Məhkəmə qərarları › İş №1(031)-23/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-23/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-23/2021 08.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Şabran rayonu Aygünlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Şabran rayon Suvarma Sistemləri İdarəsində briqadir işləyən, Şabran rayonu, Aygünlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronovirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlıq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı evi özbaşına tərk edib Şabran rayonu, Aygünlü kəndində yerləşən qardaşına məxsus evə getməklə insanlar arasında gəzib yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Şabran rayon Suvarma Sistemləri İdarəsində nizamlayıcı briqadir işləyir. xx xxxxxx 2020-ci il tarixdə səhhətində ağrılar olduğu üçün “COVİD 19” yeni növ koronovirus xəstəliyindən test vermək üçün Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin gün xəstəxanada onun burun nahiyəsindən yaxma yolu ilə test götürülmüş və testin cavabı həmin gün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə mesajla göndəriləcəyi ona bildirilmişdir. O, yaşadığı evə qayıtmış, xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə “its.gov.az” maildən mesaj gəlmiş, həmin mesajda testinin cavabının “pozitiv” çıxması bildirilmişdir. Həmin an ona məlum olmuşdur ki, artıq “COVİD 19” xəstəliyinə tutulmuşdur. Xəstəliyə tutulmağı ilə bağlı işlədiyi Şabran rayonu Suvarma Sistemləri İdarəsində məlumat vermiş və 14 gün ərzində ev şəraitində müalicə olunmağı ilə əlaqədar olaraq işə çıxa bilməcəyini bildirmişdir. Həmçinin işlədiyi yerə də “COVİD-19” yeni növ koronovirus xəstəsi 14 gün ərzində işə çıxmaması, 14 gündən sonra sağalarsa həkimdən sağlamlıq haqqında arayış aldıqdan sonra işə buraxılacağı işlədiyi yer tərəfdən ona bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, evdə qalaraq müalicəsini davam etdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində qardaşına məxsus yaşayış olmayan evə idarə etdiyi avtomobillə getmişdir. Qardaşı evinə çatmiş və avtomobildən düşüb küçə qapısından evin həyətinə daxil olub evə baxmışdır. O, evə nəzarət edən zaman qapının açıq olduğunu görüb və qardaşına məxsus evin qapısını bağlamış, evi tərk edib küçəyə çıxmışdır. Küçədə avtomobilinə əyləşən zaman polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları yaşadığı evi tərk etməyinin səbəbini ondan soruşmuşlar. O, polis əməkdaşlarına izah etmişdir ki, qardaşı evinin qapısı açıq olduğu üçün bağlamaq məqsədi ilə yaşadığı evi xəstə halda tərk etmək məcburiyyətində qalmışdır. Polis əməkdaşları ona izah etmişlər ki, evi tərk etməklə pandemiya qaydalarını pozmuşdur. Bundan sonra onun fotoşəkili çəkilmiş və protokol tərtib olunub, tərtib olunmuş protokol onun və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-ın polis nəfəri Şahid1 göstərdi ki, dünyada və Azərbaycan Respublikasında yayılmış “COVİD 19” yeni növ koronovirus xəstəliyi ilə əlaqədar olaraq əhali arasında hava və damcı vasitəsi ilə birindən digərinə keçməsinin qarşısının alınması məqsədi ilə hər gün “COVİD 19” yeni növ koronovirus testləri “pozitiv” çıxmış şəxslər onlar tərəfindən yoxlanılır. Yoxlamanın səbəbi isə test cavabları “pozitiv” çıxmış şəxslərin yaşayış yeri üzrə evində müalicə alması və yaşadığı evi tərk etməməsini təmin etməkdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş xəstələrin siyahısını götürüb RPŞ-in PPXT-ın polis nəfərləri – Şahid2 və Şahid3la birlikdə Şabran rayon ərazisində yoxlama aparmaq üçün xidmətə başlamışlar. Xidmət zamanı siyahıda adı göstərilən Şabran rayonu, Aygünlü kənd sakini Təqsirləndirilən şəxs test cavabı “pozitiv” çıxmış, ev şəraitində müalicə alması və evi tərk etməməsi izah olunan Təqsirləndirilən şəxs evdə olmaması onlara məlum olmuşdur. O, yuxarıda adları göstərilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Aygünlü kəndində yerləşən evinə gedən zaman sonuncu, onları görmüş və küçədə idarə etdiyi “PRİORA” markalı avtomobilə əyləşmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs müşayiət edərək yaşadığı evə gətirmiş, ona yaşadığı evi tərk etməsi qanun pozuntusu olduğunu bildirib həmin yerə Şabran RPŞ-in TB-nin təhqiqatçısı polis mayoru Şirin Lələyevi dəvət etmişlər. Şirin Lələyev RPŞ-in İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid4la birlikdə həmin yerə gəlmiş və Şirin Lələyev tərəfindən Təqsirləndirilən şəxs “COVİD 19” yeni növ koronovirus testinin nəticəsi “pozitiv” ola-ola yaşadığı evi tərk etməsi və xəstəliyin insanlar arasında daha da, artmasına imkan yarandığından bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçıların və polis əməkdaşlarının imzaları ilə təsdiq olunmuş, Təqsirləndirilən şəxs Şabran rayonu Aygünlü kəndində qardaşına məxsus evə getdiyini, həmin evdə yaşayış olmadığını və evə özünün nəzarət etməsini bildirmişdir. Təqsirləndirilən şəxs yenidən yaşadığı evdə müalicə alınması barədə məlumatlı olduğu halda, ev şəraitində müalicə aldığı otağı belə tərk etməsinin qanun pozuntusu olduğunu bir daha izah etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Nəcəfov X2 Rəşad İdris oğlunun ifadəsində göstərdiklərini təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin X1 polis sahə nəfəri polis serjantı Şahid4 göstərdi ki, dünyada və Azərbaycan Respublikasında yayılmış “COVİD 19” yeni növ koronovirus xəstəliyi ilə əlaqədar olaraq əhali arasında hava və damcı vasitəsi ilə birindən digərinə keçməsinin qarşısının alınması üçün hər gün “COVİD 19” yeni növ koronovirus testləri “pozitiv” çıxmış şəxslər onlar tərəfindən yoxlanılır. Yoxlamanın səbəbi isə test cavabları “pozitiv” çıxmış şəxslərin yaşayış yeri üzrə evində müalicə alması və yaşadığı evi tərk etməməsini təmin etmək olmuşdur. Bu məqsədlə xx xxxxxx 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş xəstələrin siyahısını götürüb RPŞ-nin PPXT-nın polis nəfərləri – Şahid1, Şahid2 və Şahid3la birlikdə Şabran rayon ərazisində yoxlama aparmaq üçün xidmətə başlamışlar. Xidmət zamanı siyahıda adı göstərilən Şabran rayonu, Aygünlü kəndində yaşamaqla test cavabı “pozitiv” çıxmış, ev şəraitində müalicə alması və evi tərk etməməsi izah olunan Təqsirləndirilən şəxs evi tərk edərək küçəyə çıxması məlum olmuşdur. Yuxarıda adları göstərilən polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Aygünlü kəndinə getmişlər. Həmin kəndin küçəsində Təqsirləndirilən şəxs polis əməkdaşların görən kimi idarə etdiyi “PRİORA” markalı avtomobilə əyləşmiş, polis əməkdaşları isə Təqsirləndirilən şəxs müşayiət edərək yaşadığı evin qarşısına aparıb orada gözləmişlər. Sonra Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsinin qanun pozuntusu olduğunu bildirib, həmin yerə Şabran RPŞ-in TB-nin təhqiqatçısı, polis mayoru Şirin Lələyevi dəvət etmişlər. O da Şirin Lələyevlə birlikdə həmin yerdə olmuşdur. Şirin Lələyev tərəfindən Təqsirləndirilən şəxs “COVİD 19” yeni növ koronovirus testinin nəticəsi “pozitiv” ola-ola yaşadığı evi tərk etməsi və xəstəliyin insanlar arasında daha da artmasına imkan yaratdığından bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçıların və polis əməkdaşlarının imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Şabran rayonu Aygünlü kəndində qardaşına məxsus evə getdiyini, həmin evdə yaşayış olmadığını və evə onun nəzarət etdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evdə müalicə alınması barədə məlumatlı olduğu halda yaşadığı evi tərk etməsinin qanun pozuntusu olduğunu bir daha izah etmişlər. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X5 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış xx xxxxxx 2020-ci il tarixli 280 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD 19” pandemiyası ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə analiz cavabı sms vasitəsilə testinin “COVİD 19” pozitiv gəldiyi haqda məlumat verilmiş və ona 14 gün evdə müalicəyə yazılmışdır. “Baxış keçirilməsi” haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerini həqiqətən də tərk etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 216 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Aygünlü kəndində ailə üzvləri – arvadı X3, uşaqları – 2017-ci il təvəllüdlü X4, 2018-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Aygünlü kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Aygünlü kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar