Məhkəmə qərarları › İş №1(031)-27/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-27/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-27/2024 01.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1992-ci il tarixdə Dəvəçi rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "KOLİN" şirkətində sürücü işləyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, miqdarda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,199 qram olmaqla ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamаetamini etibarnamə əsasında idarə etdiyi “VAZ-21214" minik markalı **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü oturacağının döşəməsində ayaqaltı rezinin altında gizlədərək qanunsuz olaraq saxlamış, narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2023-cii il tarixdə, saat 23:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri, Meliorasiya küçəsində saxlanılıb etibarnamə əsasında idarə etdiyi “VAZ-21214 minik” markalı **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gətirilərək avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının döşəməsində ayaqaltı rezinin altında qanunsuz olaraq saxladığı 01 ədəd ağ kağız bükümündə təmiz çəkisi 0,199 qram olan xeyli miqdarda ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Şabran şəhərində ailə üzvləri ilə birlikdə yaşayır və “KOLİN” şirkətində sürücü işləyir. Təxminən bir ay ərzində narkotik vasitə olan “patı”, yəni metamfetamin istifadə etməyə başlamışdır. xx.xx.2023-cii il tarixdə saat 20:00 radələrində yaşadığı evin qarşısında “VAZ-21214 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşib, mobil telefonu ilə sosial şəbəkədə videoları izlədikdən sonra avtomobili işə salıb şəhərin avtovağzal istiqamətində hərəkət etdiyi zaman yolun kənarında diqqətini siqaret qutusunun folqasına bükülmüş bir büküm çəkdikdə adətən “patının” belə folqa kağızlarında bükülmüş vəziyyətdə olduğunu və bərkə kiminsə cibindən həmin “patı”, yəni metamfetamin düşməsini fikirləşərək, avtomobili yolun kənarına verib saxlamış, avtomobildən düşərək həmin siqaretin folqa kağızına bükülmüş bükümü götürmüş və avtomobilimə qayıtmışdır. Avtomobildə bükümün içərisinə baxdıqda həqiqətən də folqa kağızın içərisində iki bükümdə metamfetamin olduğunu görmüş, həmin maddə təxminən iki dəfəyə istifadə etmək üçün kifayət olası miqdarında olmuşdur. Tapdığı psixotrop maddəni avtomobilinin içərisinə qoymuşdur. “Sara” şadlıq sarayında xidmətçi işləyən, məhəllə dostu İsmayıl mobil telefonuna zəng edərək, onu iş yerindən “Sara” şadlıq sarayından götürməsini xahiş etmişdir. Avtomobilini idarə edərək “Sünbül” kafesinin qarşısına sürmüş, İsmayılı və Şabran şəhər sakini Təbriz adlı şəxsi avtomobilinə götürmüşdür. İsmayıl qabaq oturacaqda, Təbriz isə arxa oturacaqda əyləşmişlər. Yaşadığı ünvan istiqamətində hərəkətdə olduğu zaman, söhbət əsnasında İsmayıl ilə Təbrizə üstündə “patı” olduğunu bildirmişdir. Psixotrop maddəni bir yerdə qəbul etməyə razılaşaraq, avtomobilini, şəhərdən kənara, “Səba Broyler” fabrikinin yaxınlığında yerləşən kolluq əraziyə sürmüşdür. Təbriz bir bükümdəki metamfetamini, patını açaraq, folqanın içərisində hazırlayaraq altını alışqanla yandırmış, növbəli şəkildə psixotrop maddəni istifadə etmişlər. Bu zaman qarşıdan Şabran Rayon Polis X13 xidmətinin avtomobilim onlara tərəf gəldiyini, işıqlarını avtomobilinin içərisinə saldığını görəndə özlərini itirmişlər, dərhal folqada qalan metamfetamini özünün sürücü oturacağının döşəməsində olan ayaqaltı rezinin altına soxmuş, İsmayıl isə əlində qalan boş folqa kağızının parçasını çaşdığından pəncərədən çölə atdığı zaman polis əməkdaşları bunu gördükdə onları yaxalamış və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində növbətçi hissəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə və avtomobilinə keçirilən baxış zamanı üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmasa da, avtomobilə keçirilən baxış zamanı tapdığı psixotrop maddə olan “patı” –nın qalığı sürücü oturacağın döşəmənin ayaqaltı rezinin altından aşkar olunub götürülmüş və qablaşdırılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Üç azyaşlı uşağı var və ailəsinin yeganə qazanc gətirənidir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şabran şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində tanışı Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib onu və dostu Təbrizi “Sara” şadlıq sarayının qarşısından götürməsini xahiş etmiş, Təbrizlə “Sünbül” kafesinin qarşısına qədər piyada gəldikdə Telman idarə etdiyi “Niva” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb yanlarına gələrək onları avtomobilə götürmüşdür. Özü qabaq oturacaqda, Təbriz isə arxa oturacaqda əyləşmiş, yolda söhbət əsnasında Telman ona və Təbrizə üstündə iki büküm “patı”, yəni metamfetaminin olmasını bildirmiş, həmin psixotrop maddəni bir yerdə qəbul etməyə razılaşaraq, Telman avtomobilini, şəhərdən kənara, “Səba” broyler fabrikinin yaxınlığında yerləşən kolluq əraziyə sürmüşdür. Təbriz bir büküm metamfetamini, “patını” açaraq folqanın içərisində hazırlayaraq altını alışqanla yandırmış, növbəli şəkildə maddəni istifadə etmişlər. Bu zaman qarşıdan Şabran Rayon Polis X13 xidmətinin avtomobilinin gəldiyini, işıqlarını avtomobilin içərisinə saldığını gördükdə özlərini itirmiş, özü əlində qalan boş folqa kağızını çaşdığından pəncərədən çölə atmış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları onları saxlamışlar. Polis şöbəsində avtomobilə baxış zamanı ikinci büküm psixotrop maddə olan “patı”, yəni metamfetamin sürücü oturacağın döşəməsinin ayaqaltı rezinin altında aşkar olunaraq götürülmüşdür. Telman və Təbriz ilə birlikdə əvvəllər bir dəfə bir yerdə “patı” qəbul etmişdir. Telmanın həmin psixotrop maddəni haradan əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadədə göstərdiyi xüsusiyyətləri bir daha təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, 2001-ci ildən Şabran Rayon Polis X1 X11 Xidməti Bölməsinin polis baş serjantı rütbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22:30-da iş yoldaşı, Şabran Rayon Polis X13 Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Namiq Ağayevlə birlikdə avtopatrul avtomobilində xidməti ərazidə olarkən, “Səba” broyler fabrikinin yaxınlığında, Şabran şəhəri, Meliorasiya küçəsində olan zaman ağ rəngli, “Niva” markalı, **-XO-*** qeydiyyat nişanlı avtomobilin kolluq hissədə gözlə görünməyən yerdə saxlandığını görmüş, həmin avtomobilə əllərində fənərlərlə yaxınlaşan zaman avtomobildə olan 3 nəfərin onları görüb özlərini şübhəli aparmağa başladıqlarını, əvvəlcə onların haradansa oğurluq etmələrindən şübhələnmiş və avtomobilin baqaj yerini açdırıb baqaja baxış keçirmək qərarına gəldikləri vaxtı qabaq oturacaqda oturan şəxsin əlində olan folqa bükülünü pəncərədən kənara atdığım görmüş, artıq onların narkotik vasitə və ya psixotrop maddə qəbul etmələrindən şübhələnmiş və həmin şəxsin çölə atdığı folqa parçasından ibarət bükülünü tapıb bu barədə şöbənin növbətçi hissəsinə məlumat verərək, avtomobildə olan adlarım sonradan polis şöbəsində öyrəndiyimiz avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, sərnişinlər Şahid4 və Şahid1 avtomobillə birlikdə polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər, bu barədə rəsmi raport yazaraq, həmin raportda onlar tərəfindən çölə atılan folqa bükümünə də qeyd etmişdir. Lakin həmin şəxslər bildirdilər ki, həmin folqa boşdur, içərisində heçinə yoxdur, çünki həmin bükümdəki olan psixotrop maddə metamfetamini artıq istifadə etmişlər, həmin folqa bükümünü açıb baxdıqda həqiqətən də boş olduğunu görmüşlər və boş olduğu üçün əhəmiyyətsiz hesab edərək atmışlar. Bundan sonra təhqiqatçı tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs “Niva” markalı, **-XO-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs avtomobilin sürücü oturacağının döşəməsində olan ayaqaltı rezinin altından ağ kağıza bükülü folqa kağızında olan bir bükümü təqdim etmiş, həmin bükümə baxıldıqda içərisində ağ rəngli, kristallik şəklində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərəq götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olmasını, özü həmin yerə qoyduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X9 Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadədə göstərdiyi xüsusiyyətləri bir daha təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində, Şabran şəhərinin Melorasiya küçəsi ərazisində xidmətdə olduqları zaman “Niva” markalı, **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan Təqsirləndirilən şəxs, Şahid1 və Şahid4 tərəflərindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişlər (cinayət işinin 2-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulması qərara alınmışdır (cinayət işinin 7-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 8-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:43-dan 23:55-ə kimi olan müddət ərzində "VAZ-21214" minik markalı **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində avtomobilin sürücü oturacağının döşəməsində ayaqaltı rezinin altında qanunsuz olaraq saxladığı 1 ədəd ağ kağız bükümündə ağ rəngli metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin 23-cü vərəqəsi). - CD diskdə olan videogörüntüdən görünür ki, "VAZ-21214" minik markalı **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində avtomobilin sürücü oturacağının döşəməsində ayaqaltı rezinin altında qanunsuz olaraq saxladığı 1 ədəd ağ kağız bükümündə ağ rəngli metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin 23-a vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə- kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-2-6/ 6540 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,199 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil etmişdir (cinayət işinin 37-39 vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 0,199 qram psixotrop maddə metamfetaminin 0,05 qram hissəsi nümunə olaraq götürülmüş və 0,149 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 40-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qsimində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin 45-46-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X7 Yerindən həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 45-46-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın və "VAZ-21214" minik markalı **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxışın CD diskə köçürülmüş videogörüntüsü və həmin baxış nəticəsində aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin kütləsi ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişdir(cinayət işinin 60-61 vərəqələri). - "Şabran Rayon Mərkəzi Xəstəxanası" X12 Şabran Rayon Polis X5 rəisi X6 ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-34/2-27/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin 64-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan Təqsirləndirilən şəxs ilk dəfə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir və o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 73-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-44/2-501/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 75-ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X12 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1127 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbula nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 88-89-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (cinayət işinin 97-100-cü vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdü X4 vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözü gedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 118-ci bəndinə əsasən psixotrop maddə hesab ediləm metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 0,15 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 0,199 qram olan xeyli miqdarda ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və himayəsində üç azyaşlı övladının olmasını, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Xəqani küçəsi, ev 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bununla yanaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs psixustimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməlidir və o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından geri qaytarılmış 0,146 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bununla yanaşı digər maddi sübut Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın və "VAZ-21214" minik markalı **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxışın CD diskə köçürülmüş videogörüntüsü cinayət işində saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun barəsində qəti olaraq 02 (iki) 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Xəqani küçəsi, ev 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsn barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar: 0,146 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın və "VAZ- 21214" minik markalı **-XO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxışın CD diskə köçürülmüş videogörüntüsü isə cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar