Məhkəmə qərarları › İş №1(031)-25/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-25/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-25/2021 22.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Şabran rayonu Əmirxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, subay, Şabran rayon Vələsli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı Şabran rayon Vələsli kəndindəki evini özbaşına tərk edib Şabran şəhəri X.Əhmədov küçəsinə gəlməklə insanlar arasında gəzib yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə səhhətində ağrılar olması ilə bağlı “COVİD 19” yeni növ koronavirus xəstəliyindən test vermək üçün Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin gün xəstəxanada onun burun nahiyəsindən yaxma yolu ilə test götürülmüş və testin cavabının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə mesaj göndəriləcəyi ona bildirilmişdir. Bundan sonra, o yaşadığı evə qayıtmışdır. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “its.gov.az” maildən mesaj gəlmişdir. Həmin mesajda testinin cavabı “pozitiv” çıxması ona bildirilmişdir. Artıq o, “COVİD 19” xəstəliyinə tutulduğuna əmin omuşdur. Xəstəliyə tutulmağı ilə bağlı 14 gün ərzində ev şəraitində müalicə olunması və işə çıxa bilməməsi barədə işlədiyi Xaçmaz rayonu Zirə broyler şirkətinə bildirmişdir. Həmcinin işlədiyi Xaçmaz rayonu Zirə broyler şirkətinə də məlum olmuşdur ki, “COVİD-19” yeni növ koronovirus xəstəsi 14 gün ərzində işə çıxmır və 14 gündən sonra sağalarsa həkimdən sağlamlıq haqqında arayış aldıqdan sonra işə buraxılacağı işlədiyi Xaçmaz rayon Zirə Broyler şirkətindən ona bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixdən o, qeydiyyatda olduğu evdə qalmışdır. 2018-ci ildə həyat yoldaşı rəhmətə getdiyindən həmin vaxtdan köçüb qızının yanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə o, qeydiyyatda olduğu Şabran rayonu Vələsli kəndindəki evdən çıxıb, qızının yaşadığı Şabran şəhəri X.Əhmədov küçəsindəki evə getmiş, polis əməkdaşları ona zəng edib yaşadığı evi tərk etməyinin səbəbin soruşmuşlar. O, polis əməkdaşlarına olduğu yeri demiş, polis əməkdaşları gəlib onu çağırmışlar və nə üçün yaşadığı evi tərk etməyini soruşduqda polis əməkdaşlarına əyin paltarlarlarını qızı evində olduğu üçün yaşadığı evi tərk etdiyini bildirmişdir. Polis əməkdaşları ona yaşadığı evi tərk etməklə pandemiya qaydalarını pozmuş olduğunu izah etmişlər. Bundan sonra, onun fotoşəkili çəkilmiş, protokol tərtib olunmuş, tərtib olunmuş protokol onun və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. O, qızı evində qalmış və həmin yerdə müalicəsinə davam edərək sağalmışdır. Sağaldıqdan sonra onun istifadəsində olan telefon nömrəsinə “its.gov.az” mesaj gəlmiş və sağaldığı barədə məlumat verilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-ın polis nəfəri, polis baş serjantı Şahid1 göstərdi ki, dünyada və Azərbaycan Respublikasında yayılmış “COVİD 19” yeni növ koronavirus xəstəliyi ilə əlaqədar olaraq əhali arasında hava və damcı vasitəsi ilə birindən digərinə keçməsinin qarşısının alınması məqsədilə hər gün “COVİD 19” yeni növ koronavirus testləri “pozitiv” çıxmış şəxslər profilaktiki olaraq yoxlanılır. Yoxlamanın səbəbi isə test cavabları “pozitiv” çıxmış şəxslərin yaşayış yeri üzrə evində müalicə alaraq yaşadığı evi tərk etməməsilə bağlıdır. Bu məqsədlə xx xxxxxx 2021ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş xəstələrin siyahısını götürüb RPŞ-in PPXT-ın polis nəfərləri – Şahid3 və Şahid2la birlikdə Şabran şəhər ərazisində yoxlama aparmaq üçün xidmətə başlamışlar. Xidmət zamanı siyahıda adı göstərilən test cavabı “pozitiv” çıxmış və ev şəraitində müalicə alması və evi tərk etməməsi izah olunan Şabran rayonu, Vələsli kənd sakini Təqsirləndirilən şəxs evdə olmaması məlum olmuşdur. O, yuxarıda adları göstərilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi Şabran şəhəri, X.Əhmədov küçəsində olmuşlar. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs Şabran şəhəri, X.Əhmədova küçəsində piyada hərəkət edən zaman qarşılarına çıxmışdır. Bu barədə Şabran RPŞ-nə məlumat verilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsinin qanun pozuntusu olduğunu izah edilib, həmin yerə Şabran RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Pərviz Babayevi dəvət etmişlər. Pərviz Babayev həmin yerə gəlmiş və Təqsirləndirilən şəxs “COVİD 19” yeni növ koronavirus testinin nəticəsi “pozitiv” ola-ola yaşadığı evi tərk etməsi və xəstəliyin insanlar arasında daha da artmasına imkan yaratdığından bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol polis əməkdaşlarının və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Vələsli kəndindəki evini geyim əşyalarını götürmək məqsədi ilə tərk edib Şabran şəhəri, X.Əhmədov küçəsində yerləşən qızı evinə getməsini onlara bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə müalicə alınması barədə məlumatlı olduğu halda ev şəraitində müalicə aldığı otağı belə tərk etməsinin qanun pozuntusu olduğunu bir daha izah etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nin PPXT-nın polis nəfərləri – Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişlər. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şabran rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 303 saylı cavab məktubundan görünür ki, Şabran rayon Vələsli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “COVİD 19” pandemiyası ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə analiz vermiş, ona analizin cavabı “pozitiv” gəldiyi haqda məlumat verilmiş və o, 14 gün ərzində qeydiyyatda olduğu ünvanda evdə mualicəyə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayonu İH-nin Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 183 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Vələsli kəndində yaşayır və qeydiyyatdadır, himayəsində hal-hazırda heç kim yaşamır, qeydiyyatda olduğu ünvanda tək yaşayır. İş materiallarında olan Şabran rayonu İH-nin Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 187 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması özünün səmim etiraf ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxsa təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və qadın olmasını, eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar