəzən rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər-hansı bir şikayət daxil olmamışdır (cinayət işinin 84-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin qərara əsasən Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 85-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3, 177.2.2, 177.2.3 və 333.1-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2008-ci il tarixdə həmin cəzasını çəkib bitirmişdir, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3, 152, 177.2.2, 177.2.3, 177.2.3, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə həmin cəzasını çəkib bitirmişdir, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 1772.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir və xx.xx.2019cu il tarixdə həmin cəzadan şərti olaraq vaxtından qabaq azad edilmişdir (cinayət işinin 90- 91-ci vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 1(059)- 17/2015 nömrəli, xx.xx.2015-ci il tarixli hökmünə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/64/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd, 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə qızıl boyunbağı 255 manat, 1 ədəd 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 5 qram çəkidə qızıl üzüyün isə 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti 425 manat olmaqla, qızıl boyunbağı və qızıl üzüyün ümumi dəyəri 680 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cinayət işinin 92-95-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli ifadənin yeridə yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində, Şabran rayonunun Ağbaş kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus bir mərtəbəli fərdi yaşayış evinin əvvəlcə daş hasarından aşaraq qanunsuz olaraq evin həyət hissəsinə enib, daha sonra yerdən tapdığı taxta parçası ilə evin plastik materialdan hazırlanmış pəncərəsinin şüşəsini sındırmaqla Orxan Camalova məxsus sözügedən evə qanunsuz daxil olub, evin yataq otağındakı siyirmədən 1 ədəd qızıl boyunbağını oğurladığını etiraf etmiş və həmin vaxt öz hərəkətlərini əyani olaraq təqdim etmişdir (cinayət işinin 100-101-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Ağbaş kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə necə daxil olduğunu və həmin evin yataq otağında olan 01 ədəd qızıl boyunbağını götürdüyün siyiməni əyani surətdə təqdim etmişdir (cinayət işinin 102-103-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin 104-105-ci vərəqləri). Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Ağbaş kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində daxil olduğunu və oradan 1 ədəd, 255 manat dəyərində, 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə qızıl boyunbağını etiraf etməsinə baxmayaraq, 1 ədəd, 425 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya Federasiyası istehsalı qızıl üzüyü oğurlamasını inkar etməsinə tənqidi yanaşaraq, onun verdiyi ifadənin özünü müdafiə xarakterli olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-cu maddəsinin “Qeyd” – inin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayət əməli də mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasının talama cinayətləri növünə aid edilmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının: 1-ci bəndinə əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 02 (iki) növ cəza, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə dən halları, törətdiyi əməlin xarakterini və onun hazırki vaxtadək zərər çəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, əvvəllər dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməsinə görə məhkum edilmiş təqsirləndirilən şəxsin üzrəində hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmasa da, o, hələdə islah olunmamış və yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Bu səbəbdən də məhkəmə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinin onun islah olunaraq bir daha analoji cinayət əməli törətməməsi məqsədinə catılmasını təmin etməyəcəyi nəticəsinə gəlir. Ona görədə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması faktiki olaraq xx.xx.2023-cü il tarixdə, saat 21:10-da baş verdiyindən və bu fakt cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportla və təsdiqləndirilən şəxsin ifadəsi ilə təsdiq olunduğundan onun cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə məsrəfi olan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməli və iş üzrə maddi sübut olan 1 ədəd, 255 manat dəyərində, 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə qızıl boyunbağının zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd, 255 manat dəyərində, 583 əyarlı, Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə qızıl boyunbağının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması haqqında xx.xx.2023-cü il tarixli raport və onun ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsi qismində tutulması haqqında protokolun surətləri Şabran Rayon Polis Şöbəsini tərəfindən Təqsirləndirilən şəxs azadlıq hüququna münasibətdə Azərbaycan Respublikasının Cinayət-Məcəlləsinin 90.2.1 və 148.6-cı maddələrinin tələbləri kobud şəkildə pozulması faktı ilə bağlı araşdırmanın aparılması və gələcəkdə belə hallara yol verilməməsindən ötrü Şabran rayon prokurorluğuna göndərilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar