Məhkəmə qərarları › İş №1(031)-22/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-22/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-22/2025 18.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1992-ci il tarixdə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 206.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 1 il 7 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 05:00 radələrindən saat 08:00 radələrinədək Zərərçəkmiş şəxs məxsus Şabran rayonunun Padar kəndində yerləşən bağ sahəsinə gələrək həmin sahədə yerləşən saxlanc yeri hesab edilən anbara sim məftilləri açaraq qanunsuz daxil olub, həmin anbardan “Ege22” sortlu, kiloqramı 2 manat olan, ümumi dəyəri 830 manat olan 415 kiloqram heyvanı və anbarın yanındakı “Vaz 21011” markalı avtomobildən isə dəyəri 75 manat olan 1 ədəd yararlı vəziyyətdə, “XBTQD” markalı “LT-1170BT” model maqnitofonu idarə etdiyi etibarnamə ilə atası Şahid2 məxsus “Vaz-21074” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinə və salonuna yığıb oradan uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, ümumilikdə 905 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ay əvvəl Quba rayonundan “Vaz 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alınmışdır. Həmin avtomobili atası Möhlət etibarnamə əsasında idarə edir. Etibarnamə üçün Xaçmaz rayonuna getmişdirlər. Avtomobili alıb geri qayıdan zaman ona zəng gəlmiş və avtomobili Şabran rayonunun Padar kəndində yol kənarında saxlayıb telefonla danışmışdır. Həmin vaxt yolun kənarında meyvə bağını və anbarı görmüşdür. Fikirləşmişdir ki, həmin yerdən meyvə oğurlayıb sata bilər. Daha sonra Sumqayıt şəhərinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə, gecə saatlarında evdə olan zamanŞabran rayonunun Padar kəndində gördüyü bağ sahəsindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən çıxmış və atasının idarə etdiyi “Vaz 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təxminən saat 05:00 radələrində Şabran rayonunun Padar kəndinə bağ sahəsinin yanına gəlmişdir. İlkin olaraq həmin anbarda gözətçi ola biləcəyini düşünmüş və qışqıraraq gözətçiyi çağırmış, lakin ətrafda kiminsə olmadığını görüb anbarın yanına gəlmişdir. Anbarın yanında çöldə və anbarın içərisində yeşiklərdə heyva olduğunu görüb anbarın yaxınlığına gələn zaman giriş hissəyə bir neçə sim məftillər bağlanmışdır. Həmin simə toxunan zaman ilkin olaraq elektrik cərəyanı hiss etmiş, ardınca həmin simdə elektrik cərəyanı kəsilmişdir. O, anbara yaxınlaşmış, ilkin olaraq anbarın giriş hissəsində çöldə olan 5 ədəd heyva yeşiyini götürmüş və avtomobilə yükləmişdir. Ardınca anbara daxil olmuş və anbarın içərisindən 7 ədəd heyva yeşiyini götürmüş və avtomobilə yükləmişdir. Heyvaları avtomobilə yığdıqdan sonra anbarın yaxınlığında dayanmış olan “Vaz 21011” markalı avtomobilin yanına gəlmiş, həmin avtomobilin qapısını yoxlayan zaman qapının açıq olduğunu gördüyü üçün qapını açmış, avtomobilin maqnitofonunu çıxarmış və qapını örtmüşdür. Oğurladığı maqnitofonu da özü ilə götürmüşdür. Ümumilikdə həmin yerdən 12 ədəd yeşikdə heyva və 1 ədəd maqnitofon oğurladıqdan sonra yaşadığı ünvana qayıtmışdır. Avtomobili evin yaxınlığında saxlamış və oğurladığı heyvaları, 1 ədəd maqnitofonu binanın yaxınlığında gizlətmişdir. Avtomobili atasının saxladığı yerdə saxlamış və evə daxil olduqdan sonra açarı eyni yerə qoymuşdur. xx.xx.2025-ci il tarixdə oğurladığı heyvalardan bir hissəsini kiloqramını 80 qəpik və 1 manatdan satmışdır. Satdığı heyvalardan 80-85 manat qazanc əldə etmişdir. Qalan heyvaları və maqnitofonu isə sonra satmaq üçün saxlamışdır. Lakin polis əməkdaşları yaşadığı yerə gələrək oğurluq hadisəsində şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişdirlər. O, törətdiyi əməli etiraf edərək oğurladığı heyvalardan qalan hissəsini və 1 ədəd maqnitofonu təqdim etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, baxış protokolu, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 19.4.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə prosesində zərərçəkmiş şəxsin məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etirazının olmadığını qeyd etmişdir. Bununla da Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun onun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, zərərçəkmiş şəxsin məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, habelə məhkəməyə ünvanladığı ərizəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmiş iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 330-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şabran rayonu, Padar kəndində yerləşən özünə məxsus 4,64 hektar bağ sahəsi vardır. Həmin bağ sahəsi Bakı- Xaçmaz yolunun sağ kənarında yerləşir. Həmin bağ sahəsində gilas, heyva, ərik və şaftalı ağacları əkmişdir və sahədətoplanan meyvələri saxlamaq üçün anbar vardır. Həmçinin bağ sahəsinə nəzarət etmək üçün müşahidə kameraları yerləşdirmişdir. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında bağ sahəsinə gəlmiş və anbarın giriş hissəsində heyvaların dağılmış vəziyyətdə yerə səpələndiyini görüb şübhələnmişdir. Quraşdırdığı müşahidə kameralarına baxdıqda “Vaz 2107” minik markalı avtomobilin xx.xx.2025-ci il tarixdə, 05:00 radələrində bağın yaxınlığına gəlib dayandığını, 1 nəfər qara geyimli kişi cinsli şəxsin avtomobildən enib anbarın yaxınlığına gəldiyini, konteynerlərin qarşısında, həmçinin içərisində olan heyvaları yeşiklərlə birlikdə götürüb gəldiyi avtomobilə topladığını, daha sonra isə anbarın yaxınlığında saxladığı ona məxsus olan “Vaz 21011” markalı avtomobilin sürücü qapısı tərəfdən açıb avtomobilə daxil olduğunu və maqnitofonu oğurladığını görmüşdür. Daha sonra o, oğurluq baş verdiyi yerə gələrək dəqiqləşdirmək üçün yeşikləri saymış, baxış zamanı 15 kiloqram çəkidə 6 ədəd yeşikdə “Ege 22” sortlu heyvanın, 25 kiloqramlıq çəkidə 13 ədəd yeşikdə “Ege 22” sortlu heyvanın və ona məxsus avtomobildən isə 1 ədəd maqnitofonun oğurlandığını aşkar etmişdir. Oğurlanmış heyvanın ümumi çəkisi 415 kiloqramdır. Həmin “Ege22” sortlu heyvanın 1 kiloqramının qiyməti 1,80 manatdan hesablanır və heyvaların oğurlanması nəticəsində ona 747 manat, 1 ədəd maqnitofonun oğurlanması nəticəsində isə 75 manat olmaqla, ümumilikdə oğurluq nəticəsində ona 822 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Cəlil 2019-cu ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs olunmuş və xx.xx.2023-cü ildə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Hazırda Cəlil onunla eyni ünvanda yaşayır. **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin sonlarında Quba rayonundan almış və hazırda da etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci ildə axşam saatlarında evə gəlmişdir və avtomobili evin yaxınlığında saxlamışdır. xx.xx.2025-ci il tarixdə isə yaşadığı evdən çıxıb avtomobilə əyləşib Sumqayıt bazarına gedib meyvə, tərəvəz almış və küçələrdə satıb qurtardıqdan sonra evinə qayıtmışdır. Evə qayıdan zaman yaşadığı evin yaxınlığında olan mağazanın yanında Cəlilin önündə heyvaları qoyub satdığını görmüşdür. Cəlildən həmin heyvaları haradan aldığını soruşduqda, Cəlil ona heyvaları dostundan aldığını və satıb qurtardıqdan sonra pulunu ödəyəcəyini bildirmişdir. Cəlilin Şabran rayonunun Padar kəndində oğurluq etməsindən məlumatı olmamışdır. Polis əməkdaşları onun yanına gəldikləri zaman Cəlilin həmin heyvaları oğurladığını öyrənmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə prosesində Şahid1 məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etirazının olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş iş üzrə Şahid1 Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus Şabran rayonunun Padar kəndində yerləşən meyvə bağının anbarından heyva meyvəsinin oğurlanmasını bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında həmin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Buna görə də o, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Vüqar Qasımov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanı öyrənib getmiş və onun yaşadığı evi tapıb evindən çağırmışdır. Təqsirləndirilən şəxs çağıran zaman özlərini təqdim etmişdirlər. Bundan sonra Cəlil etdiyi əməli etiraf etmişdir. Onlar Cəlilə oğurladığımeyvələri və maqnitofonu harada saxlaması barədə soruşduqda Cəlil onlara meyvələri yığdığı yeri göstərmişdir. Daha sonra həmin meyvələri oğurladığı atasına məxsus avtomobili də göstərmişdir. Onlar meyvələri avtomobilin həm yük yerinə, həm də salonuna yığmışdırlar. Maqnitofonu da ondan götürüb Təqsirləndirilən şəxs atası Şahid2 və avtomobil ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gətirib təhvil vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış və götürmə haqqında protokoldan, foto cədvəldən və “DVD” formatlı diskdəki vidogörüntüdən görünür ki, cinayət hadisəsi Şabran rayonunun Padar kəndində yerləşən meyvə bağında və həmin bağda olan anbarda baş vermişdir (cinayət işinin İ cildinin 4-11-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:15 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun ərazisində oğurlanan heyvalar ilə birlikdə saxlanılmışdır (cinayət işinin İ cildinin 15-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış və götürmə haqqında protokoldan və foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində və salonunda ümumi çəkisi 210 kiloqram olan heyva və maqnitofon aşkarlanaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (cinayət işinin İ cildinin 16-20-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin qərara əsasən ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 46-49-cu vərəqələri). - 2 saylı Abşeron rayon Mənzil-X4 tərəfindən verilmiş 275 nömrəli, xx.xx.2025-ciu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq ünvan 1 ünvanında yaşayır (cinayət işinin İ cildinin 60-cı vərəqəsi). - Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Dondarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Abdullayev X1 əhatə etdiyi Dondarlı kəndi üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 61-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin qərara əsasən ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 62-63-cü vərəqələri). - Şabran Rayon məhkəməsinin 4(031)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət rədd edilmişdir və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cinayət işinin İ cildinin 78-83-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 84-85-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 206.2, 234.4.3 və 66.3-cü maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək onun barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, barəsində təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İ cildinin 91-ci vərəqəsi). - Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 7(003)-841/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş qalan 1 il 7 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İ cildinin 92-95-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 98-99-cu vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1590 saylı ekspert rəyindən görünür ki, EGE22 sortlu ümumilikdə 415 kq olan heyva meyvəsinin 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti kiloqramı 2 manatdan olmaqla ümumi qiyməti 830 manat müəyyən olunur. Həmçinin 1 ədəd yararlı vəziyyətdə “XBTQD” markalı “LT-1170BT” model maqnitofonun satışına və qiymətinə dair məlumat əldə edilmədiyi üçün onun qiymətini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cinayət işinin İ cildinin 109-112-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs CMnin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 120-121ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışdığını və heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 130-cu vərəqəsi). - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş, 210 kiloqram heyva, maqnitofon və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 210 kiloqram heyva və maqnitofon iş materialları ilə tanış olduqdan sonra saxlanması üçün zərər çəkmiş Zərərçəkmiş şəxs təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 132-136-cı vərəqələri). İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 1(031)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizədə cinayət əməli nəticəsində ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə aralarında barışığın əldə edildiyini, ona qarşı hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 21-2/3-3620 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 7(003)-841/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 7 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün xx.xx.2025-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 206.2, 234.4.3 və 66.3-cü maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək onun barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, barəsində təyin edilmiş cəzanın çəkilməmiş qalan 1 il 7 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti bitdiyi üçün xx.xx.2025-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. CM-in 65-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda təqsirləndirilən şəxsə CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 7 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi dövründə, yəni cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 1 il 7 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və ona CM-in 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən CM-in 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspetiza rəyi, baxış və götürmə protokolları və yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də CPM-in 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, o cümlədən əməlində cinayətlərin residivi olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan müddət ərzində tutulduğu 03 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CPM-in 158-ci maddəsinə əsasən cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və iş üzrə maddi sübutlar – 210 kiloqram heyva və 1 ədəd avtomobil maqnitofonunun zərər çəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 1 ədəd DVD disk isə cinayət işində saxlanılmalı və Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə çəkilməmiş qalan 1 (bir) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə, ona 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar: 210 kiloqram heyva və 1 ədəd avtomobil maqnitofonunun zərər çəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, 01 ədəd DVD disk isə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar