Məhkəmə qərarları › İş №1(031)-22/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-22/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-22/2024 03.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1977-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 323,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 8,09 qram qurudulmuş marixuananı üzərində gəzdirməklə və qalan 315 qram qurudulmuş marixuananı isə işlədiyi təmir sexində saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində Şabran şəhərinin X14 küçəsi ərazisində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinə gətirilməklə xx.xx.2023-cü il tarixdə saat 13:50-dən 13:56dək Növbətçi Hissədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan köynəyin sol sinə cibindən 01 ədəd bükümdə təmiz çəkisi 8,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və xx.xx.2023-cü il tarixdə Şabran şəhərinin X14 küçəsi ərazisində yerləşən və Təqsirləndirilən şəxs işlədiyi sexdə saat 14:25-dən 14:31-dək baxış keçirilən zaman plastmas qabın içərisindən 1 ədəd sellofan torbada 315 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan bir ildir ki, istifadə edir. Təxminən xx.xx.2023-cü il tarixdə gecə vaxtı Şabran şəhərinin X14 küçəsi ərazisində “Avtobaza” kimi tanınan ərazidə gəzən zaman yerdən 1 ədəd sellofan bağlama tapmışdır. Sellofanı götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmişdir. Ətrafda heç kəsin olmadığını görüb şəxsi istifadəsi üçün həmin bağlamanı özü ilə götürmüşdür. Götürdüyü sellofan bağlamanı Şabran şəhərinin X14 küçəsi ərazisində yerləşən işlədiyi sexə aparmış və orada plastmas qabın içərisinə qoyub gizlətmişdir. Növbəti gün tapdığı marixuanadan bir iki dəfə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə isə həmin kütlədən bir ədəd kağız bükümə yığıb köynəyinin cibinə qoymuşdur. Təxminən saat 13:00 radələrində işlədiyi sexin yaxınlığında olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirib, onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçi kimi X8 tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Daha sonra isə Şabran Rayon Polis X2 müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da üzərində saxladığı 1 ədəd bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. O həmin maddənin narkotik maddə olduğunu, tapdığını və özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd büküm kağız zərfə qablaşdırılmış, üzərinə möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Daha sonra onun razılığı ilə işlədiyi sexə baxış keçirilmiş, sexdə plastmas vedrənin içərisində saxladığı 01 ədəd sellofanda olan kütləni çıxarıb təqdim etmiş, həmin 01 ədəd sellofan qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edisin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələri üzərində saxlamaqla daşımasında şübhəli olduğundan o, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Şabran şəhərinin X14 küçəsi ərazisində “Avtobaza” adlanan ərazidə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid2 iştirakı ilə birlikdə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs saxlayaraq onu Şabran Rayon Polis Şöbəsinə gətirmişlər. Şabran Rayon Polis X2 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi X17 oğlun da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Etibarın əynində olan köynəyin sol sinə cibindən 1 ədəd büküm aşkarlanmış, Etibardan bükümdə olan kütlənin nə olması soruşulduqda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmiş, bundan sonra aşkar olunmuş 1 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırlmaqla götürülmüşdür. Ardınca polis əməkdaşları Təqsirləndirilən şəxs razılığı ilə Şabran şəhərinin X14 küçəsində yerləşən işlətdiyi təmir sexinə gəlmişlər və Etibarın razılığı ilə sexə baxış keçirilmiş, baxış zamanı sexdən plastmas vedrənin içərisindən 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış və qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:20-də Şabran şəhərinin X14 küçəsi ərazisində saxlanılaraq, Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması, işlədiyi avtotəmir sexində saxlaması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması, işlədiyi avtotəmir sexində saxlaması və satışında şübhəli olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olduğundan onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 5-6-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə98/23 nömrəli əməliyyat qrupunun yaradılması haqqında əmrdən görünür ki, Şabran Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması, işlədiyi avtotəmir sexində saxlaması və satışında şübhəli olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, bu məlumatın ətrafında əməliyyat axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşları X12 (qrupun rəhbəri), Şahid3, Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 7-8-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:35-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 13-14-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə, saat 13:50-dən saat 13:56-a kimi olan müddət ərzində Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş şəxsi axtarış nəticəsində onun əynində olan köynəyin sol sinə cibindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin 28-29-cü vərəqələri). - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Şabran rayonunun X14 küçəsi ərazisində yerləşən və onun işlədiyi sexə baxış keçirilməsinə etiraz etməmişdir (cinayət işinin 30-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:25-dən 14:31-ə kimi olan müddət ərzində Şabran rayonunun X14 küçəsi ərazisində yerləşən və Təqsirləndirilən şəxs işlədiyi sexdə keçirilmiş baxış nəticəsində plastmas qabın içərisindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin 31-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1590 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız paket ...” yazı və imza olan zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 8,09 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs işlədiyi təmir sexindən aşkar edilmiş 1 ədəd sellofan torba...” yazı və imza olan bağlamada 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 315,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cinayət işinin 36-39-cu vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 323,09 qram qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuananın 0,1 qram nümunə olaraq götürülmüş və 322,99 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 40-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur (cinayət işinin 46-47-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin X6 azad edilməsi və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X5 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 56-57-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 322,99 qram qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab olunmuş və saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin 60-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbə müəyyən edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır (cinayət işinin 73-cü vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-687/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, xx.xx.1983cü il təvəllüdlü X3 onun həyat yoldaşı, xx.xx.2008-ci il təvəllüdlü X7 onun oğlu, xx.xx.2011ci il təvəllüdlü X4 isə onun qızıdır (cinayət işinin 75-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-695/2024 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə mehribançılıq göstərmiş, qonşularına və yaxın yoldaşlarına qarşı hörmətlə daxranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 76-cı vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X13 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 77-78-ci vərəqələri). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (cinayət işinin 80-87-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - AZ-İ seriyalı, 808190 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında xx.xx.2013-cü il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra X1 Rustamova soy adı verimişdir. - ******* nömrəli, xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cəfərova (Rustamova) Gülcöhrə Şahbaz qızında mədə xorasının pertorasiyası nəticəsində peritonit ilə ağırlaşma vardır. - xx.xx.2022-ci il tarixli exokardioqrafiyadan görünür ki, Təqsirləndirilən şəxs aorta qapağının stenozu (ürək catışmamazlığı) vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 109.1-ci bəndinə əsasən qurudulmuş marixuananın (kannabisin) xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 500 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi isə 50000 qram təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən və işlədiyi sexdən aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış qurudulmuş marixuana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini aorta qapağının stenozundan (ürək catışmamazlığından0 əziyyət çəkməsini, həyat yoldaşının mədə xorasının pertorasiyası nəticəsində peritonit ilə ağırlaşmadan əziyyət çəkməsini və himayəsində 2 övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də narkotik vasitənin miqdarını, onun şəxsiyyətini və həyat şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 109.1-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 500 qram təşkil edir. Təqsirləndirilən şəxsə məxsus olan və aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuana (kannabis) isə bu narkotik vasitə üçün həmin siyahıda nəzərdə tutulmuş xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədindən 64 dəfə çoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 322,99 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və şəxsi axtarış və baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzan ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 322,99 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 70 (yetmiş) manat manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar