Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-25/2022 23.05.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Müdafiəçi iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, “AK- 47”avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 12 ədəd istifadəyə yararlı patronları yaşadığı ünvan 2 ünvanda yerləşən evinin yataq otağındakı divanın saxlanc yerində gizlətməklə qanunsuz olaraq saxlamış, 28 yanvar 2022-ci il tarixdə saat 19:30 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri çərçivəsində yaşadığı evə keçirilən baxış zamanı sözügedən 12 ədəd döyüş sursatı hesab edilən istifadəyə yararlı patronlar aşkar edilərək müvafiq qaydada götürümüşdür. Təqsirləndirilən şəxs məhkəmədə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanda anası ilə bir yerdə yaşayır, taksi sürücüsü fəaliyyəti ilə məşğul olub anasını və özünü dolandırır. 23 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Şabran şəhər mərkəzində yerləşən avtovağzalda olan zaman yerdə bir ədəd sellofan bükülü olduğunu görmüşdür. Həmin sellofan büküm onun diqqətini cəlb etdiyindən onu yerdən götürmüş və bu zaman həmin bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik vasitənin olduğunu görmüşdür. Ətrafda heç kəsin onu görmədiyinə əmin olduqdan sonra həmin bükümü cibinə qoyaraq oradan uzaqlaşmışdır. 28 yanvar 2022-ci il tarixdə isə günorta saatlarında yaşadığı evin həyətində həmin bükümün içərisində olan “şüşə” kimi tanıdığı narkotik vasitəni yandırıb tüstü formasında çəkmişdir. Həmin tarixdə saat təxminən 17 radələrində Şabran şəhəri Nizami küçəsindən Dəvəçikənd yolu istiqamətində idarəetdiyi VAZ-21011 markalı **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman polis əməkdaşları onun avtomobilini saxlatdıraraq üzərində və avtomobilində qanunsuz olaraq narkotik vasitələri saxlayaraq daşımasında şübhəli olduğu üçün onu Şabran RPŞ-yə dəvət etmişlər. RPŞ-də onun hüquqularını müdafiə edən Müdafiəçi iştirakı ilə avtomobilinə baxış və üzərində şəxsi axtarış aparıldıqdan sonra yaşadığı ünvan 2 ünvanda yerləşən evinə baxış keçirilən zaman evin qonaq otağındakı divanın saxlanc yerindən 01 ədəd sellofana bükülmüş, içərisində 12 ədəd avtomat patronu aşkar edilərək götrülmüşdür. O, həmin avtomat patronlarının özünə məxsus olmasını səmimi olaraq etiraf etmiş və bildirmişdir ki, 05 yanvar 2022-ci il tarixdə Şabran rayonu Dəvəçikənd yolu istiqamətində piyada hərəkət edən zaman ayağına bərk bir kütlənin dəydiyini hiss etmiş, həmin kütləni yerdən götürərək bir neçə ədəd patronun sellofana bükülmüş vəziyyətdə olduğunu görmüş, həmin patronları evə gətirib qonaq otağında divanın saxlanc yerinə qoymuşdur. Bundan sonra belə qərara gəlmişdir ki, həmin patronları aparıb polisə təhvil versin, lakin tutulacağını fikirləşib bunu etməmişdir. O, özü 07 oktyabr 2014 – 25 aprel 2016-cı illərdə döyüş tapşırıqlarını yerinə yetirən Ağdam bölgəsində yerləşən N saylı hərbi hissədə xidmətdə olmuşdur. Aprel döyüşlərində də iştirak etmişdir. Döyüşlərdə iştirakı barədə komissarlıqdan sənəd istəmiş, ona Müdafiə Nazirliyinə müraciət etməsi bildirilmişdir. Vaxtı məhdud olduğundan müraciət edə bilməmişdir. Bütün bunlara baxmayaraq yoldan tapıb evə gətirdiyi patronları saxladığına görə törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Şabran RPŞ-nin əməliyat aparatına etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən 28 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Şabnran RPŞ-nin əməkdaşları – Şahid2 və Şahid3 ilə birgə Şabran şəhəri Nizami küçəsində **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobili saxlatdıraraq sürücünü avtomobili ilə birgə RPŞ-nə dəvət etmişlər. RPŞ-nə gələn zaman həmin avtomobilin sürücüsünün ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarəetdiyi **-BG-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçiriləndən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilən zaman evin qonaq otağındakı divanın saxlanc yerindən bir ədəd sellofanın içərisinə doldurlmuş ümumilikdə 12 ədəd avtomat patronu aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həmin patronları yoldan taparaq evə gətirdiyini və saxladığını səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və NMQ-nun əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-ballistik ekspertizasının 22.02.2022-ci il tarixli 3/148 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 12 (on iki) ədəd patron – 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, ”AK-47” avtomtlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronladır, istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 616 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Z.Məmmədov küçəsində anası- X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 631 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış, sakinlərə qarşı hörmətsizlik etməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan ******* saylı Hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin N saylı hərbi hisəsində xidmət etmiş, 25 aprel 2016-cı ildə ehtiyyata buraxılmışdır. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli tutma protokolundan, eləcə də 30 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, 2016-cı ilin aprel döyüşləri zamanı döyüş tapşırıqlarını yerinə yetirən hərbi hissədə xidmətdə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və «Azərbaycan Reuspublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 228.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə cəzasını ağırlaşıdran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Z.Məmmədov küçəsi ev 21 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 AZN Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 12 ədəd istifadəyə yararlı patronlar Azərbaycan Respublikasının DİNnə təhvil verilməli, 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Z.Məmmədov küçəsi ev 21 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Məhkəmə məsrəfi hesab olunan – aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 AZN məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 12 ədəd istifadəyə yararlı patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-25/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-25/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver