Məhkəmə qərarları › İş №1(031)-26/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-26/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-26/2024 01.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1997-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs" növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə saat 21:00 radələrində özgənin əmlakını gizli yolla vahid niyyətlə talamaq qərarına gəlib öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs istifadəsində olan Şabran şəhərinin X16 küçəsində yerləşən “Evim-Elşad ucuzluq” adlı tikinti materialları mağazasının arxa tərəfində yerləşən Şabran şəhəri M. Nəzirov küçəsindəki anbar kimi istifadə olunan və Zərərçəkmiş şəxs məxsus tikinti avadanlıqlarının saxlanıldığı həyətyanı sahəyə həyət darvazasının yanındakı daş hasardan qanunsuz daxil olub, həmin həyətyanı sahədən vahid niyyətlə xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində 50 (əlli) manat dəyərində 01 (bir) ədəd dəmir araba, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində isə 01 (bir) ədədinin dəyəri 28 (iyirmi səkkiz) manat olan 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torları və 50 (əlli) manat dəyərində 01 (bir) ədəd dəmir araba olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 184 (yüz səksən dörd) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1 -ci maddələri ilə 02 (iki) dəfə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində Şabran şəhərinin X16 küçəsində yerləşən “Evim-Elşad ucuzluq" adlı tikinti materialları mağazasının arxa tərəfində yerləşən tikinti avadanlıqlarının saxlanıldığı həyətyanı sahənin ara küçədə yerləşən qapısının yanına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmək məqsədilə darvazanın yanındakı daş hasardan atlayaraq həyətə daxil olmuşdur. Həmin vaxt həyətdə heç kim olmamışdır. Məqsədi qarşısına çıxan sata biləcəyi əşyaları oğurlayıb aparıb satmaq, qazanc əldə etmək olmuşdur. Həyətə daxil olduqdan sonra ətrafda gəzinmiş və yük daşınması üçün nəzərdə tutulmuş dəmir arabaların yanına gəlmiş, həmin arabanı oğurlayaraq hasarın yanına gətirmişdir, ilkin olaraq həmin yerdən 01 (bir) ədəd araba oğurlamışdır. İlk oğurluğu edən zaman həyətdə başqa tikinti avadanlıqlarını da görmüş və niyyəti daha sonra yenidən həmin həyətə gələrək oğurluq etmək olmuşdur. İlk gün həyətdən təkcə bir arabanı oğurlamışdır. Oğurladığı tünd qəhvəyi rəngli arabanı həmin gün Şabran şəhər sakini Balabəyə 16 (on altı) manata satmışdır. Daha sonra yenidən ilkin məqsədini tamamlamaq üçün oğurluq etməyə həmin tikinti materialları saxlanılan həyətin yanına xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində gəlmişdir. Eyni üsulla həyətə darvazanın yanındakı hasardan daxil olmuş və həyətdən 03 (üç) ədəd dəmir tor və 01 (bir) ədəd göy rəngli dəmir yük arabasını oğurlamışdır. Həmin əşyaları gətirib darvazanın yanındakı hasardan küçəyə çıxarmış, 03 (üç) ədəd dəmir toru və 01(bir) ədəd arabanın da həmin gün Şabran şəhər sakini Balabəyə 09 (doqquz) manata 03 (üç) ədəd dəmir toru və 16 (on altı) manata 01 (bir) ədəd dəmir arabanı satmışdır. Əldə etdiyi pulları isə şəxsi məqsədlərinə, xərclərinə sərf etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Şabran şəhəri M. Nəzirov küçəsində yerləşən icarə əsasında anbar kimi istifadə etdiyi həyətyanı sahədə, yəni köhnə mehmanxanın həyətində tikinti materiallarının satışı ilə məşğul olur. Həmin anbar kimi istifadə olunan yerin yanındakı küçədə yəni, Şabran şəhərinin X16 küçəsində icarə əsasında işlətdiyi “Evim-Elşad ucuzluq" mağazası yerləşir. Anbar kimi istifadə olunan yerdə mağazanın arxa tərəfində yerləşir. O, xx.xx.2023-cü il tarixdə anbar kimi istifadə olunan ərazidə əşyalara baxış keçirən zaman 01 (bir) ədəd dəmir arabanın yerində olmadığını aşkarlamış, lakin həmin vaxt bu barədə polisə müraciət etməmiş, fikirləşmişdir ki, həmin arabanı yəqin satmışdır və qeydə almaq yadından çıxıb. Lakin bu barədə araşdırma aparmaq sonra yadından çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində icarə əsasında anbar kimi istifadə etdiyi həyətyanı sahədə tikinti materiallarını həyətdə açıq ərazidə sayıb baxdıqdan sonra həmin əraziyə bitişik "Evim- Elşad ucuzluq" adlı tikinti materialları mağazasında olan mühafizəçi işləyən Cavid Daşdəmirova ərazini tapşıraraq həyət darvazasının qapısını qıfıl açarı ilə bağlayaraq getmişdir. Həmin ərazidən 02 (iki) ildən artıqdır ki, istifadə edir, Cavid isə mağazada 02 (iki) ildən artıqdır ki, mühafizəçi işləyir. xx.xx.2023-cü il tarixdə əşyaları tam sayıb qurtaran zaman 01 (bir) ədəd arabanın oğurlanmasını dəqiqləşdirmiş və qərara gəlmişdir ki, xx.xx.2023-cü il tarixdə bununla bağlı polisə müraciət etsin. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində iş yerinə gəlmiş və həyətyanı sahədə olan tikinti materiallarına baxaraq saymağa başlamış, bu zaman mağazada satış meneceri işləyən Nicat Cəfərov və Cavid Daşdəmirov ilə tikinti materiallarına baxan zaman həyətyanı sahədə olan 03 (üç) ədəd 1,5 metr x10 metr ölçüsündə olan dəmir torların və ümumilikdə 02 (iki) ədəd dəmir yük arabalarının yerində olmadığını müəyyən etmişdir. Oğurlanmış dəmir torların hər birinin qiyməti 28 (iyirmi səkkiz) manat, 01 (bir) ədəd tünd qəhvəyi rəngli dəmir araba 53 (əlli üç) manat və 01 (bir) ədəd tünd göy rəngli dəmir araba isə 48 (qırx səkkiz) manat dəyərində olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 03 (üç) ədəd dəmir torlara görə 84 (səksən dörd) manat, 02 (iki) ədəd dəmir arabaya görə isə 101 (yüz bir) manat olmaqla, ümumilikdə 185 (yüz səksən beş) manat dəyərində ziyan dəymişdir. Oğrulanmış əşyaların sayını dəqiqləşdirdikdən sonra polisə gələrək müraciət etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq oğurlanmış 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torların və 02 (iki) ədəd dəmir arabanın hazırda ona geri qaytarıldığını və Təqsirləndirilən şəxs hər hansı bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, lakin onunla çox yaxın münasibəti olmamışdır. Aralarında hər hansı düşmənçilik və ədavət yoxdur. O, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində. Şabran şəhərinin X16 küçəsi ərazisində avtovağzalın yaxınlığında yerləşən çayxanada olan zaman Ruslan yanına gəlmiş və 01 (bir) ədəd dəmir araba satdığını bildirmişdir. O da almaq üçün gətirdiyi arabaya baxmış və həmin arabanı almaq qərarına gəlmişdir. Ruslan ona arabanın özünə məxsus olmasını bildirmiş və o, 01 (bir) ədəd tünd qəhvəyi rəngli arabanı 16 (on altı) manata Ruslandan almışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində, Şabran şəhərinin X16 küçəsi ərazisində avtovağzalın yaxınlığında yerləşən çayxanada olan zaman Ruslan təkrarən yanına gəlmiş və 03 (üç) ədəd dəmir tor və 01 (bir) ədəd göy rəngli dəmir yük arabasını satdığını bildirmişdir. O da həmin əşyalara baxmış və həmin əşyaları almaq qərarına gəlmişdir. Ruslan ona 03 (üç) ədəd dəmir tor və 01 (bir) ədəd göy rəngli dəmir yük arabasının özünə məxsus olmasını bildirmiş və o, həmin 03 (üç) ədəd dəmir toru 09 (doqquz) manata, 01 (bir) ədəd göy rəngli dəmir yük arabasını isə 16 (on altı) manata Ruslandan almışdır. Daha sonra həmin əşyaların oğurluq əşyalar olduğunu polis əməkdaşları ona bildirən zaman öyrənmiş və həmin əşyaları tamlığı pozulmamış vəziyyətdə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci vərəqəsi). - Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdən, saat 20:00-dan xx.xx.2023-cü il tarixə, saat 08:00-a kimi olan müddət ərzində Şabran şəhərinin X16 küçəsində yerləşən onun tikinti avadanlıqlarının saxlanıldığı həyətyanı sahədən 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torların və 02 (iki) ədəd dəmir arabanın oğurlanması nəticəsində ona 185 (yüz səksən beş) manat məbləğində maddi ziyan dəyməsi barədə məlumat vermiş və bu əməli törətmiş şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 12:20-dən 12:50-ə kimi olan müddət ərzində Şabran şəhərinin X16 küçəsində yerləşən “Evim-Elşad ucuzluq” adlı tikinti materialları mağazasının arxa tərəfində yerləşən Şabran şəhəri M. Nəzirov küçəsindəki anbar kimi istifadə olunan və Zərərçəkmiş şəxs məxsus tikinti avadanlıqlarının saxlanıldığı həyətyanı sahəyə keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs həmin yerdə tikinti malları saxladığı aşkar edilmişdir (cinayət işinin 4-7-ci vərəqələri). - Foto cədvəldən görünür ki, Nicat Cəfərov Zərərçəkmiş şəxs tikinti avadanlıqlarının saxlanıldığı həyətyanı sahəni və həmin həyətyanı sahədə dəmir arabaların və dəmir torların olduğu yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin 8-10-cu vərəqələri). - Şabran Rayon Polis X5 müstəntiqi X14 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, o, həmin raportda Şabran Rayon Polis Şöbəsinin rəisi X1 xx.xx.2023-cü il tarixdən, saat 20:00-dan xx.xx.2023-cü il tarixə, saat 08:00-a kimi olan müddət ərzində Şabran şəhərinin X16 küçəsində yerləşən onun tikinti avadanlıqlarının saxlanıldığı həyətyanı sahədən 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torların və 02 (iki) ədəd dəmir arabanın oğurlanması faktı ilə bağlı həmin oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi və həmin şəxslərin müəyyən edildiyi halda Şabran Rayon Polis X7 təqdim edilmələri barədə aidiyyatı üzrə göstəriş verməsi xahiş edilmişdir (cinayət işinin 13-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdən, saat 20:00dan xx.xx.2023-cü il tarixə, saat 08:00-a kimi olan müddət ərzində Şabran şəhərinin X16 küçəsində yerləşən onun tikinti avadanlıqlarının saxlanıldığı həyətyanı sahədən 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torların və 02 (iki) ədəd dəmir arabanın oğurlanması faktının Şabran şəhərinin ağalar Mirzə küçəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs Nürəddin oğlu tərəfindən törədilməsi barədə Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur (cinayət işinin 14-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 16:40-dan 17:10-a kimi olan müddət ərzində Şabran şəhərinin X16 küçəsi ərazisində yerləşən Şahid işlətdiyi çayxanada keçirilmiş baxış nəticəsində Zərərçəkmiş şəxs məxsus 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torlar və 02 (iki) ədəd dəmir araba aşkar edilərək götürülmüşdür (cinayət işinin 17-20-ci vərəqələri). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6076 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 02 (iki) ədəd dəmir araba və 03 (üç) ədəd 1,5x10 metr ölçüdə dəmir torların 2023-cü ilin iyun-iyul aylarına olan müddətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 184 (yüz səksən dörd) manat müəyyən edilir. O cümlədən 02 (iki) ədəd dəmir araba 100 (2x50) manat, 03 ədəd 1,5x10 metr ölçüdə eləmir torlar 84 (3x28) manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir (cinayət işinin 25-26-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 30-cu vərəqəsi). - xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan Şabran şəhəri, X16 küçəsi, 55B ünvanında yerləşən ümumi sahəsi 167,9 kvadrat metr olan qeyri-yaşayış binasını 27.4.2025-ci il tarixə kimi Zərərçəkmiş şəxs icarəyə vermişdir (cinayət işinin 34-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, həmin qərara əsasən 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torlar və 02 (iki) ədəd dəmir araba ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin maddi sübutların Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (cinayət işinin 39-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 03 (üç) ədəd 1,5 metr x 10 metr ölçüsündə dəmir torlar və 02 (iki) ədəd dəmir arabanı təhvil almışdır (cinayət işinin 41-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə həmin cəza 05 (beş) ay 10 (ün) gün azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilib və o, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixə həmin cəzanı çəkməkdən azad edilmişdir. Bununla yanaşı Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə həmin cəzanı cəzasının sonu ilə çəkib bitirmişdir (cinayət işinin 47-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-26/2020 saylı cinayət işi üzrə xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cinayət işinin 49-61-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-52/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir (cinayət işinin 62-69-cu vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamə, Şabran Rayon Məhkəməsinin 1(031)-26/2020 saylı cinayət işi üzrə xx.xx.2020-ci il tarixli, 1(031)-52/2022 saylı cinayət işi üzrə isə xx.xx.2022-ci il tarixli hökmlərinə əsasən Təqsirləndirilən şəxs üzərində az ağır cinayət əməlinin törədilməsinə görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkib bitirdikdən sonra üzərində ödənilməmiş məhkumluğun olmasına baxmayaraq, yenidən az ağır cinayət əməli törətmişdir və onun əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin 72-73-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli ittiham elan etmək üçün şəxsin axtarışı və tutulması haqqında qərardan görünür ki, həmin qərara əsən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun yeri müəyyən edildiyi təqdirdə Şabran Rayon Polis X10 Yerinə təqdim edilməsi qərar alınmışdır (cinayət işinin 74-75-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi yer müəyyən edilib təqdim edilənədək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin 76-cı vərəqəsi). - xx.xx.2023-cü tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:10-da Təqsirləndirilən şəxs yeri Şabran rayonunun ərazisində müəyyən edilmiş və o tutulmuşdur (cinayət işinin 80-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin 81-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 85-86-cı vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-67/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixə kimi həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 122-128-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-67/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdən, saat 15:10-dan hesablanmalıdır (cinayət işinin 130-131-ci vərəqələri). -xx.xx.2023-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin 136-137-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-71/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin 144- 151-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-684/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X3, anası X11 və qardaşı X2 ibarət ailə tərkibi vardır (cinayət işinin 157-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-682/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmamış və birgə yaşayış qaydalarına riayət etməmişdir. İctimai yerlərdə qayda pozuntusuna yol vermişdir (cinayət işinin 158-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin 164-165-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-13/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin 172- 175-ci vərəqələri). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin 181-185-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin 187- 188-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs oğurladığı əşyaların ona geri qaytarıldıqlarını və onun hazırda Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-cu maddəsinin “Qeyd” – inin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Bu cinayət əməli də mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasının talama cinayətləri növünə aid edilmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının: 1-ci bəndinə əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun səmimi peşmançılığını və zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivi olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Qərarda o da qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 02 (iki) növ cəza, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə dən halları, törətdiyi əməlin xarakterini və onun əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, əvvəllər dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməsinə görə məhkum edilmiş təqsirləndirilən şəxsin üzərində hazırda ödənilməmiş məhkumluğunun olmasına da baxmayaraq, o, hələdə islah olunmamış və yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Bu səbəbdən də məhkəmə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş alternativ cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinin onun islah olunaraq bir daha analoji cinayət əməli törətməməsi məqsədinə catılmasını təmin etməyəcəyi nəticəsinə gəlir. Ona görədə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması faktiki olaraq xx.xx.2023-cü il tarixdə, saat 15:10-da baş verdiyindən, onun cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə məsrəfi olan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməli və iş üzrə maddi sübut olan 03 (üç) ədəd 1,5 metr x10 metr ölçüsündə olan dəmir torların və 02 (iki) ədəd dəmir yük arabalarının zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 03 (üç) ədəd 1,5 metr x10 metr ölçüsündə olan dəmir torların və 02 (iki) ədəd dəmir yük arabalarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar