Məhkəmə qərarları › İş №1(031)-24/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-24/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-24/2022 25.05.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şabran rayon məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə saat 03 radələrində tamah niyyəti ilə Şabran şəhəri, Nizami küçəsində yerləşən, Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 tərəfindən şifahi razılığa əsasən icarəyə götürülmüş ərzaq malları mağazasının küçəyə baxan vitrinin şüşəsini təpiklə endirdiyi zərbə ilə sındırıb qanunsuz içəri daxil olmaqla mağazanın rəflərindən birinin qiyməti 3,7 manat, ümumi dəyəri 129,5 manat təşkil edən 35 qutu “Kent”, birinin qiyməti 2,90 manat ümumi dəyəri 58 manat təşkil edən 20 qutu “Davidoff”, birinin qiyməti 4 manat ümumi dəyəri 400 manat təşkil edən 100 qutu “Sobraniye”, birinin qiyməti 2,40 manat ümumi dəyəri 67,2 manat təşkil edən 28 qutu “West”, birinin qiyməti 2,10 manat ümumi dəyəri 126 manat təşkil edən 60 qutu “Maqna”, birinin qiyməti 1,9 manat ümumi dəyəri 47,5 manat təşkil edən 25 qutu “Arqo”, birinin qiyməti 2,6 manat ümumi dəyəri 98,8 manat təşkil edən 38 qutu “Winchester”, birinin qiyməti 2,2 manat ümumi dəyəri 132 manat təşkil edən 60 qutu “Want”, birinin qiyməti 2,3 manat ümumi dəyəri 80,5 manat təşkil edən 35 qutu “Classik” markalı siqaretləri və birinin qiyməti 50 qəpik ümumi dəyəri 7,5 manat təşkil edən “Orbit” markalı saqqız qutusunu, kassadan 9 manat nəğd pulu, cəmi 1.156 (bir min yüz əlli altı) AZN məbləğində Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli olaraq talayıb özü ilə aparmaqla oğurluq etmişdir. Bundan başqa, o, 27 dekabr 2021-ci il tarixdə saat 07 radələrində tamah niyyəti ilə, Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" MMC-nin 1 nömrəli mağazasının binasının arxa divarına quraşdırılmış kondisionerlərin mühərrik hissələrindən nərdivan kimi istifadə edib ikinci mərtəbə səviyyəsinə qalxaraq divardakı pəncərənin şüşəsini, daha sonra ələ keçirdiyi dəmir lomla ikinci mərtəbənin döşəməsini sındırıb qanunsuz olaraq marketin içərisinə daxil olmaqla müdirriyyətin otağındakı axşamdan qapısı açıq qalan dəmir seyfdən 600 (altı yüz) manat məbləğində nəğd pulu ələ keçirib özü ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır, fərdi əməklə məşğul olub ailəsini dolandırır. 08 dekabr 2021-ci il tarixdə evlərinin yaxınlığında şəhər dəmiryol stansiyası ilə üzbə-üz olan üzdən Anar kimi tanıdığı ərzaq malları dükanına girib çörək və siqaret aldıqda həmin dükanın çölə baxan vitrin şüşəsini sındırma yolu ilə içəri girib dükanın kassasından pul oğurlamaq qərarına gəlmişdir. 10 dekabr 2021-ci il tarixdə saat 01-02 radələrində evdən çıxanda arvadı Röyaya “məhəllədə bir az hava alıb qayıdıram” demiş, dəmir yol stansiyaya tərəfə gedib həmin Anar adlı şəxsin işlətdiyi dükanın ətrafını təxminən 01 saat ərzində güdmüşdür ki, sakitçilik olub heç kim omayanda dükana girsin. Artıq saat təxminən 03 radələrində ətrafda heç kim olmadıqda belini dükanın vitrin aynasına çevirib sağ ayağındakı ayaqqabın alt hissəsi ilə aynaya vurmuş, ayna dairəvi parçalanmış, əmələ gəlmiş həmin aradan içəri daxil olmuş, dükana daxil olduqda kassaya baxıb görmüşdür ki, cəmi 09 (doqquz) manat pul var, həmin pulu götürüb cibinə qoymuş, istədiyi məbləğ olmadığına görə siqaretləri doldurmaq üçün dükanda olan pesokla dolu olan kisəni yerə boşaldaraq, dükanda olan vitrində olan bütün siqaretləri həmin kisəyə yığmış, siqaretdən başqa əlinə keçən 10-15 ədəd saqqız paçkasını da kisəyə atmışdır. Dükanda videokamera olduğunu əvvəlcədən bildiyinə görə videokameranın yaddaş kartını çıxarıb özü ilə götürmüşdür. Əlində həmin kisə ilə evinə gəlmiş, arvadı Röyadan bir sellofan paket istəmiş, özü isə evinin arxasında olan hamamın soyunma otağında siqaretləri yerə boşaltmış, “Kent”, “Davidoff”, “Sobraniye”, “West”, “Maqna”, “Arqo”, “Winchester”, “Want”, “Classik” markalı təxminən 400-500 paçka siqaretlərin qiymətlərini hesablamışdır. “Orbit” markalı saqqız paçkalarını həmin otaqda olan rəfin üstünə qoymuş, siqaretləri sellofan paketə yığmış, səhərə yaxın saat 04-05 radələrində siqaretləri sellofan paketdə əlinə götürüb Füzuli küçəsi ilə beton yola çıxmış və təxminən yarım saat gözlədikdən sonra yoldan keçən bir taksi ilə Bakıya getmiş, saat təxminən 7-8 arası Bakıya çatmış, bundan sonra “Qismət” şadlıq sarayının yanında olan marketdə siqaretlərin bir hissəsini 200 manata satmış və onu gətirən “taksi” sürücüsünə həmin 200 manatı vermiş, həmin “taksi” pulu alıb çıxıb getmiş, bundan sonra “Sovetski” tərəfə düşüb Milli bankın yaxınlığında bir köşkdə qalan siqaretləri təxminən 800 manata həmin köşkdəki satıcıya satmış, həmin 800 manatı götürüb Bakını gəzməyə başlamışdır. Dükandan çıxartdığı videokameranın yaddaş kartını Bakıya taksi ilə gedəndə yolda Hacı Zeynalabdin qəsəbəsində dənizə yaxın olan yerdə avtomobili saxlatdırıb dənizə atmışdır. 800 manat pulu isə Bakıda başqa-başqa əyləncələrə xərcləmişdir. Bundan əlavə, Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" adlanan ticarət obyektində bir-iki dəfə təxminən 4-5 ay əvvəl girib alış-veriş etmişdir. Pula ehtiyacı yarandığına görə 2021-ci ilin dekabr ayının 26-dan 27-nə keçən gecə saat 04 radələrində evdən çıxıb "xxxx" adlanan ticarət obyektindən pul oğurlamaq məqsədi ilə marketin arxasına gəlmiş, bir-iki dəfə marketin ətrafını hərləndikdə marketin arxasında həm birinci, həm ikinci mərtəbəsində olan kondisionerlərin arxa hissələrindən istifadə edib ikinci mərtəbəyə çıxmaq mümkün olduğunu başa düşmüş, həmin kondisionerlərdən ayaq altı kimi istifadə edib ikinci mərtəbəyə kimi qalxmış, ikinci mərtəbədə olan pəncərəni açmaq istədikdə əli pəncərəyə sərt dəymiş və pəncərənin şüşəsi sınıb parçalanmış, əmələ gəlmiş aradan içəri ikinci mərtəbəyə daxil olmuşdur. Bundan sonra marketə girməyə, yəni düşməyə yer tapmadığına görə məcbur olub içəri girmək üçün "xxxx"in tavanını, yəni ayağının altında olan döşəməni ikinci mərtəbədə yerdən tapdığı bir dəmir lomla dağıtmış və bir ara açaraq həmin aradan marketin içərisinə düşmüşdür. Əvvəlcə marketdə olan kassalara yaxınlaşmış, kassalarda pul olmamış, sonra ən başdakı kameralar olan otağa girmiş, sağda yerdə qaranlıqda bir seyfi gördükdə əlini içərisinə salıb yuxarı rəfindən 100, 50, 20 və 5 manatlıq əskinazlardan ibarət pulları götürüb cibinə qoymuşdur. Yuxarı tavandan içəri dükana düşəndə siqnalizasiya işə düçüb çalmağa başladığına görə dükandan tez çıxmağa məcbur olmuş, seyfdəki pulu cibinə qoyan kimi gəldiyi aradan yuxarı, ikinci mərtəbəyə qalxmış və kondisionerin arxaları ilə gəldiyi kimi yerə düşmüşdür. Beşmərtəbələrin arxasına keçib əynini-başını düzəltmiş, pulları saydıqda 600 manat olmuş, evə gedib arvadı Röyaya 200 manat vermiş, sonra evdən çıxıb bir tanımadığı taksiyə oturub beton trasa çıxmış və yol maşını ilə Bakıya getmişdir. Qalan 400 manatı Bakıda xərcləmiş, pul qurtardıqdan sonra Şabrana qayıtmışdır. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, ailəsini dolandırmaq üçün Şabran şəhəri, Nizami küçəsində dəmir yol vağzalı ilə üzbəüz yerləşən ərzaq malları dükanını Şabran şəhər sakini Eldar Nurməmmədovdan şifahi razılığa əsasən icarəyə götürmüş, həmin dükanı 2021-ci ilin sentyabr ayından işlədir. 10 dekabr 2021-ci il tarixdə saat 21 radələrində həmişəki kimi dükanın qapısını açarla bağlayıb evinə getmiş və səhəri gün, 11 dekabr 2021-ci il tarixdə saat 07:30 radələrində dükana gəlib qapını açaraq içəri girdikdə, dükanın Heydər Əliyev prospektinə baxan vitrin şüşəsinin sındırıldığını, vitrinin qarşısında olan ərzaqların, digər əşyaların yerə töküldüyünü görmüş, rəfin üstündə çoxlu sayda və çeşiddə olan siqaretlərin, qonşu rəflərdən isə 10-15 paçka “Orbit” markalı saqqız paçkasının oğurlandığını aşkar etmişdir. O, Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng etmiş və oğurluq barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları gəlib hadisəni sənədləşdirdikdə onlara dükanda olan oğurluq hadisəsi ilə bağlı şikayət ərizəsini yazıb vermişdir. “102 xidməti”nə verdiyi məlumatda və şikayət ərizəsində oğurlanmış siqaretlərin sayını təxmini 500-600 paçka yazmış, sonradan dükanda reviziya apardıqda həmin hadisə vaxtı dükandan bir paçkası 3.70 manat olan cəmi 35 ədəd “Kent”, bir paçkası 2.90 manat olan cəmi 20 ədəd “Davidoff”, bir paçkası 4 manat olan cəmi 100 ədəd “Sobraniye”, bir paçkası 2.40 manat olan cəmi 28 ədəd “West”, bir paçkası 2.10 manat olan cəmi 60 ədəd “Maqna”, bir paçkası 1.90 manat olan cəmi 25 ədəd “Arqo”, bir paçkası 2.60 manat olan cəmi 38 ədəd “Winchester”, bir paçkası 2.20 manat olan cəmi 60 ədəd “Want”, bir paçkası 2.30 manat olan cəmi 35 ədəd “Classik” markalı siqaretlər və 15 ədəd biri 50 qəpik olan “Orbit” markalı saqqız paçkası oğurlandığını öyrənmişdir. Bundan başqa şüşə vitrinin sınması nəticəsində onun bərpası ona 60 manata başa gəlmiş, hadisə vaxtı bir kisə pesoku yerə dağıdılıb məhv edilməsinə görə 1 kiloqram pesok 1.40 manat olmaqla 50 kiloqram pesokun məhv olması nəticəsində ona 70 manat məbləğində, eyni zamanda videokameranın yaddaş kartının çıxarılması nəticəsində onun alınıb yerinə qoyulmasına görə ona 175 manat məbləğində ziyan dəymişdir. Sonradan polis əməkdaşlarından işlətdiyi ərzaq malları dükanından oğurluq etmiş şəxsin dükanın yaxınlığında yaşayan və dəfələrələ dükandan alver edən Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2021-ci ilin sentyabr ayından Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" MMC-nin 1 saylı satış mağazasında inzibatçı işləyir, onun vəzifəsinə dükanda olan alqısatqıya, satıcılara nəzarət etmək aiddir. Dükanda satış nəticəsində əldə olunan vəsaiti hər gün işin sonunda qəbul edib sayaraq, müdir otağında olan dəmir seyfə qoymuşdur. 26 dekabr 2021-ci il tarixdə saat 22 radələrində həmişəki kimi dükanı bağlayıb, pulları satıcılardan qəbul edərək pulu həmin dəmir seyfə qoymuş, lakin sonradan səhər bildiyi kimi nədənsə seyfin qapısını bağlamağı yadından çıxarmış və seyfin qapısı həmin gecə açıq qalmışdır. Seyfin yuxarı rəfində 100, 50, 20 və 5 manatlıq pul əskinazları ilə 600 manat pul olmuşdur. Dükanı təxminən 23 radələrində tamam bağlayıb evinə getmiş və axşam yeməyini yedikdən sonra yatmışdır. Səhər saat 07:15-də onun mobil telefonuna dükandan siqnalizasiyaının işə düşməsi barədə məlumat gəlmiş, dərhal öz avtomobili ilə dükana gəlmiş, dükanın giriş qapısı özü bağladığı kimi bağlı vəziyyətdə olmuşdur. Lakin dükana daxil olduqda dükanın depo otağında tavanın künc hissəsinin dağıdılmış və həmin yerdə müxtəlif ərzaq və əşyalar dağınıq vəziyyətdə olduğunu görmüşdür. Tez müdir otağındakı pul olan seyfə baxmış və seyfin yuxarı rəfində olan 600 manatın oğurlandığını aşkar etmiş, qalan nə oğurlandığını dəqiq bilmədiyi üçün Azərbaycan Respublikası DİNnin “102 xidməti”nə dərhal zəng edib isti-isti dükandan təxmini 800 manat oğurlandığını bildirmiş, lakin sonra dükandan ancaq dəmir seyfin yuxarı rəfində olan 600 manat oğurlandığını, başqa heç bir şeyin oğurlanmadığını bilmişdir. Bu səbəbdən artıq polis şöbəsinə ərizə verdikdə dükandan oğurluq nəticəsində 600 manat oğurlandığını dəqiq göstərmişdir. Polis əməkdaşları dükana gələrək, hadisəni rəsmləşdirmişlər. "xxxx" MMCnə dəymiş ziyan tam şəkildə ödənildiyi üçün təqsirləndiirlən şəxs barəsində heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə evlənib ailə qurmuş, onların iki azyaşlı oğlan övladları vardır. Qaynanası da onlarla bir yerdə yaşayır, o özü heç yerdə işləmir, ailəyə ancaq arvadı Musa qazanc gətirir. 10 dekabr 2021-ci il tarixdə saat təxminən 23-24 radələrində Musa evə gəlib yeməyini yemiş, çayını içmiş, gecə saat təxminən 02 radələrində “məhəlləyə gedirəm, bir azdan gələcəm” deyərək evdən çıxmış və saat təxminən 03-04 radələrində evə qayıdaraq ondan sellofan torba istəmişdir. Evdən sellofan torba götürüb Musanın arxasınca həyətlərində olan hamamın soyunma otağına daxil olduqda Musanın çoxlu sayda müxtəlif çeşiddə “Kent”, “Davidoff” və digər siqaretləri yerə səpələndiyini görmüş, Musa həmin vaxtı siqaretlərin qiymətlərini hesablamış, eyni zamanda təxminən 15 ədəd “Orbit” markalı saqqız paçkasını həmin otaqda olan rəfin üstünə qoymuşdur. Musanın oğurluq etməsini başa düşərək ağlamış, ona “yəqin kameraya düşmüsən” deyəndə Musa “yox, kameranın yaddaş kartını çıxartmışam” cavabını vermişdir. Bundan sonra Musa siqaretləri torbaya yığıb saat təxminən 05 radələrində evdən çıxmış və “Bakıya gedirəm” deyib siqaretləri Bakıda satmaq üçün getmişdir. Bundan sonra polis əməkdaşları evlərinə gəlib Musanın bir dükandan oğurluq etdiyini bildirdikdə onlara hamamın soyunma otağında olan Musa oğurladığı “Orbit” markalı saqqız paçkalarını göstərib təqdim etmiş, polis əməkdaşları rəsmi qaydada həmin saqqız paçkalarını götürmüşlər. Musa təxminən 15 gündən sonra evinə qayıtmış və 2021-ci ilin dekabr ayının 26-dan 27-nə keçən gecə saat 04 radələrində evdən çıxmış və səhərə yaxın evə qayıtdıqda ona 200 manat pul vermiş, Musadan ağlaya-ağlaya “yenə oğurluq etmisən” soruşduqda sonuncu, cavab verməmiş və Bakıya getməsini bildirib evdən çıxmışdır. Şahid əlavə olaraq bildirdi ki, əri Musa oğurluq edib düz yolda olmasa da, hətta başqalarına qarşı soyuq olsa da, təbiətcə çox sakit, ailəyə bağlı bir insan olmuş, uşaqlarını çox sevmişdir. Ona şərait yaradılarsa, islah oluna bilər. Bu əsasdan ona köməklik olunmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli 1121 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri – anası X1, əri Şahid, uşaqları – 11.11.2016-cı il təvəllüdlü X2 və 07.04.2020-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli 1122 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Mağazaya vurulmuş ziyan ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış 10 may 2022-ci il tarixli məktubundan görünür ki, keçən dövr ərzində "xxxx" MMC-yə dəymiş ziyan tam şəkildə ödənildiyi üçün həmin şəxs (Təqsirləndirilən şəxs) barəsində hər hansı bir şikayətləri və iddiaları yoxdur. İş materiallarında olan Şabran rayon məhkəməsinin 11 fevral 2022-ci il tarixli 4(031)- 4/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 15 (on beş) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut 13 ədəd “Orbit” markalı saqqızı sahibinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından azadlığa buraxılsın. İş üzrə maddi sübut 13 ədəd “Orbit” markalı saqqızı sahibinə təhvil verilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar