Məhkəmə qərarları › İş №1(031)-21/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-21/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-21/2025 07.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunun Ağalıq kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan, faktiki olaraq həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2024-cü il tarixə, saat 04:00 radələrində Şabran rayonunun Ağalıq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin pəncərəsindən qanunsuz daxil olub, həmin evdən 01 (bir) ədəd 220 (iki yüz iyirmi) manat dəyərində “Samsung” markalı (Model: UE40H5003AK, Type no: UE40H5003 ) televizor, 01 (bir) ədəd 65 (altmış beş) manat dəyərində “Nokia” markalı (Model: G-1425G-B) modem aparatı, 04 (dörd) ədəd kisədə yığılmış ümumi dəyəri 440 (dörd yüz qırx) manat olan ümumilikdə 110 (yüz on) kiloqram qabıqlı fındıq, 01 (bir) ədəd 35 (otuz beş) manat dəyərində peyk antenasının aparatı (“krosno” aparatı), 01 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində təxminən 40 (qırx) illik 05 (beş) litrlik tutumlu samovar, 01 (bir) ədəd 60 (altmış) manat dəyərində drel aparatı, 01 (bir) ədəd 70 (yetmiş) manat dəyərində “Bosh” markalı laqunda aparatı, 01 (bir) ədəd 40 (qırx) manat dəyərində diametri təxminən 01 (bir) metr olan alüminium ləyən, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində diametri təxminən 60 (altmış) santimetr olan alüminim ləyən, 01 (bir) ədəd 50 (əlli) manat dəyərində diametri 60 (altmış) santimetr dərinliyi təxminən 80 (səksən) santimetr olan duralüminim qazan, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində diametri təxminən 60 santimetr olan alüminium qazanı gizli talamaqla, ümumilikdə 1170 (min yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman bir qədər spirtli içki qəbul etmişdir. Həmin vaxt pulu olmamış və Sərxanın qonşuluqda olan evinə ara-sıra gəlib getdiklərini və Sumqayıt şəhərində yaşadıqlarını bildiyindən, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 04:00 radələrində Sərxanın evinin yaxınlığına gəlmiş və arxa tərəfdən həyətin dəmir torlarından içəri həyətə daxil olmuş, evin yanına gəlib pəncərədə olan toru çıxarıb yerə qoymuş və pəncərəni yumruqlayaraq itələməklə açıb evə daxil olmuş, cibində olan alışqanın işığı ilə otaqları gəzməyə başlamışdır. Qonaq otağında olan stolun üzərindəki 04 (dörd) ədəd kisədə olan fındıqları, “Samsung” markalı televizoru, “Nokia” markalı modem aparatını götürüb pəncərədən həyətə çıxarmışdır. Daha sonra yataq otağından 01 (bir) ədəd 05 (beş) litrlik tutumu olan köhnə samovarı götürüb pəncərədən həyətə qoymuşdur. Evdən çıxdıqdan sonra pəncərəni dartaraq örtmüş, evdən oğurladığı əşyaları həyətdən həyətin dəmir torlu hasarına tərəf gətirib toplamışdır. Hasardan küçəyə çıxmış və oğurladığı əşyaları götürüb yaşadığı evə gətirib gizlətmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Seymurla zəngləşib yemək üçün evinə dəvət etmişdir. Seymur gəldikdən sonra birgə yemək yemişlər və söhbət zamanı Seymura fındıq yığıb saxladığını və satmaq istədiyini demişdir. Seymur da bununla bağlı Şabran şəhərində yaşayan tanışı Fərmana zəng edərək çağırmış, söhbət zamanı Fərman fındıqları Xaçmaz rayonunda satmaq üçün tanışı olan taksi çağırmışdır. Adını xatırlamadığı “Vaz 2107” markalı taksi sürücüsü gəlmiş, 04 (dörd) kisədə olan fındıqları avtomobilə yükləmişlər və Xaçmaz şəhərinə gəlmişlər. Xaçmaz şəhərində bazar yolunda tanımadığı şəxsə 04 (dörd) kisədə fındığı 257 (iki yüz əlli yeddi) manat müqabilində satmış, həmin puldan taksi sürücüsünə 40 (qırx) manat varmiş, bununla yanaşı həmin puldan 150 (yüz əlli) manat pulu borc kimi Fərmanla Seymura vermişdir. Qalan 67 (altmış yeddi) manat pulu isə özündə saxlamışdır. Həmçinin fındıqları satmaq üçün aparan zaman samovarı da satmaq üçün aparmaq istəmiş və bu zaman Fərman samovarı ondan istəmiş, o da samovarı Fərmana vermişdir. Oğurladığı əşyalardan qalanları isə yaşadığı evdə saxlamışdır. O, Sərxanın evindən 01 (bir) ədəd televiroz, 01 (bir) ədəd modem, 01 (bir) ədəd samovar və 04 (dörd) kisə fındıq oğurlamış və sadaladıqlarından əlavə heçnə oğurlamamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, baxış protokolu, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.4.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə prosesində zərərçəkmiş şəxsin məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etirazının olmadığını qeyd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun onun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, zərərçəkmiş şəxsin məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, habelə məhkəməyə ünvanlandığı ərizəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmiş iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-in 330-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şabran rayonunun Ağalıq kəndində anası X9 məxsus ev vardır. Həmin ev rəsmi olaraq anasına məxsus olsa da, evdə o da yaşamışdır, lakin hazırda Sumqayıt şəhərində ailə vəziyyəti ilə əlaqədar olaraq yaşayır Həmin evdəki əşyalar da ona məxsusdur. Sumqayıt şəhərində olmağına baxmayaraq mütəmadi olaraq Şabran rayonunun Ağalıq kəndində yaşadığı evə gəlib yoxlayır. xx.xx.2024-cü il tarixdə Şabran rayonu Ağalıq kəndindəki yaşadığı evə gəlib baxmış və evdəki əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2024-cü il tarixdə isə təkrarən Şabran rayonunun Ağalıq kəndindəki yaşadığı evə gələn zaman evə baxış keçirmiş, yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, baxış keçirən zaman qonaq otağındakı 01 (bir) ədəd “Samsung” markalı televizorun, 01 (bir) ədəd “Nokia” markalı modem aparatının, stolun üzərindəki 04 (dörd) ədəd kisədə yığılmış ümumilikdə 110 (yüz on) kiloqram qabıqlı fındığın, 01 (bir) ədəd peyk antenasının aparatının (“krosna” aparatı), yataq otağından isə 01 (bir) ədəd təxminən 40 (qırx) illik 05 (beş) litrlik tutumlu samovarın, digər yataq otağından isə 01 (bir) ədəd drel aparatı, 01 (bir) ədəd “Bosh” markalı laqunda aparatı, 01 (bir) ədəd diametri təxminən 01 (bir) metr olan alüminium ləyən, 01 (bir) ədəd diametri təxminən 60 (altmış) santimetr olan alüminim ləyən, 01 (bir) ədəd diametri 01 (bir) metr 60 (altmış) santimetr, dərinliyi təxminən 80 (səksən) santimetr olan düralüminium qazan, 01 (bir) ədəd diametri təxminən 60 (altmış) santimetr olan alüminium qazanın oğurlandığını görmüşdür. Daha sonra baş vermiş hadisə barəsində polisə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 1170 (min yüz yetmiş) manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin noyabr ayının ortalarında Şabran şəhərində olan zaman Eyubla rastlaşmış və söhbətləşmişlər. Söhbət zamanı Eyub ona uzun müddətdir görüşmədiklərini və Şabran rayonunun Ağalıq kəndində evinə qonaq gəlməyi təklif etmişdir. O da Eyuba vaxt olanda qonaq gələcəyini demişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Şabran şəhərində avtovağzalın yaxınlığında çayxanada olan zaman Eyub ona zəng edərək qonaq çağırmışdır. O da bir qədər sonra Eyubun evinə gəlmişdir. Eyubun evində ikisi birlikdə yemək yemişlər. Söhbət zamanı Eyub kisələrdə fındıq topladığını və satmaq istədiyini bildirmişdir. Eyub ondan taksi tapmağını və həmin fındıqları Xaçmaz şəhərinə aparıb satmaq istədiyini demişdir. O, Şabran rayonunun Ağalıq kəndindən Şabran şəhərinə qayıdacağı üçün taksi tapmağa razılaşmışdır. Novruz adlı tanışına zəng edərək Ağalıq kəndinə çağırmışdır. Novruzu qarşılamaq üçün avtomobil yolunun yanına gəlmiş, Novruzu qarşılamış və birlikdə Eyubun evinin yanına gəlmişlər. Eyub evdən çıxıb yanlarına gələn zaman 01 (bir) ədəd samovar, 01 (bir) ədəd sellofan da isə 01 (bir) ədəd drel və 01 (bir) ədəd laqunda gətirmiş, avtomobildə əyləşmişdir. Eyubdan əşyaların kimə məxsus olmasını soruşduqda, Eyub da həmin əşyaların özünə məxsus olduğunu demişdir. Eyuba samovarı ona verməsini və əvəzində 10-15 manat pul verəcəyini demiş, Eyub da samovarı ona verməyə razılaşmışdır. Eyubdan laqunda və dreli də ona satmasını istəmiş, lakin həmin əşyaları ona satmağa razılaşmamışdır. Eyubun evindən çıxan zaman fındıqların anasının yaşadığı evdə olduğunu demiş, həmin evin yanına gəlmişlər. Eyub evin yanındakı qaraj kimi olan yerə girib çıxmış və kisələrdə fındıqları gətirib avtomobilə yerləşdirmişdir. Eyub fındıq kisələrini avtomobilə gətirən zaman evdə televizorda olduğunu və həmin televizoru da satmaq istədiyini demiş, lakin televizoru göstərməmişdir. Onlar avtomobilə əyləşən zaman Seymur da avtomobilə əyləşmişdir. O Seymurun haradan gəldiyini görməmiş və Seymura haradan gəldiyini soruşmuş, Seymur da gülərək yaxınlarda olduğunu demişdir. Novruzun avtomobili ilə birlikdə Xaçmaz şəhərinə gəlmişlər. Eyub fındıqları satmaq üçün avtomobili bir neçə yerə sürdürmüş və sonda bir nəfər tanımadığı şəxsin yanında avtomobili saxlatdırmış, kisələrdə olan fındıqları həmin şəxsə satmışdır. Daha sonra onlar birlikdə Şabran rayonuna qayıtmışlar. Şabran rayonuna qayıtdıqdan sonra Eyubun ona verdiyi samovarı yaşadığı evə gətirmişdir. Eyub Xaçmaz şəhərində yalnız 04 (dörd) ədəd kisədə olan fındıqları satmış, apardığı laqunda və dreli satmamışdır. Eyub samovarı ona verən zaman özünə məxsus olduğunu demişdir. Eyubun həmin əşyaları oğurladığından məlumatları olmamışdır. Eyub fındıqları satdıqdan sonra aldığı puldan 40 (qırx) manatını Novruza taksi sürdüyünə görə vermiş və qalan pulu da özünə saxlamış, həmin puldan nə Seymura nə də ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir tanışlıq olmamışdır. Pənah İsbatovu tanıyır, münasibətləri daima normal olmuşdur. xx.xx.2024-cü il tarixdə, təxminən saat 00:00 radələrində Fərman ona zəng edərək Şabran rayonunun Ağalıq kəndində olduğunu və onu Şabran şəhərinə aparmaq üçün gəlməyini istəmişdir. O da özünə məxsus olan “Vaz 21074” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən saat 01:00 radələrində Şabran rayonunun Ağalıq kəndinə gəlmişdir. Yolun kənarında Fərman ilə qarşılaşmış və Fərman avtomobilə əyləşmişdir. Fərmanla birlikdə Eyubun evinin yanına gəlmişlər. Eyub evin qarşısında gözlədikləri zaman 01 (bir) ədəd samovar, içərisində əşyalar olan 01 (bir) ədəd sellofan gətirmiş və avtomobildə əyləşmişdir. Fərman Eyubdan əşyaların kimə məxsus olmasını soruşmuş, Eyub da həmin əşyaların özünə məxsus olduğunu demiş, Fərman Eyubdan samovarı istəmiş və əvəzində 10-15 manat pul verəcəyini demiş, Eyub da samovarı Fərmana verməyə razılaşmışdır. Evdən çıxan zaman Eyub fındıqların anasının yaşadığı evdə olduğunu demiş, həmin evin yanına gəlmişlər. Eyub evin yanındakı qaraj kimi olan yerə girib çıxmış və kisələrdə fındıqları gətirib avtomobilə yerləşdirmişdir. Eyub avtomobilə əyləşəndə evdən götürdüyü əşyaları satmaq üçün Xaçmaz şəhərinə getmək istədiyini demiş və o, X18 şəhərinə aparmaq üçün gəldiyini demişdir. Eyub taksi pulunu verəcəyini deyib Xaçmaz şəhərinə getməkləri üçün yalvarmışdır. Onlar avtomobilə əyləşən zaman Seymur da avtomobilə əyləşmişdir. Seymurun haradan gəldiyini görməmişdir. Xaçmaz şəhərinə gəlmişlər, Eyub fındıqları satmaq üçün avtomobili bir neçə yerə sürdürmüş və sonda tanımadıqları bir nəfərin yanında avtomobili saxlatdırmış və kisələrdə olan fındıqları həmin şəxsə satmışdır. Daha sonra onlar birlikdə Şabran rayonuna qayıtmışlar. Şabran şəhərinə təxminən saat 07:00 radələrində catmışlar. Şabran şəhərinə gəldikdən sonra Eyub, Fərman və Seymur avtomobildən enmişlər. Eyub Xaçmaz şəhərinə gedib gəldikdən sonra ona 40 (qırx) manat pul vermiş, daha sonra o evə gəlmişdir. Bununla yanaşı Eyubun həmin əşyaları oğurladığından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsinin 3(031)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 18:50-dən hesablanmaqla 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (cinayət işinin İ cildinin 18-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, Şabran rayonunun Ağalıq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermiş oğurluqla bağlı keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətmiş şəxsin Şabran rayonun Ağalıq kənd sakini və Şabran Rayon Polis Şöbəsində inzibati həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs izahatı alınarkən, o, həqiqətən də həmin oğurluq hadisəsini törətdiyini, 04 kisə fındığı Xaçmaz şəhərində satdığını, 01 (bir) ədəd samovarı tanışı Fərmana verdiyini, oğurladığı “Samsung” markalı televizoru özlərinin həyət evində gizlətdiyini, internet modemini isə bina evində hamama qoyduğunu bildirmişdir. Ondan oğurlayaraq evində gizlətdiyi bir ədəd “Samsung” markalı televizoru təqdim edə biləcəyi soruşulduqda, o, yaşadığı evdə gizlətdiyini və təqdim edə biləcəyini bildirmiş. Buna görə inzibati həbsdə olan Təqsirləndirilən şəxs yaşadığı ünvanda xx.xx.2024-cü il tarixdə, saat 19:05-dən saat 19:20-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs televizoru təqdim etməsi təklif edilmiş və o, evə daxil olaraq yatdığı otaqdakı divanın altında gizlətdiyi “Samsung” markalı televizoru çıxardaraq təqdim etmişdir. Ondan internet modeminin harada olduğu soruşulduqda isə, o, həmin modemi digər evdə hamama qoyduğunu bildirmişdir. Baxış zamanı həmin ünvandan bir ədəd “Samsung” markalı televizor götürülmüşdür (cinayət işinin İ cildinin 20-21-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan və foto cədvəldən görünür ki, həmin tarixdə saat 19:05-dən 19:20-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Şabran rayonunun Ağalıq kəndi ərazisində yerləşən bina evində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin ev kolxoz dövründən verilmiş evdir, iki mərtəbəli binanın baş hissəsində birinci mərtəbəsində olan evdir, nisbətən həyətyanı sahəsi də var. Baş vermiş oğurluqla bağlı evin içərisinə baxarkən hadisə ilə bağlı heç nə aşkar edilməmiş, lakin evə girişdən solda təmirsiz hamama baxarkən orda naqillər, 01 (bir) ədəd internetə qoşulmaq üçün olan ağ rəngli modem və həmin modemin xırda qara plastmas parçası aşkar edilmişdir. Həmin evdə aşkar edilmiş oğurluq hadisəsi baş vermiş evdən açılan modem olduğunu yoxlamaq məqsədi ilə internetə qoşularkən internet evdə bərpa edildi. Bununla da məlum oldu ki, aşkar edilmiş modem Təqsirləndirilən şəxs oğurladığı modemdir. Həmin modem iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür (cinayət işinin İ cildinin 22-24-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan və foto cədvəldən görünür ki, həmin tarixdə, saat 19:00-dan 19:20-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X2 polis şöbəsinə təqdim etdiyi və dediyinə görə bir neçə gün əvvəl tanıdığı Təqsirləndirilən şəxs ona verdiyi bir ədəd samovara baxış keçirilərkən məlum olunmuşdur ki, samovar 05 (beş) litr tutumludur, yan tutacaqları əl yandırmasın deyə taxtadandır, lüləyində sim var, nisbətən bəzəyli bir samovardır. İş üçün əhəmiyyətli olduğundan samovar polis əməkdaşları tərəfindən götürülmüşdür (cinayət işinin İ cildinin 27-28-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli baxış aparılmasına dair protokoldan və fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 17:20-dən 17:40-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı televizor, 01 (bir) ədəd “Nokia” markalı modem və 01 (bir) ədəd samovar təqdim edilmiş və sonuncu həmin əşyaların onun evindən oğurlanmış əşyalar olduğunu bildirmişdir (cinayət işinin İ cildinin 33-39-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:10-dan etibarən CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 49-50-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 60-61-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, həmin qərara əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus yararlı vəziyyətdə və istifadədə olan 01 (bir) ədəd “Samsung” markalı (Model: UE40H5003AK, Type no: UE40H5003) televizor, 01 (bir) ədəd “Nokia” markalı (Model: G-1425G-B) modem aparatı və 01 (bir) ədəd təxminən 40 (qırx) illik 05 (beş) litr tutumlu samovar iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir (cinayət işinin İ cildinin 68-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 01 (bir) ədəd “Samsung” markalı (Model: UE40H5003AK, Type no: UE40H5003) televizor, 01 (bir) ədəd “Nokia” markalı (Model: G-1425G-B) modem aparatı və 01 (bir) ədəd təxminən 40 (qırx) illik 05 (beş) litr tutumlu samovarın ona təqdim edildiyini öz imzası ilə təsdiq etmişdir (cinayət işinin İ cildinin 70-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 72-73-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin X10 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20214-cü il tarixdə Şabran Rayon Polis X7 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 98-99-cu vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CMnin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraaat materialı üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 118-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Şabran Rayon Polis X6 təhvil verilənədək iş üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 123-124-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:15-də polis əməkdaşları tərəfindən tutularaq Şabran Rayon Polis X6 təhvil verilmişdir (cinayət işinin İ cildinin 127-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İ cildinin 128-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə yenidən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 131-132-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-74-3/2-40/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs anası xx.xx.1949-cu il təvəllüdlü X4, xx.xx.1984-cü il təvəllüdlü arvadı X1, oğlu xx.xx.2006-cı il təvəllüdlü X11, oğlu xx.xx.2007-ci il təvəllüdlü X12 və oğlu xx.xx.2013-cü il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 135-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-3/2-39/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 136-cıvərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1589 saylı ekspert rəyindən görünür ki,analoji malların texniki göstəricilərinə uyğun olaraq, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların təqdim edilmiş fotoşəkillərinə əsasən 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1040,00 (min qırx) manat müəyyən edilir. Cədvəlin 6-7-ci bəndində göstərilən drelin və “Bosh” markalı laqunda aparatının markası, modeli və s. olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilmiş malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cinayət işinin İ cildinin 141-150-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 152-157-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 159-160-cı vərəqələri). İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət əməli nəticəsində ona dəymiş 1170 (min yüz yetmiş) manat məbləğində maddi ziyanın tam ödənildiyini, aralarında barışıq əldə edildiyini, Təqsirləndirilən şəxs qarşı hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini xahiş etmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən CM-in 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspetiza rəyi, baxış və götürmə protokolları və yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də CPM-in 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməlin xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlşadırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdə axtarışda olan şəxs qismində tutulub saxlanıldığı 01 (bir) gün olmaqla, cəmi 03 (üç) gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, CM-in 52-1.2-ci maddəsinə əsasən üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli və iş üzrə maddi sübutlar: zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus yararlı vəziyyətdə və istifadədə olan 01 (bir) ədəd “Samsung” markalı (Model: UE40H5003AK, Type no: UE40H5003) televizor, 01 (bir) ədəd “Nokia” markalı (Model: G- 1425G-B) modem aparatı və 01 (bir) ədəd təxminən 40 (qırx) illik 05 (beş) litr tutumlu samovarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdə axtarışda olan şəxs qismində tutularaq saxlanıldığı 01 (bir) gün olmaqla, cəmi 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barəsində təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübutlar: zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus yararlı vəziyyətdə və istifadədə olan 01 (bir) ədəd “Samsung” markalı (Model: UE40H5003AK, Type no: UE40H5003) televizor, 01 (bir) ədəd “Nokia” markalı (Model: G-1425G-B) modem aparatı və 01 (bir) ədəd təxminən 40 (qırx) illik 05 (beş) litr tutumlu samovarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk isə cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar