Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-27/2023 08.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2006-cı il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyev X4 şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə əvvəlcədən plan qurmuş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə vahid niyyətlə 2022-ci ilin dekabr ayının 31-də saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şabran şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində heç kəsin olmadığına əmin olub evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə daxil olduqdan sonra evin giriş qapısının açarını ayaqqabının altından tapıb götürərək qapını açarla açmaqla evin yaşayış sahəsinə qanunsuz olaraq daxil olaraq yataq otağında olan sandığın üzərindəki əl çantasından Zərərçəkmiş şəxs1 məxsus 37 manat məbləğindəki pulu gizli olaraq talayıb oğurlamış, daha sonra o, xx.xx.2023-cü tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin olduğu əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə daxil olduqdan sonra evin giriş qapısını əvvəlcədən özü ilə apardığı açarla açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı yatağın üzərinə yığılmış döşəklərin arasından Zərərçəkmiş şəxs1 məxsus 200 manat pulu və yenə həmin yataq otağında olan sonuncunun qızı Zərərçəkmiş şəxs2 məxsus əl çantasından 12 manat pulu, paltar dolabından ümumi dəyəri 75 manat olan 03 ədəd cins şalvarı, termonun qarşısından dəyəri 25 manat olan qulaqlığı, evin giriş qapısının yanından ümumi dəyəri 40 manat olan iki cüt idman ayaqqabısını və evin qonaq otağından isə televizorun yanından dəyəri 42 manat olan 01 ədəd gümüş sep olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs1 və qızı Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 431 (dörd yüz otuz bir) manat məbləğində özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şabran şəhəri, T.İsmayılov küçəsi, ev 30-da qeydiyyatda olmağına baxmayaraq, müvəqqəti olaraq 3 sotlar adlanan ərazidə yaşayır. Anası Pərvanə onu 6 yaşında olarkən tərk edərək Bakı şəhərinə getmişdir. Atası Vüsal isə təxminən 6 aya yaxındır ki, onu evdən qovmuşdur. Buna görə də harada yer tapsa orada da qalmışdır. Şabran şəhəri T.Abbasov adına 1 saylı orta məktəbin 9-cu sinifinə qədər təhsil almışdır. Valideynləri ondan imtina etdiklərinə və yaşamağa yeri olmadığına görə tüfeyli həyat tərzi keçirmişdir. xx.xx.2022- ci il tarixdə axşam saat 20 radələrində Şabran şəhəri, “3 Sotlar” adlanan ərazidə tək başına gəzən zaman Şabran şəhər sakini Nəzakəti və övladlarını çöldə olduğunu görmüş, evlərində heç kimin olmamasını fikirləşmişdir. Nəzakət xanımı uzun müddət əvvəldən tanımış və uşaqlıqda onların evində çox olmuşdur. Sadəcə olaraq ac olduğuna və pulsuz qaldığına görə onun evindən oğurluq etmək qərarına gəlmişdir. Beləcə onun Babək küçəsində yerləşən evinin yanına gəldikdə evin işıqlarının sönülü olduğunu görmüşdür. Buna görə də evin arxa tərəfinə keçərək hasarı tullanmaqla ilk əvvəl evin həyətinə düşmüş, həyətə düşdükdən sonra pilləkəni çıxmaqla evin qapısına yaxınlaşmışdır. İlk əvvəl qapını açmağa çalışmış, ancaq qapı bağlı olmuşdur. Buna görə də qapının qarşısındakı ayaqqabıların altına baxmışdır ki, birdən evin açarını ora qoyarlar. Oraya baxdıqda həqiqətən də evin açarının orada olduğunu görmüşdür. Açarı götürdükdən sonra qapını açaraq içəri girmiş, evə girdikdə ilk əvvəl mətbəxə keçmiş, soyuducunu açdıqda orada ət qızartmasını görmüş, onu da yedikdən sonra bir-bir otaqlara girmişdir. Yataq otağına girdikdə orada qadın əl çantasını görmüş, çantanın içərisinə baxdıqda oradan ümumilikdə 42 manat pulu götürərək sonra gəldiyi kimi evdən çıxmışdır. Qapını açarla bağlamış və açarı da cibinə qoyaraq gəldiyi kimi hasardan tullanaraq oradan uzaqlaşmışdır. Həmin günün səhərisi xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Şabran şəhəri, Babək küçəsində tək başına gəzən zaman Nəzakət xanımın evinin işığının sönülü olduğunu görmüş, buna görə də fikirləşmişdir ki, yəqin yenə də evdə heç kim yoxdur. Buna görə də ilk əvvəl evin arxa tərəfinə keçərək hasardan tullanıb evin həyətinə daxil olmuş, ordan isə pilləkənlə qalxaraq evin qapısının qarşısına gəlmişdir. Dəmir qapı bağlı olmuş, bu zaman cibindəki açarla qapını açmış və içəri daxil olduqda əvvəlsə qonaq otağına daxil olmuş, bu zaman qonaq otağında tortun olduğunu görmüş, ac olduğuna görə tortdan bir az yeyib, ardınca isə yataq otağına keçmişdir. Otağa keçdikdə otaqda kreslonun üzərində bir ədəd cins şalvar görmüş, həmin şalvarı üzərindəki şalvarın üstündən geyinmiş, ardınca isə həmin otaqda olan yatağın üzərindəki döşəklərin arasına baxan zaman orada 200 manat pulun olmasını görmüşdür. Pulu götürərək cibinə qoymuş və ardınca da gəldiyi kimi də evi tərk etmişdir. Evdən çıxan zaman qapının qarşısındakı ağ rəngli idman ayaqqabısını götürmüş və evdən çıxan zaman cibindəki açarla qapını bağlayaraq çölə çıxmış və evin arxa tərəfindəki hasarı tullanmaqla oranı tərk etmişdir. Hasarı tullanan zaman cibindəki açar yerə düşmüş, həmin vaxt nə qədər axtarsa da açarı tapa bilməmişdir. Oğurladığı pulları isə yeməyə və içkiyə xərcləmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Şabran şəhəri, Babək küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Ailəlidir və 3 övladı var. Təxminən 7 ilə yaxındır ki, Şabran şəhər 3 saylı tam orta məktəbdə kitabxanaçı kimi çalışır. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində övladlarını götürərək Şabran rayonunda yaşayan bacısı Məlahətin evinə qonaq getmişdir. Saat 22 radələrində isə övladları ilə birlikdə yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra yorğun olduqlarına görə evə gəldikdən qısa müddət sonra yatmışlar. Həmin günün səhərisi səhər saatlarında qonaq otağına daxil olduqda sandığın üzərinə qoyduğu əl çantasının yerdə olduğunu görmüş, düşünmüşdür ki, yəqin uşaqlar yerə salıb. Çantanın içərisindəki pul qabına baxan zaman pul qabında olan 37 manatın yerində olmadığını görmüş, fikirləşmişdir ki, yəqin qızı Həqiqət götürüb. Ona görə də çoxda səs-küy salmamışdır. Həmin günü saat 15 radələrində övladlarını götürərək Şabran rayonunda yaşayan anası Züleyxanın evinə qonaq getmiş, saat 22 radələrində isə artıq evə gəlmişlər. Evə ilk girəndə evin hamam otağının işıqlarının yanılı olduğunu görmüş, bu zaman evin vəziyyətindən şübhələnmişlər. Ardınca isə evə girdikdə evin otaqlarının dağıdıldığını aşkar etmiş, evə baxdıqda evin qonaq otağındakı yataq dəstlərinin yığıldığı yataqdakı balışın altından 200 manatın oğurlandığını, qızı Həqiqətin əl çantasından 12 manat pulun və ona məxsus 1 cüt idman ayaqqabısı ilə 1 ədəd cins şalvarının oğurlandığını bilmişdir. Dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları yaşadıqları evə gələrək baxış keçirtmişlər. Həmin vaxt həyəcanlı olduğuna və ev də dağınıq olduğuna görə evdən yuxarıda göstərdiyi paltar və puldan başqa nəyin oğurlandığını bilməmişdir. Buna görə də RPŞ-nə verdiyi ilkin ərizəsində evdən 249 manat pul və 1 cüt idman ayaqqabısı ilə 1 ədəd cins şalvarın oğurlandığını qeyd etmişdir. Polis əməkdaşları evdən getdikdən sonra o və ailə üzvləri evi təmizlədikdən sonra aydın olmuşdur ki, evdən yuxanda göstərdiyi paltarlardan başqa qızı Həqiqətə məxsus 2 ədəd şalvar, 1 cüt ayaqqabı, 1 ədəd gümüş sep, 1 ədəd qulaqlıq, ona məxsus şəxsiyyət vəsiqəsi və yenə də ona məxsus bank kartı oğurlanmışdır. RPŞ-nə etdikləri müraciətindən sonra RPŞ-dən ona məlumat vermişlər ki, evindən oğurluq edən şəxs Şabran rayon sakini Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd şalvar qaytarılmış, qalan əmlakı ona geri qaytarılmamışdır. Həmin əmlakların geri qaytarılmasını, təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 da analoji ifadə vermişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4də yaşayır. Ailəlidir və iki övladı var. İki dəfə ailə həyatı qurmuşdur. Birinci həyat yoldaşı Pərvanə Sərdarova olub. Onunla nigahından iki övladı dünyaya gəlmişdir. Adları da Aqşin və Gülpəridir. Ancaq Pərvanə ilə şəxsi münasibətləri pis olduğuna görə sonuncu ilə 2012-ci ildə ayrılmış, həmin gündən sonra onunla əlaqə saxlamamışdır. 2017-ci ildə isə Gülnar Vəliyevə ilə ailə həyatı qurmuşdur. Bu gün də həmin xanımla ailəlidir. Həmin nigahdan isə övladı yoxdur. Pərvanə ilə boşandıqdan sonra da hər iki övladı onun himayəsində olmuş və onlara da o, baxmışdır. Oğlu Aqşin son iki ildir ki, demək olar ki, onun sözlərinə qulaq asmır. İstədiyi vaxt evə gəlmiş, istədiyi vaxt evdən getmişdir. Nə qədər onu tərbiyələndirməyə çalışsa da Aqşin onun sözlərinə qulaq asmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Şabran RPŞ-dən oğlu Aqşinin Şabran rayon sakini Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz olaraq daxil olduğunu və onun evindən pul ilə geyim əşyalarını oğurladığını bilmişdir. Nəzakət xanımı uzun müddət əvvəldən tanımış və onunla da hər zaman münasibətləri normal olmuşdur. Oğlu Aqşinin belə bir əməli törədəcəyini əvvəlcədən bilməmiş və bu barədə də xəbəri olmamışdır. İş materiallarında olan 06 mart 2023-cü il tarixdə zərər çəkmiş Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 bir daha ifadəsini təsdiq edərək xx.xx.2023-cü il tarixdə yaşadığı evindən puldan əlavə 3 ədəd şalvar, 2 cüt ayaqqabı, 1 ədəd gümüş sep və 1 ədəd qulaqlığı oğurlanmasını Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir Şabran rayon X1 İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 24 nömrəli məktubuna əsasən birinin qiyməti 20 manat olmaqla 2 cüt idman ayaqqabısının ümumi dəyəri 40 manat, birinin qiyməti 25 manat olmaqla 3 ədəd cins şalvarın ümumi dəyəri 75 manat, bir qramının çəkisi 7 manat olmaqla 1 ədəd gümüş sepin dəyəri 42 manat və 1 ədəd qulaqlığın dəyəri isə 25 manat olmaqla Şabran şəhəri, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış yuxarıda göstərilən avadanlıqların ümumi dəyəri 182 (yüz səksən iki) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 1028 saylı məktubdan görünür ki, Əliyev X4 şəhəri, T.İsmayılov küçəsi ev 30 ünvanında ailə üzvləri – atası-Qanuni nümayəndə, anası-X2, bacısı – X3 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 1029 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə sakinlərə hörmətlə yanaşmış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmışdır, özündən böyüklərə hörmətlə yanaşmışdır. Lakin ailəsinin, valideynlərinin öyüd və nəsihətlərinə əməl etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağı cinayət törətməsini və törətdiyi əməldən peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 evindən oğurladığı qızı Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd cins şalvarın məsul saxlanc üçün sonuncuya təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərər çəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia və və ekspertiza tədqiqatı ilə əlaqadar məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 evindən oğurladığı qızı Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd cins şalvarın məsul saxlanc üçün sonuncuya təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərər çəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə Şabran rayon məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-27/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-27/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver